Məhkəmə qərarları › İş №2-2(105)-54/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-54/2023

30.03.2023 · Sair işlər - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-54/2023 30.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, e-2-2(119)-74/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən Quba şəhərinin Vaqif küçəsində yerləşən ona məxsus mağaza ilə bağlı tərtib olunan 29 iyul 2022-ci il tarixli ******* nömrəli Akt əsasında hesablanmış 1080 manat məbləğində borcun silinməsi və mediasiyada iştirakla bağlı xidmət haqqı kimi ödənilən 60 manat məbləğində pulun Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, (VÖEN **********) hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq Quba şəhərinin Vaqif küçəsində yerləşən özünə məxsus kiçik mağaza işlədir. Cavabdeh əməkdaşları ona məxsus mağazaya gələrək 29 iyul 2022-ci il tarixli, ******* nömrəli Akt tərtib etmişlər. Lakin, o həmin aktla razılaşmadığı üçün onu imza etməkdən imtina etmişdir. Buna baxmayaraq həmin Aktda “sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilmiş, xətalar formaya uyğun deyildir” qeydi aparılmışdır. Həmin Akta əsasən tərtib edilmiş 29 iyul 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə iddiaçıya məxsus mağazaya 4320 kubmetr qazdan istifadəyə görə əlavə olaraq 1080 manat məbləğində borc hesablanmışdır. Yazılmış borc əsassız və qanunsuz olduğu üçün o, bunu qəbul etmir. Həmin borcun ödənilməməsi səbəbindən, Cavabdeh İB tərəfindən ona borcun ödənilmədiyi halda mağazaya verilmiş təbii qazın kəsiləcəyi bildirilmişdir. Halbuki, o, istehlak etdiyi təbii qazın dəyərini vaxtlı-vaxtında ödəmiş və ona məxsus mağazada heç vaxt təbii qazdan qanunsuz istifadə halı olmamışdır. Sayğacın “çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilməsində” isə onun hər hansı təqsiri yoxdur və hətta, qeyd edilən xətanın həqiqətən mövcud olmasının özü də şübhə doğurur. Çünki, sayğaca Metrologiya Departamenti tərəfindən baxış keçirilərkən, istehlakçı olaraq onun həmin baxışda iştirakı təmin olunmamış və ümumiyyətlə, bununla bağlı ona heç bir məlumat verilməmişdir. Olmayan bir hadisəyə görə 1080 manat məbləğində ziyanın hesablanması onun hüquqlarının kobud pozulmasıdır. Eyni zamanda, o, sahibkardır və sahibkar kimi ona məxsus obyekt Cavabdeh İB-nin əməkdaşları tərəfindən yoxlanılarkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X6 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əməl edilməmişdir. Çünki, sahibkar kimi onun fəaliyyəti yoxlanarkən “Sahibkarlıq sahəsində aparılan X6 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli idi. Eyni zamanda yuxarıda qeyd edilən Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələbləri də tətbiq edilməli idi. Lakin nə yoxlama aparılarkən, nə də ondan əvvəl ona yoxlamanın aparılması haqqında qərar təqdim edilməmiş və məlum “yoxlama” X6 Reyestrində qeydə alınmadan aparılmışdır. Qeyd edilən hallar isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2- ci maddəsinə əsasən həmin yoxlamanın hüquqi nəticəsinin olmaması və bununla bağlı iddiaçıya hər hansı məsuliyyət tədbirinin tətbiq edilməməsinə səbəb olmalıdır. Əlavə olaraq qeyd edilir ki, o, məhkəməyə müraciət edənə qədər qanunvericiliyin tələbindən çıxış edərək ilkin mediasiya sessiyasında iştirak etmiş və iş üzrə Cavabdeh İB-nin nümayəndəsinin mediasiya sessiyasında iştirak etməməsi səbəbindən ona mediator tərəfindən 24 oktyabr 2022-ci il tarixli, MŞB/2-01688 nömrəli arayış verilmişdir. Bundan əlavə, "Azəriqaz" İB-yə borcun silinməsi ilə bağlı pretenziya məktubu ilə həm elektron qaydada, həm də poçt vasitəsilə müraciət olunmasına baxmayaraq, "Azəriqaz" İB tərəfindən həmin müraciətlərə heç bir cavab verilməmişdir. Ona görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən hesab olunur ki, ona məxsus mağazada təbii qazdan qeyri-qanuni istifadə halı heç vaxt baş vermədiyindən və sayğac göstəriciləri üzrə təbii qazın dəyərinin ödənilməsi onun tərəfindən təmin edildiyindən və cavabdeh təşkilat tərəfindən onun fəaliyyətinin sahibkar kimi yoxlanılması zamanı qanunvericiliyin tələblərinə riayət olunmadığından Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 29 iyul 2022-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilməli və həmin akt əsasında hesablanmış 1080 manat məbləğində borc silinməlidir. Cavabdeh “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “etiraz” onunla əsaslandırılmışdır ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı ilə ’’Azəriqaz” İB arasında “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə bağlanmışdır. Abonent üçün quraşdırılmış qaz sayğacı 27 aprel 2022-ci ildə ’’Azəriqaz” İB-nin işçiləri tərəfindən xətdən açılaraq növbəti dövlət yoxlamasına göndərilmişdir. Qeyri-əhali qaz sayğaclarının yoxlanılması barədə 29 iyun 2022-ci il tarixli MS-29/1640-01490-47 saylı akta əsasən “sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilib, xətalar normaya uyğun deyil” rəyi verilmişdir ki, bu da qüsura görə nəticə cədvəlinə uyğun olaraq sayğacın hesablama mexanizminə müdaxilə edildiyini bildirir. Abonent bu müdaxilənin edilməsində onun təqsirinin olmadığını iddia tələbinin əsası kimi qoymuşdur. Lakin abonent bilməlidir ki, əhali abonentlərindən fərqli olaraq İddiaçı ilə ’’Azəriqaz” İB-yi arasında “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarının 4.2-ci bəndinə uyğun olaraq məişət qaz qurğularının istifadəçisi üçün qaz sayğacı qaz paylayıcının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəçisi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İddiaçı təbii qazdan öz məişət ehtiyaclarını ödəmək üçün istifadə edən abonent deyil, mağazada müəyyən gəlir əldə etmək üçün təbii qazdan istifadə edir. Buna görə də qaz sayğacının qorunmasına və işlək vəziyyətdə saxlanmasına görə abonent İddiaçı özü məsuliyyət daşıyır. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur, rəsmi qaydada VÖEN-ə malikdir və mağazada qazandığı gəlirdən vergi ödəyir. Qaydaların 2.12-ci bəndində göstərilir ki, istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Qaydaların 4.8-ci bəndində qeyd olunur ki, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi özləri daşıyırlar. Qaydaların bu bəndlərindən belə bir nəticə çıxır ki, yuxarıda göstərilən sayğaca müdaxilə olunması halı sübut edilirsə, müdaxilənin kimin tərəfindən edildiyindən asılı olmayaraq, abonent məsuliyyət daşıyır. Buna görə də qaz sayğacına edilmiş müdaxilə ilə əlaqədar İddiaçı barəsində “Qazdan istifadə Qaydalarının pozulması haqqında” 29 iyul 2022-ci il tarixli ******* saylı akt tərtib edilərək, Müqavilənin 3.3-cü bəndinə uyğun olaraq istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu Müqaviləyə əlavə edilmiş ARDNŞ-in 14 mart 2011-ci il tarixli 11 №-li qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq 4320 kubmetr və ya 1080 manat dəymiş ziyan hesablanmışdır. İddiaçı barəsində tərtib edilmiş “Qazdan istifadə Qaydalarının pozulması haqqında” 29 iyul 2022-ci il tarixli ******* saylı akta əsasən “Dəymiş ziyanın bərpasına dair Tələbnamə” ilə abonent üçün 1080 manat itirilmiş qazın bərpası üçün ziyan məbləği hesablanmışdır. İddiaçı iddia ərizəsində silinməsini xahiş etdiyi 1080 manat məbləği əsaslandıra bilməmişdir və iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır. Sumqayıt Kommersiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, e-2-2(119)- 74/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək 29 iyul 2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) istifadəsində olan Quba rayonu ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00061) “itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq” hesablanmış 1080 (min səksən) manat məbləğində borcun silinməsi, Mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqının Cavabdehndən tutularaq, İddiaçı ödənilməsi, Cavabdehndən dövlət nəfinə 30,80 (otuz manat 80 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Zülfüqar Sadiqov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, e-2-2(119)-74/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.3-cü bəndinə əsasən qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Həmin Qaydaların 4.4-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qazdan istifadə qaydalarının 4.7-ci bəndində sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndində fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndində istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qeyd olunan qaydalara əsasən təbii qaz sayğacına müdaxilə halı baş verdiyi səbəbindən qeyd olunan obyektin təbii qaz cihazlarının hesabatı aparılmış və itirilmiş təbii qazın həcmi müəyyən edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNƏ ETİRAZ Apellyasiya şikayetindən də göründüyü kimi cavabdeh təşkilat apellyasiya şikayətini demək olar ki əsaslandırmamış, apellyasiya şikayətinin yeganə dəlili kimi məhkəmənin onların təqdim etdikləri sübutlara istinad etməməsi, sadəcə onun təqdim etdiyi sübutlara əsaslanaraq qərar çıxarmasını bildirməsindən ibarətdir. Qeyd edilən fikirlə bağlı bildirir ki, onun məhkəməyə təqdim etdiyi sənədlər cavabdehin onunla bağlı tərtib etdiyi aktlar və digər sənədlərdir. Həmin sənədləri məhkəməyə təqdim edərkən irəli sürdüyü arqument isə qeyd edilən sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmadan və müvafiq tələblər gözlənilmədən tərtib edildiyi, o cümlədən onun hər hansı təqsirli hərəkət və ya hərəkətsizliyi olmadığı halda cavabdeh təşkilatın onun abonent hesabına əsassız borc yazması olmuşdur. Ona məxsus sahibkarlıq obyektində quraşdırılmış qaz sayğacına müdaxilənin baş verməsini və bu zaman onun təqsirinin olmasını sübut etmək vəzifəsi əlbəttə ki, cavabdeh qurumun üzərinə düşür. Cavabdeh təşkilat isə bunun üçün ilk öncə onun barəsində tərtib edilmiş 29 iyul 2022-ci il tarixli, ******* nömrəli aktın, o cümlədən sayğacın Metrologiya departamenti tərəfindən dövlət yoxlaması hayata keçirilərkən verilmiş rəyin (yoxlamanın nəticəsinin) mötəbərliyini sübut etməlidir. Belə ki, nə sayğac açılıb dövlət yoxlamasına göndərilərkən, nə də onun barəsində 29 iyul 2022-ci il tarixli, ******* nömrəli akt tərtib edilərkən sahibkarlıq sahəsində qüvvədə olan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X6 reyestrinin forması və aparılma qaydası haqqında əsasnamənin tələbləri nəzərə alınmamışdır. Belə ki, nə yoxlama aparılarkan, nə da ondan əvvəlki dövrdə ona yoxlamanın aparılması haqqında qərar təqdim edilməmiş, yoxlama yoxlamaların vahid reyestrində qeydə alınmadan aparılmışdır. Qeyd etdiyi hallar isə «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən həmin yoxlamanın hüquqi nəticəsinin olmaması və bununla bağlı ona hər hansı məsuliyyət tədbirinin tətbiq edilməməsinə səbəb olmalıdır. Sumqayıt Kommersiya Məhkəməsi də haqlı olaraq ona məxsus sahibkarlıq obyektinə hesablanmış 1080 manat məbləğində borcun əsaslılığı məhkəmə araşdırması zamanı mötəbər sübutlar asasında təsdiq olunmadığından iddia tələbini təmin etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, qaz paylayıcısı Cavabdeh ilə bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı” barədə Müqaviləyə əsasən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı (VÖEN **********) məxsus Quba rayonu ərazisində yerləşən sahibkarlıq obyekti təbii qazla təchiz edilmiş və həmin qeyri-yaşayış sahəsinə verilən təbii qazın hesabatının aparılması məqsədi ilə istehlakçı İddiaçı **********00061 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada mexanika tipli “G-4” markalı sayğac quraşdırılmışdır (obyektdə bir ədəd “kombi” avadanlığı quraşdırılmışdır). İş materiallarında olan, istehlakçı İddiaçı adına tərtib edilmiş 27 aprel 2022-ci il tarixli ******* nömrəli "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" Aktdan görünür ki, "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən istehlakçı İddiaçı məxsus mağazada quraşdırılmış ******* nömrəli G-4 markalı qaz sayğacı növbəti Dövlət yoxlamasına göndərilməsi üçün 27 aprel 2022-ci ildə çıxarılaraq aparılmışdır (Aktda məlum yoxlamanın X6 Reyestrində qeydiyyata alınması barədə heç bir qeydiyyat aparılmamışdır). İş materiallarında olan Cavabdeh X1 Departamenti tərəfindən 30 iyun 2022-ci ildə təsdiq edilmiş “qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” MS - 29/1640-01490-47 nömrəli Aktdan görünür ki, "Azəriqaz” İstehsalat Birliyinin 16 iyun 2022-ci il tarixli SOCAR**********31791640X01490 saylı məktubuna əsasən 16 iyun 2022-ci ildə Xaçmaz X8 İdarəsindən Dövlət yoxlamasına gətirilmiş G-4 markalı mexanika tipli qaz sayğacına 29 iyun 2022-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və baxış zamanı yoxlamanın nəticəsi kimi müəyyən edilmişdir ki, “sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilib, xətalar normaya uyğun deyil” (sayğacın zavod nömrəsi – 7902072, mexaniki göstəricisi – 18246 m3 , qeyd – yararsız, qüsura görə nəticə müdaxilə, qaz itkisi), (Aktda istehlakçının iştirakı barədə hər hansı bir qeyd yazılmamışdır). İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunaraq 29 iyul 2022-ci il tarixində təsdiq edilmiş və “İstehlakçı: İddiaçı”, “ünvan: Quba şəhəri, Vaqif küçəsi”, “Fəaliyyət növü: mağaza”, “abonent kodu: **********00061” qeydləri yazılmış “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Aktda göstərilir ki, 29 iyul 2022-ci ildə saat 1530 -da abonent kodu **********00061 olan sahibkarlıq obyektində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış və həmin yoxlamanın nəticəsi olaraq Aktda "Azəriqaz" İB-nin qeyri-əhali qaz sayğaclarının yoxlanılması haqqında AKT MS-29/1640- 01490-47 saylı rəyinə əsasən 28256536 sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilib, xətalar normaya uyğun deyil” qeydi aparılmışdır. Eyni zamanda, Aktda qeyd olunmuş məlumatlarla müəyyən olunur ki, həmin Akt - yoxlamanı keçirən Cavabdeh əməkdaşları olan mühəndislər və çilingər tərəfindən imzalanmış olsa da, “İstehlakçının nümayəndəsi” qismində qeyd olunan “İddiaçı” tərəfindən imzalanmamışdır və onun adının qarşısında “imtina etdi” qeydi aparılmışdır (Aktda məlum yoxlamanın X6 Reyestrində qeydiyyata alınması barədə heç bir qeydiyyat aparılmamışdır). İş materiallarında olan Cavabdeh Xaçmaz X8 İdarəsi tərəfindən tərtib və təsdiq edilmiş 29 iyul 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədə istehlakçı: “İddiaçı”, fəaliyyət növü: “qeyri-əhali”, ünvan: “Quba şəhəri, Vaqif küçəsi”, “abonent kodu: **********00061” qeyd edilməklə göstərilir ki, “Metrologiya Departamentinin Sayğacların müayinəsi labaratoriyasının Qaz sayğacının yoxlanılması 30 iyun 2022-ci il tarixli 29/1640- 01490-47 №-li Aktına əsasən G4 markalı ******* №-li sayğac “Sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilib. Xətalar normaya uyğun deyil. Təbii qaz itkisi yaranmışdır” qüsuruna görə G-4 markalı qaz sayğacın nominal qaz sərfi 4 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan itirilmiş qazın cəmi miqdarı 4320 m3 həcmində müəyyən edilmişdir (əsas: - 29 iyul 2022-ci il tarixli ******* nömrəli Akt). İş materiallarında olan, istehlakçı İddiaçı adına tərtib edilmiş Abonentin Saldosu (abonent kodu **********00061) ilə müəyyən olunur ki, 29 iyul 2022- ci il tarixli ******* nömrəli Akta əsasən istehlakçı İddiaçı məxsus Quba şəhəri Vaqif küçəsində yerləşən sahibkarlıq obyektinin hesabına 2022-ci ilin iyul ayında bir dəfəyə 1080 (min səksən) manat məbləğində borc hesablanmışdır. Həmçinin, həmin Abonent Saldosunda olan məlumatlarla müəyyən olunur ki, 2020-2022-ci illərdə “istehlakçı” tərəfindən istifadə edilən qazın hesabatı aparılaraq, aylar üzrə müəyyən məbləğlərdə ödənişlər edilmişdir. Yəni, qaz sərfiyyatları aylar üzrə müvafiq qaydada sayğac tərəfindən hesablanmış və müvafiq aylar üzrə qaz sərfiyyatına görə ödənişlər aparılmışdır. Eyni zamanda, həmin Abonent Saldosu məlumatları ilə müəyyən olunur ki, istehlakçı İddiaçı məxsus məlum sahibkarlıq obyektində qaz sərfiyyatı mövcümi olaraq ilin soyuq aylarında mövcud olmuşdur (obyektdə bir ədəd “kombi” qaz avadanlığından istifadə olunur). Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, qaz paylayıcısı olan Cavabdeh ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı arrasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə müqaviləyə əsasən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı (VÖEN **********) məxsus Quba rayonu ərazisində yerləşən sahibkarlıq obyekti təbii qazla təchiz edilmiş və həmin qeyri-yaşayış sahəsinə verilən təbii qazın hesabatının aparılması məqsədi ilə istehlakçı İddiaçı **********00061 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada mexanika tipli “G-4” markalı sayğac quraşdırılmışdır. İstehlakçı İddiaçı (VÖEN **********) istifadəsində olan Quba rayonu ərazisində yerləşən sahibkarlıq obyektinin (abonent kodu **********00061) təbii qazla təmin olunması ilə əlaqədar istifadə olunan qaz xəttinin üzərində quraşdırılmış və 27 aprel 2022-ci ildə növbəti dövlət yoxlmasına aparılması üçün qaz sayğacı götürülmüş və baxışın nəticəsi olaraq tərtib olunmuş 30 iyun 2022-ci il tarixli, MS-29/1640-01490-47 nömrəli Aktdan görünür ki, 16 iyun 2022-ci il tarixində Xaçmaz RQİİ-dən Dövlət yoxlamasına aparılmış G-4 markalı mexanika tipli qaz sayğacına 29 iyun 2022-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və baxış zamanı yoxlamanın nəticəsi kimi “sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilib, xətalar normaya uyğun deyil” qüsuru aşkar edilmişdir. Aktda qeyd olunan qüsur üzrə 29 iyul 2022-ci il tarixli ******* nömrəli Akt tərtib edilmiş və həmin Akt əsasında tərtib edilən 29 iyul 2022- ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədə məlum qüsurlara görə G-4 markalı qaz sayğacın nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan itirilmiş qazın cəmi miqdarı 4320 m3 həcmində müəyyən edilərək, 1080 (min səksən) manat məbləğində birdəfəlik borc hesablanmışdır. İstehlakçı (iddiaçı) İddiaçı paylayıcı (cavabdeh) Cavabdeh 29 iyul 2022-ci il tarixli ******* nömrəli Aktı əsasında hesablamış borc məbləğini əsassız hesab edərək həmin borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi İddiaçı istifadəsində olan sahibkarlıq obyektində (abonent kodu: **********00061) quraşdırılmış qaz sayğacına keçirilən baxışın, yəni yoxlama tədbirinin X6 Reyestrində qeydə alınmadan aparılaraq aktlaşdırılmasına və 30 iyun 2022-ci ildə təsdiq olunmuş MS-29/1640-01490-47 №-li Aktın tərtib edilməsi ilə nəticələnən məlum qaz sayğacına 29 iyun 2022-ci ildə keçirilən baxışda istehlakçı və yaxud, onun nümayəndəsinin iştirak etməməsinə əsaslanaraq iddia tələbini təmin etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının bəndlərinə əsaslanaraq təbii qaz sayğacına müdaxilə halının baş verdiyi səbəbindən qeyd olunan obyektin təbii qaz cihazlarının hesabatının aparıldığı və itirilmiş təbii qazın həcmi müəyyən edilərək borc hesablanmadığını bildirmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1-ci və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X6 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinin tələblərinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən X6 reyestri aparılır (maddə 13.1), sahibkarlıq sahəsində aparılan X6 reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (maddə 13.2), yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (maddə 13.3) və yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan X6 reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər (maddə 13.4). Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın X6 reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının tələblərinə görə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama “X6 reyestrində” qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X6 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən, yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Hazırkı işin hallarından görünür ki, Cavabdeh İB tərəfindən fərdi sahibkar kimi fəaliyyət göstərən iddiaçıya məxsus obyektdə qaz sayğacına baxış keçirilməsi ilə bağlı yoxlama sahibkarlıq sahəsində aparılan X6 reyestrində qeydiyyata alınmadan keçirilmişdir. Halbuki, sahibkarlıq sahəsində aparılan X6 reyestrində qeydiyyatdan keçirilməməsi, barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və onun barəsində məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz. Bundan başqa, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilməmişdir. Həmçinin, qaz sayğacı laboratoriyada yoxlanılarkən abonentin iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan işin faktiki halları və istinad olunan maddi hüquq normaları ilə bağlı birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, e-2-2(119)- 74/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar