Məhkəmə qərarları › İş №2-2(103)-444/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-444/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-444/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, İddiaçı cavabdеh X2 qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5646/2023 saylı, 12 fevral 2024-cü il tarixli qərardadından cavabdeh X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdеh X2 qarşı cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 37463,40 (otuz yeddi min dörd yüz altmış üç manat, qırx qəpik) manat borcun və 400 manat ödənilmiş mediasiya xərcinin məcburi qaydada tutularaq iddiaçının ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN:AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5646/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir. Cavabdeh Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 5646/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Eyni zamanda, cavabdeh ərizəylə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5646/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddəti bərpa edib, apellyasiya şikayətinin baxılması üçün göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-5646/2023 saylı qərardadı ilə cavabdeh X1 Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-5646/2023 qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilmişdir. Cavabdeh X3 şikayətlə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-5646/2023 saylı Qərardadının ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023- cü il tarixli e-2-2(113)-5646/2023 saylı qətnaməsindən apellyasiya şikayəti və eyni zamanda müddətin bərpası ilə bağlı vəsatət verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 5646/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə vəsatət rədd edilmiş və buraxılmış prosessual müddət bərpa edilməmişdir. Hesab edir ki, məhkəmə qərardadın qəbulu zamanı prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə yol verdiyindən məhkəmənin mübahisələndirilən qərardadı ləğv edilməli, müddətin bərpası ilə bağlı vəsatət təmin edilərək üzürlü səbəbdən buraxılmış prosessual müddət bərpa edilməlidir. Hazırkı iş kommersiya işi olduğundan və müəssisəyə məxsus asan imzada xəta yarandığından ümumilikdə keçirilən məhkəmə proseslərindən xəbəri olmamışdır. Belə ki, "xxxx" MMC-nin direktoru kimi cavabdehə məxsus asan imza olsa da, həmin asan imzadan yalnız müəssisənin fəaliyyəti ilə əlaqədar istifadə etmişdir. E-Məhkəmə sistemində olan şəxsi kabinetdən istifadə etməmişdir. Buna görə də keçirilmiş məhkəmə proseslərindən və Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-5646/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsindən xəbəri olmamışdır. Qətnamə cavabdehə xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə çatdırılmışdır. Yalnız bundan sonra qətnamədən məlumatlı olmuşdur. Bundan sonra xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dəfələrlə elektron məhkəmə kabinetinə daxil olmağa cəhd göstərsə də, şəxsi məlumatların yenilənməsi ilə bağlı poçt ünvanı istənilmiş, e-poçt yazaraq göndərsə də elektron kabinetə daxil ola bilməmişdir. Sözügedən xəta xx.xx.2024-cü il tarixdə aradan qaldırılmışdır. Göründüyü kimi, apellyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş prosessual müddət üzürlü səbəbdən buraxılmışdır. Bununla bağlı tərəfimizdən “müddətin bərpa edilməsi” ilə bağlı Bakı Kommersiya Məhkəməsinə ərizə yazılaraq, “Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-5646/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddəti bərpa edib, apellyasiya şikayətinin baxılması üçün göndərilməsi” xahiş edilmişdir. Lakin 2-2(113)-5646/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadla apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilmişdir. Məhkəmənin əsaslandırılması bu şəkildə olmuşdur: “Belə ki, ərizədə apellyasiya şikayətinin venlməsi üçün prosessual müddətin buraxılmasının üzürlü səbəbi kimi E-Məhkəmə sistemində olan şəxsi kabinetdən istifadə etməməsi və şəxsi məlumatların yenilənməsi ilə bağlı elektron kabinetə daxil ola bilməməsi göstərilsə də, bu hallar buraxılmış müddətin bərpası üçün əsas hesab oluna bilməz. Çünki elektron kabinetə nəzarət etmək və şəxsi məlumatların yenilənməsini təmin etmək cavabdehin məsuliyyət dairəsindədir.” Məhkəmənin qənaəti yalnışdır. Belə ki, sistemdə yaranmış problemlə əlaqədar müddətin itirilməsi cavabdehin təqsiri deyildir. Eləcə də, qeyd olunmalıdır ki, sistemdə yaranmış problemlə əlaqədar zəruri sübutlar iş materiallarına əlavə edilmişdir. Lakin məhkəmə sübutlara düzgün qiymət verməmiş, elektron məhkəmə sistemində yaranmış texniki problemə görə cavabdehi günahkar bilərək əsaslı vəsatətini təmin etməmişdir. Bakı Kommersiya Məhkəməsinin 05 mart 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5646/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ində yerləşdirilmişdir. Apellyasiya şikayətinin verilməsi müddətinin son günü xx.xx.2024-cü il tarix olmasına baxmayaraq cavabdeh apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə məhkəməyə vermişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayətini vermək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti buraxmışdır. Müddətin bərpa edilməsi üçün cavabdehin istinad etdiyi hallar isə apellyasiya şikayətinin vaxtında verilməsinə maneə törədən obyektiv amillər olmadığından qanunda nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının üzürlü səbəbi hesab edilə bilməz. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ərizədə apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin buraxılmasının üzürlü səbəbi kimi E-Məhkəmə sistemində olan şəxsi kabinetdən istifadə etməməsi və şəxsi məlumatların yenilənməsi ilə bağlı elektron kabinetə daxil ola bilməməsi göstərilsə də, bu hallar buraxılmış müddətin bərpası üçün əsas hesab oluna bilməz. Çünki elektron kabinetə nəzarət etmək və şəxsi məlumatların yenilənməsini təmin etmək cavabdehin məsuliyyət dairəsindədir. Bu mənada, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq prosessual müddətin bərpa edilməsindən imtina edilməsi nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5646/2023 saylı, 12 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar