Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-452/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, iddiaçı X1 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(113)- 254/2020 saylıqərardadından cavabdeh “xxxx” ASC tərəfindən verilmiş şikayətin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)-254/2020 nömrəli qətnaməsi ilə iddiaçı X1 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilmişdir. Qeyd edilən qətnamədən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)-254/2020 nömrəli qərardadı ilə apellyasiya şikayət geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin hansı hallarda geri qaytarılmalı olması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsi ilə tənzimlənir. Həmin maddədə şikayətin qaytarılmasının 4 halı təsbit edilmişdir ki, bunlar arasında da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsində nəzərdə tutulan qaydaya riayət edilməməsi nəzərdə tutulmamışdır. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-254/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə şikayətin mümkünlüyünü yoxlayaraq hesab edir ki, şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin maddənin məzmunundan göründüyü kimi kommersiya mübahisələri üzrə bütün sənədlər, o cümlədən şikayət ərizələri yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada-“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərilmədiyindən qanunun tələblərinə uyğun formada verilmiş hesab oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,Bakı Kommersiya Məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(113)-254/2020 saylıqərardadından cavabdeh “xxxx” ASC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400-cü maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(113)-254/2020 saylıqərardadından cavabdeh “xxxx” ASC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-452/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-452/2020
27.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver