Məhkəmə qərarları › İş №2-2(103)-453/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-453/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-453/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Lalə Adil qızı Əbdürrəhimovanın katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-235/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh “xxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, M.Qardaşları 39 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasına dair İddiaçı MMC-nin şəxsi uçot haqqında məlumlarına borc vəsaiti kimi əks etdirilmiş 8568,81 manat məbləğinin silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-235/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi bağlanmışdır. “xxxxxxxx” ASC-nin xx.xx.2018-ci il tarixli ********* nömrəli fakturasına əsasən İddiaçı MMC-nin 60018475M347933 nömrəli sayğaca 0.08 tarifi ilə 51750 əmsalla, 100964,25 sərfiyyat üzrə 7700,66 manat, 60017853M357186 nömrəli sayğaca 0.08 tarifi ilə 51750 əmsalla, 1293,75 sərfiyyat üzrə 98,68 manat və əhalinin sərfiyyatı üzrə 537,64 manat çıxmaqla, cəmi 7261,70 manat, 1307,11 ƏDV, ümumilikdə 8568,81 manat məbləğində borc hesablanmışdır. İddiaçı bildirir ki, elektrik enerjisinə görə hesablanmış ödənişlər İddiaçı MMC tərəfindən daim ödənilmiş və bununla əlaqədar tərəflər arasında heç bir zaman ziddiyyət yaranmamışdır. Sonradan məlum olmuşdur ki, cavabdeh tərəfindən iddiaçının hesab ödəniş vərəqəsinə xx.xx.2018-ci il tarixdə 8568,81 manat məbləğində borc hesablanmış və sonradan həmin məbləğin ödənilməsi xahiş edilmişdir. 2018-ci ilin yanvar ayından başlayaraq, elektrik enerjisindən istifadəyə dair hesab ödəniş vərəqəsinə əsasən məlum olur ki, kooperativin xx.xx.2018-ci il tarixinə 388,98 manat, xx.xx.2018-ci il tarixinə 375,66 manat, xx.xx.2018-ci il tarixinə 183,60 manat dəyərində elektrik enerjisindən istifadəyə görə haqq hesablanmış və həmin məbləğlər iddiaçı tərəfindən ödənilmişdir. Sonradan cavabdeh tərəfindən iddiaçıya elektrik enerjisindən istifadəyə görə xx.xx.2018-ci il tarixinə 8568,81 manat növbəti ay üzrə xx.xx.2018-ci il tarixinə isə 515,05 manat məbləğində borc hesablanmışdır. xx.xx.2018-ci il tarixinə hesablanmış 8568,81 manat məbləğinin haradan yaranması iddiaçıya məlum deyildir. Həmin dövrdə kooperativin əməkdaşları tərəfindən bu borcun aydınlaşdırılması üçün enerji satış departamentinə şifahi qaydada müraciət edilmiş və cavabdehin nümayəndəsi həmin məbləğin texniki sahədən səhv olduğunu, iddiaçının hesab ödəniş vərəqəsində müvafiq düzəlişlərin ediləcəyini bildirmişdir. Lakin, bu günə qədər bu düzəlişlər edilməmiş və nəticə etibarı ilə adı çəkilən borc məbləği iddiaçının hesab ödəniş vərəqəsində saxlanılmışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, xx.xx.2017-cı il tarixdə 092109 saylı akt ilə yarımstansiyada quraşdırılmış 60018475 nömrəli elektrik sayğacından yaşayış binasının ehtiyacları üçün istifadə edilmiş, lakin 73308621 nömrəli elektrik sayğacı ləğv edilmədiyindən, xx.xx.2017-xx.xx.2018-ci il tarixə kimi, (15 ay müddətində) istifadə edilmiş elektrik enerjisi sərfiyyatının dəyəri rəsmi qeydiyyata alınmamış və ödənilməsi üçün iddiaçıya hesab-ödəniş cədvəli verilməmişdir. xx.xx.2018-ci il tarixdə hesablanmış 8568,81 manat məbləğində elektrik enerjisi sərfiyyatının dəyəri düzgündür və iddiaçı tərəfindən ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarının 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Hazırki işdə də qeyd olunan müddəanın dispozisiya şərtləri mövcuddur. Belə ki, iş materiallarında olan “xxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli 7xx/xx/1715 saylı məktubundan və cavabdehin iddiaya etirazından müəyyən olunur ki, iddiaçının silinməsini tələb etdiyi 8568,81 manat məbləğində borc məbləği - xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi, (15 ay müddətində) istifadə edilmiş elektrik enerjisi sərfiyyatının dəyəridir, “xxxxxxxx” ASC isə həmin borcun daha əvvəl rəsmi qeydiyyata almamış və ödənilməsi üçün iddiaçıya hesab-ödəniş cədvəli verməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, “xxxxxxxx” ASC yuxarıda adı çəkilən Qaydalarının 8.2-ci bəndinə əsasən yol verdiyi səhvə görə düzgün hesablamadığı elektrik enerjisinin dəyərini istehlakçı İddiaçı MMC tərəfindən ödənilməsini tələb edə bilməz. Ona görə də iddia tam təmin edilməli və həmin borc cavabdeh tərəfindən silinməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia təmin edilməlidir. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-235/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, M.Qardaşları 39 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasına dair İddiaçı MMC-nin şəxsi uçot haqqında məlumlarına borc vəsaiti kimi əks etdirilmiş 8568,81 manat məbləğinin silinməsi vəzifəsi cavabdeh “xxxxxxxx” ASC-nin üzərinə qoyulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar