Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-464/2024 04.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh İstehsalat Kommersiya MMC-yə qarşı kommersiya işi Açar söz: qazdan istifadəyə görə borc Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh İstehsalat Kommersiya MMC-yə qarşı “qazdan istifadəyə görə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-366/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı və cavabdeh arasında bağlanmış 01 mart 2017-ci il tarixli ***-**-** nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
2. Müqavilənin 2.1.1-ci bəndinə əsasən paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etməlidir.
3. Müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir.
4. Müqavilənin 3.3-cü bəndinə əsasən paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya 2 (iki) dəfə məlumat (hesab) təqdim etməlidir. “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əəlavə edilmiş ARDNŞ-nin Şurasının 14 mart 2011-c il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir.
5. Cavabdehin abonent saldosundan görünür ki, xx.xx.2023-cü il tarixə olan son borcu 120.726,40 manat təşkil edir.
6. İddiaçı tərəfindən cavabdehə göndərilmiş hesab-fakturadan görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixə olan borc məbləği 120.726,40 manat təşkil edir.
7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1078/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı İB-nin Cavabdeh İstehsalat Kommersiya MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdehndən 57.993,39 manat məbləğində təbii qazdan istifadəyə görə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Azəriqaz” İB Cavabdeh İstehsalat Kommersiya MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 62733,01 manat borcun, 400 manat ödənilmiş mediasiya xərcinin və dövlət rüsumuna görə ödənilmiş 10,73 manat məcburi qaydada tutularaq İddiaçı İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixli, ***-**-** saylı müqavilə əsasında Cavabdeh İK MMC-ni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir və nəticədə 120726,40 borcu yaranmışdır. Mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə mediasiya şurasına və pretenziya qaydasında müraciət olunmasına baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Məktubda cavabdehə borcunu tam ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-366/2024 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia təmin edilmişdir.
11. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
12. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 62.733,01 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehdən 62733,01 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
13. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəni əsassız hesab edərək qeyd etmişdir ki, iddia tələbi ilə bağlı qanunla nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmamışdır, belə ki, cavabdehə məxsus abonent haqqında məlumatdan da görünür ki, yaranmış borc 2022-ci il ərzində təbii qazdan istifadə ilə bağlı yaranmışdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-366/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, İddiaçıİB xx.xx.2017-ci il tarixində 1 il müddətinə Cavabdeh İKF ilə bağlanmış ***-**-** saylı müqaviləyə istinad edərək 2010-cu ilin iyun ayından 2022-ci ilin oktyabr ayına kimi 12 il ərzində toplanmış 62733,01 manat borc məbləğini cavabdehdən tələb etmişdir. İddiaçının əsaslandığı, cavabdeh ilə arasındakı müqavilədən irəli gələn münasibətlərə xx.xx.2018-ci ildən xitam verilmişdir. 2010-cu ilin iyun ayından 2017-ci ilin mart ayına kimi və 2018-ci ilin mart ayından sonra iddiaçı və cavabdeh arasında hər hansı müqavilə münasibətləri olmamışdır. Sayğacın quraşdırıldığı bina "xxxx" ASC-nin mülkiyyətində olmaqla binanın istifadəçisi, sahibi və mülkiyyyətçisi məhz həmin cəmiyyətdir. İddiaçı da mübahisələndirilən dövr üzrə cavabdehin həmin binadan və həmin binada quraşdırılmış qazdan istifadəyə dair hər hansl bir sübut təqdim etməmişdir. Sayğacın cavabdehin adında qalması hələ cavabdehin qaz istifadəçisi olması anlamına gəlmir. Cavabdehlə iddiaçı arasında mübahisələndirilən dövr ərzində qazdan istifadıilə bağlı bir müqavilənin olmasını təsdiq edən sübut iddiaçı təqdim etməmişdir. İddiaçı həmin illər ərzində həmin binada CavabdehİKF-nın yerləşməsi və sayğacda qeyd edilən qazdan istifadə etməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Bakı Kommersiya Məhkəməsi mübahisəyə hüquqi qiymət verərkən iddiaçının hansı əsasla 12 il ərzində toplanmış borcu cavabdehdən tələb etməsini təsdiq edən sübut təqdim etməməsinə baxmayaraq heç bir əsas olmadan 12 il ərzində toplanmış borcun cavabdehdən tutulması barədə qərar qəbul etmişdir. Məhkəmə qərar qəbul edərkən nəzərə almamışdır ki, iddiaçı və cavabdeh arasındakı müqavilə münasibətləri 1 illik olmuşdur, İddiaçının cavabdehə borc hesabladığı müddətlərdə həmin qeyri-yaşayış sahəsi müxtəlif hüquqi şəxslərə icarəyə verilmiş, istifadəsində olmuşdur. Qaz sayğacının quraşdırıldığı ünvan və bina "xxxx" ASC-yə məxsusdur. Cavabdehlə cəmi 1 il müddətinə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi iddiaçı müqavilə bağlamışdır ki, Cavabdeh İKF və "xxxx" ASC icarə münasibətində həmin dövr ərzində olmuşdur və həmin sayğac da müvəqqəti olaraq Cavabdeh İKF adına qeyd edilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh İKF cəmi 1 il mart 2017- ci ildən mart 2018-ci ilədək "xxxx" ASC-nin binasının bir hissəsində icarədə olmuşdur və sonrakı illərdə müxtəlif hüquqi şəxslərə icarəyə verilmişdir. Artıq illərdir ki, ümumiyyətlə həmin binaya qaz verilməsi dayandırılmışdır və bu barədə "xxxx" ASC-nin də arayışında qeyd edilmişdir. Bakı Kommersiya Məhkəməsi mübahisəli qaz sayğacın yerləşdiyi Nərimanov rayonu Xətai prospekti 15 ünvanda yerləşən 6 mərtəbəli zirzəmili 8205,7 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış binası xx.xx.2012-ci ildən "xxxx" ASC-nin mülkiyyətində olmasına baxmayaq onu 3-cü şəxs kimi işə cəlb etməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
17. İşə apellyasiya qaydasında baxılarkən "xxxx" ASC məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında üçüncü şəxs "xxxx" ASCnin qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmişdir.
18. İddiaçının nümayəndəsi Nümayəndə1 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
19. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə- öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddə- müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. 399.1-ci maddə- müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddə- alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddə- əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddə- əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddə- alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddə- əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: istehlakçı - alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. 5.2-ci bənd- qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). 6.3-cü bənd-istehlakçı qazın verilməsinin dayandırılması (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya qazın alqı-satqı müqaviləsinin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 6.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olunmaqla) barədə qaz paylayıcısına yazılı müraciət etdikdə, qaz paylayıcısı 2 iş günü müddətində müvafiq olaraq qazın verilməsinin dayandırılması və ya qazın alqısatqı müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya qazın verilməsi həmin qərarın qəbul edildiyi gündə dayandırılmalıdır və istehlakçı sonuncu günə qədər istifadə etdiyi qazın dəyərini ödəməlidir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
20. Qətnamə cavabdeh tərəfindən qismən – iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən qismən yoxlanılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 82.3-cü maddə-bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3-cü maddə-qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
21. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-366/2024 nömrəli qətnaməsi dəyişdirilərək Cavabdeh İstehsalat Kommersiya MMC-dən İddiaçı İB-nin xeyrinə 59169,81 manat qazdan istifadəyə görə borc tutulmalıdır.
22. İşin hallarından görünür ki, iddiaçı cavabdehdən iş üzrə üçüncü şəxs "xxxx" ASC-nin mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 15 ünvanında yerləşən qeyri-yaşayış yaşayış sahəsində qazdan istifadəyə görə yaranmış borcu tələb edir. İşin mübahisəsiz halıdır ki, Cavabdeh İstehsalat Kommersiya MMC həmin obyektdə xx.xx.2017-ci il tarixdə bağlanmış icarə müqaviləsi əsasında fəaliyyət göstərmiş, 01 mart 2017-ci il tarixdə qazdan istifadə görə yaranmış borcla bağlı tərəflər arasında 01 mart 2017-ci il tarixli müqavilə bağlanmış və hal-hazıradək həmin obyekdə qaz təchizatı ilə bağlı abonent kodu cavabdehin adınadır. Müqavilə bir il müddətinə bağlansa da 7.3-cü bənddə nəzərdə tutulur ki, istehlakçı bu müqavilənin ləğv edilməsi barədə müqavilə müddətinin bitməsinə bir ay qalmış təşəbbüs göstərmədikdə müqavilənin müddəti bu müqavilə üzrə müəyyən edilmiş müddətə uzadılmış hesab edilir.Bu halda yeni müqavilənin bağlanması tələb olunmur. Cavabdehin tərəflər arasında bağlanmış qazdan istifadə ilə bağlı müqavilənin ləğv edilməsi barədə İddiaçı İB-nə müraciət etdiyinə dair işdə hər hansı sübut olmadığından müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilə halhazıradək qüvvədədir.
23. Abonent saldosundan görünür ki, 2020-ci ilin iyul-noyabr aylarında və 2022-ci ilin avqust ayından sonra cavabdehin qaz sərfiyyatı olmamışdır.
24. İş materiallarından eyni zamanda görünür ki, tərəflər arasında əvvəl də qazdan istifadəyə görə yaranmış borcla bağlı mübahisə olmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1078/2019 saylı xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə Cavabdeh İstehsalat Kommersiya MMC-dən İddiaçı İB-nin -nin xeyrinə 2019-cu ilin dekabr ayınadək yaranmış 57993,39 manat borc tutulmuşdur.
25. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə elekton kabinet vasitəsi ilə təqdim edilmiş, mülkiyyətçi "xxxx" ASC-nin iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh İstehsalat Kommersiya MMC ilə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 15 ünvanında yerləşən qeyri-yaşayış yaşayış sahəsi ilə bağlı icarə müqaviləsi xx.xx.2017-ci il tarixdə bir il müddətinə bağlanmış, bir ildən sonra müddəti bitmişdir.
26. İşə apellyasiya qaydasında baxılarkən üçüncü şəxs "xxxx" ASC-nin qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh İstehsalat Kommersiya MMC-nin icarəyə verilmiş sahədən hansı tarixdə çıxdığını dəqiq xatırlamasa da 2019-cu ildən sonra həmin sahədə fəaliyyət göstərməmiş, sonuncu dəfə 2019-cu il tarixdə icarə haqqı ödəmiş, 2019-cu ildən cavabdeh obyektdə fəaliyyət göstərməmişdir.
27. İddiaçının nümayəndəsi cavabdehin apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, Cavabdeh İstehsalat Kommersiya MMC-nin 2019-cu ildən sonda da icarəyə götürdüyü obyektdə fəaliyyət göstərməsi 2022-ci ildə məhkəmədə qazdan istifadəyə görə ona hesablanmış borcun silinməsi barədə iddia qaldırması ilə təsdiq olunur.
28. Cavabdehin vəsatətinə əsasən Bakı Kommersiya Məhkəməsinin icraatında olmuş e-2-2(113)-5008/2022 saylı iş materialları sorğu ilə tələb olunaraq öyrənilmiş, müəyyən edilmişdir ki, Cavabdeh İstehsalat Kommersiya MMC xx.xx.2022-ci ildə Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə təqdim edilmiş hesab fakturadakı 113214,65 manat borcun əsassız olduğunu, borcun qazdan istifadə göstəricilərinə uyğun olmadığını, obyektdə təbii qazdan yalnız suyun isidilməsi üçün istifadə edildiyini, aylar üzrə təqdim edilən hesablar arasında kəskin fərq olduğunu, sayğacda nasazlıq olduğunun ehtimal edildiyini göstərərək borcun silinməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5008/2022 saylı qətnaməsinə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, silinməsi tələb edilən və mübahisə predmeti olan borc Cavabdeh İstehsalat Kommersiya MMC-nin sayğac göstəricilərinə əsasən hesablanmış və istehlak edilmiş qazın dəyəri olduğundan, borcun silinməsi üçün əsaslar müəyyən edilmədiyi üçün iddia təmin edilə bilməz. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5008/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir.
29. Məhkəmə MPM-nin 82.3-cü və 233.3-cü maddələrinə əsasən hesab edir ki, tərəflər arasında baxılmış əvvəlki mübahisə üzrə qəbul edilmiş və hazırkı iş üçün preyudisial xarakter daşıyan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2- 2(113)-5008/2022 saylı qətnaməsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 15 ünvanında yerləşən qeyri-yaşayış yaşayış sahəsində qazdan istifadəyə görə xx.xx.2022-ci il tarixədək yaranmış borcun Cavabdeh İstehsalat Kommersiya MMC-nin borcu olduğu müəyyən edildiyindən bu fakt hazırkı iş üzrə yenidən araşdırma predmeti ola və mübahisə predmeti ola bilməz. Buna görə də mülkiyyətçi "xxxx" ASC-nin məktubu və direktorunun izahatı cavabdehin 2019-cu ildən sonra icarəyə götürdüyü obyektdə fəaliyyət göstərmədiyini təsdiq edən sübut kimi qəbul edilmir. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, 2022-ci ilin aprel ayından sonra cavabdeh sözügedən obyektdə fəaliyyət göstərməmişdisə “Qazdan istifadə Qaydaları”nın 6.3-cü bəndinə əsasən icarəyə götürdüyü obyektdə onunla bağlanmış qazdan istifadə ilə bağlı müqavilənin ləğv edilməsi üçün İddiaçı İB-nə müraciət etməli idi. Lakin iş materiallarında cavabdehin bu barədə müraciəti və həmin tarixdən sonra sözügedən qeyri-yaşayış sahəsində digər icarəçinin fəaliyyət göstərdiyini təsdiq edən sübut yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə qazdan istifadəyə görə borcun Cavabdeh İstehsalat Kommersiya MMC-dən tutulmalı olmadığına dair cavabdehin mülahizələrini əsassız hesab edir.
30. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehdən tutulmuş borcun məbləği birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilməmişdir. Abonent saldosundan görünür ki, hazırda cavabdehin qazdan istifadəyə görə borcu 120726,40 manat təşkil edir. Bu borcun xx.xx.2019-cu il tarixədək yaranmış 57993,39 manatı cavabdehdən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)- 1078/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında tutulmuşdur. Saldodan görünür ki, 2019-cu ilin dekabr ayında cavabdehin 4823 manat qaz sərfiyyatı olmuş, həmin ayda 1100 manat ödəniş etmiş, 3723 manat borcu qalmışdır. Eyni zamanda saldodan görünür ki, 2020-ci ildə cavabdehin ümumi qaz sərfiyyatı 19529,60 manat, 2021-ci ildə 41282,20 manat, 2022-ci ildə 35726 manat, cəmi 96537,8 manat olmuşdur. 2020-2022-ci illər ərzində isə ümumilikdə 41090,99 (3900+25050,99+12140) manat ödəniş etmiş, 55446,81 manat borc ödənilməmişdir. Belə olan halda müəyyən olunur ki, 2019-cu ilin dekabr ayı və 2020-2022-ci illər üçün cavabdehin qalıq borcu 59169,81 (55446,81 +3723) manat təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, mübahisələndirilən qətnamə borcun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən tutulmalı olan borcun məbləği 59169,81 manat müəyyən edilməlidir.
31. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 366/2024 nömrəli qətnaməsi dəyişdirilərək Cavabdeh İstehsalat Kommersiya MMC-dən İddiaçı İB-nin xeyrinə 59169,81 manat qazdan istifadəyə görə borc tutulmalıdır.
32. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh İstehsalat Kommersiya MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-366/2024 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh İstehsalat Kommersiya MMC-dən İddiaçı İB-nin xeyrinə 59169,81 manat qazdan istifadəyə görə borc tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.