Məhkəmə qərarları › İş №2-2(103)-471/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-471/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-471/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nmayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı «təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 349/2021 saylı 01.02.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı İB cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadə olunmuş təbii qaza görə yaranmış 57.144,90 manat borc məbləğinin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə tərəflər arasında bağlanmış 28.12.2016-cı il tarixli 2714-12- 16 saylı qazın alqı-satqısı barədə müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə şərtlərini pozmuş, özünə məxsus Səlyan rayon Qaradağlı kəndində yerləşən istixanada istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş, 01.07.2017-ci il tarixinə 57.144,90 manat borcu yaranmışdır. Ona xəbərdarlıq və hesab faktura göndərilsə də həmin borcunu ödəlməmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə əsasən hesab tədim edildikdən sonra 1 ay müddətində tam ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-349/2021 saylı 01.02.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbini təmin etməsini abonent saldosunda 2017-ci ilin fevral, mart, aylarında qaz sərfiyyatının qeydə alınması ilə əsaslandırmışdır. Halbuki, 2017-ci ilin fevral, mart aylarında sayğac üzrə qaz sərfiyyatı olmamış, qalıq və aktlar bölməsində 2017-ci ilin fevral ayı üçün 20.401,20 manat, mart ayı üçün 23423,60 manat qaz sərfiyyatının dəyəri qeyd olunmuşdur. Əgər həmin aylarda qaz istehlak olunmamışdırsa, onda aprel ayında qazdan istifadə etməmişdir. Çünki, aprel ayında istixanada becərilən məhsulların yetişdirilməsi üçün daha çox istiliyə tələbat olur. Lakin abonent saldasunda aprel ayında heç bir sərfiyyat olmamışdır, məhkəmə isə qeyd olunanları nəzərə almamışdır. Bundan əlavə, iddiaçı tərəfindən istixanada olan qaz sayğacına baxış keçirilən zaman «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun tələblərini pozmuşdur. Belə ki, baxış keçiriləcəyi barədə ona heç bir məlumat verməmiş, yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Cavabdeh həmin Qanunun 3.2-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.4 - 1.5-ci bəndlərinə istinadən apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Cavabdeh2 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X.Salahov cavabdehdən tutulması tələb olunan 57.144,90 manat məbləğində borcun 43.824,80 manatının 2017-ci ilin fevral-mart aylarında yoxlama aktları əsasında hesablandığını, borcun qalan 13.320,10 manat məbləğində hissəsinin isə iddiaçının istehlak etdiyi sayğac üzrə yaranmış borcu olduğunu bildirərək, qətnamənin qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir (Həmin yoxlamaların (baxışın) vahid məlumat reyestrində qeydə alınmadığı nümayəndə tərəfindən mübahisələndirilməmişdir). İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakılara görə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməlidir. İş materiallarına müəyyən olunur ki, qaz paylayıcı "İddiaçı" İB ilə istehlakçı X5 arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” 28.12.2016-ci il tarixli 2714-12- 16 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən qaz paylayıcısı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 2.3.2-ci bəndinə əsasən istehlakçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. İş materiallarına əlavə olunmuş cavabdeh X3 abonet saldosuna əsasən müəyyən olunur ki, ona məxsus istixanada təbii qazdan istifadəyə görə 2017-ci ilin iyun ayının sonuna 57.144,90 manat ödənilməmiş borcu yaranmışdır. Abonentin istehlak etdiyi təbii qazın hesabatını əks etdirən həmin saldo üzrə 2017ci ilin qaz sərfiyyatı araşdırıldıqda aşağıdakılar müəyyən olunur: - 2017-ci ilin yanvar ayının əvvəlinə 36.846,30 manat ödənilməyən qalıq borcu mövcud olmuş, həmin ayda onun tərəfindən təbii qazdan istifadə olunmasına nəticəsində 14.273,80 manat cari borcu da yaranmış və həmin ayın sonuna qalıq və cari borcu ümumiləkdə 51120,10 (36846,30+14273,80) manat təşkil etmişdir (Yanvar ayında abonentin ödənişi mövcud olmamışdır). --növbəti, fevral ayında təbbi qazdan istifadə olunmadığından cari borc mövcud olmamış, lakin yoxlama aktı əsasında cavabdehə 20.401,20 manat məbləğində qaz sərfiyyatı hesablanmış, bununla da, onun cəmi borcu 71.521,30 (51120,10+20401,20) manata yüksəlmişdir. Həmin ayda 4800 manat ödənişi nəzərə alınmaqla, ayın sonuna 66.721,30 (71521,30-4800) manat borcu qeydə alınmışdır. -növbəti, mart ayında da cavabdehin qazdan istifadə etmədinə görə cari borcu qeydə alınmamış, lakin ona yenə də yoxlama aktı əsasında 23.423,60 manat məbləğində əlavə sərfiyyat hesablanmış, əvvəlki borcu ilə birlikdə həmin ayın sonuna borc məbləği 90.144,90 manata yüksəlmişdir. (Həmin ayda ödənişi olmamışdır) -növbəti, aprel ayında da abonentin qaz istehlakı olmadığına görə cari borcu olmamış, 7000 manat ödənişdən sonra qalıq borcu 83.144,90 (900144,90-7000) manat təşkil etmişdir. Növbəti, may ayında da onun cari borcu qeydə alınmamış, 16.000 manat ödənişi olmuş, ayın sonuna 67.144,90 (83144,90-16000 ) manata düşmüşdür. Növbəti, iyun ayında da onun qaz istehlakı olmamış, 10.000 manat ödənişdən sonra ayın sonuna 57.144,90 (67.144,90 -10.000) manat qalıq borcu qeydə alınmışdır. Beləliklə də, qeyd olunanlardan göründüyü kimi, cavabdehin 2017-ci ilin birinci yarısında yaranmış 57.144,90 manat məbləğində borcunun 43.824,80 manat məbəlğində olan hissəsi aktlar əsasında hesablanmışdır (20401,20 +23423,60=43824,80). İddiaçının nümayəndəsinin izahatından da borcun 43.824,80 manat məbəlğində hissəsinin 2017-ci ilin fevral və mart aylarında tərtib olunmuş yoxlama aktları əsasında hesablanıdığını təsdiq etmişdir. Cavabdeh hazırkı apellyasiya şikayətində mübahisəlndirir ki, iddiaçı tərəfindən istixanada olan qaz sayğacına baxış keçirilən zaman «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun tələblərinə riayət olumamış, bu barədə heç bir məlumat verilməmiş, yoxlamanın vahid məlumat reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 372.3-cü maddəsinə əsasən tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Prosessual qanunvericiliyin qeyd olunan tələbini nəzərə alan məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşır. Belə ki, işə əlavə olunmuş “Abonetin saldo”suna, 06.02.2017-ci il tarixli akta, eyni zamanda, iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsinin izahatına əsasən müəyyən olunan hallardan görünür ki, borcun 43.824,80 manat məbləğində olan hissəsi iddiaçı tərəfindən yoxlama aktları əsasında cavabdehin abonent hesabına daxil edilmişdir. Lakin, cavabdeh sahibkar olduğua halda, həmin yoxlamaların (baxışın) qanunvericiliyə uyğun qaydada vahid məlumat reyestirndə qeydə alınmasına dair iddiaçı tərəfin sübutetmə vasitələri mövcud deyil və ümumiyyətlə, vahid məlumat reystrində qeydə alınmadığı - işin mübahisələndirilməyən halıdır. Tərəflər arasındakı müqavilənin 2.1.17-ci bəndində qeyd olunur ki, qaz paylayıcısı “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmək onun vəzifəsidir. “Qazdan istifadə Qaydalarının” 2.10-cu bəndi isə nəzərdə tutur ki, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri isə aşağıdakılardan ibarətdir: 1.1.1. Sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 13.1-13.4. Sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, konkret halda, qaz təchizatı sahəsində təbii inhisarçı olan İddiaçı İB - sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdehə məxsus obyektdə təbii qazın uçotu və təbii qazdan istiafadə qaydalaına (TQİQ) riayət olunma vəziyyəti ilə bağlı apardığı yoxlamalar da məhz – Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınması təmin etdikdən sonra həyata keçirməli olduğu halda, qanununvericiliyin qeyd olunan tələblərinə riayət etməmiş, Ədliyyə Nazirliyində Vahid məlumat reyestrində yoxlanılma (baxış)qeydə alınmaası təmin edilmədən həyata keçirilmişdir. Vahid məlumat reyestrində qeyd alınmayan yoxlamanın (baxışın) isə qanunvericiliyin qeyd olunan tələbləri baxımından hüquqi nəticələri mövcud ola bilməz, etibarsızdır. Yəni iddiaçı tərəfindən 2017-ci ilin fevral-mart aylarında yoxlama aktları əsasında cavabdehə hesablanmış 43.824,80 manat məbləğində əlavə sərfiyyat Qanunun qeyd olunan tələbləri baxımından etibarsızdır. Borcun yerdə qalan 13.320,10 manat mbəlğində hissəsinə gəldikdə isə cavabdehin istehlak etdiyi təbii qaza görə yaranmış borcudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının” 5.5-ci bəndi isə nəzərədə tutur ki, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Beləliklə də qeyd olunanları ümumiləşdirərək yekunda məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-349/2021 saylı 01.02.2021-ci il tarixli qətnaməsi ləğv olunmalı, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 13.320,10 manat borc məbləği və MPM-in 119.1-ci maddəsinə münasib olaraq, ödənilmiş dövlət rüsumlarına görə 15 manat ( 30+15) X 20%) pul tutulmalı, qalan hissədə iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh X3 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-349/2021 saylı 01.02.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Cavabdeh X1 İddiaçı xeyrinə 13.320,10 manat borc məbləği və ödənilmiş dövlət rüsumlarına görə 15 manat məbəlğində pul tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar