Məhkəmə qərarları › İş №2-2(103)-477/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-477/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-477/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-210/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 02.02.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən artıq hesablanmış 4923 m3 qaz sərfinin, yəni 9846 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 02.02.2021-ci il tarixli e-2-2(113)-210/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən avtotexniki xidmət mərkəzi kimi fəaliyyəti ilə məşğul olur. 2019-cu ildə Cavabdeh İB-nin nümayəndələri müəssisəyə baxış keçirmişlər və baxış aktı tərtib edərək, ona imza etdirmişlər. Bir gün sonra digər nümayəndələr tərəfindən qaz təchizatı dayandırılarkən ona bildirmişlər ki, müəssisədə quraşdırılmış və mülkiyyətində olan G-16 markalı qaz sayğacına müdaxilə edilmişdir. Ona təqdim edilmiş akta görə hesabatda 9846 manat cərimə yazılmışdır. Həmin ünvandakı obyekt uzun müddətdir ki, heç bir fəaliyyət göstərmir. Cavabdehin tərtib etdiyi akt isə həqiqətə uyğun deyil. Belə ki, həmin sayğaca onun tərəfindən müdaxilə edilməmişdir. Hətta sayğac yoxlamaya gedərkən onun iştirakı təmin edilməmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, hesablanmış qazın dəyərinin ödənilməsi vaxtı iddiaçı tərəfindən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri nəzərə alınmadığından, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxılmadığından, həmçinin cavabdeh tərəfındən itirilmiş qazın bərpası üçün hesabat düzgün aparılmadığından cavabdeh yol vermiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfındən ödənilməsini tələb edə bilməz. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, 2010-ci ilin avqust ayından abonent kodu **********00000 olan sayğac abonentin müraciəti əsasında passiv statusuna keçirilmişdir. Belə ki, abonent qazı istifadə etmədiyi təqdirdə Cavabdeh İB-yə müraciət olunur və qazın xətdə verilməsi dayandırılmadan, sayğac sistemdə aktiv statusundan passiv statusuna keçirilir və sadəcə olaraq birliyin əməkdaşları tərəfindən sayğacın göstəricilərinə baxış dayandırılır. Daha sonra abonent qazı istifadə etməyə başlayan kimi bu barədə idarəyə məlumat verməli və sayğac sistemdə aktiv statusa keçən kimi nəzarətçilər sayğacın göstəricilərinə baxışı bərpa edirlər. Lakin abonent kodu **********00000 olan sayğac 9 il passiv statusunda qaldığına görə 2019-cu ilin oktyabr ayında birliyin əməkdaşları onun göstəricilərinə baxış keçirmiş və 4923 m3 həcmində qazın sərf edildiyini müəyyən etdiklərinə görə 9846 manat məbləğində borc yazmışlar. Sözügedən borc qazın sərfiyyatı nəticəsində yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Hazırki işdə də cavabdeh tərəfindən iddiaçıdan tələb olunan borc məbləği düzgün hesablanmışdır. Belə ki, iş materiallarında olan abonent saldosundan (abonent kodu **********00000) görünür ki, abonentin təbii qazdan istifadəyə görə 2010-cu ilin avqust ayının əvvəlinə borc 2,80 manat, 2019-cu ilin oktyabr ayı üçün qalıq və aktlar qrafasında 0 manat, ayın sonuna isə borc 9846 manat təşkil edir. Göründüyü kimi həmin borc iddiaçının istinad etdiyi hər hansı akt əsasında deyil, qaz sərfiyyatı nəticəsində yaranmışdır. İddiaçı isə 2009-cu ildən avtotexniki xidmət mərkəzi fəaliyyətini dayandırdığını, heç vaxt fəaliyyət göstərmədiyini, 2019-cu il tarixdə qaz sızıntısı şübhəsi ilə təhlükənin aradan qaldırılması üçün özünün dəvət ilə gəlmiş Cavabdeh İB-nin əməkdaşlarının sayğacın müayinəsi zamanı qazdan istifadə edilmədiyi halda sayğacdan xaricə sızıntının olmasını və sayğacı bağlayıb getdiklərini və borcun akt əsasında yazıldığını bildirsə də, nə birinci instansiya məhkəməsində, nə də hazırki apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarının heç birinə gəlməmiş, qeyd olunanları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, qaz sərfiyyatı nəticəsində yaranmış həmin borcun silinməsi üçün əsaslar mövcud deyildir. Ona görə də, iddia rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-210/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 02.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar