Məhkəmə qərarları › İş №2-2(103)-48/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-48/2020

07.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-48/2020 07.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, X1katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-2(82)-996/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq tərtib edilmiş ******* saylı aktın etibarsız hesab edilməsi, akta əsasən hesablanmış 4.082,40 manat məbləğində pulun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş ******* saylı akta əsasən hesablanmış 4.082,40 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-2(82)- 996/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuşdur. Qətnamə ilə razı olmayan cavabdeh apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-2(82)-996/2019 saylı qətnaməsinin təmin edilmiş hissədə ləğv edib, iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-2(82)-996/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-2(82)-996/2019 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki: Qaz paylayıcısı (cavabdeh) ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı (iddiaçı) arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ***-**-** saylı “Qazın alqı-satqısı barədə” müqaviləyə əsasən qaz paylayıcı istehlakçını təbii qazla təmin etməyi, istehlakçı isə istehlak etdiyi təbii qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq qaz paylayıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və qaz paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının borcudur. Müqavilənin 4.3-cü bəndinə əsasən İddiaçı məxsus qeyri-yaşayış sahəsinə 1 ədəd PQ-4, 1 ədəd QSQ quraşdırılması nəzərdə tutulmuşdur. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bakı küçəsi ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsində abonentin qaz xəttinə sayğacdan kənar rezin boru ilə qoşularaq təbii qazdan istifadə etməsi aşkar edildiyindən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması və nöqsanın aradan qaldırılması tələb edilmişdir. Akt istehlakçının nümayəndəsi Namiq Əsədov tərəfindən imzalanmışdır. Qeyd edilən akta əsasən, Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının üzvləri Fərid Mirzəyev, Orxan Cabbarlı və İsa Hüseynli tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair xx xxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün, restoran tipli PQ-nin maksimal saatlıq qaz sərfi 4.5 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün, iran sobasının maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın 20.412 m3 qazın dəyərində olması müəyyən edilmişdir. Abonentin saldosundan görünür ki, 2019-cu ilin mart ayında İddiaçı 20.600 kub.m qaz sərfiyyatına görə 4.082,40 manat məbləğində borc hesablanmışdır. İş materialları ilə müəyyən edilir ki, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bakı küçəsi ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinə baxış keçirilərkən abonentin qaz xəttinə sayğacdan kənar rezin boru ilə qoşularaq təbii qazdan istifadə etməsi aşkar edilmişdir. Bununla bağlı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı akt tərtib edilərək itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması və nöqsanın aradan qaldırılması tələb edilmişdir. Həmin akt əsasında Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının üzvləri Fərid Mirzəyev, Orxan Cabbarlı və İsa Hüseynli tərəfindən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın 20.412 m3 qazın dəyərində olması müəyyən edilmişdir. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi 4.082,40 manat borc məbləği qaz xəttinə sayğacdan kənar qoşulma nəticəsində qaz paylayıcıya dəymiş maddi zərərin əvəzi olaraq hesablanmışdır. Mülki Məcəllənin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə İddiaçı məxsus qeyri-yaşayış sahəsində qaz xəttinə sayğacdan kənar qoşulma halının aşkar edilməsi, yəni iddiaçı tərəfindən təbii qazdan istifadə qaydaların pozulması və bunun nəticəsində cavabdehə maddi ziyan vurulması iş materialları ilə öz təsdiqini tapdığından cavabdeh ona maddi ziyanın əvəzi olaraq iddiaçıya borc hesablamaqda haqlı olmuşdur. Digər tərəfdən dəymiş maddi ziyanın məbləğinə gəldikdə məhkəmə qeyd etməyi zəruri sayır ki, Cavabdeh İB iddiaçı tərəfindən qaz xəttinə kənar qoşulma ilə əlaqədar ona məhz 4.082 manat məbləğində maddi ziyan dəyməsini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eləcə də, cavabdeh tərəfindən tətbiq edilmiş maddi ziyanın hesablanması qaydasına münasibətdə qeyd olunmalıdır ki, «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.6-cı maddəsinə əsasən normativ hüquqi aktın rəsmiləşdirilməsi – normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsidir. X2 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Həmin Qanunun 85.2-ci maddəsinə əsasən bu Konstitusiya Qanununun 95.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının xx xxxx 2011-ci il tarixli 11 saylı qərarı Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edilmədiyindən, həmin qərarın müddəaları istehlakçı kimi hazırkı İddiaçı üçün məcburi xarakter daşımır. Bu səbəbdən də qeyd olunan qərar rəhbər tutulmaqla, ona (iddiaçıya) təbii qazdan istifadəyə görə qərarla müəyyən edilmiş düsturla sərfiyyata uyğun məbləğin hesablanması qanuni sayıla bilməz. Beləliklə, işin yuxarıda göstərilən hallarına əsasən müəyyən edilir ki, iddiaçının hərəkətləri nəticəsində dəymiş maddi ziyanın məbləği Cavabdeh İB tərəfindən düzgün hesablanmamışdır. İş materiallarına əlavə edilmiş abonent saldosundan görünür ki, kənar qaz xətti aşkar edilməmişdən əvvəl iddiaçının aylıq qaz sərfiyyatı 2018-ci ilin oktyabr ayında 12 manat, noyabr ayında 16 manat, 2019-cu ilin yanvar ayında 21,20 manat, fevral ayında 22,20 manat olduğu halda kənar xətt ləğv edildikdən sonra 2019-cu ilin mart ayında 37,60manat, 2019-cu ilin aprel ayında 41 manat, may ayında 36,40 manat və iyun ayında 40,60 manat məbləğində olmuşdur. Göründüyü kimi kənar xətt ləğv edildikdən sonra iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin aylıq qaz sərfiyyatında 15-20 manat civarında artım müşahidə olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qaz paylayıcıya dəymiş maddi ziyanın hesablanması qaydasının qanunvericiliklə müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cavabdehə dəymiş maddi ziyanın kənar qaz xətti ləğv edildikdən sonra qaz sərfiyyatında müşahidə olunmuş artıma uyğun olaraq bir aylıq müddət üçün 20 manat, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda müəyyən edilmiş hesabat müddəti üçün, yəni 180 günlük müddət üçün isə müvafiq olaraq 120 (20x6) manat məbləğində müəyyən edilməli, iddiaçıya həmin məbləğdən artıq hesablanmış 3962,40 manat borc silinməlidir nəticəsində olmaqla doğru nəticəyə gəlmişdir. Məhkəmə xərcləri ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi bu hissədə də doğru nəticəyə gəlmişdir. Bunları nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-2(82)- 996/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Valeh Ağayev Hakimlər imzalar: Afaq Nuriyeva Cahangir Yusifov Əsli ilə düzdür: Hakim Valeh Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar