Məhkəmə qərarları › İş №2-2(103)-493/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-493/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-493/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi (direktor) Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-559/2021 saylı, 11.02.2021ci il tarixli qətnaməsindən (hakim Emin Əliyev) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən İddiaçınə su təchizatı və kanalizasiya xidmətlərinə görə əsassız olaraq hesablanmış 8784 manat məbləğində borcdan iddiaçının abonent hesabında (Abonent kodu: 090290) qalan hissəsinin – 8742,97 manatın silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC tərəfindən iddiaçı barəsində 2018-ci ilin oktyabr ayında istifadə olunmuş su təchizatı və kanalizasiya xidmətlərinə görə 8784 manat borc məbləği hesablanmışdır. Buna səbəb isə Cavabdeh ASC tərəfindən cavabdehin istifadə etdiyi suyun xammal kimi nəzərə alınması və qiymətin buna əsasən hesablanması olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 6 saylı, 13 may 2016-cı il tarixli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” qərarının 3-cü bəndinə əsasən, “Sudan xammal kimi istifadə edən istehlakçı qrupu üzrə suyun istifadə təyinatından asılı olmayaraq 1 kub metr su üçün (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) tarif ƏDV ilə birlikdə 8 manat təsdiq edilmişdir.” Bununla əlaqədar bildirirlər ki, iddiaçı müəssisə kənd təsərrüfatı məhsullarının konservləşdirilməsi, müxtəlif növ mürəbbələrin, habelə narşərab və təbii nar şirələrinin hazırlanması ilə məşğul olur. 2018-ci ilin avqust ayından etibarən müəssisə həmçinin kompot istehsalı ilə məşğul olmağa başlamışdır. Lakin bu fəaliyyət müəssisənin ümumi istehsal həcminin çox cüzi, təxminən 4-6 faizini təşkil etməkdədir. Məhz bunu əsas götürərək Cavabdeh ASC tərəfindən müəssisəyə baxış keçirilmiş və müəssisədə istifadə olunan bütün suyun dəyərinin 8 manat tarifi ilə ödənilməli olduğu bildirilmişdir. Bunun əsasında 18.10.2018-ci il tarixli, ********* saylı hesab-faktura tərtib olunmuş və istifadə olunan 1098 m3 üçün 8 manat tarif dərəcəsi ilə hesablanaraq müəssisəyə ƏDV daxil 8784 manat borc tətbiq olunmuşdur. Bu borc məbləği bu günə qədər müəssisənin hesabında qalmaqdadır. İlk növbədə qeyd etmək lazımdır ki, kompot istehsalı sudan xammal kimi istifadə edən istehsalçılar qrupa aid deyildir. Belə ki, “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında 17 noyabr 2017-ci il tarixli, 500 №-li Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, kompot məhsulları 20-ci qrup olan “tərəvəzin, meyvənin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları” mal kateqoriyasına aid edilmişdir. Bu qərarda alkoqollu və alkoqolsuz içkilər isə 22-ci qrupa aid edilməklə fərqləndirilmişdir. Bununla da bir daha təsdiq olunur ki, qanunvericilik baxımından kompotun tərkibinin zəruri elementi içki məhsullarından fərqli olaraq su hesab olunmur. Buna baxmayaraq, kompot istehsalını digər içkilərlə eyniləşdirib sudan xammal kimi istifadən istehsalçılara tətbiq olunan dərəcələri iddiaçıya şamil etmək qanunsuz və əsassızdır. Digər tərəfdən, 17 iyul 2014-cü il tarixli, № 262 Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş “Sudan istifadə Qaydalarına” 2 nömrəli əlavə - Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilənin 4.1-ci bəndinə əsasən, 4.1. İstehlakçının aşağıdakı hüquq və öhdəlikləri vardır: 4.1.3. istehlakçı sudan xammal kimi istifadə etdikdə, xammal istifadəsi üzrə su sərfinin dəqiqliyini təmin etmək üçün xammala gedən su xətlərinin əvvəlinə suölçən cihazların Müəssisə ilə razılaşdırılmış qaydada qoyulmasını təmin edir. Göründüyü kimi qanunvericilik sudan xammal kimi istifadə olunduqda belə, məhz həmin su sərfiyyatının ayrıca hesablanmasını tələb etməkdədir. Bu halda isə hətta cavabdehin mövqeyi ilə razılaşıb kompot istehsalını sudan xammal kimi istifadə edən istehsalçılar kateqoriyasına aid etsək belə, yuxarıda qeyd olunduğu kimi iddiaçının istehsal həcminin 4-6 faizini təşkil etməsinə baxmayaraq, cavabdeh bütöv su sərfiyyatını eyni dərəcə ilə hesablamış, bu barədə hər hansı fərqləndirmə aparmamışdır. Bu isə hesablanmış borc məbləğinin əsassız olmasını tam sübuta yetirir. Həmçinin xüsusi olaraq vurğulamaq lazımdır ki, cavabdeh tərəfindən təqdim olunmuş ********* saylı hesabfakturada 01.10.2018 və 18.10.2018-ci il tarixləri arasındakı su sərfiyyatı 1098 m3 olaraq göstərilmişdir. Bildirmək lazımdır ki, iddiaçı müəssisə smart tipli sayğacdan istifadə etməklə istifadə etdiyi su sərfiyyatına görə pulu smart kart vasitəsilə ödəmişdir. Müəssisənin fəaliyyətdə olduğu hər hansı dövr ərzində nəinki 17 gün ərzində, ümumilikdə 1 ay ərzində 1098 m3 sərfiyyatı olmamışdır. Cavabdeh ASC tərəfindən bu sərfiyyatın necə hesablanması, hansı meyarlar əsasında bu rəqəmin çıxarılması onlara məlum deyildir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinə əsasən, Su chizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. “Sudan istifadə qaydalarının” 7.8-ci bəndinə əsasən, İstehlakçı STKM-in (su təchizatı və kanalizasiya müəssisəsi) nümayəndəsinin suölçən cihaza baxmasına şərait yaratmadıqda, sərf edilmiş suyun həcmi istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən hesablama yolu ilə müəyyənləşdirilir. Əvvəlki 12 (on iki) aylıq dövrdə istifadə edilmiş orta istehlak normasına əsasən aparılmış hesabatlara sonradan müəyyən olunmuş suölçən cihazın faktiki göstəricisinə uyğun olaraq düzəliş aparılır. Düzəliş nəticəsində istehlakçının artıq ödədiyi məbləğ növbəti hesabatlarda nəzərə alınır və ya istehlakçıya geri qaytarılır. Həmin qaydaların 7.9-cu bəndinə əsasən, Suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir. Göründüyü kimi, qanunvericilik hətta sayğacın göstəricilərə baxılmasına şərait yaradılmadıqda belə, məhz orta istehlak normasının əsas götürülməsini tələb etməkdədir. Bu halda isə ümumiyyətlə sayğaca baxılmasına şərait yaradılmaması halı mövcud olmamış, cavabdeh tərəfindən iddiaçı müəssisəyə baxış keçirilmiş, hər hansı hesablama aparılmamış, akt tərtib olunmamış, yalnız xəyali rəqəmlər əsasında müvafiq hesab-faktura tərtib olunaraq təqdim olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-559/2021 saylı, 11.02.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ASC tərəfindən İddiaçınə hesablanmış 7686 manat məbləğində borcun silinməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-559/2021 saylı, 11.02.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmamış, tərəflər arasındakı həqiqi münasibətlərə, faktlara əsaslanmamış, eyni zamanda, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Birinci instansiyası məhkəməsinin Cavabdeh ASC-nin əməkdaşlarının iddiaçı tərəfindən sudan sayğacdankənar qaydada qoşulmaqla haqqı ödənilmədən qanunsuz istifadəsini aşkarlaması faktını sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamalarla eyniləşdirməsi, bunun Ədliyyə Nazirliyi tərəfindən aparılan reyestrə daxil edilmədən həyata keçirildiyinə görə qeyri-qanuni hesab edilməsi barədə gəldiyi nəticə də tamamilə qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh ASC-nin əməkdaşlarının iddiaçı tərəfin səlahiyyətli şəxslərinin razılığı ilə həyata keçirdikləri su təchizatı sisteminə cari baxış sahibkarlıq fəaliyyətinin yoxlanılması kimi qiymətləndirilə bilməz. Bu baxış “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə həyata keçirilmişdir. Həmin qanunun 50-ci maddəsinin 2-ci bəndində göstərilir ki, aşağıdakı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada su təchizatı və kanalizasiya müəssisələrinin səlahiyyətli nümayəndələri bu maddədə nəzərdə tutulmuş məqsədlər üçün obyektlərə əvvəlcədən bildirmədən daxil ola bilərlər: a) fövqəladə hadisə zamanı; b) obyekt sahibi işlərin aparılmasına etiraz etmədikdə; c) suyun çirklənməsini, ondan qeyri məqsədlər üçün və səmərəsiz istifadəni aradan qaldırmaq və həmçinin bu Qanunun müddəalarının pozulmasının qarşısını almaq üçün. Hazırkı iş üzrə də iddiaçı tərəf əməkdaşları tərəfindən obyektin su təchizatı sisteminə baxış keçirməsinə etiraz etməmişdir. Bundan əlavə də obyektdə sudan səmərəsiz istifadə halı, qanunun müddəalarının pozulması halı öz təsdiqini tapmış və bunun qarşısı qanunvericiliyin tələblərinə uyğun alınmışdır. Əməkdaşlar tərəfindən iddiaçının su təchizatı sisteminə baxış keçirilməsi onun sahibkarlıq fəaliyyətinin və ya təsərrüfat fəaliyyətinin yoxlanması olmadığından bu baxış sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsi barədə tələbin heç bir hüquqi əsası yoxdur. Göründüyü kimi, qanunvericinin niyyəti “qanun əsasında sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş dövlət orqanı”nın fəaliyyətini nizama salmaqdır və sadə məntiqə belə zidd olardı ki, qanunvericilikdə müxtəlif normativ hüquqi aktlar eyni məsələ ilə bağlı tam fərqli mövqelər müəyyən etsin. Cavabdeh “ASC”-nin əməkdaşları obyektə baxış keçirərkən sudan qeyri-qanuni istifadə halı aşkarlanmış və buna müvafiq olaraq 13 sentyabt 2018-ci il tarixli, MXD-10363 saylı inventar akt tərtib edilmişdir. Buna görə də akt və akta görə hesablanmış dəymiş ziyanın məbləği tam əsaslıdır. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti su təchizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsi ilə istehlakçılara verilən içməli suyun dəyərindən formalaşır. Müvafiq olaraq, cəmiyyətin balansında olan şəbəkə və qurğulardan suyun sayğacdankənar istifadəsi cəmiyyətə ziyan vurur və belə istifadə halları cəmiyyətlə sayğacdankənar gizli istifadəyə yol verən istehlakçı arasında ziyan vurmaqla bağlı mülki-hüquqi münasibətlər yaratmış olur. Sudan istifadə qaydalarının 8.7 bəndinə görə su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi 1 (bir) il müddətinə hesablanır. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə 19.05.2021-ci il tarixə təyin edilmiş, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olsa da, nümayəndəsi iclasda iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında iştirak edən İddiaçı nümayəndəsi (direktor) Qanuni nümayəndə apelyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-559/2021 saylı, 11.02.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş 13.09.2018-ci ildə tərtib edilmiş MXD-10363 nömrəli inventar aktında qeyd edilənlərə əsasən ki, İddiaçı su təchizatına və su sayğacına baxış keçirilərkən obyektin ərazisində sexin birində kompot və şirə istehsalında su xammal kimi istifadə edilir. Həmin inventar aktı əsasında tərtib edilmiş 19.09.2018-ci il tarixli qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən İddiaçı 1098 m3 miqdarında 7686 manat dəyərində sudan qeyri-qanuni istifadə etməklə Cavabdeh ASC-yə ziyan vurmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edildiyi hissədə qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən keçirilmiş baxış qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçməsi barədə cavabdeh tərəfindən sübut təqdim edilmədiyindən keçirilmiş yoxlamanın hüquqi nəticəsi yoxdur. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Qeyd edilən normaların hazırkı mübahisə üzrə düzgün tətbiq edilmədiyinə dair şikayətin dəliləri məhkəmə tərəfindən əsassız hesab edilir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-559/2021 saylı, 11.02.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-559/2021 saylı, 11.02.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar