Məhkəmə qərarları › İş №2-2(103)-495/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-495/2024

16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-495/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, İbrahim Adil oğlu İbrahimli və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı “Xızı Rayon Mərkəzi Xəstəxanası” X9 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 252/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı “Xızı Rayon Mərkəzi Xəstəxanası” X11 Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış mənbəyi məlum olmayan 32233 manat borcun və 2021-ci ilin 11 və 12-ci aylarına yazılan borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-252/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh tərəfindən **********00030 nömrəli abonent koduna 2010-cu ilin 12-ci ayı, 2021-ci ilin 11-ci və 12-ci ayı üzrə akt əsasında hesablanmış ümumilikdə 24553 (iyirmi dörd min beş yüz əlli üç) manat 01 (bir) qəpik məbləğində borc silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 127 manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçı “Xızı Rayon Mərkəzi Xəstəxanası” X7 ödənilməsi qət edilmişdir.

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-252/2024 saylı, xx.xx.2024-cü tarixli qətnaməsini ləğv edilməsi, iddiaçı “Xızı Rayon Mərkəzi Xəstəxanası” X9 iddia tələbinin qismən təmin olunması hissəsində ləğv edib iddiaçının iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən borc məbləği abonentin debitor borcu kimi saldoda əksini tapmışdır. Qaydaların 6.1.4-cü bəndinə görə qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyən edilən hesabı istehlakçıya qaz paylayıcı tərəfindən təqdim edildikdən bir ay müddətində tam ödənilmədikdə abonentin təbii qaz təchizatı dayandırılır. Lakin Cavabdeh İB-nin Xızı xidmət sahəsinin işçiləri xəstəxanadakı şəxslərin, yəni xəstələrin xüsusi həssas qrupa aid olduğunu, Xızı rayonunun dağlıq ərazidə yerləşməklə hava şəraitinin sərt soyuq iqlimə malik olduğunu nəzərə alaraq iddiaçının qaz təminatını dayandırmamışlar. Bununla da abonentin qazdan istifadəyə görə debitor borcu ilbəil artmışdır. İddiaçı istehlak etdiyi təbii qazın dəyərini vaxtında ödəmədiyindən debitor borcu yığılıb qalmışdır. Xızı rayon mərkəzi xəstəxanası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə verilmiş və X11 statusu almışdır. Təbii qazdan istifadəyə görə yaranmış 32 233 manat borc Xızı rayon Mərkəzi Xəstəxanasının borcu kimi iddiaçıya keçmişdir. Faktiki olaraq bu borc hazırda iddiaçıya məxsus olan qaz işlədici cihazlarda istehlak edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinə tərəflərindən təqdim edilmiş abonent saldoları məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Halbuki, məhkəməyə təqdim edilən abonent saldolarında iddiaçının debitor borcunun yaranma əsasları aydın şəkildə göstərilmişdir. Ona görə də hesab edir ki, iddia tələbi təmin olunan hissədə ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

4. Apellyasiya şikayətinə qarşı iddiaçı “Xızı rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən etiraz daxil olmuş və apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir.

5. Etiraz belə əsaslandırılmışdır ki, cavabdehin məhkəmə iclaslarında iştirak edən nümayəndələri mübahisələndirilən-sayğacsız dövrdə borcun hesablanması barədə aktları məhkəməyə təqdim edə bilməmişdir. Daha sonra bildirmişlər ki, istinad edilən norma 2011ci ilin 12 may tarixində qəbul edilmiş, mübahisə predmeti olan dövr isə özlərinin təqdim etdiyi 2009-cı və 2010-cu ilə aid olan abonent saldosundakı yaranma tarixi və səbəbi məlum olmayan dövrə məxsus olan borcdur. Cavabdeh tərəf birinci instansiya məhkəməsi tərəfindən qətnamədə 2009-cı və 2010-cu ilə aid olan abonent saldosunda borcun əsaslılığının mümkün olmadığını qeyd etdiyini, lakin məhkəməyə təqdim edilmiş abonent saldosundakı iddiaçının debitor borcunun yaranma əsaslarının aydın şəkildə göründüyünü və bu halın birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticənin işin hallarına uyğun olmadığını bildirmişlər. X1 Sisteminə (AQİS) keçidlə bağlı borc məbləği abonent saldosunun “qalıq və aktlar” sütununda yazılmışdır. Həmçinin müvafiq mütəxəssis vasitəsilə AQİS-dən əvvəlki sistemdən əldə edilmiş 2009-cı və 2010-cu illər üçün saldo da təqdim edilmişdir. Sözügedən saldodan borcun qaz sərfiyyatı əsasında yazıldığı görünür. Belə ki, həmin dövrdə sayğac göstəricisi cavabdehin əməkdaşları tərəfindən oxunur, akt tərtib edilir, həmin akt da sistemə daxil edilirdi. Həmin aktlar barədə məlumatlar da 2009 və 2010-cu illərin saldosunda “sayğacın göstəricisi” sütununda əks olunmuşdur. İş materiallarına əlavə edilən 2009-cu və 2010-cu il tarixə Xızı Rayon Mərkəzi Xəstəxanasının saldosundan görünür ki, 2009-cu ilin əvvəlinə 22584,63 manat borc olmaqla həmin il üzrə ümumilikdə 17940 manat sərfiyyat qeydə alınmış, ilin sonuna borc isə 32776,63 manat olmuşdur. 2010-cu ilin əvvəlinə 32776,63 manat borc olmaqla həmin il üzrə ümumilikdə 2355,4 manat sərfiyyat qeydə alınmış, ilin sonuna borc isə 32233,23 manat olmuşdur. Lakin cavabdeh 32233 manat borcun əsaslılığı ilə bağlı sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermişdir.

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndində qeyd edilir ki, bu Qaydaların 5.4cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

9. Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

10. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür/

11. Həmin Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

12. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız cavabdeh tərəfindən verildiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

14. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, cavabdeh (paylayıcı qismində) ilə Xızı Rayon Mərkəzi Xəstəxanası (istehlakçı qismində) arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 06 aprel 2018-ci il tarixli müqavilənin şərtlərindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

15. Müqaviləyə 1 saylı əlavə olan protokoldan görünür ki, Xızı Rayon Mərkəzi Xəstəxanasının qaz sayğacı “Elster G-25” markalı 75117541 nömrəli sayğacdır və istehlakçıya aid digər 6 müəssisənin qaz sayğacının marka və zavod nömrəsi, qaz işlədiciləri razılaşdırılmışdır.

16. Məhkəməyə təqdim edilən iddiaçı tərəfindən cavabdehə ünvanlanan 12 noyabr 2021-ci il tarixli 329 nömrəli məktubdan görünür ki, iddiaçının Tibbi bərpa şöbəsinin qaz xətti üzərinə quraşdırılmış “G-25” markalı 75117541 nömrəli qaz sayğacının növbəti dövlət yoxlamasında olması nəzərə alınaraq qaz təminatının verilməsinin mövcud cihazların saatlıq qaz sərfiyyatına uyğun olaraq hesablanmaqla verilməsinə köməklik göstərilməsi xahiş edilmişdir.

17. Xızı Rayon Mərkəzi Xəstəxanasına məxsus **********00030 nömrəli abonentin saldosundan görünür ki, 2010-cu ilin 12-ci ayı üçün “qalıq və aktlar” sütununa 32233,23 manat, 2021-ci ilin 11-ci ayı üçün “qalıq və aktlar” sütununa 2880 manat, 12-ci ayı üçün “qalıq və aktlar” sütununa 3720 manat məbləğində borc daxil edilmişdir. xx.xx.2024-cü il tarixə isə qalıq borc məbləği 24553,01 manat təşkil edir.

18. İş materiallarına əlavə edilən 2009-cu və 2010-cu il tarixə Xızı Rayon Mərkəzi Xəstəxanasının saldosundan görünür ki, 2009-cu ilin əvvəlinə 22584,63 manat borc olmaqla həmin il üzrə ümumilikdə 17940 manat sərfiyyat qeydə alınmış, ilin sonuna borc isə 32776,63 manat olmuşdur. 2010-cu ilin əvvəlinə 32776,63 manat borc olmaqla həmin il üzrə ümumilikdə 2355,4 manat sərfiyyat qeydə alınmış, ilin sonuna borc isə 32233,23 manat olmuşdur.

19. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli 01-AA/05-HŞ-02 nömrəli arayışdan görünür ki, iddiaçı X10 İstismarı İdarəsinin Xızı xidmət sahəsində abonent kimi (istehlakçının ödəyici kodu – 260030) qeydiyyatdadır, onun xx.xx.2024-cü il tarixinə 24894,54 manat məbləğində təbii qazdan istifadəyə görə yaranmış, ödənilməmiş debitor borcu vardır. Bu borcun 7678,25 manat hissəsi iddiaçının direktoru Bəhdaş Nəbiyevin “obyektin sayğacının dövlət yoxlamasında olduğu dövr ərzində qaz işlədici cihazların saatlıq qaz sərfiyyatına uyğun hesablanması barədə” xx.xx.2021-ci il tarixli 329 saylı məktubuna əsasən hesablanmışdır (2021-ci ilin noyabr ayı üçün 2880 manat; dekabr ayı üçün 3720 manat; 2022-ci ilin yanvar ayı üçün 1078,25 manat cəmi – 7678,25 manat), 17216,29 manat hissəsi isə təbii qazdan istifadəyə görə yaranmış sayğacla müəyyən edilən debitor borcudur. Əlavə olaraq qeyd olunur ki, 24894,54 manat borc hər hansı ziyan aktına görə deyil, iddiaçının qaz işlədici cihazlarında istifadə olunmuş təbii qaza görə yaranmış, ödənilməmiş debitor borcudur.

20. Xızı Rayon Mərkəzi Xəstəxanasının abonent saldosunun “qalıq və aktlar” sütununa 2010-cu ilin 12-ci ayı üçün 32233 manat məbləğində, 2021-ci ilin 11-ci ayı üçün 2880 manat, 12-ci ayı üçün 3720 manat məbləğində borc yazılmışdır.

21. Məhkəmə kollegiyası apellyatorun şikayətində göstərilən “abonent saldolarında iddiaçının debitor borcunun yaranma əsasları aydın şəkildə göstərilmişdir” mövqeyi ilə bağlı qeyd edir ki, həqiqətən də saldolarda əsas kimi aktlar göstərilmişdir, lakin abonent saldosunun əsasında duran aktlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən abonent saldosundan borcun əsaslılığının yoxlanılması mümkün olmamışdır.

22. Halbuki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

23. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

24. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, e-2-2(113)-252/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar