Məhkəmə qərarları › İş №2-2(103)-499/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-499/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-499/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Lalə Adil qızı Əbdürrəhimovanın katibliyi ilə iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-665/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-nin hesabından su təchizatı və kanalizasiya xidmətlərinə görə 37086,22 manat, penya 741,72 manat, 30 manat dövlət rüsumu üzrə xərclərin, cəmi 37857,94 manat məbləğində borcun ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-2(81)- 665/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olmuş və mütəmadi olaraq cavabdeh tərəfindən içməli su və kanalizasiya suyu xidmətlərindən istifadə olunmuş, cavabdeh tərəf birinci instansiya məhkəməsində nə iddianın əsassız olduğunu, nə müqavilə münasibətlərinin mövcud olmadığını, nə də borcun məbləğini mübahisələndirməmiş, yalnız iddia müddətinin keçməsi səbəbi ilə iddianın rədd edilməsini xahiş etmişdir. Belə olan halda faktik olaraq cavabdeh tərəf borcun mövcudluğunu qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-2(103)-60/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmuş, iddiaçı ASC-nin cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia təmin edilməmişdir. İddiaçı ASC həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(102)-218/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-2(103)-60/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi X4 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, Cavabdeh MMC ilə İddiaçı ASC-nin X6 arasında ötən illər ərzində bağlanmış müqavilələrə və sonuncu xx.xx.2016-cı il tarixli 131047/19389653 saylı müqaviləyə əsasən, cavabdeh müəssisəyə iddiaçı tərəfindən su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidməti göstərilmişdir. Cavabdeh MMC ötən illər ərzində su təchizatı sistemindən suyun buraxılmasına və kanalizasiya xidmətlərinə görə az bir məbləğ ödəsə də, xx.xx.2018-ci il tarixinə “X6”nə 37086,22 manat borcu qalmışdır. Ötən illər ərzində İddiaçı ASC-nin X7 tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehə müraciətlər, o cümlədən yazılı şəkildə edilsə də, əsas borcun tam ödənilməsi təmin edilməmişdir. Borcun könüllü ödənilməsi tələbi barədə cavabdehə İddiaçı ASC-nin X6 tərəfindən xx.xx.2018-ci il tarixli SS526070245AZ nömrəli xəbərdarlıq məktubu-pretenziya göndərilmişdir. Bundan əlavə cavabdeh ilə borcun ödənişi ilə bağlı şifahi aparılan danışıqlar da müsbət nəticə verməmişdir. Cavabdeh müqavilənin saxtalaşdırılmasına və borcun mövcud olmamasına istinad edərək iddiaya etiraz edir, həmçinin iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 3 illik iddia müddətinin ötürüldüyünü bildirir və buna görə iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, İddiaçı ASC 131047 saylı xx.xx.2016-cı il tarixli müqaviləyə istinad edərək, hazırki iddianı irəli sürmüşdür. Həmin müqaviləyə əsasən İddiaçı ASC tələbata uyğun lazımi miqdarda tərkib və keyfiyyətinə görə 2874-82 saylı Dövlət Standartlarının tələblərinə uyğun məişət (təsərrüfat) içməli və istehsalat məqsədli suyun buraxılmasını, tullantı sularının kanalizasiya sisteminə qəbulunu, təmizlənməsini və axıdılmasını təmin etməyi, bunun müqabilində isə Cavabdeh MMC istifadə olunan suyun və kanalizasiya xidmətlərin dəyərini vaxtında və tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsində iş üzrə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 17874 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən tədqiqata təqdim edilmiş işin 99-cu vərəqindəki xx xxxxxx 2016-cı il tarixli İddiaçı ASC-nin su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair 131047 nömrəli müqavilənin üz tərəfindəki “30.Vİİ.2016” tarix göstəricisindəki “6” rəqəmin yerinə əvvəlcə “0” rəqəmi olub, “xx xxxxxx 2016 il” tarix göstəricisindəki “6” rəqəmin yerində əvvəlcə “0” rəqəmi olub, müqavilənin arxa tərəfindəki 6-cı bəndində olan “xx xxxxxx 2016 il” tarix göstəricisindəki “6” rəqəmin yerinə əvvəlcə “0” rəqəmi olub, “xx xxxxxx 2018 ilədək” tarix göstəricisindəki “8” rəqəmin yerində əvvəlcə “5” rəqəmi olub, sonradan üzərinə əlavə cizgilər artırılaraq indiki vəziyyətə gətirilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmin ekspertiza rəyi tərəflər arasında 131047 saylı xx.xx.2016-cı il tarixli müqavilənin bağlanmamasını sübut edir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada suyun alqı-satqısı müqaviləsi bağlanmayıb, mülki hüquq münasibətləri iştirakçıları arasında münasibətlərin yaranma əsaslarından biri olan müqavilə, yəni xx.xx.2016-cı il tarixli müqavilə hüquqi baxımdan mövcud deyildir. Çünki həmin müqavilə cavabdehin iradə ifadəsini əks elətdirmir. İddiaçı cavabdehdən xx.xx.2016-cı il tarixli müqavilə üzrə öhdəliyin icrasını, yəni borcun ödənilməsi tələb edir. Lakin 131047 saylı xx.xx.2016-cı il tarixli müqavilə cavabdehin iradəsini ifadə etmədiyindən, cavabdehin iddiaçı qarşısında qeyd edilən müqavilə üzrə öhdəliyi yaranmır. Bundan əlavə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə 6 nömrəli xx xxx 2016-cı il tarixli qərarına əsasən, qeyri əhali kateqoriyasına su təchizatı və Tullantı sularının axıdılması 1 kub metr üçün 01 manat müəyyən edilmişdir. Lakin iddiaçının sübut kimi təqdim etdiyi xx xxxxxx 2016-cı il tarixli müqavilədə hesablaşma 0,70 manat ilə müəyyən edilmişdir. Ona görə məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən maddi və prosessual hüquq normalarını pozmuş və qətnamədə göstərilən nəticə işin hallarına uyğun deyildir. Belə ki, hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(102)-218/2020 saylı qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsində xidmətə görə cavabdeh tərəfindən 2015-ci ilə qədər sayğac üzrə müvafiq ödənişlərin aparıldığını, 2015-ci ildə cavabdeh fəaliyyətinin dayandırıldığını bildirib sayğacı çıxarsa da, fəaliyyətinin dayandırılması barədə iddiaçıya hər hansı sənədin təqdim olunmadığını, əksinə içməli su və kanalizasiya suyu xidmətlərindən istifadəni davam etdirdiyini, tərəflər arasında müqavilənin faktiki olaraq 2010-cu ildə bağlanmasını, həmin müqavilənin ləğv edilməsi və ya etibarsız hesab olunması barədə tərəflər arasında hər hansı mübahisənin olmamasını, habelə təchizatçı müəssisənin cavabdehi su ilə təmin etməyi, cavabdehin isə göstərilmiş xidmət haqqını hesab fakturada göstərilmiş müddətdə ödəmək öhdəliyi götürməsini, cavabdehin ASC tərəfindən göstərilən su və kanalizasiya xidmətindən istifadə etməsini göstərməklə iddiaçı ASC ilə cavabdeh və MMC arasında bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən müqavilə münasibətlərinin mövcud olması qənaətinə gəlmişdir. Kommersiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin bu hüquqi mövqeyi maddi hüquq normaları baxımından doğru olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi Qanunun 61-ci maddəsinin 1-ci bəndinə görə su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq olunmuş “Sudan istifadə Qaydaları” 2 nömrəli əlavəsinin 6.3.-cü bəndində isə nəzərdə tutulur ki, müqavilənin qüvvədə olma müddətinin başa çatmasına 1 (bir) ay qalmış tərəflərdən biri müqavilənin ləğv edilməsi barədə yazılı təşəbbüs göstərmədikdə, bu müqavilənin müddəti növbəti 3 (üç) il üçün uzadılmış hesab olunur. Bununla belə, apellyasiya instansiyası məhkəməsi özünün müəyyənləşdirdiyi kimi, tərəflər arasında müqavilə münasibətlərinin mövcud olmasını (davam etməsini) doğru olaraq müəyyənləşdirməsinə baxmayaraq, ASC tərəfindən MMCyə göstərilən xidmətə görə 37086,22 manat əsas və 741,72 manat penya məbləğində borcun tutulması barədə irəli sürdüyü tələbin təmin etməyərək iş materiallarında həmin məbləğlərin istehlakçıya hansı müddət üçün göstərdiyi xidmətlərə görə və hansı qaydada və sənədlərə əsasən hesablandığını təsdiq edən mötəbər sübutların mövcud olmamasını və bu barədə məhkəməyə hər hansı mötəbər sübutların təqdim edilməməsini qeyd etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq vurğulayır ki, həmin məhkəmənin özünün qətnaməsində tərəflər arasında müqavilə münasibətlərinin mövcud olması, iddiaçı tərəfindən müqavilə şərtlərinə uyğun olaraq xidmətlərin göstərilməsi, cavabdehin isə həmin xidmətlərdən yararlanması müəyyən edilmişdir. Belə olan təqdirdə isə cavabdehin göstərilmiş xidmətləri ödəmək öhdəliyinin icrası mütləqliyi həm qanunun tələblərindən, həm də tərəflər arasındakı müqavilənin şərtlərindən məzmunundan irəli gəlir. Hazırki işin materiallarında MMC barəsində “abonent haqqında məlumat”, “ətraflı abonent kartları” (iş materialları: səh.6, səh.83-86) kimi sənədlər mövcuddur ki, onlarda da iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dövrünü, onların həcmini, xidmətlərin dəyəri və onların ödəniş vəziyyətini əks etdirən məlumatlar vardır və həmin sənədlərin mötəbərliliyini və yaxud doğruluğunu (yanlışlığını) şübhə altına alan hər hansı sənəd nə iş materiallarında mövcud deyildir, nə də cavabdeh tərəfindən sübut kimi məhkəməyə təqdim edilməmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsinin özü də iddiaçının təqdim etdiyi sənədləri prosessual hüquq nöqteyi-nəzərindən araşdırıb qiymətləndirməmiş, formal mülahizələrlə kifayətlənmişdir. Məhkəmə kollegiyasi həmçinin onu da qeyd edir ki, iş materiallarında istehlakçı tərəfindən suyun istehlakının göstərilən qaydalara riayət edilməklə dayandırılmasını təsdiq edən sübutlar da yoxdur. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan kollegiya qeyd edir ki, ekspert rəyində müqavilədəki tarixlərin sonradan dəyişdirildiyi göstərilsə də, tərəflər arasında faktiki olaraq 2010-cu ildə müqavilə bağlanmışdır. Eyni zamanda həmin müqavilənin 6.3-cü bəndinə əsasən tərəflərdən biri müqavilənin ləğv edilməsi barədə yazılı təşəbbüs göstərməzsə, bu müqavilənin müddəti hər növbəti il üçün uzadılmış hesab edilir. Növbəti illərdə yeni müqavilənin bağlanması ilə bu müqavilə qüvvədən düşmüş hesab edilir. Göründüyü kimi İddiaçı ASC ilə Cavabdeh MMC arasında 2010-cu ildən müqavilə münasibətləri mövcud olmuş, cavabdeh tərəfindən 2015-ci ilə qədər sayğac üzrə müvafiq ödənişlər aparılmışdır. 2015-ci ildə cavabdeh fəaliyyətinin dayandırıldığını bildirib sayğacı çıxarsa da, fəaliyyətinin dayandırılması barədə iddiaçıya hər hansı bir sənəd təqdim etməmiş, əksinə içməli su və kanalizasiya suyu xidmətlərindən istifadəni davam etdirmişdir. Beləliklə, müəyyən olunur ki, 2010-cu ildə bağlanmış müqavilə üzrə tərəflər arasında müqavilə münasibətləri ötən 2019-cu il tarixədək kəsilmədən davam etmiş, müqavilənin ləğv edilməsi və ya etibarsız hesab edilməsi barədə tərəflər arasında hər hansı mübahisə olmamış və cavabdeh də istehlakçı olaraq İddiaçı ASC tərəfindən göstərilən içməli su və kanalizasiya xidmətlərindən istifadə etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. İddia tələblərinin qanuni əsasını isə “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1.3-cü bəndində də təsbit olunmuşdur ki, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifələrinə daxildir. Bununla yanaşı kollegiya hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunanlara əsasən isə müəyyən olundu ki, tərəflər arasında bağlanmış müqavilə üzrə tərəflərdən hər hansı biri müqavilənin ləğv edilməsi barədə yazılı təşəbbüs göstərmədiyi üçün müqavilə müddətləri hər il avtomatik olaraq, yenilənmiş və 2019-cu ilə qədər davam etmişdir. Eyni zamanda müqavilə üzrə 2010-2015-ci illər üzrə sonuncu ödənişin müddəti hər il üzrə 3 il hesablamaqla müvafiq olaraq, 2013-2018-ci illərdə başa çatmışdır. Belə ki, xx.xx.2015-ci il üçün hesablanmış borc xx.xx.2018-ci il tarixdə həyata keçirilməli idi. Hazırkı iddia ərizəsi isə xx.xx.2018-ci il tarixdə, yəni xx.xx.2015-ci il tarixdən hesablanmaqla 3 il 11 ay 27 gün keçdikdən sonra verilmişdir. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinin tələblərinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçının göstərilən tarixlərdə Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, 2010-2015-ci illər üçün borcun tutulması hissəsində iddia tələbləri iddia müddətinin keçməsi səbəbinə görə rədd edilməlidir. Eyni zamanda iş materiallarında olan abonentin saldosundan görünür ki, cavabdehin 2016-cı il üçün qalıq borcu 13547 manat, 2018-ci il üçün qalıq borcu isə 1 manat olmaqla, cəmi borcu 13548 manat təşkil edir. Bu baxımdan kollegiya hesab edir ki, məhz həmin məbləğdə pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri bərabər hissələrdə tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-665/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən su təchizatı və kanalizasiya xidmətlərinə görə 13548 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan cəmi 61,52 manat məbləğində pul vəsaiti bərabər hissələrdə İddiaçı ASC və Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar