Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-499/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Bakı Dövlət Sirkinin Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-477/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı Bakı Dövlət Sirki ilə Cavabdeh arasında 061-01- 11 saylı xx.xx.2021-ci il tarixli təbii qazın alqı-satqısı müqaviləsi bağlanmışdır.
2. Cavabdeh təfərindən Bakı Dövlət Sirkində xx.xx.2023-cü il başlama tarixindən xx.xx.2023-cü il qurtarma tarixinədək keçirilmiş yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır.
3. Həmin yoxlama nəticəsində xx.xx.2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuş və həmin aktda qeyd edilmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən Bakı Dövlət Sirkində baxış keçirilmiş, baxış zamanı sayğacdan kənar qaz xəttindən qeyri-qanuni istifadə aşkar edilmişdir.
4. xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən iddiaçının qaz təminatı dayandırılmış, bu barədə istehlakçının qaz təminatının dayandırılması haqqında akt tərtib olunmuş və cavabdeh tərəfindən iddiaçıya akta əsasən 2023-cü ilin iyul ayına 23598 manat məbləğində borc hesablanmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Bakı Dövlət Sirki Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 23598 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı bildirir ki, qaz təchizatı ilə bağlı ödənişlər daimi olaraq, quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən ödənilmişdir. 2023-cü ilin avqust ayında heç bir əsas olmadan cavabdeh tərəfindən yoxlama keçirilmiş, mövcudluğu şübhə doğuran, müəssisə rəhbərliyinin və əməkdaşlarının məlumatı xaricində olan və heç bir marağı qarşılamayan kənar qoşulma olduğu barədə öz aralarında akt tərtib etmişlər. Qeyd olunan dövrdə ümumiyyətlə sirk fəaliyyətini dayandırmış, heç bir qaz avadanlığından istifadə edilməmişdir. Həmin qaz avadanlıqlarından maksimal istifadə edilmiş olsaydı da, hətta qanunsuz qoşulma halı olsaydıda qeyd olunan borc məbləği səhv və qanunazidd qaydada hesablanmış hesab edilməlidir. Çünki cavabdehin sahə işçiləri hər ayın ilk 10 günü ərzində daimi olaraq əraziyə baxış keçirir, sayğac və təchizat xətlərində qanunsuz qoşulma və nasazlıqların olub-olmamasını yoxlayır. X2 də 4-cü bəndinə əsasən hətta qanunsuz qoşulma müəyyən edilib təstiqini tapmış olsada belə 90 gündən artıq qaz avadanlıqlarına sərfiyyat hesablana bilməz. Son 3 illik qaz sərfiyyatına baxıldığı zaman görünür ki, iddiaçı 2020-ci il ərzində 3446 manat, 2021ci il ərzində 3344 manat, 2022-ci ildə 5588 manat olmuşdur. Pandemiya dövrü olması səbəbindən qeyd olunan illərdə sirkin fəaliyyətinin aktivliyinə uyğun olaraq artan dinamika ilə istehlak edilmiş və dəyəri ödənilmişdir. Artıq 2023-cü ildə iddiaçının fəaliyyətinin nisbətən aktivləşdiyi dövrədə isə 2023-cü ilin 5 ayı ərzində istehlak olunmuş qazın dəyəri 4565 manat olmuşdur. ******* saylı aktda isə tam qərəzli və yanlış olaraq qeyd olunmuşdur ki, guya BDS-nin qaz sərfiyatı aşağı düşməsindən qazdan qanunsuz istifadə ilə bağlı əsaslı şübhələr yaranmışdır. Son üç illik ödəniş cədvəlindən qaz sərfiyyatında olan ödəmə məbləğlərinin miqdarının sirkin fəaliyyətinə uyğun olaraq artması mübahisəsiz təsdiqini tapmaqdadır. Cavabdehin nümayəndələrinin qeyd etdiyi qoşulma halı onların özləri tərəfindən hazırlanmış, elə bir qoşulma xəttinin mövcudluğu məlum olmamış, qanunsuz qoşulma barədə də heç bir iqtisadi marağı olmamışdır. Çünki müqavilə üzrə istehlak edilən təbii qazın dəyəri köçürmə yolu ilə edilir, bu kommunal ödənişlər dövlət hesabına həyata keçirilir, qanunsuz qoşulma kiməsə hər hansısa bir formada iqtisadi maraq kəsb etmir.
7. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-477/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qazpaylayıcı tərəfindən qanunsuz istifadə halları aşkar edildikdə aktların tərtib edilmə proseduru “Qazdan istifadə Qaydaları”nın 6.5-4-cü maddəsində göstərilmişdir. Sözügedən maddənin tələbindən də göründüyü kimi qazpaylayıcı qanunla nəzərdə tutulmuş qaydada yoxlama apararkən təbii qazdan qanunsuz istifadə faktını aşkar etmiş, bununla bağlı akt tərtib etmiş və texniki vasitələrlə fakt qeydə alınmışdır. Göründüyü kimi cavabdeh təşkilat qanauyğun qaydada təbii qazdan qanunsuz istifadə faktını rəsmiləşdirmiş lakin, məhkəmə qeyd edilən normanın tələblərinə zidd qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz etdi.
13. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
15. Həmin Qaydaların 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
16. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
19. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin tələblərinə görə qanunsuz qoşulma halları aşkar edildikdə cavabdeh tərtib etdiyi aktın 1 (bir) nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idi və həmin orqanların və ya məhkəmənin qərarı ilə iddiaçının qazın talanmasında təqsirli olması müəyyən edildikdə cavabdeh vurulmuş zərərin ödənilməsini iddiaçıdan tələb etməlidir.
20. Hazırki işin halları isə ondan ibarətdir ki, cavabdeh tərəfindən qanunsuz qoşulma halı aşkar edildikdən sonra akt tərtib edilməklə həmin akta əsasən tələb kimi dəymiş ziyanın hesablanması göstərilmiş və 23598 manat məbləğində dəymiş ziyan hesablanmaqla iddiaçının abonent saldosuna yazılmaqla ödənilməsi sonuncudan tələb edilmişdir.
21. Halbuki, cavabdeh tərəfindən qanunsuz qoşulma halı aşkar edildikdən sonra “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin tələbinə əsasən qanunsuz qoşulma halı və qazın talanmasında təqsirli olması yuxarıda qeyd olunan orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi halda həmin akt əsaslı hesab olunur və yalnız bundan sonra qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər.
22. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, aktda göstərilən hallar “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin tələblərinə uyğun olaraq müəyyən edilmədiyindən, aparılmış yoxlama əsaslı ola bilməz.
23. Odur ki, həmin yoxlama nəticəsində Cavabdeh tərəfindən iddiaçıya hesablanmış borc məbləği silinməlidir.
24. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, cavabdeh tərəfindən iddiaçının qaz xəttinə qanunsuz qoşulması barədə akt tərtib edilsə də, bu halı təsdiq edən inzibati xəta haqqında və ya cinayət iş üzrə qərar qəbul edilməmişdir. Mülki Prosessual Məcəllənin 81-ci maddəsində isə təsbit edilmişdir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
25. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-477/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov