Məhkəmə qərarları › İş №2-2(103)-503/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-503/2025

14.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-503/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi Açar söz: podrat müqaviləsi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2-2(113)-853/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı (icraçı) və Azərbaycan Ordusunun X3 (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 15 nömrəli müqavilənin 1.1-ci bəndinə görə bu müqaviləyə əsasən icraçı sifarişçinin sifarişinə əsasən bu müqavilənin 2.1-ci maddəsində qeyd olunmuş ərazidə yerləşən konteynerlərdə yığılmış məişət və istehsalat tullantılarının daşınması və zərərsizləşdirilməsini, sifarişçi isə daşınma ilə əlaqədar lazım olan şəraiti və xidmət haqqının vaxtında ödəniləsini təmin edir.

2. Müqavilənin 2.1-ci bəndinə görə icraçı ay ərzində 18 gün olmaq şərti ilə ünvan 1 ünvanında Müdafiə nazirliyi X3 Üç Təpə və Qaraheybət hərbi şəhərciyə məxsus fərdi və ya ümumi istifadə etmə zibilxanalarında qoyulmuş zibil konteynerlərinə toplanmış məişət, istehsalat, otlar, ağac quruntuları tullantılarının daşınmasını təmin edir.

3. Müqavilənin 2.2-ci bəndinə görə qoyulmuş 18 ədəd zibil konteynerləri "xxxx" MMC-nin vəsaiti hesabına qoyulur və onun əmlakı hesab edilir.

4. Müqavilənin 5.1-ci bəndinə görə müqavilə xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək qüvvədədir.

5. Müqavilənin 5.2-ci bəndinə görə müqavilənin müddətinin bitməsindən 10 gün əvvəl sifarişçi və ya icarəçi xidmətin göstərilməsindən rəsmi imtina etmədiyi halda, müqavilə 1 (bir) il müddətinə uzadılmış hesab edilir.

6. . İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli EBEA 594357 nömrəli 2900 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDX 967662 nömrəli 2900 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDX 780617 nömrəli 2950 manat məbləğində elektron qaimə təqdim olunmuşdur.

7. İddiaçı tərəfindən görülmüş işlərə görə cavabdehə 2024-cü ilin yanvar ayında 2950 manat, fevral və mart aylarında isə ayrı-ayrılıqda 2900 manat məbləğində hesabfakturalar təqdim olunmuşdur.

8. İddiaçı və cavabdeh tərəfindən təsdiq olunmuş fevral 2024-cü il tarixli akta görə iddiaçı tərəfindən 2900 manat məbləğində iş görülmüşdür.

9. İddiaçı və cavabdeh tərəfindən təsdiq olunmuş mart 2024-cü il tarixli akta görə iddiaçı tərəfindən 2900 manat məbləğində iş görülmüşdür.

10. İddiaçı və cavabdeh tərəfindən təsdiq olunmuş yanvar 2024-cü il tarixli akta görə iddiaçı tərəfindən 2950 manat məbləğində iş görülmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8750 manat borc, vəkilə ödənilmiş 1000 manat və 118 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.

12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış xx.xx.2023-cü il tarixli, 15 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən müqavilədə göstərilən işlər görülmüş və bunun müqabilində akt, elektron qaimə və hesab faktura təqdim olunsa da, 8750 manat məbləğində borc qalmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən cavabdehin ünvanına pretenziya göndərilərək yaranmış 8750 manat məbləğində borcun geri qaytarılması tələb olunsa da, lakin bu günə qədər həmin borc geri qaytarılmamışdır və heç bir rəsmi cavab verilməmişdir. İddiaçı tərəfindən dəfələrlə elektron qaimələr göndərilsə də, Sizin tərəfinizdən heç bir ödəniş olunmamışdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişik.

13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-8245/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli,e-2-2(113)-8245/2024 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi əsl cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əvəz edilmişdir.

15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-853/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən 8750 (səkkiz min yeddi yüz əlli) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, məhkəmə xərclərinin (dövlət rüsumu və hüquqi yardıma görə xərc) iddiaçı "xxxx" MMC-nin özünə aid edilməsi qət edilmişdir.

16. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 15 nömrəli podrat müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli, 15 nömrəli podrat müqaviləsi üzrə 2024-cü ilin yanvar, fevral, mart aylarında müqavilə ilə razılaşdırılmış işlər icra edilmiş, ümumilikdə 8750 manat məbləğində işlər cavabdeh tərəfindən qəbul edilmiş, lakin görülmüş həmin işlərin dəyəri ödənilməmişdir. İddiaçı hazırda podrat müqaviləsi üzrə ümumilikdə 8750 manat məbləğində muzdun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 8750 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, cavabdehdən 8750 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia ərizəsində 1000 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab etmişdir ki, həmin xərci təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi üçün iddiaçı tərəfin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddırlar. Məhkəmə hesab edir ki, cavabdeh dövlət rüsumunun ödənilməsindən azad olduğuna görə iş üzrə ödənilmiş 118 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

17. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 398.1, 399.1, 442, 445.2, 752.1, 753.1-ci maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 121.1-ci maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2-2(113)-853/2025 nömrəli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdətutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsisayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Maddədə məhkəmənin üzərinə bir çox vəzifələrin qoyulduğu görünür. Lakin bu işdə məhkəmə həmin vəzifələri yalnız iddiaçının mövqeyinə münasibətdə icra edərək qeyri mötəbər dəlillərə əsaslanmamışdır. MPM 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmənin qətnaməsi və qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. MPM 218.1-ci maddəsinə əsasən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Sözügedən maddənin tələbləri də məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırkı işdə bu tələblərə də əməl olunmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iddiaçının irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi. İş üzrə sübutlardan görünür ki, görülən işlərin müqabilində qarşı tərəfə ödənişlərdən yayınmaq məqsədi olsa idi, ümumiyyətlə "xxxx" MMC-yə heç bir ödəniş edilməzdi, lakin müqavilə bağlandığı 2023-cü ilin sentyabr ayından ilin sonuna kimi bütün borclar ödənilmişdir. Belə ki, məhkəmə iclası zamanı da qeyd olunan iddia tələbində göstərilənlər araşdırılarkən, 2023-cü il ildə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə məişət tullantılarının daşınması ilə əlaqədar yaranmış borcun ödənilməsi üçün pul vəsaiti ayrılmış və növbəti müqavilənin şəxsi heyətin say tərkibinə əsasən, normaya uyğun hesablamalar aparılaraq yenidən bağlanılması, ödənişlərin yalnız bu çərçivədə daxilində aparılması tapşırılmış, lakin bağlanmış müqavilə Azərbaycan Respublikası Müdafiə nazirinin 06 sentyabr 2014cü il tarixli qərarı ilə elan olunmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində kommunal xidmətlərin Normaları”nın tələblərinə uyğun yenidən tərtib edilmədiyi üçün Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə maliyyə vəsaitinin ayrılması məqsədəmüvafiq hesab edilməmişdir. Qeyd olunanlar məhkəmənin nəzərinə çatdırılsa da, ancaq məhkəmə iddia tələbini heç bir əsas olmadan təmin etmişdir.

Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)

20. Apellyasiya şikayətinə qarşı yazılı etirazlar verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

21. İddiaçıya və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin işirakını təmin etməmişdirlər.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

26. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

27. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli,e-2-2(113)-853/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli, 15 nömrəli podrat müqaviləsi üzrə 2024-cü ilin yanvar, fevral, mart aylarında müqavilə ilə razılaşdırılmış işlər icra edilmiş, ümumilikdə 8750 manat məbləğində işlər cavabdeh tərəfindən qəbul edilmiş, lakin görülmüş həmin işlərin dəyəri ödənilməmişdir.

29. Belə ki, işlərin görülməsi barədə iddiaçı tərəfindən bütün sübutlar (akt, elektron qaimə və hesab faktura) məhkəməyə təqdim edilmişdir. Həmçinin, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 bildirmişdir ki, tərəflər arasında müqavilə bağlanmış, iddiaçı tərəfindən müvafiq işlər, xidmətlər göstərilmişdir.

30. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri odur ki, müqavilə yenilənmədiyinə görə büdcədən müvafiq vəsait ayrılmadığı üçün ödənişlər edilməmiş və bu faktın məhkəməyə bildirilməsinə baxmayaraq məhkəmə tərəfindən nəzərə alınmamışdır.

31. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu cavabdehin qeyd etdiyi halın müqavilədə üzərinə götürdüyü öhdəliyi təqsirli icra etməməsini istisna etmir.

32. Eyni zamanda cavabdehin birinci instansiya məhkəməsində qeyd etdiyi etirazın əsası kimi istinad etdiyi hallarla apellyasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə qiymət verildiyini və məhkəmə kollegiyasının birinci instansiya məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə tam razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, işin halları, həmçinin maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur.

33. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

34. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

35. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliy tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2-2(113)-853/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir, kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar