Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-504/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-563/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli, AMX-4554/20 saylı təbii qazın alqı-satqısı müqaviləsi bağlanmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 təbii qazdan istifadəyə görə yaranmış 160.716,86 manat borcun və 664,92 manat ödənilmiş rüsumun məcburi qaydada tutularaq İddiaçı İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə xx.xx.2022-ci il tarixə 160.716,86 manat borc yaranmışdır.
4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, borc məbləği şişirdilmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-563/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Cavabdeh2 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təbii qazdan istifadəyə görə hər ay istehlakçıya bildiriş göndərilməlidir. Paylayıcı tərəfindən borcun yaranması barədə istehlakçıya heç bir bildiriş göndərilməmişdir. Qaz sərfiyyatını qeyd edən sayğac qazın verildiyi qeyri-yaşayış sahəsində çox uzaqda yerləşir və sayğacın yerləşdirildiyi qutunun açarı paylayıcıda olduğundan istehlakçı tərəfindən həmin sayğaca heç bir müdaxilə edilə bilməz. Lakin paylayıcı tərəfindən həmin sayğaca qanunsuz müdaxilənin dəfələrlə şahidi olmuşlar. Fəaliyyət göstərməyən bir qeyriyaşayış sahəsinə görə qazdan istifadəyə bu qədər borcun yaranması və paylayıcı tərəfindən bu qədər müddətin gözlənilməsi inandırıcı deyil. Mülki Məcəllənin 567ci maddəsinin tələbləri məhkəmə tərəfindən pozulmuşdur. Belə ki, istelakçıya bu qədər qazın verilməsinə dair heç bir sübut məhkəməyə təqdim olunmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
11. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
12. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
14. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndinə əsasən cavabdeh istehlak etdiyi qazın dəyərinin ödənilməsi öhdəliyini daşıyır.
15. İş materiallarından olan abonentin saldosundan da görünür ki, Cavabdeh2 məxsus **********00000 saylı abonent kodu üzrə ümumilikdə qazdan istifadəyə dair 374.921,06 manat məbləğində borc hesablanmışdır.
16. Qeyd edilən borcun yaranması əsası isə məhz qazdan istifadə üzrə debitor borcu təşkil edir.
17. Belə ki, abonent saldosunun “qalıq və aktlar” qrafasına nəzər yetirildikdə aydın olur ki, qeyd edilən qrafa üzrə pul hesablanmamışdır.
18. Eyni zamanda tərəflər arasında bundan əvvəl də, məhkəmə mübahisəsi olmuş və bu mabahisə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-338/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həll edilmişdir. Həmin qətnamə ilə Cavabdeh2 İddiaçı İB-nin xeyrinə xx.xx.2020-ci il tarixinə yaranmış borca görə 214.204,20 manat məbləğində pulun tutulması qət edilmiş və müvafiq olaraq icra vərəqəsi verilmişdir.
19. İddiaçı da mövcud olan 374.921,06 manat borcdan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-338/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulmuş 214.204,20 manat borcu çıxmış və hazırda da, qalan 160.716,86 manat borcu tələb etmişdir.
20. Bu baxımdan kollegiya hesab edir ki, iddia təmin edilməli və 160.716,86 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
21. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, təbii qazın istehlakına görə cavabdehin iddiaçıya 160.716,86 manat məbləğində borcunun olması iş materiallarında olan abonentin saldosu ilə təsdiq olunur. Eyni zamanda yuxarıda da qeyd olunduğu kimi həmin borc hər hansı akt əsasında deyil, məhz təbii qazdan istifadə üzrə yaranmışdır. Bundan əlavə, cavabdeh tərəfindən abonent saldosunda göstərilən həcmdə qaz sərfiyyatının qeyri-mümkünlüyü ilə bağlı sübutlar (quraşdırılmı avadanlıqlar, onların texniki göstəriciləri və maksimal qaz sərfiyyatı ilə bağlı sənədlər) təqdim edilməmişdir.
22. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-563/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn