Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-528/2020 19.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 45/2020 saylı xx xxxx 2020-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 84.599,99 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə cavabdeh tərəfindən iddiaçıya ilk öncə ona ünvanlanmış xx xxxxxx 2018-ci ıl tarixli məktubla dəymiş ziyana görə 69.336,00 manat məbləğində əlavə borc hesablandığı, daha sonra, akt əsasında 5291 nömrəli hesab faktura ilə ona 84.599,99 manat borcunun olduğu bildirilmişdir. Bununla bağlı o, dəfələrlə cavabdehə borc məbləğinin düzgün hesablanmaması barədə iradlar bildirilsə də nəticəsi olmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-cu il il tarixli qərardadı ilə iddia tələbi üzrə 15263,99 manat borcun silinməsi hissəsində iş üzrə icraata xitam verilmişdir. Eyni zamanda, məhkəmənin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qalan hissəsi təmin edilmiş və 69.336,00 manat məbləğində borcun cavabdehin şəxsi hesabından silinməsi qət olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmamış, tərəflər arasındakı həqiqi münasibətlərə, faktlara əsaslanmamış, eyni zamanda, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh ASC-nin əməkdaşlarının iddiaçı tərəfin səlahiyyətli şəxslərinin razılığı ilə həyata keçirdikləri su təchizatı sisteminə cari baxış sahibkarlıq fəaliyyətinin yoxlanılması kimi qiymətləndirilə bilməz. Bu baxış “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə həyata keçirilmişdir. Həmin Qanunun 50-ci maddəsinin 2-ci bəndində göstərilir ki, aşağıdakı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada su təchizatı və kanalizasiya müəssisələrinin səlahiyyətli nümayəndələri bu maddədə nəzərdə tutulmuş məqsədlər üçün obyektlərə əvvəlcədən bildirmədən daxil ola bilərlər: a) fövqəladə hadisə zamanı; b) obyekt sahibi işlərin aparılmasına etiraz etmədikdə; c) suyun çirklənməsini, ondan qeyri məqsədlər üçün və səmərəsiz istifadəni aradan qaldırmaq və həmçinin bu Qanunun müddəalarının pozulmasının qarşısını almaq üçün. Bundan əlavə obyektdə sudan səmərəsiz istifadə halı, qanunun müddəalarının pozulması halı öz təsdiqini tapmış və bunun qarşısı qanunvericiliyin tələblərinə uyğun alınmışdır. iddiaçının su təchizatı sisteminə baxış keçirilməsi onun sahibkarlıq fəaliyyətinin və ya təsərrüfat fəaliyyətinin yoxlanması olmadığından bu baxış sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsi barədə tələbin heç bir hüquqi əsası yoxdur. Belə ki, iddiaçı müqavilə əsasında içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edir və müqavilənin şərtərinə uyğun istifadə etdiyi içməli suyun dəyərini su xəttinin üzərində quraşdırılmış sayğacın göstəricilərinə uyğun qaydada ödəyir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 135.8, 184.2 və 376.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi M.Nuriyev cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən olunur ki, xx.xx.2015-ci il tarixdə tərəflər arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanmış və həmin müqavilə əsasında iddiaçının sudan istifadə etdiyi işin mübahisələndirilməyən halıdır. İş materialları üzrə 09/03567 nömrəli xx.xx.2018-ci il tarixli inventarizasiya aktına və 09/03567 nömrəli xx.xx.2018-ci il tarixli «Quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair akta əsasən müəyyən olunur ki, iddiaçıya məxsus smart-kart tipli su sayğacının işləmədiyi və plombunun olmadığı qeyd olunmaqla çıxarılmış və yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. Həmin su sayğacın laborator yoyoxlamasını aparan Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsi Suölçən X1 tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli, 49687/0031756 nömrəli rəyə əsasən su sayğacın hesablama mexanizminə müdaxilə və onun təmirə və istismara yararsız olduğu aşkar olunduğu qeyd olunmuşdur. İşin daha sonrakı gedişatı üzrə xx.xx.2018-ci il tarixli, HS seriyalı, 637457 nömrəli elektron vergi hesab-fakturasından və Nərimanov rayon Sukanal İdarəsi xx.xx.2018-ci il tarixli, 01/01-3-01- 523 nömrəli məktubundan aydın olur ki, 09/03567 nömrəli xx.xx.2018ci il tarixli inventarizasiya aktı əsasında iddiaçıya, 69.336 manat məbləğində dəymiş ziyana görə borc hesablanraq, ödənilməsi tələb olunmuşdur. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə cavabdehin qeyd olunan inventarizasiya aktı əsasında iddiaçıya həmin borcun hesablanması əsassız sayır. Birincisi, işə əlavə olunmuş, 09/03567 nömrəli xx.xx.2018-ci il tarixli inventarizasiya aktında iddiaçının nümayəndəsi (direktoru) Fərhad Əliyevin də sayğaca baxış keçirilərkən iştirak etdiiyi və aktın sonunda aktı imzaladığı qeyd olunsa da, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə-xətşünaslıq ekspertizası üzrə AR ƏN.Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 30768 saylı ekspert rəyinə əsasən həmin imzanın F.Əliyev tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən xx.xx.2020-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərkən də bildirmişdir ki, mübahisəli sayğaca baxış keçirələrkən və çıxarılarkən iddiaçı İddiaçı MMC-nin direktoru X5 orada görməmişdir. Beləliklə də tədqiq olunan həmin sübutlarla müəyyən edilən hallar, cavabdeh tərəfindən tərtib olunmuş inventarizasiya aktında təsbit olunan məlumatların (o cümlədən, sayğacın işləmədiyini, və plombunun mövcud olmadığını bildirən) doğruğunu şübhə altına almaqla, həmin məlumatların sübut əhəmiyyətli mötəbər məlumatlar kimi qiymətləndrilməsini istisna edir. Hər bir halda, işdən görünür ki, işə baxılarkən şahid qismində dindirilmiş cavabdeh tərəfin şahidləri - X6, X4 və n X2 ifadələrində sayğaca vizual baxış keçirilərkən, birinci şahid ona müdaxilənin ola bilməsi ehtimalı ilə bağlı əsaslı şübhələrini qeyd etmiş, sonuncular isə müdaxilə olduğunduğu bildirsələr də həmin müdaxilənin konkret nədən ibarət olmasını (plombun qırılması və s) konkret göstərməmişlər. Onların sayğacın mexaniki və elektron hissələrində nazazlıq olduğunu bibildirən ifadələrinə gəldikdə isə cavabdehin özü tərəfindən quraşdırılmış sayğacın daxili mexanizmlərinin düzgün işləməməsi iddiaçının təqsirinə yozulması qəbuledilməzdir. Beləliklə də qeyd olunanlar baxımdan, məhkəmə kollegiyası mübahisələndirilən həmin aktın göstərilənlərin həqiqiliyini qəbul etmir, əhəmiyyətsiz sayır. Digər tərəfdən, işə əlavə olunmuş abonqent haqqında məlumatdan görünür ki, mübahisəli sayğac dəyişdirilməzdən əvvəl və dəyişdirildikdən sonra iddiaçı tərəfindən su istehlak olunan su sərfiyyatındanda əhəmiyyətli dəyişikliklər baş verməmişdir. Bu mənada, cavabdehin aşkar etdiyi hal, iddiaçının hüquqa zidd hərəkətinə yozulması və onun mülki hüquq pozuntusu törətməsi kimi qiymətləndirilməsi istisna edilir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd olunan tələblərindən də göründüyü kimi, şəxsin hüquqa zidd hərəkət və hərəktsizliyi sübuta yetirilməyincə onun üzərinə mücərrəd bir ziyanın əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, mübahisələndirilən inventarizasiya aktına əsasən iddiaçıya 69 336 manat məbləğində əlavə sərfiyyat hesablanmasının işin fikitki vəziyyətinə və həqiqiqətə uyğunluğu müəyyən olunmur. Bundan əlavə, cavabdeh tərəfindən müəssisədə su sayğacına keçirdiyi baxış qanunvericiliyə də uyğun olmamışdır. Belə ki, «Su təchizatı və su tullantıları haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin «d» bəndinə əsasən su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi öz vəsiqəsini təqdim edərək su təchizatı və tullantı sularının axıdılması sahəsinə aid olan qurğulara, cihazlara, mexanimlərə və qovşaqlarva, sahibinə əvvəlcədən bildirməklə, qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız baxış keçirə bilərdi. Qanunvericiliklə müəyyən edilən qayda isə aşağıdakılardan ibarətdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun 3.2-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndi nəzərədə tutur ki, sahibkalıq subyektində yoxlama , baxış və s. yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Əks halda belə yoxlamanın, baxışın hüquqi nəticəsi yoxdur. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Su təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh tərəfindən isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçı müəssisədə su sayğacının texniki vəxiyyətinə keçirilən baxış və bu zaman onun onun çıxarılması və laboarator müəyinəyə götürülməsi - Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınması təmin edilmədən həyata keçirilmişdir. Deməli, həmin yoxlamanın hüquqi nəticələri etibarsızdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, işə baxan məhkəmə tərəfindən iş materialları hərtərəfli araşdırılmış, sübutlara güzgün qiymət vermiş və iddianı təmin edilməsi barədə mahiyyti üzrə düzgün nəticəyə gəlinmişdir. MPM-in 385.2-ci maddəsinin tələbindən isə görünür ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə də cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsının qanunsuz və əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri təkzib olunur. Ona görə də məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-45/2020 saylı xx xxxx 2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-45/2020 saylı xx xxxx 2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-528/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-528/2020
19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver