Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-532/2024 02.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı “Respublika Perinatal Mərkəzi” X4 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-339/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Cavabdeh İB ilə “Respublika Perinatal Mərkəzi” PHŞ arasında xx.xx.2018-ci il tarixli, AMX-2/1110 nömrəli “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsi bağlanmışdır.
2. Müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı “Respublika Perinatal Mərkəzi” X5 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı barəsində cavabdeh tərəfindən hesablanmış mənbəyi məlum olmayan 56214,15 manat borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı bildirir ki, “Respublika Perinatal Mərkəzi” X5 istifadə etdiyi qaz sərfiyyatına görə bu günə kimi vaxtlı-vaxtında ödənişlərini etsə də, bir müddət sonra Xətai xidmət sahəsi əməkdaşları tərəfindən təqdim olunmuş akta əsasən iddiaçının guya 2020-ci ilə qalıq 56214,15 manat mənbəyi məlum olmayan borcunun olması göstərilmiş və borcun ödənilməyəcəyi təqdirdə qazın verilməsinin dayandırılması bildirilmişdir. Qeyd edilən mənbəyi məlum olmayan 56214,15 manat borcun silinməsi üçün cavabdehə müraciət olunsa da, cavab verilməmişdir. Halbuki, qazdan istifadəyə görə ödənişlər vaxtlı-vaxtında olduğundan bu qədər borcun yaranmasının əsasının nə olduğu iddiaçıya məlum deyildir.
5. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, abonent saldosunda 2010-cu ildən sonra yaranan borclar barədə ətraflı məlumatlar öz əksini tapsa da, proqram təminatı olmadığı zamanlarda yaranmış borc məbləği ilə bağlı detallı məlumat verə bilmirlər. Həmin borc məbləğləri istifadə edilmiş təbii qazın dəyəridir. Borclar sayğac üzrə və sayğac olmadığı dövrdə müvafiq qaydada hesablanmış borclardır. Odur ki, borcun silinməsi üçün hər hansı bir əsas mövcud deyildir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-339/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh tərəfindən hesablanmış 54893,36 manat məbləğində borc “Respublika Perinatal Mərkəzi” X3 **********00000 saylı abonent hesabından silinməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş abonent saldosundan və eyni zamanda qətnamədən də göründüyü kimi mübahisələndirilən borc məbləği istehlakçı tərəfindən qeyri-yaşayış sahəsində təbii qazdan istifadəyə görə yaranmış borcdur. İddiaçının istifadəsində olan qaz sayğacı sərf edilən qaz həcmini tam qeyd etmiş və istifadə edilən qazın dəyəri mütəmadi olaraq iddiaçının qaz hesabına işlənmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə (xx.xx.2023-cü il tarixə qədər olan redaksiyada) görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
12. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 13.Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərərfindən apellyasiya şikayətinin verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin edilmiş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
16. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir).
17. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin 3.3-cü bəndində də müəyyən edilmişdir ki, paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya 2 dəfə məlumat (hesab) təqdim etməlidir.
18. Hazırki işdə isə iddiaçıya məxsus abonent kodunda qeyd edilmiş 56878,1 manat borcun mənbəyi məlum deyildir.
19. Belə ki, xx.xx.2023-ci tarixli abonentin saldosundan müəyyən olunur ki, “Respublika Perinatal Mərkəzi” PHŞ-nin (abonent kodu: **********00000) qeyd edilən tarixə ümumilikdə borcu 56507,41 manat (sayğac oxunması: 203840,65 manat + aktlar: 75611,40 manat – ödəmələr: 222944,64 manat = son borc: 56214,16 manat) təşkil edir.
20. Eyni zamanda, abonent saldosundan görünür ki, 2010-cu ilin iyun ayının əvvəlinə qalıq borcun 56878,10 manat təşkil etməsi qeyd edilmiş və həmin məbləğ müəyyən fərqlərlə hazırki vaxtadək ödənilməmiş qalmışdır.
21. İş materiallarında olan tərəflər arasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, xx.xx.2020-ci il tarixə “Respublika Perinatal Mərkəzi” PHŞ-nin Cavabdeh İB-yə borcu 56214,17 manat təşkil edir. Lakin sözügedən aktda “Respublika Perinatal Mərkəzi” PHŞ tərəfindən qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixinə olan kreditor borc qalığı ləğv olunmuş, Respublika Doğum Evinə aid olmayan borc məbləğidir. Həmin borcun PHŞ-yə aid olmadığı üçün öhdəlik kimi qəbul edilmir. Sözügedən akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
22. Tərəflər arasında tərtib olunmuş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, xx.xx.2021-ci il tarixə “Respublika Perinatal Mərkəzi” PHŞ-nin Cavabdeh İB-yə borcu 60719,44 manat təşkil edir. Lakin sözügedən aktda “Respublika Perinatal Mərkəzi” PHŞ tərəfindən qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixinə olan kreditor borc (xx.xx.2021-ci il tarixinə olan borc 56214,17 manat) qalığı ləğv olunmuş, Respublika Doğum Evinə aid olmayan borc məbləğidir. Həmin borcun PHŞ-yə aid olmadığı üçün öhdəlik kimi qəbul edilmir. Sözügedən akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
23. Tərəflər arasında tərtib olunmuş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktlarından görünür ki, xx.xx.2022-ci il tarixə “Respublika Perinatal Mərkəzi” PHŞ-nin Cavabdeh İB-yə borcu 56214,17 manat təşkil edir. Lakin sözügedən aktda “Respublika Perinatal Mərkəzi” PHŞ tərəfindən qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixinə olan kreditor borc qalığı ləğv olunmuş, Respublika Doğum Evinə aid olmayan borc məbləğidir. Həmin borcun PHŞ-yə aid olmadığı üçün öhdəlik kimi qəbul edilmir. Sözügedən akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
24. Göründüyü kimi iddiaçıya məxsus abonent saldosunda 2010-cu ilin iyun ayının əvvəlinə qalıq borcun 56878,10 manat təşkil etməsi qeyd edilsə də, həmin borcun sayğac göstəricilərinə və ya aktlara əsasən hesablanması, yəni onun mənbəyi məlum deyildir.
25. Birinci instansiya məhkəməsində bu məsələ tərəflərlə müzakirə olunmuş, cavabdehin nümayəndəsi ilk olaraq borcun yaranma əsasları ilə bağlı sübutların olduğunu və növbəti məhkəmə iclasında təqdim ediləcəyini bildirmiş, lakin növbəti iclasda sənədlərin ona təqdim edilmədiyini və bu səbəbə görə sübut təqdim edə bilmədiyini bildirmişdir.
26. Eyni zamanda, yuxarıda qeyd olunan qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktlarından müəyyən edilir ki, iddiaçı 2020-2022-ci illər ərzində tərtib olunan aktlarda həmin borc məbləğinə etiraz etmiş və ona aid olmadığını bildirmişdir.
27. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı yaranma mənbəyi və dövrü müəyyən olmayan borcdan qalan 54893,36 manat məbləğində borcun ona məxsus abonent hesabından silinməsini tələb etməkdə haqlıdır.
28. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, cavabdeh həmin borc məbləğinin sayğac göstəricilərinə əsasən yarandığını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Apellyasiya icraatında təqdim edilmiş Respublika Perinatal Mərkəzinin 2001-2010-cu illərə aid abonent saldoları isə sübut kmi qəbul edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən belə əsaslandırma göstərilməmişdir. Həmçinin həmin saldolar adi cədvəl şəklində tərtib olunmuş, saldolarda sayğacın tipi, nömrəsi, quraşdırılma tarixi və s. bu növ sənədlərə aid olan rekvizitlər göstərilməmişdir.
29. Bu baxımdan kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-339/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov