Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-537/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-514/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 22.02.2021-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.10.2020-ci il tarixində tərtib edilmiş NDQ seriyalı 008082 saylı akta əsasən hesablanmış 19813,23 manat borcun (hesabatın) qanunsuz hesab edilməklə silinməsi, iddiaçıya verilən elektrik enerjisinin qanunsuz kəsilməsi nəticəsində 28 oktyabr 2020-ci il tarixindən etibarən elektrik enerjisinin bərpa ediləcəyi günə qədər hər gün üçün orta hesabla 15000 manat məbləğində maddi zərərin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 22.02.2021-ci il tarixli e-2-2(113)-514/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı barəsində 13.10.2020-ci il tarixində tərtib edilmiş NDQ seriyalı 008082 saylı akta əsasən hesablanmış 19813,23 manat borc qanunsuz hesab edilməklə silinməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat məbləğinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi, qalan 15 manat məbləğinin İddiaçınə aid edilməsi qət edilmişdir. Cavabdeh “xxxx” ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı sahibkarlıq subyekti olsa da, cavabdehin apardığı yoxlama onun maliyyə-təsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı olmamış, cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və “X1 Qaydaları”na riayət olunması vəziyyətini yoxlamışdır. Bu səbəbdən, məhkəmənin qeyd etdiyi normalar hazırkı iş üzrə mübahisəyə tətbiq edilə bilməzdi. Məhkəmə hazırkı mübahisəyə “X1 Qaydaları”nın 8.17-ci bəndini tətbiq etməli olduğu halda əsassız olaraq tətbiq etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə1 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi bağlanmışdır. İddiaçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış elektrik sayğacına “xxxx” ASC-nin nümayəndələri tərəfindən baxış keçirilmiş və 13.10.2020-ci il tarixli 008082 saylı akt tərtib edilmişdir. Həmin akta əsasən sayğacın sərf olunan elektrik enerjisini qeyd etməməsi aşkar edilmişdir. Aktda qoyulan tələbə əsasən sayğac yeni sayğacla əvəz edilərək laborator müayinəyə göndərilmişdir. 20.10.2020-ci il tarixdə “Sayğacların və cərəyan transformatorlarının yoxlanışı üzrə” 199284 saylı protokol tərtib olunmuş və həmin protokolda qeyd olunmuşdur ki, 28.04.2020-13.05.2020 və 22.09.2020-16.10.2020-ci il tarixlərində 3 faza gərginlik kəsilmələri olmuş, gərginliyi qeyd etməmişdir. Aşkar edilən pozuntu ilə əlaqədar cavabdehin akt komissiyasının 21.10.2020-ci il tarixli icra vərəqinə əsasən, istehlakçı ilə 39 gün müddətinə yenidən hesablaşma aparılaraq, 220147 kvts əlavə sərfiyyat (19813,23 manat borc) hesablanmış və iddiaçıdan tələb olunmuşdur. İddiaçı bildirir ki, onun əməkdaşları tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Aktda yazılanlar həqiqətə uyğun deyil və qanunsuzdur. Bundan başqa cavabdeh qurum tərəfindən aparılmış yoxlama qeyri-rəsmi yoxlamadır. Çünki həmin yoxlamanın aparılmasına dair Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində heç bir qeydiyyat aparılmamışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı sayğaca müdaxilə etmişdir. Ona görə də, itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə iddia əsaslıdır. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Lakin cavabdeh mübahisəli yoxlamanın qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etməmişdir. Belə olan halda isə həmin yoxlama nəticəsində hesablanan borc iddiaçıdan tələb oluna bilməz. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış elektrik sayğacına “xxxx” ASC-nin nümayəndələri tərəfindən baxış keçirilməsi məhz Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndində göstərilən yoxlamaya aiddir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-514/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 22.02.2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-537/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-537/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver