Məhkəmə qərarları › İş №2-2(103)-539/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-539/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-539/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı kommersiya işi Açar söz: borcun silinməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-1156/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşdən görünür ki, iddiaçı və cavabdeh arasında 05 yanvar 2023-cü il tarixli 014528 nömrəli enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi bağlanmışdır.

2. İddiaçı tərəfindən tərtib olunmuş 28 sentyabr 2021-ci il tarixli, 045503 nömrəli aktdan görünür ki, EEİQ-na əsasən obyektin elektrik sayğacına baxış keçirilən zaman məlum oldu ki, sayğacın ekranı oxunmur. Sayğacdan axan yük ampermaşor vasitəsilə ölçüldü. J-60A, J2= 62A, J3=60A Jor=60,6A. Sayğac yeni sayğacla əvəz edilsin.

3. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qeyri-əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahə üzrə tələblər dair icra vərəqəsindən görünür ki, iddiaçıya 30720 kvts x 0.09 manat = 2764,80 manat məbləğində borc hesablanmışdır.

4. Cavabdehə məxsus abunə haqqında məlumatdan görünür ki, iddiaçı tərəfindən 2021-ci ilin fevral ayında 1000 manat, mart ayında 500 manat, may ayında 1000 manat, iyul ayında 1000 manat və 599 manat, avqust ayında 2500 manat və 2000 manat, oktyabr ayında 930 manat və 2000 manat, dekabr ayında 1400 manat ödənilmişdir.

5. Cavabdehə məxsus abunə haqqında məlumatdan görünür ki, iddiaçının 454,79 manat məbləğində qalıq borcu var.

6. Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 X4 iddiaçıya ünvanlanmış may 2023-cü il tarixli məktubundan görünür ki, MMC-nin istifadəsində olan elektrik sayğacı baş transformatordan sonra gərginlik tərəfdə quraşdırılmasına baxmayaraq enerji təchizatı müəssisəsi tərəfindən X2 Qaydalarının 8.10-cü bəndinin tələbləri pozularaq xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək hər ay 590 kvt.st (bir ay isə 619 kvt.st) elektrik enerjisinin dəyəri transformatr itkisi adı ilə **********3 (**********51032) nömrəli abonent kodu üzrə enerji hesabatına daxil edilmişdir. MMC-nin istifadəsində olan 73309545 zavod nömrəli elektrik sayğacının ekranının oxunmaması barədə RTM-in nümayəndələri tərəfindən xx.xx.2021-ci il tarixində 045503 nömrəli akt tərtib olunmuş və təqsirsiz olmadan ETM-in komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə 64 gün üçün 30720 kvt.st elektrik enerjisi hesablanmış və 2764,80 manat əsassız borc enerji hesabına daxil edilmişdir. Bundan əlavə xx.xx.2023-cü il tarixində ETM-in nümayəndələri tərəfindən (xx.xx.2023-cü il tarixli KY231883935 nömrəli çıxarış-la) MMCnin istifadəsində olan 02819305 zavod nömrəli elektrik sayğacına baxış zamanı sayğacın keçən yükü düzgün qeyd etməməsi barədə 050643 saylı akt tərtib olunmuş, xx.xx.2023- cü il tarixində isə naməlum 50 % xəta ilə işləyərək 8880 kvtst elektrik enerjisini qeyd etməsi və həmin dövrdə qalan 50 % elektrik enerjisini qeyd etməməsi əsas gətirilərək təqsiriniz sübuta yetirilmədən yalnış hesabat aparılmış və 888 manat məbləğində əsassız borc enerji hesabına daxil edilmişdir.Qeyd olunanları nəzərə alıb xx.xx.2015-ci il tarixdən xx.xx.2019cu il tarixədək transforamtor itkisinə görə hesabata daxil edilmiş əsassız borca Qaydaların 8.10-cu bəndinə, 045503 nömrəli və 050643 nömrəli aktların hesabatına isə Qaydaların 8.16-cı bəndinə uyğun olaraq yenbidən baxılması üçün "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli 3-15-2-5/2-155/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-15-2-5/2-M5-157/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-15-2/2-M-5-41/2023 nömrəli məktublar göndərilmişdir. "xxxx" ASC-nin cavab məktublarında transformator itkisinə görə hesabata daxil edilmiş 403,70 manat borcun və 050643 nömrəli akta görə aparılmış hesabatın 544 manat hissəsinin silindiyi, 045503 nömrəli aktın hesabatının isə Qaydalara uyğun aparıldığı bildirilmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 2.764,80 manat boclun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır, borcun hesablandığı dövrü əhatə edən sonuncu sms-smart tipli sayğac xx.xx.2023-cü il tarixdə quraşdırılmışdır. Həmin sayğacın, eyni zamanda cəryan transformatorlarının quraşdırılması zamanı təcihzatçının, yəni müəssisənin enerji tələbatı, ən əsası isə əvvəlki dövrlər üzrə mövcud olmuş sərfiyyat göstəriciləri nəzərə alınmamış, quraşdırılmış cərəyan transformatorlarının və kontaktorların gücü müəssisənin tələbatına uyğun müəyyən edilməmişdir. Bu isə belə bir problemi ortaya çıxarır ki, gücün artması və azalması baş verəndə, həmin cərəyan transformatorları zədələnir və sıradan çıxır. Quş istehsalı stabil sərfiyyata əsaslanmır. Tələb olunan güc dövri istehsaldan, həva şəraitindən (kəsilmiş quşların saxlanması üçün soyuducunun temperaturu) və sair birbaşa asılıdır. Belə olan halda tələb olunan gücdən az gücə hesablanmış cərəyan transformatorlarının və 180 amper kontaktorların quraşdırılması həm texniki baxımdan uyğunsuz olmaqla, həm də müəssisənin maraqlarına və mənafeyinə uyğun olmamışdır. Bu səbəblə sayğac quraşdırılarkən müəssisə rəhbərliyi müvafiq akt imzalamamış, həmçinin aidiyyəti üzrə Energetika Nazirliyinə müraciətlər ünvanlanmışdır. Sayğac quraşdırıldıqdan sonra müəssisəyə əsassız borc hesablanmışdır. Hər iki problemlə bağlı X1 X5 tərəfindən qaynar xətt vasitəsilə verilmiş müraciətlərinə üç dəfə cavab verilmiş və hazırda məsələnin araşdırıldığı qeyd olunmuşdur. X1 X4 müəssisəyə ünvanladığı sonuncu (may 2023) məktubda qeyd olunmuşdur ki, xx.xx.2023cü il tarixli KY********** nömrəli çıxarışla MMC-nin istifadəsində olan 02819305 nömrəli elektrik sayğacına baxış zamanı sayğacın keçən yükü düzgün qeyd etməməsi barədə 050643 saylı akt tərtib olunmuş, xx.xx.2023-cü i tarixində isə naməlum 50% xəta ilə işləyərək 8880 kVtşst elektrik enerjisini qeyd etməsi və həmin dövrdə qalan 50% elektrik enerjisini qeyd etməməsi əsas gətirilərək MMC-nin təqsiri sübuta yetirilmədən yanlış hesabat aparılmış və 880 manat məbləğində əsassız borc enerji hesabına daxil edilmişdir. Bununla da ETM-ni komissiyası tərəfindən Qaydaların 8.16-cı bəndinin tələbləri pozulmuşdur. Qeyd olununları nəzərə alıb xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək transformator itkisinə görə hesabata daxil edilmiş əsassız borca Qaydaların 8.10-cu bəndinə, 045503 nömrəli və 050643 nömrəli aktların hesabatına isə qaydaların 8.16-cı bəndinə uyğun olaraq yenidən baxılması üçün "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli, 3-15-2-5/2-155/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-15-2-5/2-M-5-157/2023 nömrəli məktublar göndərilmişdir. Həmin məktublara "xxxx" ASC-nin cavab məktublarında transformatoritkisinə görə hesabata daxil edilmiş 403,70 manat borcun enerji hesabatndan silindiyi, ******* və ******* nömrəli aktların hesabatına isə yenidən baxılmasının məqsədə uyğun hesab edilmədiyi bildirilmişdir. Göründüyü kimi səlahiyyətli orqan tərəfindən aparılmış araşdırmanın nəticəsində də əsassız borc hesablandığı müəyyən olunmuşdur. Hazırki vəziyyət ondan ibarətdir ki, quraşdırılmış sayğacda səhifələmə funksiyasını işlətmək və məlumat almaq mümkün deyil. Üstəlik balansın artırılması üçün ödənilmiş pulların sayğacın balansına yüklənməməsi kimi hal mövcud olduğundan, sayğacın göstəricilərinə, xüsusilə də istehlak olunan elektrik enerjisinin hesablanması və yaxud real sərfiyyata müdaxilə imkanı da mövcuddur və hazırki vəziyyətdə bu ciddi ehtimala əsaslanır. Təbii inhisarçının yerli nümayəndələri, satış idarəsi və regional idarə də onlara bu məlumatları vermək gücündə deyil. Bu baxımdan transformator itkisinə görə hesablanmış 2.454,41 manat əsassız borcdan əlavə olaraq da balansın artırılması üçün ödənilmiş vəsaitin bir hissəsi də sayğacın balansına əlavə edilməmişdir. İddiaçının mövcud olan ödəniş sənədlərinə əsasən müəyyən olunur ki, sayğac quraşdırıldıqdan sonra 9.674,30 manat ödəniş edilmiş, lakin həmin məbləğin hansı hissəsinin balansa əlavə edilməsi barədə dəqiq məlumat yoxdur. Bu baxımdan işin gedişində silinməsi tələb olunan borc məbləğinə dair dəqiqləşdirmə veriləcəkdir. Lakin hazırda silinməsi tələb olunan məbləğ 2.454,41 manatdır.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1156/2024 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia təmin edilmişdir.

10. Məhkəmə araşdırması zamanı müəyyən edlmişdir ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus sayğaca xx.xx.2021-ci il tarixdə baxış keçirilmiş, baxış nəticəsində sayğacda nasazlıq olması halı müəyyən edilmiş, bu barədə akt tərtib edilərək iddiaçıya 2764,80 manat borc hesablanmışdır.

11. Məhkəmə ilk olaraq qeyd etmişdir ki, cavabdeh həmin aktla sayğacın yararlı olmaması ilə əlaqədar ona dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, tərəflər arasında bağlanılmış müqavilədə istehlakçının sayğacda mövcud qüsurlara görə təqsirindən asılı olmayaraq məsuliyyət daşımalı olmasını nəzərdə tutan müddəa yer almamış, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi isə materiallarda olan sənədlərlə öz təsdiqini tapmamışdır. Cavabdeh tərəfindən sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edilməsini təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, “X2 qaydalarının” 8.2- ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

13. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır. İşin halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya ümumilikdə 2.764,80 manat məbləğində borc hesablamaqda haqlı olmamışdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1156/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən Zaqatala rayonu, Makov kəndində broyler istehsalı ilə məşğul olan İddiaçıMMC-yə məxsus obyektin (abunə kodu-**********3) uçot dəstinə baxış keçirilən zaman elektrik sayğacının ekranının oxunmadığı aşkar edilmişdir. Baxış zamanı xx.xx.2021-ci il tarixli R 045503 nömrəli akt tərtib edilmişdir. Pozuntu faktı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005- ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”-nın tələbinə uyğun olaraq. xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən: 40 kVt x 12 s x 64 gün = 30720 kVt.s Dəyəri: 30720 kVt.s x 0,09 man = 2764,80 manat. Həmçinin xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən Zaqatala rayonu, Makov kəndində broyler istehsalı ilə məşğul olan İddiaçı MMC-yə məxsus obyektin (abunə kodu-**********3) uçot dəstinə baxış keçirilən zaman elektrik sayğacının üçüncü fazadan keçən yükü qeyd etmədiyi aşkar edilmişdir. Baxış zamanı xx.xx.2023-cü il tarixli R 050643 nömrəli akt tərtib edilmişdir. Pozuntu faktı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005- ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları” nın tələbinə uyğun olaraq. xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən: 8880 kVt x 20% x 50%= 8880 kVt.s Dəyəri: 8880 kVt.s x 0,10 man = 888 manat Yoxlama aparılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2023-cü il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü biraydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.

17. Tətbiq edilən hüquq (cavabdeh tərəfindən yoxlama keçirilən dövrdə qüvvədə olan redaksiyada) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 443.7-cü maddə- əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddə- həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddə- dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddə- həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 1.7-ci bəndə əsasən, reyestrin informasiya resursu vahid məkanda saxlanılmaqla öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

18. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

19. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1156/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, 28 sentyabr 2021-ci il tarixdə cavabdeh "xxxx" ASC-nin Zaqatala EŞ-nin balans şöbəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektin sayğacına baxış keçirmiş, sayğacda qüsur aşkar etmiş və bu barədə 045503 nömrəli akt tərtib etmişlər. Həmin tarixdə həyata keçirilmiş yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində (yoxlama keçirilənədək) qeydə alınması barədə məhkəməyə sübut təqdim edilməmişdir.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında bağlanılmış müqavilədə və qanunda istehlakçının təsiri olmadan sayğacda yaranmış qüsurlara görə məsuliyyəti nzərdə tutulmadığından, eyni zamanda mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmadığı üçün hüquqi nəticəsı olmadıdığından iddianın təmin edilməsi qanuni və əsaslıdır.

22. Apellyasiya şikayətində cavabdeh iddiaçının obyektində həyata keçirilən yoxlama barədə məlumatın reyestrdə xx.xx.2023-cü il tarixdə qeydə alındığını qeyd etsə də, bu qeydiyyat yoxlamadan bir neçə ay sonra həyata keçirildiyindən hər hansı əhəmiyyət daşımır. Buna görə də məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz.

23. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 1156/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1156/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar