Məhkəmə qərarları › İş №2-2(103)-54/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-54/2020

28.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-54/2020 28.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əhmədov İlham Bayram oğlunun sədrliyi və məruzəsi ilə, Seyidova Səriyyə Seyid qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibаrət tərkibdə; Məhkəmə iclas katibi Rəcili Aysel Naib qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə; İddiaçı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-730/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin Cavabdehnə (bundan sonra mətndə İB) qarşı ödənilməsi tələb olunan 20976 manat borc öhdəliyinə xitam verməklə iddia müddəti ötmüş borc kimi silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixə təbii qazdan istifadəyə görə əsassız hesablanmış 19530,68 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi Rayonu İcra Hakimiyyətinə Cavabdeh İB Bakı Regional Qazın Satışı Departamentinin “Qaz təhcizatının dayandırılması haqqında” 433 saylı xx.xx.2018-ci il tarixli bildirişinə əsasən (kod: 10/24585) Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən istifadə olunmuş təbii qaza görə 21628.68 manat borc ödənilməyəcəyi halda qaz təhcizatının dayandırılacağı barədə xəbərdarlıq olunmuşdur.Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli müraciətinə cavab olaraq SOCAR**********30560046x00444 saylı xx.xx.2019-cu il tarixli məktubla bildirilmişdir ki, 2017-ci il dekabr ayında məhkəmə qərarına əsasən hesabda düzəliş edilmiş və xx.xx.2018-ci il tarixinə 19530,68 manat debitor borc mövcuddur. Qeyd olunanlarla əlaqədar bildirilmişdir ki, sonuncu Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)577/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçı Binəqədi Rayon İcra Hakimiyyətinin iddia tələbinə əsasən Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1998-2007-ci il tarixədək balansında olmuş orta məktəb və uşaq bağçalarına aid olmuş 20006,56 manat məbləğində kreditor borc öhdəliyinin tələb etmə müddətinin keçməsi ilə əlaqədar xitam verilmiş və həmin məbləğin silinməsi qət edilmişdir. Silinmiş borcun Rayon İcra Hakimiyyətinə heç bir aidiyyəti yoxdur. Belə ki,Rayon İcra Hakimiyyətinin təbii qazdan istifadəyə görə kreditor borcu mövcud olmamışdır. Rayon İcra Hakimiyyəti təbii qazın istismara başlandığı dövrlər üzrə yaranmış borclarını tam ödəmiş və bununla əlaqədar Bakı Regional Qazın Satışı Departamenti arasında üzləşmə aktları imzalanmışdır. Qış aylarında inzibati binanın isidilməsi üçün Rayon İcra Hakimiyyəti tərəfindən istifadə etdiyi təbii qaza görə illər üzrə (ildə 4000,00-7000,00 manat arasında) orta hesabla 7000,00 manat həcmində borcu yaranmış və həmin borc illər ərzində ödənilmişdir. Qeyd olunanlara baxmayaraq xx.xx.2018-ci il tarixinə qazdan istifadəyə görə qalıq borcu 2064,00 manat təşkil etdiyi halda 21628.68 manat borcun ödənilmədiyi təqdirdə qaz təchizatının dayandırılacağı barədə xəbərdarlıq olunmuşdur. Qeyd olunanlara əsasən hesablanmış borcun yaranma səbəblərinin bir daha araşdırılması və silinməsi barədə aidiyyəti üzrə göstəriş vermə üçün 01/09-11-31/224 saylı xx.xx.2019-cu il tarixli məktubla Cavabdeh İB-nə müraciət olunmuşdur. Cavabdeh İB tərəfindən **********30560046X01743 saylı xx.xx.2019-cu il tarixli məktubla bildirilmişdir ki, xx.xx.2009-cu il tarixdən təbii qazdan istifadəyə görə borc 4664,27 manat olmuş, 2009-cu il üzrə 1041,30 manat, 2010-cu il üzrə 3726,70 manat borcdan 1500,00 manat ödənilmiş, 2226,70 manat təbii qazdan istifadəyə görə borc qalmış, 2011-ci il üzrə 3736,60 manat, 2012-ci il üzrə 3021,10 manat, 2014-cu il tarixə 4838,30 manat, ümumilikdə 19528,27 manat borcun mövcud olduğu bildirilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti 2013-cü ilədək qazdan istifadə etməmişdir. RİH inzibati binası mərkəzləşdirilmiş istilik sisteminə qoşulmaqla isidilmişdir. RİH 2012-ci ilin oktyabr ayında əsaslı təmirə saxlanılmış və 2013-cü ilin iyun ayında yenidən açılış olmuşdur. Bu dövrdə RİH inzibati binası mərkəzi “Çiller” sistemi ilə təhciz olunmuşdur. Cavabdeh İB Binəqədi Rayon İcra Hakimiyyəti arasında xx.xx.2013-cü ildə müqavilə bağlandıqdan sonra qazdan istifadəyə başlanmışdır. Bununla əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti ilə Binəqədi Rayon Qaz İstismarı Sahəsi arasında xx.xx.2013-cü il tarixdə AKT tərtib edilmişdir. Cavabdeh hal-hazırda iddiaçıya aidiyyəti olmayan və iddia müddəti ötmüş borcu tələb edir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-730/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-730/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayəti qanunvericilik normalarını sadalamaqla əsaslandırılmışdır, həmçinin qeyd edilmişdir ki, Binəqədi Rayon İcra Hakimiyyətinə verilən təbii qazın dəyəri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sayğac göstəricilərinə əsasən müəyyən edilmişdir. Abonent saldosundan da göründüyü kimi təbii qazın dəyəri istehlakçının istismarında olan ELSTER G-40 tipli, 75018846 saylı qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir. İddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdən sərf edilən qazın dəyəri vaxtında ödənilmədiyi üçün debitor borcu yaranmışdır. Məhkəmə qətnaməsində artıq borcun hesablanmasına dair hər hansı mötəbər hal və ya sübut haqqında qeydlər yoxdur. Qətnamədə yalnız sayğaca müdaxilə halının olmadığı halda artıq borcun hesablanması qeyd edilmişdir. Abonent saldosundan da göründüyü kimi iddiaçıya hesablanmış borc məbləği sırf istifadəsində olan sayğac göstəricilərinə əsasən hesablanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Əliyev Rəşad apellyasiya şikayətini müdafiə edərək həmçinin bildirdi ki, hazırki mübahisə bilavasitə Binəqədi İcra Hakimiyyəti ilə bağlıdır. Yəni, onun struktur və ya bölmələri ilə bağlı deyildir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-730/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan; - Binəqədi Rayon İcra Hakimiyyəti ilə Cavabdeh İB arasında xx.xx.2013-cü il tarixdə bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 2341-10-13 nömrəli müqavilədən müəyyən olunur ki, Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasına G-40 markalı 75018846 nömrəli sayğac quraşdırılmışdır. - “Qaz təhcizatının dayandırılması haqqında” 433 saylı xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh İB tərəfindən 21628.68 manat borc ödənilməyəcəyi halda Binəqədi Rayon İcra Hakimiyyətinə qaz təhcizatının dayandırılacağı barədə xəbərdarlıq edilmişdir. - Binəqədi Rayon İcra Hakimiyyəti ilə Binəqədi Rayon Qaz İstismarı Sahəsi arasında tərtib edilmiş qarşılıqlı üzləşmə aktlarından görünür ki, Binəqədi Rayon İcra Hakimiyyəti təbii qazdan istifadəyə görə xx.xx.2017-ci tarixə 3145,11 manat (tərəflərin imzaladığı), xx.xx.2018-ci illin əvvəlinə 19530,68 manat (iddiaçı imzalamamışdır), xx.xx.2018-ci il tarixə 19530,68 manat (iddiaçı imzalamamışdır), xx.xx.2019-cu ilin əvvəlinə 19530,68 manat (iddiaçı imzalamamışdır) və xx.xx.2019-cu il tarixə 23104 manat (iddiaçı imzalamamışdır) borc olduğu göstərilmişdir. -Cavabdeh İB tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli abonentin saldosundan müəyyən olunur ki, iştehlakçı Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixdə 19530,07 manat təbii qazdan istifadəyə görə borcu yaranmış və həmin borc xx.xx.2017-ci il tarixdə iddiaçının hesabından silinmiş, lakin xx.xx.2018-ci il tarixdə 19530,68 manat borc yenidən sonuncunun şəxsi hesab vərəqəsinə daxil edilmişdir. Eyni zamanda xx.xx.2019-cu il tarixə saldoda göstərilən ümumi borc 21413 manat təşkil etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixdə “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 2341-10-13 nömrəli müqavilə bağlanaraq Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasına G-40 markalı 75018846 nömrəli sayğac quraşdırılmışdır. xx.xx.2016-cı il tarixdə 19530,07 manat təbii qazdan istifadəyə görə borc yaranmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-2(82)1698/2015 saylı qətnaməsi əsasında 20006,56 manat təbii qazdan istifadəyə görə hesablanmış borc sözügedən qətnamənin icrası mərhələsində iddiaçının şəxsi hesabından xx.xx.2017-ci il tarixdə silinmişdir. Lakin xx.xx.2018-ci il tarixdə 19530,68 manat borc yenidən sonuncunun şəxsi hesab vərəqəsinə daxil edilərək, “Qaz təhcizatının dayandırılması haqqında” 433 saylı xx.xx.2018-ci il tarixli bildiriş əsasında 21628,68 manat borcun ödənilməsi iddiaçıdan tələb edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan borcun göstərildiyi xx.xx.2018-ci il tarixdən həmin borcun tələb edildiyi xx.xx.2018-ci il tarixə qədər olan müddət ərzində cavabdehin abonent saldosunun “qazın sərfi” qrafasındakı təbii qazın sərfiyyatı göstəricisi ilə “ayın əvvəlinə borc” qrafasında istifadə edilmiş qazın göstərilmiş dəyəri qeyri mütənasibdir. Belə ki, iddiaçının xx.xx.2017-ci il tarixə istifadə etdiyi 9027 kub.m təbii qaza görə 3439,71 manat borcu olduğu halda, xx.xx.2018-ci il tarixdə 8686 kub.m qaza görə borcu 19530.68 manat təşkil etmişdir. Həmin borcun təkrar iddiaçının şəxsi hesab vərəqəsinə daxil edilməsinin əsaslılığına dair hər hansı sübut cavabeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İlk növbədə qeyd edilməlidir ki, Cavabdeh İB ilə “Binəqədi rayon İcra Hakimiyyəti arasında xx.xx.2013-cü ildə qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı müqavilə bağlanılmışdır. Hazırki mübahisə üzrə iddiaçı təbii qazdan istifadəyə görə tələb edilən borcu inkar etdiyindən, Cavabdeh İB isə bocun mövcud olduğunu bildirdiyindən, Azərbaycan Respublikası Mülki prosessual məcəlləsinin (bundan sonra - MPM) 77.1-ci maddəsinin tələbləri baxımından təbii qazdan istifadəyə görə borcun olmasını sübut etmək yükü Cavabdehin üzərinə düşür. Cavabdeh İB-yi Binəqədi Rayon İcra Hakimiyyətinin 19530,68 manat borcunun yaranma mənbəyi kimi özünün birtərəfli qaydada tərtib etdiyi “Abonent saldosu”na əsaslanır. Halbuki, Cavabdeh İB müqavilə əsasında Binəqədi Rayon İcra Hakimiyyətini təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. Məhkəməyə təqdim edilən “Abonentin saldosu”, Cavabdeh İB-in müvafiq məlumat-baza sistemindən çıxarış olmaqla Cavabdeh İB-in daxil etdiyi informasiya əsasında formalaşmış və onun tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Bu mənada Cavabdeh İB-in birtərəfli qaydada tərtib etdiyi sözügedən sənədin iddiaçı üçün hər hansı öhdəlik yaratması mümkün deyildir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında “Abonent saldosu”na 19530,68 manat borcun hansə əsasla daxil edilməsi barədə sübutu məhkəməyə təqdim etməmişdir. MPM-in 78.1-ci maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası tərəfindən Cavabdehin nümayəndəsinə hesablanmış borc üzrə sayğacıın göstəricilərinə əsasən hesabın Məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Lakin Cavabdeh İB-nin nümayəndəsi tərəfindən tələb edilən borc üzrə hesablar məhkəməyə təqdim edilməmişdir. Belə ki, Cavabdeh İB yalnız tərəflər arasında bağlanmış müqavilə üzrə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylacı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq, İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablama və hər ay istehlakçıya hesab təqdim etmək Cavabdeh İB vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 1.1-ci bəndinə görə bu Qaydalar «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Həmin Qaydaların 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. xx.xx.2013-cü il tarixli müqavilənin 2.1.6-ci bəndinə əsasən istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq Cavabdeh İB-nin vəzifəsidir. -2.1.9-cu bəndi: istehlakçıya verilən qazın dəyərinin yalnız sayğacıın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək Cavabdeh İB-nin vəzifəsidir. -2.1.10-cu bəndi: istehlakçının tələbi ilə ona istifadə edilmiş qazın həcmi və dəyəri barədə yazılı məlumat vermək Cavabdeh İB-nin vəzifəsidir. Öhdəliyin əmələ gəlmə əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Cavabdehin, tərəflər arasında yaranmış bu işgüzar əlaqələrdən kənara çıxaraq göstərilən borcun ödənilməsini tələb etməsi yuxarıda göstərilən səbəblərdən başqa həm də MM-in 425.1-ci maddəsində nəzərdə tutulmuş vicdanlılıq prinsipi ilə də ziddiyyət təşkil etdiyi üçün əsassızdır. Çünki MM-in 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bundan əlavə, Cavabdeh İB tərəfindən təqdim edilən məktubda qeyd edilir ki,Binəqədi Rayon İcra Hakimiyyətininin xx.xx.2009-cu il tarixdən təbii qazdan istifadəyə görə borc 4664,27 manat olmuş, 2009-cu il üzrə 1041,30 manat, 2010-cu il üzrə 3726,70 manat borcdan 1500,00 manat ödənilmiş, 2226,70 manat təbii qazdan istifadəyə görə borc qalmış, 2011-ci il üzrə 3736,60 manat, 2012-ci il üzrə 3021,10 manat, 2014-cu il tarixə 4838,30 manat, ümumilikdə 19528,27 manat borcun mövcud olduğu bildirilmişdir. Borcun yaranma mənbəyi kimi özünün birtərəfli qaydada tərtib etdiyi “Abonent saldosu”na əsaslanır. Halbuki, cavabdeh məktubda göstərir ki, Cavabdeh İB müqavilə əsasında Binəqədi Rayon İcra Hakimiyyətinini təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-730/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392,402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-730/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar