Məhkəmə qərarları › İş №2-2(103)-550/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-550/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-550/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı X2 vəkili və nümayəndəsi Vəkil iştrakı ilə cavabdeh “Cavabdeh“ ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(82)-1892/2020 nömrəli iş üzrə 13 oktyabr 2020-cu il tarixli qətnaməsindən tərəflərin apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona məxsus qeyri-yaşayış sahəsinə dair əsassız hesablanmış 4.104 manat məbləğdə borcun abunə hesabından silinməsi və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Cavabdeh ASC ilə 05.01.2018-ci il tarixdə 102297 saylı müqavilə bağlayaraq abunəçi qismində sudan istifadəyə başlamış, heç bir zaman müqavilə şərtlərini pozmamış və məsuliyyətə cəlb edilməmişdir. 2019-cu ilin mart ayında Cavabdeh ASC-nin nümayəndələri obyektə yoxlama aparmaq məqsədilə gəlmiş, yoxlama aparmış, ona əsassız olaraq 4.104 manat məbləğdə əlavə sərfiyyat hesablanmışdır. Baxış keçirilərkən onun iştirakı təmin olunmamış və həmin inventar aktını imzalamamışdır. Bir müddət sonra 4.104 manat borc hesablandığı bildirilmiş və ödənilməsi tələb edilmişdir. Uzun sürən çəkişmədən sonra ona 64028/0043764 saylı rəy təqdim edilmişdir. Cavabdeh ASC tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçının obyektində keçirdiyi baxış Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirilmişdir. Belə ola halda həmin yoxlamanın və onun nəticəsinin hüquqi qüvvəsi ola bilməz, bu səbəbdən onun nəticəsi ləğv edilməlidir. Bakı Kommersiya Məhkəməsinin 13.10.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıya məxsus (müqavilə nömrə 19451479 kod: 102297) qeyri-yaşayış sahəsinə dair hesablanmış 3.758,34 manat məbləğdə borcun abunə hesabından silinməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 9 manat məbləğdə pul vəsaitinin Cavabdeh ASC-dən tutulması qət edilmişdir. Qətnamənin əsaslarına görə, istehlakçı X1 təchizatını təmin edən Cavabdeh ASC tərəfindən aparılan yoxlama zamanı sayğaca qanunsuz müdaxilə müəyyən edilmiş, tərtib edilmiş inventar aktı üzrə 12 ay üzrə hesabat aparılaraq 4.104 manat borc iddiaçıdan tələb edilmişdir. İddiaçıdan tələb edilən borc 11 ay üzrə hesablanmaqla silinməlidir. İddiaçı X4 istehlakçı kimi (müqavilə nömrə 19451479 kod: 102297) Cavabdeh ASC tərəfindən hesablanmış 4.104 manat borcun 3.758,34 manat məbləğində borc silinməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçının barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən inventar aktından müəyyən olunur ki, cavabdeh iddiaçının barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Qətnaməylə razılaşmayan tərəflər ondan apellyasiya şikayətləri verərək, iddiaçı təmin olunmayan hissədə ləğv edilib, iddianın tam təmin olunmasını, cavabdeh təmin edilmiş hissədə ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə görə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndi nəzərdə tutur ki, sahibkalıq subyektində yoxlama, baxış və s. yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Əks halda belə yoxlamanın, baxışın hüquqi nəticəsi yoxdur. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə, əməkdaşları tərəfindən 28 mart 2019-cu il tarixdə obyektdə olan zaman bir ədəd sss-20 markalı mexaniki su sayğacı çıxarılaraq yerinə smart css-20 su sayğacı quraşdırılmışdır. Suölçən cihaza müdaxilə olubolmamasının müəyyən edilməsi üçün sayğac X9 İdarəsinin Suölçən Cihazların Kalibrləmə Laboratoriyasına təqdim edilmişdir. Müayinə nəticəsində sayğaca müdaxilə edildiyi və təmirə yararsız olması barədə 01 may 2019-cu il tarixli 64028/0043764 saylı rəy tərtib edilmişdir. Həmin rəy əsasında AR Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4 nömrəli əlavəsinə uyğun olaraq dəymiş ziyan hesablanmışdır. Tərəf bu məbləği ödəməkdən imtina etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi cavabdehin apellyasiya şikayətini qəbul etməyib, öz apellyasiya şikayətinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarına əsasən, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Bu kontekstdə birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, iddianın qismən təmin olunaraq 3.758,34 manat məbləğdə borcun abunə hesabından silinməsi həmin məhkəmə aktında əsaslandırılmamışdır, başqa sözlə, məhkəmənin niyə bu nəticəyə gəlməsi qətnamədən aydın olmur. MPM-in: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin olunan və rədd edilən hissələrdə əsaslandırılmadığından, ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddiaya mahiyyəti üzrə hüquqi qiymət verildikdə isə müəyyən olunur ki, həm iddia, həm də iddiaçının apellyasiya şikayəti əsaslıdır. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə görə, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır; 13.1-ci maddəsinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır; 13.2-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; 13.3-cü maddəsinə görə, yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar; 13.4-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi barədə» 28.08.2013-cü il tarixli 955 nömrəli Fərmanının 4.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 13.1-ci, 13.3-cü, 13.4-cü maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11-ci, 33.6-cı, 34.1-ci və 34.5-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, su təhcizatı sahəsində təbii inhisarçı mövqeyə malik hüquqi şəxs olan cavabdeh mübahisəli yoxlama barədə məlumatları AR Ədliyyə Nazirliyinə verməmiş, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılan və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun 2.1-ci maddəsi anlamında bu yoxlama tədbirini əvvəlcədən yoxlamaların vahid məlumat reyestrində qeydə aldırmamışdır. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən isə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin tətbiq edilməli olan qanunu tətbiq etmədən və gəldiyi nəticəni əsaslandırmadan qəbul etdiyi düzgün olmayan qətnaməsi maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuz olmuşdur (MPM-in 386 və 387.1-ci maddələri). Bununla bağlı olaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli (MPM-in 385.1.1-ci maddəsi), iş üzrə yeni qətnamə qəbul edilməli və iddia əsaslı olduğu üçün təmin edilməli (MPM-in 384.0.2-ci maddəsi), iddiaçının apellyasiya şikayəti təmin edilməli, cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvi hissədə qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1892/2020 nömrəli iş üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən iddiaçı X5 məxsus ünvan 2 ünvanda yerləşən qeyriyaşayış sahəsinə dair hesablanmış 4.104 (dörd min yüz dörd) manat məbləğdə borc abunə hesabından silinsin. İddiaçı X2 apellyasiya şikayəti təmin edilsin. Cavabdeh ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar