Məhkəmə qərarları › İş №2-2(103)-553/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-553/2023

23.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-553/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-555/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçınə aid olan və ünvan 1 ünvanında yerləşən və iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan 30,5 kv.metrlik qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq sökülməsi nəticəsində dəymiş olan 122000 (bir yüz iyirmi iki min) manat həddində maddi zərər, 50000 (əlli min) manat həddində mənəvi zərər və 400 (dörd yüz) manat mediasiya xərcləri, dövlət rüsumu üçün ödənilmiş 62 (altmış iki) manat olmaqla, ümumlikdə 172460 (bir yüz yetmiş iki min dörd yüz altmış) manat pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-555/2023 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci iddia tələbində iddia tələblərindən biri cavabdeh DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən cavabdehlər X3 və X4 adına verilən RX seriyalı ******* saylı 07 dekabr 2012-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsidir ki, hazırki iddia tələbində belə bir tələb mövcud deyildir. Birinci iddia tələbində dəymiş olan maddi zərər qismində 122.000 manat maddi ziyanın cavabdehlər X1, X2 və Cavabdeh MMC-dən müştərək qaydada tutulması tələbi vardır, hazırki iddia tələbində isə dəymiş olan zərərin sadəcə Cavabdeh MMC-dən tutulması istənilməkdədir. Sadəcə hər iki iddia tələbində məbləğin 122.000 manat olaraq eynilik təşkil etməsinin səbəbi ondan ibarətdir ki, daha əvvəlcədən İddiaçı tərəfindən verilən sifariş əsasında əmlakın ümumi bazar qiymətinə görə aparılan qiymətləndirmə rəyi əsasında müəyyən edilən məbləğ əsasında iddia tələbinin irəli sürülməsi olmuşdur. Yəni hazırki iddia üzrə yenidən qiymətləndirmə rəyi alınmamış, əvvəlki rəy əsasında müəyyən edilmiş məbləğə uyğun olaraq iddia tələbi irəli sürülmüşdür. Birinci iddia tələbində cavabdehlər X1, X2 və Cavabdeh MMC-dən müştərək qaydada zərərin əvəzini naturada ödəməklə eyni növlü əmlakın verilməsi barədə öhdəliyin qoyulması istənildiyi halda hazırki iddia tələbində belə bir tələb irəli sürülməmişdir. Birinci iddia tələbində cavabdehlər X1, X2 və "xxxx" MMC-dən müştərək qaydada maddi zərərlə yanaşı əldən çıxmış fayda ilə bağlı tələb irəli sürüldüyü halda, hazırki iddia tələbində belə bir tələb irəli sürülməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı hazırki işin hallarına istinad edərək, cavabdehlər "xxxx" MMC, X6, X7 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən cavabdehlər X6 və X4 adına verilən RX seriyalı ******* saylı 07 dekabr 2012-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdehlər X6, X7 və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı kiçik müəssisənin mülkiyyətində olan əmlakına mülkiyyət hüququndan məhrum edilməklə iddiaçıya məxsus 30.5 kv.m-lik qeyri-yaşayış sahəsinin qanunsuz olaraq sökülməsi nəticəsində iddiaçıya dəymiş olan maddi zərər qismində hər bir kvadrat metri üçün 4000 manat olmaqla, ümumilikdə 122000 manat pulun tutulması və ya zərərin əvəzini naturada ödəməklə eyni növlü əmlakın verilməsi barədə öhdəliyin qoyulması, öz obyektindən istifadəyə maneçilik törətmək nəticəsində əldən çıxmış fayda kimi 74000 manat məbləğində maddi zərərin, 100000 manat mənəvi zərərin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və və həmin Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(007)-161/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-1071/2020 saylı qətnaməsi ilə şikayəti təmin edilməmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-161/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)- 4901/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-1071/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırki işdə də iddiaçı ona aid olan ünvan 1 ünvanında yerləşən və iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan 30,5 kv.metrlik qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq sökülməsi nəticəsində dəymiş olan 122000 manat həddində maddi zərər, 50000 manat həddində mənəvi zərərin cavabdehdən tutulmasını tələb edir. Göründüyü kimi eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmə mübahisəsi olmuş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(007)-161/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsində isə təsbit olunmuşdur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Ona görə də kollegiya hesab edir ki, iş üzrə icraata xitam verilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri isə əsassızdır. Belə ki, tərəflər arasında baş tutun digər iş üzrə pulun cavabdeh "xxxx" MMC ilə yanaşı digər cavabdehlərdən də tutulmasının tələb edilməsi və həmin iddiada hazırki iddia tələbindən əlavə başqa tələblərin də olması eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmə mübahisəsini olmasını aradan qaldırmır. Çünki hazırda irəli sürülən tələblər həmin iddiada irəli sürülən tələblərlə tam əhatə olunur. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-555/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar