Məhkəmə qərarları › İş №2-2(103)-557/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-557/2022

18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-557/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin 26.04.2022-ci il tarixli e-2-2(113)-143/2022 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayəti nəzərdən keçirib, müəyyən e t d i: İddiaçı MMC Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya 2020-ci ilin dekabr ayı üçün qaz sərfiyyatı üzrə əsassız hesablanmış 47.475 manatın etibarsız hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 03.02.2022-ci il tarixli e-2-2(113)-143/2022 saylı qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, lakin Bakı Kommersiya Məhkəməsinin 28.03.2022-ci il tarixli e-2-2(113)-143/2022 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin 12.04.2022-ci il tarixli e-2-2(113)-143/2022 saylı qərardadı ilə şikayət geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan da şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin 26.04.2022-ci il tarixli e-2-2(113)-143/2022 saylı qərardadı ilə şikayət geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan da şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 10.05.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilən şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Mülki Prosessual Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində müəyyən edilmişdir ki, apellyasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayətinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayəti verən şəxsin tələbi hissəsində isə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Lakin iddiaçı prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, şikayəti həmin formaya uyğun tərtib etməmişdir. Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.1-1-ci maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bundan əlavə Mülki Prosessual Məcəllənin 361.2-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir. İş materiallarından isə müəyyən olunur ki, şikayəti iddiaçının nümayəndəsi Vəkil imzalamışdır. Lakin iş materiallarında İddiaçı MMC tərəfindən Vəkil adına verilmiş 12 aprel 2021-ci il tarixli etibarnamə mövcuddur ki, həmin etibarnamənin müddəti 12 aprel 2022-ci il tarixdə bitmişdir. Hazırki şikayət isə 05.05.2022-ci il tarixdə elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Lakin şikayətə iddiaçının adından nümayəndənin adına verilmiş yeni etibarnamə əlavə edilməmişdir. Belə olun halda isə şikayət onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmış hesab olunmalıdır. Qeyd olunanları və Mülki Prosessual Məcəllənin 363.1, 363.1.1, 366.1 və 366.2-ci maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Bakı Kommersiya Məhkəməsinin 26.04.2022-ci il tarixli e-2-2(113)-143/2022 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar