Məhkəmə qərarları › İş №2-2(103)-560/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-560/2020

12.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-560/2020 12.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndələri Nümayəndə1 və Qanuni nümayəndə, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı MMMC-nin Cavabdeh MMC-yə qarşı domofon sisteminin servis kodlarının və texniki pasportunun təqdim edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-638/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iş materiallarını Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında nəzərdən keçirib) müəyyən e t d i: İddiaçı MMMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Heydər Əliyev prospekti, 83/85 ünvanında yerləşən çoxmənzilli binanın 6 giriş blok qapısına sataraq quraşdırdıqları domofon sistemlərinin proqram rejiminə daxil olmaq üçün tələb olunan servis kodlarını, domofon sisteminin funksiyalarını, quraşdırma qaydalarını və sair texniki məsələləri özündə əks etdirən domofon sistemlərinin texniki pasportunu məhkəmə aktı qanuni qüvvəyə mindiyi andan 10 gün ərzində iddiaçıya təhvil verməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə 2018-ci ilin əvvəllərində giriş nəzarət sistemi alınaraq quraşdırılması məqsədi ilə binanın 6 blokunun bütün sakinlərinin hər biri tərəfindən cavabdehə 50 manat pul ödənilmiş, sonuncu binanın 6 blokunun giriş qapılarına domofon sistemləri quraşdırmışdır. Həmin domofon sistemlərinə hər sakin üçün ayrıca abunə dəsti (trubka) də daxildir. Trubka vasitəsilə sakinlər, yanlarına gələn blokun giriş qapısının qarşısındakı insanlarla danışaraq, mənzildən həmin trubka vasitəsilə blokun qapısını aça bilirdilər. Cavabdeh 3 aydan sonra domofonun servis kodları vasitəsilə domofon sisteminin proqramlaşdırma rejiminə daxil olaraq, bir çox sakinlərin trubkalarını domofondan ayırmışdır. “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 94 saylı, x xxxxx 2014-cü il tarixli Qərarının 5.74-cü bəndində qeyd edilmişdir ki, əgər mal üçün zəmanət və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, istehlakçı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın istehlakçıya verildiyi gündən 2 il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Həmçinin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 16-cı maddəsinin tələblərinə görə, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. Cavabdehin binanın idarəedici orqanlarının əvəzinə, buna heç bir səlahiyyəti olmayan müxtəlif fiziki şəxslərlə domofon sisteminin quraşdırılması və istismarı ilə bağlı müqavilələr bağlaması qanunazidd olmuşdur. Ona görə ki, domofon sistemi binanın bütün sahə mülkiyyətçilərinin ümumi paylı əmlakıdır. Liftlərin istismarı-təmiri və həmçinin buna istifadə olunan elektrik enerjisi ilə bağlı bütün xərcləri cavabdeh yox, MMMC çəkir. Cavabdeh tərəfindən sakinlərin trubkalarının ayrılması, MMMC-ni əlavə pul xərcləri etməyə vadar edir. Binanın sahə mülkiyyətçilərinin şəxsi pul vəsaitləri hesabına alınaraq quraşdırılan domofon sisteminin trubkalarını sistemdən ayrılması ilə bağlı, MMMC üzvlərində böyük narazılıqlar yaranmışdır. Domofon sistemləri binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətində olduğu halda, cavabdeh sistemə texniki xidmət sahəsində özünə məcburi inhisar (monopoliya) yaratmaq məqsədi ilə, servis kodlarını və texniki pasportu MMMC-yə təhvil verməkdən qərəzli olaraq yayınır. Bu isə bina sakinlərinin mənzillərinə olan mülkiyyət hüquqlarından maneəsiz istifadəsinə əngəllər yaratmaqla bərabər, MMMC-ni lüzumsuz əlavə pul xərcləri etməyə məcbur edir. Binanın idarəedici orqanı MMMC olduğu halda, MMMC-nin icazəsi olmadan domofon sisteminə cavabdehin servis kodları vasitəsilə müdaxilə etməsi, həmçinin icazə olmadan cavabdehin işçilərinin bloklara daxil olması və sairə yolverilməzdir. Cavabdehin servis kodlarını təhvil verməkdən imtinası, MMMC-nin domofon sisteminə mülkiyyət, həmçinin bu sistemi istədiyi kimi idarə etmək hüquqlarını pozur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-638/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İdiaci həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, hüququn tətbiq edilməsində səhv buraxmış və tətbiq edilməli olan qanunu tətbiq etməyərək, nəticədə MMMC-nin hazırda qüvvədə olan qanunvericiliklə qorunan hüquqlarını pozmuşdur. Belə ki, .öz qətnaməsini, MMMC-nin idarə etdiyi Bakı şəhəri, Heydər Əliyev pr. 83/85 ünvanlı binada mövcud olan domofon sistemlərinə, MMMC-nin mülkiyyət hüquqlarının olmamasıyla əsaslandırmışdır. İddiamızın rədd edilməsi, Bina sakinlərin təhlükəsizliyi üçün müstəsna əhəmiyyət kəsb edən təhlükəsizlik sistemlərinin MMMC tərəfindən idarə olunmasını mümkünsüz edərək, sakinlərin könüllü birliyinin iradəsinin ziddinə olaraq həmin sistemlərin kənar şəxslər tərəfindən idarə olunmasının davam etməsinə rəvac vermişdir. Sakinlərin 50 AZN ödəməklə cavabdehdən yalnız Trubka aldıqları barədə Məhkəmənin mövqeyiylə razılaşsaq, bu halda qəbul etməliyik ki, Cavabdeh Domofon siteminin mülkiyyətində olan digər hissələrini ((klaviatura, elektro-mexaniki zamokkilidlər, kontrol bloklar (sistemin “beyni”), naqillər və sairəni)) bina sakinlərinə daimi istifadəyə əvəzsiz (ödənişsiz) vermişdir. Cavabdehin öz mülkiyyətində olan avadanlıqı (98 % - ni təşkil edən hissələrini) bina sakinlərinə guya ki ödənişsiz daimi istifadəyə verməsi, aqlabatan deyil. Həmçinin Bakı şəhərində çoxmənzilli binalarda audio domofon sistemlərinin alınaraq quraşdırılması xərclərinin, hər sakin üçün 40-60 AZN civarında başa gəldiyi hamıya məlumdur. Yuxarıda bildirdiyim dəlillər onu deməyə əsas verir ki, bina sakinləri cavabdehə 50 manat pul ödəməklə yalnız Trubkanı yox, bütünlüklə domofon sistemini ((klaviatura, Trubkalar, elektro-maqnit zamok-kilidlər, kontrol bloklar (sistemin “beyni”), naqillər və sairəni)) əldə etmişlər və hal-hazırda domofon sistemi tam olaraq Bina sakinlərinə məxsusdur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Binanın sahə mülküyyətçilərinin Cavabdehə 50 manatdan ödədiyi pulların müqabilində, 6 bloka domofon sistemləri alaraq quraşdırmışdır. Hal-hazırda həmin bu sistemlərin servis kodları və texniki pasportları cavabdehdədir. Həmin domofon sistemləri mənzillərin hissəsi olmayaraq, Binada birdən artıq sahəyə xidmət edən elektro-mexaniki avadanlıqdır. Bu səbəbdən də, domofon sistemləri çoxmənzilli binanın ümumi əmlakı olaraq ümumi paylı mülkiyyət hüququ ilə binanın bütün sahə mülkiyyətçilərinə məxsusdur (Mən.Məc. 35.1.). İşin materiallarında olan, Binanın sahə mülkiyyətçilərinin ümumi yıqıncaqının protokolundan göründüyü kimi, Binanın sahə mülkiyyətçiləri özlərinə aid səlahiyyətləri MMMC-yə vermişdir (Mən. Məc. 44.6.). Bu səbəbdən də, domofon sistemlərinə münasibətdə Binanın sahə mülkiyyətçilərinin sahiblik hüquqları (Mən. Məc. 35.2.) MMMC-yə keçmişdir. Binada yaşayan bəzi fiziki şəxslərlə cavabdeh arasında hansısa müqavilələrin olması, heç bir halda MMMC-nin Binanın mövcud əmlakı olan Domofon sistemlərinə (ümumi istifadədə olan elektro-mexaniki qurqulara) münasibətdə sahiblik hüquqlarını inkar edə bilməz. O səbəbdən ki, MMMC-nin domofon sistemlərinə sahiblik (mülkiyyət) hüquqları hər-hansı bir müqavilədən irəli gəlməyərək, Mənzil Məcəlləsinin imperativ normasından irəli gəlir (Mən. Məc. 35.1.). işin faktiki hallarına qeyd etdiyim hüquq normaları tətbiq edilərək, Binada mövcud olan domofon sistemlərinə MMMC-nin sahiblik hüquqları tam şəkildə təmin olunmalıdır. Cavabdehin domofon sisteminin servis kodlarını və sistemin texniki pasportunu MMMC-yə verməməkdə yeganə məqsədi, həmin sistemlərə texniki xidmət sahəsində öz qeyri-qanuni inhisarını (monopoliyasını) saxlamaqdan ibarətdir. Bu binanın sahə mülkiyyətçilərinin maraqlarına uyqun olmayan haldır. Cavabdeh binanın sahə mülkiyyətçisi deyil və onun kənar şəxs olaraq MMMC-yə heç bir aidiyyatı yoxdur. Bu səbəbdən də Binanın idarəedici qurumunun icazəsi olmadan, sakinlərin təhlükəsizliyi üçün müstəsna əhəmiyyət kəsb edən təhlükəsizlik sistemini Cavabdehin faktiki olaraq idarə etməsi, absurd olaraq yol verilməzdir. Təhlükəsizlik sistemi yalnız sakinlərin könüllü birliyinin özü tərəfindən və MMMC ilə bu barədə müqavilə baqlamış kənar şəxslər tərəfindən idarə edilə bilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 dəlillərinə uyğun izahat verərək, cavabdeh tərəfindən yaramaz xidmət göstərildiyini digər nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə yaşayış binasının hardasa 6 ildən cə çox bundan əvvəl tikildiyini və istifadəyə verilərkənə domofon sistemi mövcud olmadığını, həmin sistemin sonradan cavabdelə sakinlər arasında bağlanmış müqavilə əsasında cavabdeh tərəfindən quraşdırıldığını, lakin sonuncu tərəfindən normal xidmət göstərilmədiyini, əksər hallarda sistemin işləmədiyini, sakinlərə narahatlıq gətirdiyini bildirərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil iddiaçının şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmamış, iddiaçının cavabdehlə müqavilə münasibətlərində olmadığını qeyd edərək dolayısı ilə hazırkı iddianı qaldırmaqda subyektiv hüququ olmadığını vurğulamaqla, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədn xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı MMMC-nin iddia tələbindən göründüyü kimi, mübahisəli ünvanda yerləşən çoxmənzilli binanın 6 giriş blok qapısına sataraq quraşdırdıqları domofon sistemlərinin proqram rejiminə daxil olmaq üçün tələb olunan servis kodlarını, domofon sisteminin funksiyalarını, quraşdırma qaydalarını və sair texniki məsələləri özündə əks etdirən domofon sistemlərinin texniki pasportunun cavabdehdən alınıb ona verilməsini tələb edir. İş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı MMMC - ünvan 3 ünvanında yerləşən yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini həyata keçirmək məqsədilə yaradılmış bir cəmiyət kimi, xx xxxxxx 2019-cu il tarixində dövlət qeydiyyatına alınmış və bu barədə ona “Qeyri-kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. Eyni zamanda, iş maeteriallarından görünür ki, xx xxxxx 2018-ci il tarixində mübahisləi ünvanında yaşayan sakinlərin hesabı və adından 26.04.18/2 saylı tapşırıq müqaviləsi əsasında çıxış edən X1 (sifarişçi) ilə hazırkı Cavabdeh MMC (şirkət) arasında 26.04.18/2 saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, şirkət binada çağırış blokunun quraşdırılması üçün domofon audio-sistemini və giriş kontrolu sisteminə daxil olan avadanlığı və məxaric materialları sifarişçiyə çatdırmağı, sifarişçi isə həmin avadanlığı və məxaric materiallarının dəyəri ödəməyi öhdəsinə götürür və blok dəstini müqavilənin qüvvədə olduğu müddətdə istifadəyə qəbul edir, xidmət müqaviləsinə xitam verildiyi təqdirdə şirkətə təhvil verməyi öhdəsinə götürür. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı müştərək cəmiyyət hələ yaradılmamışdan əvvəl, cavabdeh mübahisəli binada yaşayan sakinlərlə aralarında xidmət müqaviləsi bağlamış və onlara domafon xidmətləri göstərmişdir. Beləliklə də konkret halda müəyyən olunur ki, iddiaçı MMMC həmin xidmət müqaviləsinin müqavilənin tərəfi deyildir. Belə olan halda, Mülki Məcəllənin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirk etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Sakinlərlə cavabdeh arasında bağlanmış xidmət müqaviləsində üçüncü şəxslər üçün öhdəlik yaradan şərtin mövcud olmadığı nəzərə alındıqda, həmin müqavilə yalnız bina sakinləriilə cavabdeh arasında öhdəlik yaradır və bu öhdəlikdən irəli gələn münasibətləri tənzimləyir. Hazırda həmin xidmət müqaviləsi ləğv olunduğu müəyyən olunmur və qüvvədə olduğu işin mübahisələndirilməyən halıdır. Belə olan halda iddiaçı MMMC-nin cavabdehdən həmin xidmət müqaviləsinin predmetini təşkil edən domafon sisteminə aid avadanlıq və texniki pasportun ona verilməsini tələb etməkdə subyektiv hüququ yoxdur. İddiaçının iddia ərizəsi və apellyasiya şikayətindən göründüyü kimi, domofon sistminə aid avadanlıq və texniki pasportun ona verilməsi tələbinin əsası kimi mübahisələndirir ki, Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə isitinadən mübahisələndririr ki, cavabdeh tərəfindən binada quraşdırılan domofon sistemləri çoxmənzilli binanın ümumi əmlakı olaraq ümumi paylı mülkiyyət hüququ ilə binanın bütün sahə mülkiyyətçilərinə məxsusdur. İddiaçının qeyd olunan mövqeyi də tamamilə yanlış və əsassızdır. Ən azından ona görə ki, yaşayış binası tikilib mənzil mülkiyyətçilərinə təhvil verilərkən binada domofon sistemi mövcud olmamış, mübahisəli sistem bir neçə il sonra, cavabdehin mənzil mülkiyyətçiləri ilə bağladığı xidmət müqaviləsi əsasında quraşdırılmış və bu hal iddiaçı tərəfin hazırkı məhkəmə iclasında iştirak edən nümayəndələrinin izahatı ilə də təsdiq olunur. Digər tərəfdən, həmin xidmət müqaviləsinin 5.5-ci bəndi nəzərədə tutur ki, sifarişçiyə verilmiş abunə dəstini, yəni domofon audio sistemini və giriş kontrolu sisteminə daxil olan avadanlığı və məxaric materiallarına mülkiyyət hüququ, malın dəyərinin tam ödənilməsinədək şirkətdə qalır. Sifarişçinin qeyd edilən avadanlığa mülkiyyət hüququ olmasından asılı olmayaraq,bütövlükdə avadanlığın istismarı və şirkətin göstərdiyi xidmətlə bağlı xərclər sifarişçiyə aid olur. Çağırış blokunun quraşdırılması üçün blok dəstinə mülkiyyət hüququ şirkətdə qalır və bu müqaviləyə xitam verildiyi andan şirkətin çağırış blokunun quraşdırılması üçün blok dəstini sökərək geri götürməsi hüququ vardır. Müqavilənin qeyd olunan şərtindən göründüyü kimi, çağırış blokunun quraşdırılması üçün blok dəstinə mülkiyyət hüququ mənzil mülkiyyətçilərinə deyil, məhz cavabdehə məxsudur. Belə olan halda, iddiaçı həmin domofon sisteminin və texniki pasportunun cavabdehdən alınıb ona verilməsini tələb etməkdə haqlı hesab oluna bilməz, birincinin mülkiyyət hüquqlarını pozmuş olur. Mülki Məcəllənin 157.2-ci maddəsindən isə örünür ki mülkiyyətçi olan şəxs özgəsinin qanunsuz sahbliyindən öz əmlaknı tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsi isə nəzərədə tutur ki, nə əsasən sahibin icazəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. İddiaçı isə konkret halda hazırkı iddia tələbində əsassız olaraq mülkiyyətində olmayan, özgə əmlakının onun sahibliyinə verilməsini tələb edir. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi işə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, hüququn tətbiq edilməsində səhv buraxdığını və tətbiq edilməli olan qanunu tətbiq etməyərək, nəticədə onun qüvvədə olan qanunvericiliklə qorunan hüquqlarını pozduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-638/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaci İddiaçı MMMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-638/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən, rəsmi qaydada verildiyi gündən iki ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar