Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-563/2022 15.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin borcun silinməsi və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-219/2022 nömrəli iş üzrə 07 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə quraşdırılmış 21100361 nömrəli sayğaca dair hesablanmış 279.225,54 manat su sərfiyyatının dəyərinin tam həcmdə silinməsi, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə quraşdırılmış 21100361 nömrəli sayğacın qanunsuz hesab edilməklə sökülməsi, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli 001/1/1126-tş nömrəli təsdiq edilmiş “İstehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün” texniki şərtlərin layihəsinə əsasən istehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulmasını təmin edilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması və “Yeni Bakı” yaşayış kompeksində yerləşən mənzillərin abonentləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Qətnamənin təsvirindən, işin faktiki hallarının və qanunvericilik normalarının sadalanmasından ibarət olan, konkret faktiki dəlil ehtiva etməyən apellyasiya şikayətinin yeganə dəlilinə görə, hakim iş materiallarını diqqətlə oxumamış və bu cür səhv nəticəyə gəlmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayəti qəbul etməyib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət əsassızdır. İşdə olan, cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli İnventarizasiya aktına əsasən, iddiaçıya məxsus su xəttində su sayğacı aşkar olunmamış, tərəflərindən yeni GTB 100X mexaniki su sayğacı quraşdırılmış və plomblanmışdır. Abonentin Azər adlı nümayəndəsi aktı imzalamaqdan imtina etmişdir. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli 240648 nömrəli Quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair aktdan görünür ki, iddiaçıya məxsus su xəttində yeni CTB 100X markalı 21100361 nömrəli sayğac quraşdırılmışdır. Cavabdeh tərəfindən tərtib olunmuş mexaniki su sayğacının laborator yoxlamadan keçirilməsi barədə akta görə, 2018-ci il istehsalı STV/H ******* nömrəli sayğac dəyişdirilmiş, 2021-ci il istehsalı olan yeni STV 100 21100361 nömrəli yeni sayğac xx.xx.2021-ci il tarixdə plomblanaraq istismara qəbul edilmişdir. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli 130808 nömrəli akta əsasən, iddiaçının su xətti üzərində quraşdırılmış sayğacların göstəricisi STV-100 130808 əhaliyə verilən 132066 nömrəli sayğacda cari göstərici 86.116 kubmetr, əvvəlki göstərici 49.788 kubmetr olmuşdur. 132066 kod üzrə 19434603 nömrəli abonent haqqında məlumatdan görünür ki, 2021ci il üzrə iddiaçının cavabdehə 41552,92 manat borcu mövcuddur. 130808 kod üzrə 19378567 nömrəli abonent haqqında məlumata əsasən, 2021ci il üzrə iddiaçının cavabdehə 315.022,60 manat borcu mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/5528 nömrəli ekspert rəyində göstərilmişdir ki, İddiaçı MMC-yə məxsus “Yeni Bakı” yaşayış kompleksinin mənzil mülkiyyətçiləri ilə fərdi müqavilələr bağlanmadan, qoşulma aktı tərtib edilmədən, həmin MMC ilə bağlanmış müqavilələrə “Su təchizatı və kanalizasiya müəssisəsi və istehlakçı arasında su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyəti sərhədini müəyyən edən akt” əlavə edilməklə balans mənsubiyyəti sərhədi müəyyən edilmədiyinə və quyunun içərisində CTB100X markalı 21100361 nömrəli su sayğacı quraşdırıldığına görə, həmin mübahisəli CTB100X markalı 21100361 saylı su sayğacı “Sudan istifadə qaydaları”nın 1.7, 1.8, 1.12, 6.1 bəndlərinin, 25 fevral 2021-ci il tarixli 001/1/126-tş nömrəli “İstehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün texniki şərtlər”in “CTB50X, ...CTB100X, ...CTB200UD turbinli isti və soyuq su sayğacların pasportunun “Montaj, quraşdırılması və işə hazırlığı” adlanan 6-cı bəndinin tələblərinə zidd (yəni düzgün olmayan qaydada) quraşdırılmışdır. Həmin rəyə əsasən, “Abonent haqqında məlumat” vərəqəsində xx.xx.2021-ci il tarixdən əvvəlki 12 ay ərzində sərf edilmiş suyun və çirkab suyuların axıdılma həcminin göstərilmədiyindən, mübahisəli CTB100X markalı 21100361 nömrəli su sayğacın meteroloji (texniki) göstəricilərə cavab verib-verilməməsinin yoxlanılmadığına, eləcə də, ekspert vəsatəti ilə xahiş edilmiş əlavə materiallar su təchizatı xəttinin giriş nöqtəsində borunun en kəsiyi, suyum axma sürəti və abonentin iş rejimi barədə məlumatlar tam şəkildə təqdim edilmədiyinə görə Abşeron rayonu Masazır kəndi “Yeni Bakı” yaşayış kompleksində iddiaçı tərəfindən sərf olunmuş suyun orta aylıq sərfinin, həmçinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hansı məbləğdə artıq su sərfiyyatının hesablanması mümkün deyil. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş Cavabdeh ASC-nin Nəzarətölçü cihazları idarəsinin Ölçü cihazlarının qəbulu və təmiri sahəsinin mühəndisi X2 izahatında bildirmişdir ki, iddiaçıya quraşdırılmış CTB100X markalı 21100361 nömrəli su sayğacı sökülərək çıxarılmış, əvvəlki sayğacın yerində texniki şərtlərə əsasən d=1400 mm-lik borudan ayrılan d=100 mm-lik borunun üzərində giriş nöqtəsində quraşdırılmışdır. Həmin sayğacın qorunması üçün iddiaçı tərəfindən mühafizə kamerası tikilmiş, girişi qıfıllanmışdır. Texniki şərtin tələblərinə əsasən iddiaçıya daha yaxın ərazidə və ya digər yerdə hazırkı halda sayğac quraşdırılması mümkün deyil. Cavabdeh iddiaya etiraz edərək bildirir ki, sayğac tərəflər arasında bağlanmış müqavilələrin və iddiaçıya verilmiş texniki şərtin tələblərinə uyğun quraşdırılmış, həmin sayğac yerli istehsal olmaqla Azərbaycan Respublikası Meterologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yoxlanılmış, onun möhürü ilə təsdiq edilmişdir. Həmin tipli və markalı sayğaclar Bakı şəhəri və digər ərazilərdə fəaliyyət göstərən 150-dən artıq hüquqi şəxslər üçün də quraşdırılmışdır. Həmin sayğac xx.xx.2021-ci il tarixdə quraşdırılmış, iddiaçının nümayəndələri orada iştirakdan imtina etmişdir, sayğacın quraşdırılması təxminən 3-4 saat çəkmişdir ki, həmin müddət ərzində onların məlumatının olmaması barədə arqument əsassızdır, bundan əlavə, sayğac texniki şərtlərə əsasən d=1400 mm-lik borudan ayrılan d=100 mm-lik borunun üzərində giriş nöqtəsində quraşdırılmış, iddiaçı tərəfindən sayğacın qorunması üçün mühafizə kamerası tikilmiş, girişi iddiaçı tərəfindən qıfıllanmışdır. Ekspert tərəfindən baxış keçirilən zaman da həmin kamera iddiaçının nümayəndəsi tərəfindən açarla açılmışdır. Bundan əlavə, ekspert rəyində qeyd edildiyi kimi, sayğac quyu tipli yerdə deyil, iddiaçının özü tərəfindən hazırlanmış mühafizə kamerasının içərisində quraşdırılmışdır. İddiaçı üçün əvvəlki sayğaclar da həmin yerdə quraşdırılmışdı. Bundan əlavə, hər ay orta hesabla iddiaçı tərəfindən istehlak edilmiş içməli su və axıdılan çirkab sularına görə 2.500-3.000 manat arası vəsait ödənilir. Lakin iddia ərizəsində də göstərildiyi kimi, 3.200 mənzilli yaşayış kompleksi üçün həmin məbləğdə suyun istehlak edildiyi ağlabatan deyil. “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun: Maddə 23. Su təchizatı sisteminə qoşulmaqdan irəli gələn vəzifələr və şərtlər
5. İstehlakçının su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması üçün texniki şərtlərin verilməsi, habelə su təsərrüfatı pasportunun nümunəsi, tərtibi və razılaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; Maddə 24. Su təchizatı sisteminə qoşulmağa qoyulan tələblər
5. Su təchizatı müəssisələrinin qoşulmağa, o cümlədən əvəzçilik qaydasında qoşulmağa çəkdiyi xərclər, belə qoşulma nəticəsində sudan istifadə edən bütün istehlakçılar tərəfindən ödənilir; Maddə 30. Verilən suyun həcminin hesablanması
1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; Maddə 31. Suölçən cihazların quraşdırılması və istismarı
1. Fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 1.4. Bu Qaydalara uyğun olaraq, hər bir istehlakçının su təchizatı və tullantı sularının axıdılması sistemlərindən (bundan sonra - STTSAS) istifadə etmək hüququ vardır; 1.5. İstehlakçıların STTSAS-a qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada tənzimlənir; 1.6. STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir; 4.1. İstehlakçıların vəzifələri aşağıdakılardır: 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək; 6.5. İstehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 275 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın: 3.1. Sifarişçinin STTSAS-a qoşulması onun texniki şərtləri, o cümlədən qoşulma ilə bağlı layihə işlərini yerinə yetirməsi şərtilə texniki şərtlərin verilməsi haqqında qərar qəbul olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində STKM tərəfindən aşağıdakı qaydada həyata keçirilir: 3.1.1. bu Qaydaların 2.6-cı bəndində göstərilən sifarişçiyə münasibətdə - sifarişçinin vəsaiti hesabına (Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunan qoşulma haqqı həmin müddətdə STKM-in bank hesabına ödənilir); 3.1.2. bu Qaydaların 2.7-ci bəndində nəzərdə tutulan sifarişçiyə münasibətdə - STKM-in vəsaiti hesabına; 3.2. Yaşayış binalarının STTSAS-a qoşulması üçün ümumi texniki şərtlərin verildiyi və qoşulma haqqının ödənildiyi nəzərə alınaraq, həmin binalarda yerləşən mənzillərin STTSAS-a qoşulması üçün ayrıca texniki şərtlərin alınması və qoşulma haqqının ödənilməsi tələb olunmur; 2.6. Tikintiyə icazə icraatı çərçivəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, tikinti obyekti üçün texniki şərtlər (tələbatından asılı olmayaraq) sifarişçinin tikintiyə icazə verən orqana (quruma) müraciətinə (ərizəsinə) əsasən tikintiyə icazə verən orqanın (qurumun) STKM-ə sorğusu əsasında verilir. Tikintiyə icazə verən orqan (qurum) sorğu ilə yanaşı sifarişçinin ərizəsinin surətini, habelə bu Qaydaların 2.9.2-ci bəndinə uyğun olaraq həmin ərizəyə əlavə edilmiş sənədlərin surətlərini də STKM-ə təqdim etməlidir; 2.7. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.2-ci və 80ci maddələrinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektləri, həmçinin tikintisinə icazə tələb olunmayan tikinti obyektləri üçün texniki şərtlər (tələb edilən gücdən asılı olmayaraq) həmin yaşayış evinin və ya tikinti obyektinin məxsus olduğu sifarişçinin STKM-ə bilavasitə müraciəti əsasında verilir.
MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmır. Belə ki, iddiaçının silinməsini tələb etdiyi borc məbləği xx.xx.2021-ci il tarixdə quraşdırılmış sayğacın göstəriciləri əsasında hesablanmış borcdur, tərəflər arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanmış 19378567/130808 və 19434603/132066 nömrəli müqavilələrin 2.1.3-cü bəndinə əsasən istehlakçıya verilən suyun həcmi suölçən cihazlar vasitəsi ilə müəyyən edilmişdir. İddiaçı həmin sayğacın standartdankənar olmasını bildirsə də, bununla bağlı hər hansı mötəbər sübuta və konkret fakta istinad etmir. Əksinə, cavabdeh tərəfindən Məhkəməyə təqdim edilmiş su sayğacının pasportundan görünür ki, quraşdırılmış sayğac “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi tərəfindən yoxlanılmış və yoxlayıcının imzası və möhürü ilə təsdiq edilmişdir. İş üzrə verilmiş xx.xx.2021-ci il tarixli 10/5528 nömrəli ekspert rəyinə isə məhkəmə kollegiyası tənqidi yanaşır. Belə ki, rəydə ekspert hüquqi məsələlərə münasibət bildirmiş, su sayğacının hüquqi aktların tələblərinə zidd qaydada quyu tipli tikilinin içərisində quraşdırıldığını göstərmişdir. Halbuki, su sayğacının pasportunun montaj, quraşdırılma və işə hazırlığı adlanan 6-cı bəndində su sayğacının məhz quyularda quraşdırılmasının qadağan edildiyi göstərilmiş, məhkəmə araşdırması ilə əvvəlki su sayğaclarının da həmin nöqtədə, habelə həmin ərazidə quyunun deyil, iddiaçı tərəfindən və onun təşəbbüsü ilə bu məqsədlə inşa edilən mühafizə kamerasında quraşdırıldığı müəyyən edilmişdir. Odur ki, birinci instansiya məhkəməsinin iddianı sayğacın qanunsuz hesab edilməklə sökülməsi və həmin sayğac əsasında hesablanmış borcun silinməsi tələbləri hissədə rədd etməsi qanuni və əsaslı olmuşdur. İddia cavabdeh tərəfindən təsdiq edilmiş texniki şərtlərin layihəsinə əsasən istehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulmasının təmin edilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması tələbi də əsassızdır. Belə ki, qanunvericiliyə görə, iddiaçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması onun texniki şərtləri, o cümlədən qoşulma ilə bağlı layihə işlərini yerinə yetirməsi şərtilə onun vəsaiti hesabına, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunan qoşulma haqqı texniki şərtlərin verilməsi haqqında qərar qəbul olunduğu gündən 15 iş günü müddətdə cavabdehin bank hesabına ödənildikdən sonra mümkün ola bilərdi. Lakin iddiaçının qoşulma haqqının cavabdehin bank hesabına ödəməsi iş materialları ilə təsdiqini tapmır, cavabdeh belə bir haqqın onun bank hesabına ödənilmədiyini bildirir, iddiaçı qoşulma haqqını cavabdehin bank hesabına ödədiyini irəli sürmür. İddianın “Yeni Bakı” yaşayış kompeksində yerləşən mənzillərin abonentləşdirilməsi tələbi də əsaslı deyil. Belə ki, qanunvericiliyə görə, istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. İddiaçı isə yaşayış kompeksində yerləşən mənzillərin (yaşayış və qeyri-yaşayış sahələri) mülkiyyətçilərini təmsil etmək səlahiyyətini təsdiq edən sənəd təqdim etməmişdir, o, həmin mülkiyyətçilər adından iddia qaldırmaq kimi subyektiv hüquqa malik deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarına görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
MPM-in: Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı rədd etməsi faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuşdur, apellyasiya şikayəti işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-219/2022 nömrəli iş üzrə 07 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova