Məhkəmə qərarları › İş №2-2(103)-59/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-59/2020

15.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-59/2020 15.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, hakimlər Ağayev Valeh Məmməd oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, X10 oğlunun katibliyi ilə, X2, cavabdehin nümayəndəsi X8 iştirakları ilə, X2 Cavabdeh ASC-nə qarşı borcun silinməsi tələbinə dair 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, e-2-2(81)-1179/2019 saylı qətnaməsindən cavabdehin nümayəndəsi F.Kazımov tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, e-2-2(81)- 1179/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh tərəfindən hesablanmış 4.104 manat borc ləğv edilərək həmin borcun X6 şəxsi hesabından silinməsi cavabdehə həvalə edilmişdir (hakim F.Mədətli). Həmin qətnamədən narazı qalan cavabdehin nümayəndəsi F.Kazımov apelyasiya şikayəti vermişdir. İşin halları: X5 Cavabdeh ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə hesablanmış 4104 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçın tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir və ictimai iaşə kimi fəaliyyət göstərir. 2014-ci ildə həmin qeyri-yaşayış sahəsinə smart kart tipli su sayğacı quraşdırılmışdır. Həmin sayğacın klapanı mütamadi olaraq bağlanırdı. Buna görə də cavabdeh orqana müraciət edilərək yeni sayğacın quraşıdırılması xahiş edilmişdir. Cavabehin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə sayğac dəyişdirilmişdir. Dəyişdirilən zaman cavabdehin əməkdaşları tərəfindən akt tərtib olunmuşdur. Həmin aktda istismarda olan sayğacın klapanı mütamadi olaraq bağlandığı, tərəflərindən sayğac xətdən açılıb götürüldüyü, NÖÇİ-də təmirə aparılması üçün abonentə təhvil verildiyi, obyektdə sudan istifadə olunması üçün su xətti birbaşa birləşdirildiyi, həmin sayğacın təmirə yararsız olduğu yerində NÖÇİ-i tərəfindən sayğac quraşdırılıb istifadəyə verilməsi qeyd edilmişdir. Lakin xx.xx.2019-cu il tarixdə ona məlum oldu ki, onun 4104 manat borcu yaranmışdır. Həmin borcun hansı əsasla yarandığını müəyyən edərkən məlum oldu ki, laboratoriyada həmin sayğacın hesablanma mexanizmində müdaxilə olunduğu müəyyən olunmuşdur. Bildirir ki, tərəfindən mexaniki sayğaca heç bir müdaxilə olunmamışdır. Həmin sayğaca müdaxilə olunmuş olsaydı cavabdehin əməkdaşları tərəfindən sayğac dəyişdirilərkən aşkar olunmuş olardı. Buna görə də, həmin əsaslarla müəssisəyə hesablanmış borc əsassız hesab olunmalı və silinməlidir. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qətnaməni qəbul etmişdir. Apelyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi X11 apelyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən xx xxxx 2019-cu il tarixdə X7 məxsus qeyri-yaşayış sahəsinin Alfasu AS-20 markalı, 49829612 nömrəli sayğacına baxış keçirilərkən klapanın işləmədiyi aşkar edilmişdir. Suölçən cihaza müdaxilə olub olmamasının müəyyən edilməsi üçün sayğac Nəzarət Ölçü Cihazları İdarəsinin Suölçən X3 təqdim edilmişdir. Müayinə nəticəsində sayğaca müdaxilə edildiyi və təmirə yararsız olması barədi xx xxxx 2019-cu il tarixli, 29612/0046091 saylı rəy tərtib edilmişdir. Həmin rəy əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4 nömrəli cədvəlinə uyğun olaraq dəymiş ziyan hesablanmışdır. Tərəf bu məbləği ödəməkdən imtina etmişdir. Qətnamə qanuni və əsaslı olmamış, yəni tərəflər arasındakı həqiqi münasibətlərə, faktlara əsaslanmamış, eyni zamanda, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 6.15-ci bəndinə əsasən suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının SMPDK-nın müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmi istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq hesablanır. Nümayəndə apellyasiya şikayətinin təminb edilməsini, birinci instansiya məhkməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. X5 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, işdə olan sübutları qiymətləndirərək, apelyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İşdə olan sənədlərdən görünür ki, X9 fərdi sahibkardır, - vergi uçotu orqanının adı Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamenti 3 saylı filial Qeydiyyat İdarəsi, VÖEN ********** - “41 Smart-Kart tipli su sayğacının dəyişdirilməsi haqqında” Aktın surətindən görünür ki, "Cavabdeh” ASC-nin əməkdaşları tərəfindən X7 məxsus Xətai rayonu, Neapol küçəsi, ev-16/B ünvanda yerləşən qeyri-yaşayış sahəsində su təchizatına və su sayğacı qovşağına baxış keçirilən zaman obyektdə Alfasu AS-20 markalı 49829612 nömrəli su sayğacının klapanının işləmədiyi, mütəmadi olaraq bağlandığı aşkar olunduğundan sayğac yoxlamaya təqdim edilməsi məqsədilə su xəttindən ayrılmış, su xətti birbaşa birləşdirilmiş, həmin sayğacın yararsız olduğu müəyyən edilərək NÖÇİ tərəfindən xx xxxxxx 2019-cu il tarixdə G-53 tipli ********* nömrəli sayğacı quraşdırılaraq istismara təhvil verilmişdir. - Əvvəlki Su sayğacının elektron mexaniki sərfiyyat göstəricisi 10293.7 m3, su sayğacının elektron sərfiyyat göstəricisi 10293.7 m3, su sayğacının üzərində qalan balans 14,6 m3 olduğu müəyyən edilmişdir. -Cavabdeh ASC Nəzarət Ölçü Cihazları İdarəsi “Suölçən X4”-nın 29612/0046091 saylı rəyinə əsasən Smart DN-20 tipli Alfasu AS-20 sayğacının plombunun üstündə olduğu hesablayıcı mexanizminin qoruyucu və kipləşdirici metal halqada izlərin olduğu, hesablama mexanizmində müdaxilə aşkar olunduğu müəyyən edilmiş, təmirə və istismara yararsız olduğu qeyd edilmişdir. - ********* nömrəli xx xxxxxx 2019-cu il tarixli hesabfakturaya əsasən iddiaçıya 01-28 avqust 2018-ci il tarixi müddətində istifadə olunmuş su təchizatı və çirkab suyn axıdılmasına görə ümumilikdə 4.104 (dörd min yüz dörd),00 manat məbləğində borc hesablanmışdır. -xx.xx.2019-cu il tarixə qədər olan məlumatları əks etdirən “Abonent haqqında” məlumata əsasən cavabdeh iddiaçıya 2018-ci ilin avqust ayına suyun verilməsinə görə 2.052 manat, çirkab suyunun axıdılmasına görə 2.052 manat, cəmi 4.104 manat borc hesablamışdır. Abonent haqqında məlumatlardan görünür ki, istehlakçının çirkab su və su sərfıyyatının həcmi 2019-cu ilin iyul ayında ümumilikdə 150 kubmetr (300,00 manat), manat olmuşdur. Birinci instansiya məhkəməsi, iddianın əsaslılığı ilə bağlı aşağıdakıları müəyyən etmişdir. "Su təchizatı və tullantı suları haqqında" qanunun 68.4-cü maddəsinin d) bəndinə əsasən suölçən cihazların normal fəaliyyətinə təsir göstərən və onların çıxarılmasını tələb edən işlərin və fəaliyyətin həyata keçirilməsi qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə qaydaları"nın 6.15-ci bəndinə görə suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının AİBNDA-nın müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: 6.15.1. istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq; 6.15.2. pozuntu (suölçən cihazın göstəricilərinin xətasının AİBNDA-nın müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən. Həmin Qaydaların 6.16-cı bəndinə əsasən su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda, habelə STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına istehlakçı tərəfindən lazımi şərait yaradılmadıqda, müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi istehlakçıya təqdim edilir. Həmin Qaydaların 6.17-cı bəndinə tərtib edilmiş akta əsasən istehlakçının təqsiri üzündən STKM-ə maddi zərər vurulması müəyyən edildikdə, dəymiş ziyan hesablanaraq istehlakçıya ödəniş sənədi təqdim edilir. Birinci instansiya məhkəməsi araşdırması zamanı cavabdehin nümayəndəsi istehlakçıya hesablanmış borcun su ölçən cihazın hesablama mexanizmində və plombunda müdaxilə ilə əlaqədar olaraq hesablandığını qeyd etmişdir. Lakin cavabdehin nümayəndəsi iddiaçı tərəfindən sayğaca müdaxilənin hansı formada baş verməsi barədə məhkəmənin sualına cavab verə bilməmiş, bunun səbəbini izah edə bilməmişdir. Halbuki, Qaydaların tələblərinə əsasən, suölçən cihaza müdaxilənin istehlakçı tərəfindən olması sübut edilməlidir. Yalnız bu zaman sərf edilmiş suyun həcmi Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq hesablanmalıdır. İşin araşdırılan hallarından müəyyən edilmişdir ki, "Cavabdeh” ASC-nin əməkdaşları tərəfindən X7 məxsus Xətai rayonu, Neapol küçəsi, ev-16/B ünvanda yerləşən qeyriyaşayış sahəsində quraşdırılmış sayğacın Smart (DN-20 tipli Alfasu AS-20) tipli sayğac olduğu, sayğacın plombunun qırılmadığı müəyyən edilmişdir. İşin araşdırılan hallarından həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən təqdim edilən abonent haqqında məlumata əsasən iddiaçı tərəfindən saf sudan istifadə və çirkab suyun axıdılmasına görə sayğac dəyişdirildikdən sonra da abobentin sərfiyyatında dəyişiklik baş verməmişdir. Birinci instansiya məhkəməsi zamanı cavabdehin nümayəndəsi sayğacın plombunun qırılmadığı təqdirdə ona hər hansı müdaxilənin edilməsi imkanının olub-olmadığını izah edə bilməmiş, sadəcə olaraq rəydə göstərilənlərə istinad etməklə sözügedən sayğaca müdaxilə olunduğunu qeyd etmişdir. Həmçinin, sübut etmə yükü daşıyan cavabdeh 2019cu ilin avqust ayında iddiaçıya hesablanmış 4104 manat cərimə məbləğinin sayğaca müdaxilə olması barədə xx xxxx 2019-cu il tarixli 29612/0046091 nömrəli Cavabdeh ASCnin Nəzarət Ölçü Cihazları İdarəsi “Suölçən X1” rəyini əsas götürdüklərini, 2019-cu ilin avqust ayı üçün hər hansı bir aktın mövcud olmadığını qeyd etmişdir. Abonent haqqında məlumatdan müəyyən edilir ki, 2019-cu ilin avqust ayı üçün iddiaçıya 4.104 manat (suyun verilməsinə görə 2.052 manat, çirkab suyunun axıdılmasına görə 2.052 manat) əlavə sərfiyyat hesablanmışdır. Lakin həmin borc məbləğinin hesablanması ilə bağlı hər hansı bir akt cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilməmişdir. "Su təchizatı və tullantı suları haqqında" Qanunun 30-cu maddəsinə görə su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Sudan istifadə Qaydaları”nın 4.1.3-cü bəndində qeyd edilir ki, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Cavabdeh əlavə sərfiyyatın hesablanması üçün əsas olunmuş halları sübut edən, iddiaçının təqdim etdiyi halları inkar edən hər hansı mötəbər bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür Məhkəmə qeyd edir ki, Cavabdeh ASC etirazın əsasını təşkil edən hər hansı bir sübut (akt, video görüntü, foto şəkil, hal şahidlərinin ifadələri və s.) məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1.-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Göstərilən normadan bir daha görünür ki, mülki məhkəmə icraatında sübutların işdə iştirak edən şəxslər tərəfindən təqdim edilməsinə dair birbaşa göstərişin olması o deməkdir ki, məhkəmənin öz təşəbbüsü ilə sübut toplamaq hüququ və vəzifəsi yoxdur. Yəni, məhkəmə maraqlı şəxslərdən aldığı sübutu təhlil etmək, ilkin qiymətləndirmək və yalnız əlavə sübutlar təqdim edilməsini tərəflərə təklif etmək hüququna malikdir. Məhkəmə kollegiyası birinci instansiya cavabdehin nümayəndəsinin apelyasiya şikayətində göstərilən dəlillərini qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəmə iddianı təmin edərək düzgün nəticəyə gəlmişdir, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur, ona görə apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehin nümayəndəsi F.Kazımov tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, e-2-2(81)- 1179/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilmir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar