Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-60/2020 05.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Günel Cəbrayıl qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “xxxx” tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-665/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iqtisadi işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh MMC-yə qarşı “xxxx” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin hesabından su təchizatı və kanalizasiya xidmətlərinə görə 37.086,22 manat, penya +741,72 manat, 30,00 manat dövlət rüsumu üzrə xərclərin, cəmi 37.857,94 manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı ASC-nin xxxx arasında ötən illər ərzində bağlanmış müqavilələrə və sonuncu 131047/19389653 saylı, xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən, cavabdeh müəssisəyə iddiaçı tərəfindən su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidməti göstərilmişdir. Cavabdeh MMC ötən illər ərzində su təchizatı sistemindən suyun buraxılmasına və kanalizasiya xidmətlərinə görə az bir məbləğ ödəsə də, xx.xx.2018-ci il tarixinə “xxxx” nə 37.086,22 manat borcu qalmışdır. Ötən illər ərzində İddiaçı ASC-nin X6 tərəfindən xxxx tələbi ilə Cavabdeh MMC-yə müraciətlər, o cümlədən yazılı şəkildə edilsə də, əsas borcun tam ödənilməsi təmin edilməmişdir. Borcun könüllü ödənilməsi tələbi barədə Cavabdeh MMCyə İddiaçı ASC-nin xxxx tərəfindən SS526070245AZ nömrəli, xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubu-pretenziya göndərilmişdir. Bundan əlavə cavabdeh ilə borcun ödənişi ilə bağlı şifahi aparılan danışıqlar da müsbət nəticə verməmişdir. Bununla yanaşı cavabdeh X3 37.086,22 manat əsas borcunu müqavilədə nəzərdə tutulmuş müddətlərdə ödəmədiyi üçün xəbərdarlıq-pretenziyada qeyd olunduğu kimi, cavabdeh müəssisəyə 741,72 manat penya hesablanmışdır. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-2(81)-665/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 2-2(81)-665/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olmuş və mütəmadi olaraq cavabdeh tərəfindən içməli su və kanalizasiya suyu xidmətlərindən istifadə olunmuş, cavabdeh tərəf birinci instansiya məhkəməsində nə iddianın əsassız olduğunu, nə müqavilə münasibətlərinin mövcud olmadığını, nə də borcun məbləğini mübahisələndirməmiş, yalnız iddia müddətinin keçməsi səbəbi ilə iddianın rədd edilməsini xahiş etmişdir. Belə olan halda faktik olaraq cavabdeh tərəf borcun mövcudluğunu qəbul etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətində qeyd edilmiş dəlillərə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək apellayasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə yönəldiyi üçün apellyasiya instansiya məhkəməsi qətnaməni bütövlükdə yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd olunmalıdır. İşin faktiki hallarından görünür ki, İddiaçı ASC və ünvan 1 ünvanında fəaliyyət göstərən “xxxx” kateqoriyasına aid Cavabdeh MMC arasında bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan 131047 saylı xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən, İddiaçı ASC tələbata uyğun lazımi miqdarda tərkib və keyfiyyətinə görə 2874-82 saylı Dövlət Standartlarının tələblərinə uyğun məişət (təsərrüfat) içməli və istehsalat məqsədli suyun buraxılmasını, tullantı sularının kanalizasiya sisteminə qəbulunu, təmizlənməsini və axıdılmasını təmin etmişdir. Bunun müqabilində Cavabdeh MMC istifadə olunan suyun və kanalizasiya xidmətlərin dəyərini vaxtında və tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq istifadə edilən suyun və kanalizasiya xidmətlərin dəyəri tam ödənilməmişdir. Belə ki, xx xxxxxxxx 2018-ci il tarixli istehlakçı abonentlərə hesablaşmalar haqqında məlumatda su təchizatı və kanalizasiya xidmətlərinə görə 37.086,22 manat məbləğində borc ödənilməmişdir. Həmin borcun 10 gün müddətində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan “Abonent haqqında məlumat”dan görünür ki, müqavilənin tarixi xx.xx.2010, müəssisə Cavabdeh MMC, il üzrə cəmi qalıq borc 37.086,22 manatdır. Birinci instansiya məhkəməsində qeyd olunan halların müəyyənləşdirilməsi məqsədilə ekspertiza keçirilməsi qərara alınmış və alınmış ekspert rəyinə əsasən xx xxxxxx 2016-cı il tarixli İddiaçı ASC-nin su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair 131047 nömrəli müqavilənin üz tərəfindəki “30.Vİİ.2016” tarix göstəricisindəki “6” rəqəmin yerinə əvvəlcə “0” rəqəmi olduğu, “xx xxxxxx 2016 il” tarix göstəricisindəki “6” rəqəmin yerində əvvəlcə “0” rəqəmi olduğu, müqavilənin arxa tərəfindəki 6-cı bəndində olan “xx xxxxxx 2016 il” tarix göstəricisindəki “6” rəqəmin yerinə əvvəlcə “0” rəqəmi olduğunu, “xx xxxxxx 2018 ilədək” tarix göstəricisindəki “8” rəqəmin yerində əvvəlcə “5” rəqəmi olduğu, sonradan üzərinə əlavə cizgilər artırılaraq indiki vəziyyətə gətirildiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə ekspert rəyinə əsaslanmaqla tərəflər arasında qanunla müəyyən edilmiş qaydada suyun alqı-satqısı müqaviləsinin bağlanmadığını, yəni mülki hüquq münasibətləri iştirakçıları arasında münasibətlərin yaranma əsaslarından biri olan müqavilənin-xx.xx.2016-cı il tarixli müqaviləninin hüquqi baxımdan mövcud olmadığını, həmin müqavilənin cavabdehin iradə ifadəsini əks etdirmədiyini göstərib iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında müqavilə münasibətləri mövcud olmuş, cavabdeh tərəfindən 2015-ci ilə qədər sayğac üzrə müvafiq ödənişlər aparılmışdır. 2015-ci ildə cavabdeh fəaliyyətinin dayandırıldığını bildirib sayğacı çıxarsa da, fəaliyyətinin dayandırılması barədə iddiaçıya hər hansı bir sənəd təqdim etməmiş, əksinə içməli su və kanalizasiya suyu xidmətlərindən istifadəni davam etdirmişdir. Birinci instansiya məhkəməsində icraat aparılan zaman cavabdeh tərəfindən müqavilə münasibətlərinin mövcud olmaması və sudan istifadənin dayandırılması barədə hər hansı fikir və ya tələb irəli sürülməmişdir. Ekspert rəyində 2016-cı il tarixli müqavilədə saxtalaşdırma aparıldığı göstərilsə də, tərəflər arasında faktik olaraq 2010-cu ildə müqavilə bağlanmış və bu müqavilənin ləğv edilməsi və ya etibarsız hesab edilməsi barədə tərəflər arasında hər hansı mübahisə olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini bu əsasda rədd edərkən haqlı olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanan xx.xx.2010-cu il tarixli “su təchizatı və kanalizasiya xidmətləri”nə dair müqaviləyə əsasən təchizatçı müəssisə cavabdehi su ilə təmin etməyi, cavabdeh isə göstərilmiş xidmət haqqını hesab-fakturada göstərilmiş müddətdə ödəməyi öhdəsinə götürmüşdür. İşə baxan birinci instansiya məhkəməsi ekspertiza rəyinə əsasən sözügedən müqavilənin düzəlişə məruz qalmasına istinad edərək öz qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçının istinad etdiyi müqavilə cavabdehin iradəsini ifadə etmədiyindən cavabdehin iddiaçı qarşısında qeyd edilən müqavilə üzrə öhdəliyi yaranmır. Hazırki mübahisənin həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasında su təchizatı və kanalizasiya müəssisələri ilə istehlakçı arasında qarşılıqlı münasibətlər və bununla əlaqədar digər məsələlər “Su təchizatı və tullantı suları haqqında” Qanun və “Sudan istifadə qaydaları haqqında” Qərarla tənzimlənir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. İş materialları ilə müəyyən olunmuşdur ki, cavabdeh istehlakçı olaraq İddiaçı ASC tərəfindən göstərilən içməli su və kanalizasiya xidmətlərindən istifadə etmişdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Həmin Qanunun 59-cu maddəsinin 3-cü bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. İş materiallarında iddiaçı tərəfindən tələb edilən məbləğin istehlakçıya hansı müddət üçün göstərdiyi xidmətlərə görə, habelə hansı qaydada hesablandığını təsdiq edən sübutlar mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar yoxdur. İddiaçı su və kanalizasiya xidmətlərinə görə cavabdehdən 37.086,22 manat əsas və 741,72 manat peniya məbləğində borcun tutulması barədə tələb irəli sürsə də, qeyd olunan məbləğlərin hansı qaydalara və ya sənədlərə əsasən hesablandığı barədə məhkəməyə hər hansı bir mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “xxxx” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat onun özünə aid edilməlidir. Apellyasiya instansiya məhkəməsi həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri 61 (altmış bir) manat 52 (əlli iki) qəpik məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) hesabına keçirilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385, 388, 384.0.2, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçının nümayəndəsinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-665/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qət edilsin. İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı xxxx tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddiaçı ASC-dən ekspertiza xərcinin əvəzi olaraq 61 (altmış bir) manat 52 (əlli iki) qəpik məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən, təqdim edildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov
Məhkəmə qərarları › İş №2-2(103)-60/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-60/2020
05.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver