Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-634/2024 24.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın cavabdeh "xxxx" ASC-yə qarşı kommersiya işi Açar söz: borcun silinməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MTK-nın cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024- cü il tarixli, e- 2-2(113)-80/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. 01/xx-xx/4665 nömrəli 25 iyul 2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı MTK-nın balansında olan sayğaca baxış keçirilmiş və hər hansı bir qüsur aşkar edilməmişdir. Sorğuda göstərilən borc istehlak edilmiş elektrik enerjisi nəticəsində yarandığı müəyyən edilmişdir.
2. xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, iddiaçıya məxsus sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, elektrik sayğacı dövrədən keçən yükü düzgün qeyd etmir. Belə ki, sayğacın “Ua” fazasında cərəyan itmiş və 17986 manat sərfiyyat borcu hesablanmışdır.
3. xx.xx.2023-cü il tarixli 015265 nömrəli aktdan görünür ki, iddiaçıya məxsus sayğaca baxış zamanı məlum olmuşdur ki, elektrik itmişdir. Axan yüklər İa=o İB=0,62A, P=321 kvt, P=180 kvt BP=-43,9 % təşkil edir.
4. xx.xx.2023-cü il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, NDQ015265EİQ nömrəli akta əsasən 17986,10 manat borc hesablanmışdır.
5. Cavabdeh tərəfindən verilmiş iddiaçıya məxsus abunə haqqında məlumatdan görünür ki, iddiaçının 33662,72 manat qalıq borcu mövcuddur.
6. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 07/84/147 abonent kodu altında fəaliyyət göstərən İddiaçı MTK-nın elektrik enerjisindən istifadə etməsi nəticəsində 2020-ci il tarixdən hazırki günədək 58932,88 manat məbləğində cəmiyyət qarşısında borcu var.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 26 dekabr 2023-cü il tarixli 9/6058 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı MTK-nın elektrik enerjisi üzrə xx.xx.2023-cü il tarixə ödənilməli olan borcunun məbləği 60362,88 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı MTK cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçıya əsassız hesablanmış 48.204,28 manat borcun və xx.xx.2023-cü il tarixdə əsassız hesablanmış 17986,10 manat məbləğin və ona ödənilmiş 145 manat dövlət rüsumunun, ümumilikdə 66190,38 manat borc məbləğinin qanunsuz və əsassız hesab edilərək iddiaçının 07/84/147 saylı abonent hesabından silinməsi, ödənilmiş 180 (35+145=180) manat dövlət rüsumunun və 200 manat mediasiya haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK-ya "xxxx" ASC tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli hesab ödəniş vərəqəsində 48.204,28 manat məbləğində əsasız borc hesablanmışdır. "xxxx" MTK tərəfindən istifadə olunan elektrik enerjisi üçün hesablanan borc hesab ödəniş vərəqlərinə əsasən ödənilsə də, bu gün heç bir əsas və sübut olmadan "xxxx"ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesab ödəniş vərəqində 48.204,28 manat məbləğində borc hesablanmışdır. Borcun yaranma səbəbləri barədə heç bir məlumat verilməmişdir. Nəzərinizə çatdırırıq ki, əsassız hesablanmış borcun əvvəli xx.xx.2022-ci il tarixli (29.379,41 manat borc), xx.xx.2022-ci il tarixli (31.432,12 manat borc) və xx.xx.2022-ci il tarixli (32.938,58 manat borc) hesab ödəniş vərəqələrində qeyd olunan borclardan başlamış və həmin dövrlər ərzində İddiaçı MTK və "xxxx" ASC arasında yazışmalar getmiş hətta iddianın təminat tədbiri ilə də məhkəməyə müraciət olunmuş və elektrik enetjisinin müvəqqəti kəsiməsinin qarşısı alınmışdır. Həmin dövrdə enerji təchizatı üçün ödənişlər olsa da, borc azalmaq əvəzinə getdikcə artmışdır. Bununla bağlı xx.xx.2022-ci il tarixli 1xx/xx/2022 nömrəli sorğu ilə "xxxx" ASC-yə müraciət edilmişdir. "xxxx" ASC 01/xx-xx/4665 saylı xx.xx.2022-ci il tarixli məktubla müraciətlərinə cavab olaraq bildirmişdir ki, MTK-nın balansında olan sayğaclara baxış keçirilmiş və hər hansı bir qüsur aşkar edilməmişdir. Araşdırma zamanı sorğuda göstərilən borcun istehlak edilmiş elektrik enerjisi nəticəsində yarandığı müəyyən edilmişdir. Hesab vərəqələrinə və saldoya baxdıqda açıq – aydın görülür ki, sərfiyyat 2022-ci ilin yanvar ayı üzrə - 2307,69 manat; fevral ayı üzrə - 2865,39 manat; aprel ayı üzrə üzrə 2052,71 manat; may ayı üzrə- 2451,46 manat qeyd edildiyi halda həmin mart ayı üzrə 11.411,51 manat olmuşdur. Bununla bağlı "xxxx" ASC tərəfindən açıqlanma verilə bilmir. Bu hal 1 ildir ki, davam edir. Eyni zamanda "xxxx" ASC heç vaxt işlək olmayan ehtiyat sayğaca hesablanan borcun necə yaranması barədə açıqlama verə bilmir. Əlavə olaraq "xxxx" ASC-nin nümayəndəsinin verdiyi qeyri-rəsmi məlumatına əsasən, əvvəlki dövrlər üzrə "xxxx" MTKnın əvvəlki nəzarətçisi (komendant) ilə "xxxx" ASC-nin əvvəlki nümayəndəsi arasında yaranmış əməkdaşlıq əsasında borcun bir hissəsi ödənib, bir hissəsi isə onlar tərəfindən istifadə olunmuşdur. Ona görə də, balans tərəzi vasitəsi ilə bu günki sərfiyyatla əvvəlki illər arasında sərfiyyat müqayisə edilərək "xxxx" MTK-ya əlavə sərfiyyat hesablanmışdır. Belə olduğu təqdirdə borcun "xxxx" MTK-ya hesablanması tam yalnış yanaşmadır. Çünki belə hal müəyyən olunubsa, bununla əlaqədar hüquq mühafizə orqanlarına müraciət olunmalıdır. Çünki "xxxx"ASC-nın ittihamlarına əsaslansaq həmin məbləğlər onların keçmiş nümayəndəsi və "xxxx" MTK-nın əvvəlki nəzarətçisi (kamendant) tərəfindən istifadə olumuşdur. Eyni zamanda bildirirəm ki, "xxxx"ASC-nin əsassız və qanunsuz tələbinə görə binanın sakinləri elektrik enerjisindən məhrum olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın” 8.2.-ci bəndinə əsasən “Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişləri”nə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Bu isə onu deməyə əsas verir ki, "xxxx" ASC tərəfindən təbii inhisar subyekti olmasından sui-istifadə etməklə mübahisəli borc məbləğinin məcburi qaydada ödətdirilməsi üçün binanın elektrik enerjisi təchizatını dayandıracaqdır. Mübahisəli borc məbləği hesablandığı dövrədək elektrik enerjisi istehlak edilmiş və həmin dövrdə tərəflərindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022ci il tarixədək 16.630 manat və əlavə olaraq 1000 manat (bir kart vasitəsi ilə qəbz əlavə olunur) məbləğində pul ümumilikdə 17.630 manat məbləğində vəsait enerji təchizatı müəssisəsinə ödənilmişdir və bugünədək də aylıq borcları ödənməkdədir. Hal-hazırda İddiaçı MTK-nın komendantı (nəzarətçisi) X1 telefonuna yüklədiyi enlektrik enerjisinin mobil tətbiqi barədə proqramında İddiaçı MTK-nın borcu 0-sıfır göstərir. Göründüyü kimi "xxxx" MTK tərəfindən mübahisəli borc məbləği ilə bağlı mübahisənin məhkəmədən kənar həll edilməsi üçün "xxxx" ASC-yə müraciət edildiyi halda sonuncu ölkə ərazisində yeganə enerji təchizatçısı olması, yəni təbii inhisar subyekti olmasından sui-istifadə etməklə mübahisəli borc məbləğini məcburi qaydada ödətdirilməsi niyyəti sərgiləməkdədir. Eyni zamanda poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixdə İddiaçıMTK-nın komendantına "xxxx"ASC tərəfindən xx.xx.2020-ci il tarixli xəbərdarlıq verilmişdir. Guya "xxxx"ASC 2020-ci il tarixdə də, İddiaçı MTK-nı 34.544 manat borcu olması ilə bağlı xəbərdarlıq etmişdir. Sonradan cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixində əsassız olaraq 17986,10 manat məbləğində əlavə borc hesablanmışdır. 10.İddiaçı "xxxx" ASC cavabdeh İddiaçı MTK-ya qarşı “borcun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi verərək, ilkin iddia üzrə İddiaçı MTK tərəfindən verilmiş ilk iddianın rədd edilməsi və abonent kodu 07/84/147 olan İddiaçı MTK-nın istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 49412,76 manat borc və 239 manat ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə mürciət edərək 48 204,28 manat pul vəsaiinin silinməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş emişdir. Silinməsi tələb edilən məbləğ elekrik enerjisinin sərf edilməsi nəticəsində yaranmışdır.Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir.İddia ərizəsinə əlavə edilmiş abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu 07/84/147 olan MTKnın elektrik enerjisindən istifadə etməsi ilə bağlı "xxxx" ASC- yə cəmi 49 412,76 (qırx doqquz min dörd yüz on iki manat yetmiş altı qəpik) manat yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşlarının hər ay Abşeron Rayon Masazır Bələdiyyəsinin ünvanına gedərək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsi tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-80/2024 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) ilk və qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı MTK-ya əsassız olaraq hesablanmış 17986,10 manat borcun silinməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-yə həvalə edilməsi və cavabdeh İddiaçı MTK-dan 42376,78 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.
13. Məhkəmə ilk iddianın xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 17986,10 manat borcun silinməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh həmin aktla sayğacın yararlı olmaması ilə əlaqədar ona dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, tərəflər arasında bağlanmış müqavilədə istehlakçının sayğacda mövcud qüsurlara görə təqsirindən asılı olmayaraq məsuliyyət daşımalı olmasını nəzərdə tutan müddəa yer almamış, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi isə materiallarda olan sənədlərlə öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş akta əsasən müəyyən edilir ki, sayğacda mövcud qüsur (sayğacın axan yükü qeydə almaması) sayğacın nasazlığı üzündən yaranmış, yəni sayğaca kənar müdaxilə ilə bağlı olmamışdır.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, “Elektrik enerjisindən istifadə qaydalarının” 8.2- ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Materiallarda olan abonent saldosundan, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş hesab fakturalardan, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş sənədlərindən görünür ki, sayğac göstəricilərinə əsasən sayğacın olmadığı müddətdə xx.xx.2023-cü il tarixli aktda göstərilən müddət üçün iddiaçıya sayğac göstəricilərinə əsasən borc hesablanmış və həmin borc iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda istehlakçının təqsiri olmadan düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin yenidən hesablanaraq istehlakçıdan tələb edilməsi “Elektrik enerjisindən istifadə qaydalarının” 8.2- ci maddəsinə və tərəflər arasında bağlanmış müqavilənin tələblərinə ziddir.
15. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, cavabdeh elektrik enerjisinin təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
16. Məhkəmə ilk iddianın qalan hissəsi, eyni zamanda qarşılıqlı iddiayla bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 26 dekabr 2023-cü il tarixli 9/6058 nömrəli ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmalı, xx.xx.2023-cü il tarixli akt, onun əsasında iddiaçıya təqdim edilmiş xx.xx.2023-cü il tarixli hesab-faktura üzrə hesablanmış borcun çıxılmaqla, qarşılıqlı iddia ərizəsinin qismən, 42376,78 manat (60362,88 manat – 17986,10 manat) hissədə təmin edilməli, qalan hissədə rədd edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş rəy iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilməmiş, iddiaçı tərəfindən cavabdehin nümayəndələri tərəfindən sayğaca müdaxilə edilməsi faktını təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir.
17. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-80/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin qismən təmin olunaraq 36.686.54 manat (17986,10+18700,44) məbləğində borcun silinməsi öhdəliyinin "xxxx" ASC-nin üzərinə qoyulmasını və qarşılıqlı iddia ərizəsinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli (11.411,51 manat) və xx.xx.2023-cü il tarixli (7288,93manat) hesab ödəniş vərəqlərindən aydın görmək olar ki, həmin hesab ödəniş vərəqlərində digərləri ilə nisbətdə daha çox sərfiyyat yazılmışdır. Bildiririk ki, sayğaclar İddiaçı MTK-nın həyətində olmadığına görə biz sərfiyyata nəzarət edə bilmirik. Lakin, "xxxx" ASC-nin nümayəndələri istədikləri kimi həmin sayğacdan istifadə edə bilirlər. Hətta mühasibatlıq ekspertizası təyin olunduqda ekspert həmin sayğaca baxış keçirərkən sayğacın İddiaçı MTK-nın yerləşdiyi ərazidən təxminən 2 km aralıda yerləşdiyinin və həmin sayğaca baxış keçirilməsinin və ya üzərində hər hansı hərəkətin aparılmasının "xxxx" ASC-nin əməkdaşları tərəfindən mümkün olduğu müəyyən olunmuşdur. Yalnız "xxxx" ASC-nin elektriki həmin sayğaca müdaxilə edib hesablanmış sərfiyyat borcunu göstərə bilərdi. Hörmətli məhkəmə kollegiyası, sözügedən sayğacdan binanın ətrafında qonşu obyektlərə də, enerji verilməsi və ya dayandırılması "xxxx" ASC-nin birbaşa öz nəzarətindədir. Həmin dövrlərdə “Muz” TV-yə İddiaçı MTK-ya məxsus sayğacdan elektrik enerjisi verilib və eyni zamanda sayğacdan "xxxx" ASC-nin keçmiş işçisi tərəfindən qeyri-qanuni istifadə olunaraq sərfiyyat gizlədilmiş və ödənilən məbləğlər onun və İddiaçı MTK-nın keçmiş komendantı tərəfindən mənimsənilmişdir. Hər ay məbləğlər 2000 manat və 3000 manat arasında dəyişir, lakin sözügedən hesab ödəniş vərəqlərində məbləğin bu dərəcədə artması ağlasığmazdır. Məhkəmə qeyd olunan məqama diqqət yetirməmiş və iddianı qismən təmin etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bu faktlara düzgün qiymət verməmişdir. Odur ki, 1-ci instansiya məhkəməsi hər iki tərəfin iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir. İddiaçı MTK-nın iddia tələbi qismən təmin edilərkən 23.646,34 manat məbləğində yaranan borc hissədə təmin edilməli idi. Çünki həmin borcun olmasını biz etiraf edirik. Lakin, həmin borcun üzərinə hesablanan 18.700,44 manat məbləğində borc isə qanunsuz yazılmış borcdur. Eyni zamanda bildiririk ki, İddiaçı MTK hər ay borclarını ödəmiş və bununla əlaqədar bütün qəbzləri məhkəməyə təqdim etmişdir. Lakin, cavabdeh "xxxx" ASC əsassız olaraq qarşılıqlı iddia ərizəsi verərərək 49412,76 manat məbləğində pulun tutulmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi verilərkən tərəfimizdən hər ay ödənişlər olmuş lakin, məbləğ azalmaq yerinə artan nisbətdə dəyişmişdir. Odur ki, qarşılıqlı iddia ərizəsi tam əsassız və qanunsuz olduğu üçün təmin olunmamalıdır. xx.xx.2022-ci il tarixli (11.411,51 manat) və xx.xx.2023-cü il tarixli (7288,93manat) hesab ödəniş vərəqlərində qeyd olunan sərfiyyat məbləğləri "xxxx"ASC-nin keçmiş elektriki tərəfindən gizlədilmişdir. Yeni elektrik gəldikdən sonra həmin məbləği xx.xx.2022-ci tarixli hesab ödəniş vərəqəsinə 1 ayın sərfiyyatı kimi qeyd etmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
21. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
22. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi; 567-ci maddə-alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddə- əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
“Elektrik enerjisindən istifadə qaydaları” 8.14-cü bəndi- istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
23. Qətnamə iddiaçı tərəfindən qismən-"xxxx" ASC-nin xeyrinə ondan 18.700,44 manat borcun tutulması və həmin borcun silinməsinə dair ilk iddianın təmin edilmədiyi hissədə mübahisələndirildiyindən həmin hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
24. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-80/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. İşdən görünür ki, İddiaçı MTK-dan 42376,78 manat məbləğində pulun tutularaq qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən İddiaçı MTK-nın elektrik enerjisindən istifadəyə görə qalıq borcun məbləğinin müəyyənlşdirilməsi üçün iş üzrə ekspertiza keçirilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 dekabr 2023-cü il tarixli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, İddiaçı MTK xx.xx.2009-cu il tarixdən xx.xx.2023-cü il tarixədək 324353,73 manat məbləğində elektrik enerjisindən istifadə etmiş, 263.990,85 manat ödəniş etmiş, 60.362,88 manat ödənilməmiş borcu qalmışdır.
26. Birinci instansiya məhkəməsi MTK tərəfindən mübahisələndirilən xx.xx.2023-cü il tarixli akt, onun əsasında iddiaçıya təqdim edilmiş xx.xx.2023-cü il tarixli hesab-faktura üzrə hesablanmış borcu əsassız hesab edərək ümumi borcdan çıxmaqla müəyyən etmişdir ki, 42376,78 manat borc MTK-nın istehlak etdiyi elektrik enerjisinə görə yaranmış borc olduğundan həmin borcun silinməsi üçün qanuni əsaslar mövcud deyil.
27. İddiaçı apellyasiya şikayətində xx.xx.2022-ci il tarixli (11.411,51 manat) və xx.xx.2023-cü il tarixli (7288,93 manat) hesab ödəniş vərəqlərində sərfiyyatın real sərfiyyatdan çox yazıldığını qeyd etsə də, bu barədə nə birinci instansiya, nə də apellyasiya instansiyası mərhələsində hər hansı sübut təqdim edə bilməmişdir. Apellyasiya şikayətində bu hal belə əsaslandırılır ki, sayğac MTK-nın ərazisində olmadığından onun göstəricilərinə baxış keçirmək imkanı yoxdur. Ehtimal olunur ki, göstəricilər keçmiş elektrik tərəfindən gizlədilmiş, sonradan xx.xx.2022-ci tarixli hesab ödəniş vərəqəsinə 1 ayın sərfiyyatı kimi qeyd etmişdir. İddiaçının göstərdiyi bu hal işdəki sübutlarla təsdiq olunmur. İddiaçı digər aylardakı sərfiyatı mübahisələndirmədiyindən sayğacın yalnız 2022-ci ilin mart ayı və 2023-cü ilin yanvar ayında düzgün işləmədiyi və sərfiyyatı düzgün qeyd etmədiyi ağlabatan deyil. Bundan əlavə hesab ödəniş vərəqlərində sərfiyyatla bağlı qeyd edilmiş göstəricinin hazırda sayğacın üzərindəki göstəricidən artıq olduğuna dair iddiaçının mövqeyi sübutlarla təsdiq edilmədiyindən və ehtimallara əsaslanan mülahizələrdən ibarət olduğundan qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsaslar mövcud deyil.
28. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 80/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-80/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.