Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-635/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1007/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11.03.2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.09.2019-cu il tarixli, MXD-11012 saylı akt əsasında hesablanmış 1098 manat borcun silinməsi, hesabın balansından silinmiş 148 manatın balansa bərpa edilməsi vəzifəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11.03.2021-ci il tarixli e-2-2(113)-1007/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən 02.09.2019-cu il tarixli, MXD-11012 saylı akt əsasında hesablanmış 950 (doqquz yüz əlli) manat məbləğində borcun İddiaçı hesabından silinməsi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə İddiaçı hesabının balansından silinmiş 148 manatın balansa bərpa edilməsi vəzifəsinin qoyulması, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən ödənilmiş dövlət rüsumuna görə 26 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 4 manat hissəsinin iddiaçıya aid edilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışdır. Həmin qeyri-yaşayış sahəsinə Cavabdeh ASC-nin nümayəndələri tərəfindən baxış keçirilmiş və 02.09.2019-cu il tarixli MXD-11012 saylı inventar aktı tərtib etmişdir. Həmin akta əsasən, sayğacdan kənar qeyri-qanuni su xətti çəkildiyi aşkar olunmuşdur. Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı ilə qeyd olunan akt üzrə 1098 m3 su sərfiyyatı üçün 1098 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Həmin məbləğin 148 manatı iddiaçının avans olaraq ödədiyi məbləğdən çıxılmış, qalan 950 manatın ödənilməsi iddiaçıdan tələb edilmişdir. İddiaçı bildirir ki, həmin akt qanunsuzdur və həqiqəti əks etdirmir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı sayğaca müdaxilə olunduğuna görə dəymiş zərərin əvəzi iddiaçı tərəfindən ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Lakin cavabdeh mübahisəli yoxlamanın qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etməmişdir. Belə olan halda isə iddiaçıdan həmin yoxlama nəticəsində hesablanan zərərin əvəzi tələb oluna bilməz. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Ona görə də, iddiaçı həmin yoxlamanın nəticəsi olaraq hesablanmış 950 manat məbləğində borcun silinməsini və onun balansından silinmiş 148 manatın balansa bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1007/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-635/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-635/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver