Məhkəmə qərarları › İş №2-2(103)-639/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-639/2020

24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-639/2020 24.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1962/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı MMC-yə artıq hesablanmış 26900 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1962/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh İB apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında təbii qazın alqı-satqısı müqaviləsi bağlanmışdır. İddiaçı bildirir ki, cavabdeh tərəfindən ona daha əvvəl hesablanmış 26900 manat məbləğində borc sonradan təkrar sərfiyyat kimi hesablanmışdır. Bununla bağlı bir neçə dəfə cavabdehə müraciət etmişlər. Cavabdeh də öz növbəsində təkrar sərfiyyat hesabladıqlarını qəbul etmiş, həmin artıq sərfiyyatın silinməsi üçün Cavabdeh İB-nin rəhbərliyinə məktub yazmışlar. Hətta Cavabdeh İB-nin şikayətlərin araşdırılması şöbəsinin rəisi də Cavabdeh İB-nin baş direktoruna xidməti məktub yazaraq işçi qrupu tərəfindən şikayətin araşdırıldığını, artıq hesablanmış borcun silinməsinin məqsədəmüvafiq hesab edildiyini qeyd etmişdir. Cavabdeh İB-nin özü də artıq borc hesablandığını qəbul etsə də, bu günədək həmin borcu silmir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddiaya etiraz etmiş və bildirmişdir ki, 2019-cu ilin may-dekabr aylarında sayğacın mexaniki göstəricilərinə əsasən borc hesablanmış, sonra 2020-ci ilin yanvar ayında elektron göstərici sistemə daxil edilib və həmin göstəriciyə əsasən yenidən həmin aylar üçün borc hesablanıb. Apellyasiya şikayətində isə göstərilmişdir ki, İddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsinə verilən təbii qazın dəyəri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sayğac göstəricilərinə əsasən müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Lakin hazırki işdə cavabdeh tərəfindən iddiaçıdan tələb olunan borc məbləği düzgün hesablanmamışdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı MMC-də quraşdırılmış qaz sayğacının elektron göstəricisi 2019-cu ilin may ayından 2019-cu ilin dekabrınadək qeydiyyata alınmamışdır. Həmin müddət ərzində abonentə qazdan istifadəyə görə borc sayğacın mexaniki göstəricisinə və mexaniki göstəricinin koeffisentə vurulması yolu ilə aktlara əsasən hesablanmışdır. Ümumilikdə, sayğacın elektron göstəricilərinin qeydə alınmadığı aylar ərzində İddiaçı MMC-yə 26900 manat məbləğində borc hesablanmışdır. Bundan sonra 2020-ci ilin yanvarında İddiaçı MMC-də quraşdırılmış qaz sayğacının yeni elektron göstəricisi qeydə alınmış və 2019-cu ilin may ayında qeydə alınmış son göstərici ilə yeni göstərici arasında fərqə (1.183798 m3-919099 m3=264699m3) əsasən 264699m3 qaz sərfiyyatına görə abonentə 2019-cu ilin may – 2020-ci ilin yanvar ayları üçün 52939,80 (264699x0,20 manat) manat məbləğində borc hesablanmışdır. Lakin bu zaman abonentə həmin müddət üçün mexaniki göstəricilərə və aktlara əsasən hesablanmış 26900 manat məbləğində borc həmin məbləğdən çıxılmamışdır. Göründüyü kimi İddiaçı MMC-də 2019-cu ilin may-yanvar ayları arası dövrdə qaz sayğacının elektron göstəricisinə əsasən qaz sərfiyyatı 264699m3 həcmində olduğu, belə olan halda həmin müddət üçün qazdan istifadəyə görə iddiaçıya 52939,80 manat məbləğində borc hesablanmalı olduğu halda iddiaçıya həmin dövr üçün cəmi 79839,8 manat məbləğində borc hesablanmışdır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı artıq hesablanmış 26900 manat məbləğində pulun silinməsini tələb etməkdə haqlıdır. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi 2019-cu ilin may-dekabr ayları üzrə hesablanmış borcun 2020-ci ilin yanvar ayında yenidən hesablanmasını etiraf etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1962/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar