Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-642/2024 10.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı kommersiya işi Açar söz: əsassız hesablanmış borcun silinməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçı X2 iştirakı ilə, iddiaçı X2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 771/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. xx.xx.2023-cü il tarixli smart-kart tipli su sayğacının dəyişdirilməsi aktından görünür ki, xx.xx.2016-cı il tarixdə quraşdırılmış “Smart CSS/H” markalı 116998 nömrəli sayğac həmin tarixdə çıxarılmış, xx.xx.2023-cü il tarixdə “Metlab” markalı 43154732 nömrəli sayğac quraşdırılmışdır. Həmçinin adıçəkilən aktda Cavabdeh ASC-nin X7 İdarəsi tərəfindən çıxarılan su sayğacının laborator yoxlanışı aparılması üçün abonentə təhvil verildiyi, sayğacda Cavabdeh ASC-yə məxsus zavod plombunun mövcud olduğu qeyd edilmişdir.
2. xx.xx.2023-cü il tarixli 16998/0290137 nömrəli rəydən görünür ki, “Abşeron ÇSS- 20K” markalı 116998 nömrəli sayğacın dövlət plombu və su təchizatı və kanalizasiya müəssisəsinə məxsus Cavabdeh loqolu plombu mövcuddur, su sayğacının laborator avadanlıq üzrə yoxlaması nəticəsinə əsasən kipliyə davamlığı normadadır. Sayğacın buraxıla bilən nisbi xəta faizi – Qnom=(-) 74.66% norma çərçivəsindən kənardır. Belə ki, sayğac verilən sərfiyyatı işlənmiş sayğaclar normativinə uyğun olaraq Qnom=(-) 70,66% az qeydə alır. Qmin=(-) 100% norma çərçivəsindən kənardır. Xəta P. Mexaniki hissə işləkdir. Hesabat mexaniki göstəriciyə əsasən aparıla bilər. Sayğacın zavod seriya nömrəli üst plastik qapağının vint yerləri qırıqdır. Sayğac təmirə və istismara yararsızdır. Suölçən cihaz istismara yararsızdır.
3. Cavabdeh ASC-nin elektron idarəetmə və müasir texnologiyalar departamentinin abonent xidmətləri şöbəsinin mühəndisi Nurlan Alizade adından ünvanlanan məktubdan görünür ki, rəydə sayğacın nisbi xəta faizi Qnom=(- )70,66, Qmin=(-)100 faiz norma çərçivəsindən kənar kimi qeyd edilib. Yəni su təzyiqi yüksək olduqda sayğac 70% itki ilə işləyir, təzyiq aşağı olduqda isə (vintil sıxıldıqda, əraziyə su təzyiqi aşağı atmosferlə verildikdə) sayğac, ümumiyyətlə, ölçmür. xx.xx.2023- cü il tarixində sayğacın son normal oxuma göstəricisi 20682 m3 olmuşdur, sayğacın söküldüyü xx.xx.2023-cü iİ tarixində üzərindəki göstərici 21880 m3 olmuşdur. Sayğac düzgün ölçmədiyindən 259 günə sayğacdan (21880-20682=) 1198 m3 su keçmişdir. Halbuki bu dövr ərzində əvvəlki sərfiyyata uyğun olaraq 6873 m3 su keçməli idi. 6873- 1198=5675 m3 . Sayğacın düzgün ölçmədiyi və itki ilə işlədiyi dövr üçün 5675 m3 sərfiyyat hesablanır. Sayğacda qalan su – 186 m3 , Fərq 5675-186=5489 m3 . Sayğacda qalan su nəzərə alınmaqla sayğacın ölçmədiyi, düzgün işləmədiyi dövrlərə 5489 m3 borc su sərfi işlənəcək.
4. xx.xx.2024-cü il tarixli abonent haqqında məlumatdan görünür ki, iddiaçı ilə xx.xx.2016-cı il tarixdə müqavilə imzalanmış, müqavilənin nömrəsi 33360862-dir. 2023-cü ilin oktyabr ayı üçün 5489 manat su, 5489 manat tullantı suyu üçün olmaqla ümumilikdə 10978 manat məbləğində borc saldoya daxil edilmişdir.
5. Cavabdeh ASC-nin açıq məlumat bazasına əsasən müəyyən edilir ki, iddiaçıya məxsus olan 075955 (qeyri-əhali) abonent kodu üzrə xx.xx.2024-cü il tarixə borc məbləği 8864 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı X4 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 10582 manat borcun silinməsi, iddia təmin olunacağı halda, qətnamə qanuni qüvvəsini alana qədər iddiaçı tərəfindən sayğaca yüklənmiş su sərfiyyatının hesablanaraq borca silinmiş hissəsinin su (m3 ) şəklində geri qaytarılması barədə qətnamə qəbul edilməsini qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi sahibkar olaraq vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş, vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə (**********) malik olmaqla Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində quru təmizləmə obyekti işlətməkdədir. Su istifadəsinin rəsmiləşdirilməsi məqsədilə iddiaçı ilə Cavabdeh ASC ilə xx.xx.2016-cı il tarixdə 33360862/075955 saylı abonent müqaviləsi imzalanmışdır. xx.xx.2016-cı il tarixində Cavabdeh ASC tərəfindən quraşdırılmış “CSS” markalı su sayğacına 962440 saylı plomb vurulmuşdur. 7 il ərzində bir dəfə belə narazılıq olmamışdır. Lakin 2023-cü ilin oktyabr ayında Cavabdeh ASC əməkdaşları tərəfindən qabaqcadan heç bir xəbərdarlıq edilmədən, qanunvericiliyin bütün tələbləri pozulmaqla yoxlama həyata keçirilmişdir. Yoxlama nəticəsində əməkdaşların özü tərəfindən su sayğacı sökülmüş, müayinə olunması üçün laboratoriyaya aparılmış və laborator müayinənin nəticəsində təqdim olunmuş rəydə iddiaçının sayğaca müdaxilə etdiyi qeyd edilmiş, xx.xx.2023-cü il tarixdə isə 10582 manat məbləğində borcun olması və bu borcun ödənilməli olması barədə xəbərdarlıq təqdim edilmişdir. Cavabdeh ASC-nin X7 İdarəsinin Suölçən Cihazların Kalibrləmə Laboratoriyası tərəfindən verilən rəydə aydın görünür ki, iddiaçıya məxsus “CSS” markalı plomb nömrəsi 962440 olan sözügedən sayğacda dövlət plombunun mövcudluğu və Su Təchizatı və Kanalizasiya Müəssisəsinə məxsus Cavabdeh loqolu plombun mövcudluğu tam olmuş və qırılma, müdaxilə və pozulma olmamışdır. Bütün yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, sayğacın tamlığı və bütövlüyü pozulmadığı halda, sayğaca hər hansı müdaxilədən söhbət gedə bilməz. Həmçinin iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsində sudan istifadə ilə bağlı kənar xətt olmamışdır. Bununla yanaşı, iddiaçının məlumatı və iştirakı olmadan baxış keçirilməsi qanunsuzdur. Keçirilən yoxlama sahibkar kimi iddiaçının hüquqlarının pozulması ilə həyata keçirilmişdir. Bütün bunlardan əlavə həmin tarixdə keçirilən yoxlamanın nəticələri əsassız və qanunsuzdur. Belə ki, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-771/2024 nömrəli qərardadı ilə iddiaçı X2 Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi və s.” tələbinə dair iddia ərizəsinin “iddia təmin olunacağı halda, qətnamə qanuni qüvvəsini alana qədər iddiaçı tərəfindən sayğaca yüklənmiş su sərfiyyatının hesablanaraq borca silinmiş hissəsinin su (m3 ) şəklində geri qaytarılması” hissəsində baxılmamış saxlanılması qərara alınmışdır.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-771/2024 nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) iddia qisməm təmin edilmiş, iddiaçı X3 məxsus 075955 saylı abonent koduna hesablanmış 8864 (səkkiz min səkkiz yüz altmış dörd) manat məbləğində borcun silinməsi öhdəliyi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmuşdur.
10. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus xx.xx.2016-cı il tarixdə quraşdırılmış “Smart CSS/H” markalı 116998 nömrəli sayğac xx.xx.2023-cü il tarixdə “Metlab” markalı 43154732 nömrəli sayğacla dəyişdirilmiş, çıxarılan sayğac xx.xx.2023-cü il tarixdə laborator yoxlamadan keçirilmiş, yoxlamanın nəticəsində sayğacın istismara yararsız olduğu, sayğacın su sərfiyyatını normadan kənar qeydə aldığı müəyyən edilmiş, sayğacda qalan su nəzərə alınmaqla sayğacın ölçmədiyi, düzgün işləmədiyi dövrlərə görə 5489 m3 su sərfi və 5489 m3 tullantı su sərfi hesablanaraq 2023-cü ilin oktyabr ayı üçün 10978 manat borc saldoya daxil edilmişdir. Bundan başqa müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan 075955 (qeyri-əhali) abonent kodu üzrə xx.xx.2024-cü il tarixə borc məbləği 8864 manat təşkil edir.
11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Bu səbəbdən cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan yoxlamanın nəticəsi də qanunsuzdur.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, hətta xx.xx.2023-cü il tarixli rəyin hüquqi qüvvəsi mövcud olsa belə, yuxarıdakı qaydada sərf edilmiş suyun həcminin müəyyənləşdirilməsi üçün dövrün başlanğıcı sonuncu dəfə göstəricilərin qeyd edilməsi anıdır. Adıçəkilən rəydən sayğacın nasazlığı, yəni sərfiyyatı hansı dövrdən xəta ilə qeyd etdiyi ilə bağlı hər hansı məlumat əldə etmək mümkün deyildir. Cavabdeh ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin abonent xidmətləri şöbəsinin mühəndisi Nurlan Alizade adından ünvanlanan məktubda suölçən cihazın sonuncu dəfə göstəricilərinin xx.xx.2023- cü il tarixdə qeydə alındığı əks olunmuşdur. Halbuki xx.xx.2023-cü il tarixli smart-kart tipli su sayğacının dəyişdirilməsi aktından baza məlumatlarına əsasən suölçən cihazın son göstəricisinin oxunma tarixi xx.xx.2023-cü il kimi əks olunmuşdur. Belə olan halda, müvafiq məbləğin hesablanması üçün əsas götürülən xx.xx.2023-cü il tarixinin hansı qaydada və əsasla müəyyənləşdirildiyi aşkar oluna bilmir. Sözügedən məktub və həmin məktubdan qeyd olunan hesablama qaydası, hesablama dövrü ilə bağlı məhkəmənin ikinci hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 ünvanlanmış, həmin halla bağlı sübutların təqdim edilməsi təklif olunmuşdur. Lakin cavabdeh tərəf növbəti məhkəmə iclaslarında iştirak etməmiş, eləcə də “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetləri vasitəsilə müvafiq hala aidiyyəti olan hər hansı sübut təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin “Sudan istifadə Qaydaları”nın 2.1.4-cü və 2.1.6-cı bəndinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq və verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) vəzifəsini su təchizatı və kanalizasiya müəssisəsi kimi Cavabdeh ASC daşıyır.
13. Məhkəmə son olaraq qeyd etmişdir ki, Cavabdeh ASC-nin açıq məlumat bazasına əsasən, hesablanan 10978 manat (iddiaçı silinməli borc məbləğini 10582 manat qeyd edir) borcdan 2114 manat (silinməsi tələb edilən məbləğdən isə 1718 manat) ödənildiyindən həmin hissədə də məhkəmə tərəfindən silinmənin aparılması mümkün deyildir. Belə ki, iddiaçının tələbini borcun silinməsi təşkil edir və bu halda yalnız cavabdeh tərəfindən hesablanmış və iddiaçının tələbinin faktiki əsasına uyğun olan mövcud borcun silinməsi mümkündür.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-771/2024 nömrəli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddiada 10582 manatın silinməsini tələb etmişdir. Birinci instansiya məhkəməsinin bu şəkildə davranışına əsas son görünən borc olmuşdur. Sədrlik edən hakim tərəfindən qeyd edilən iş üzrə xx.xx.2024-cü il tarixdə müvəqqəti təmin tədbirinə dair ərizə təmin olunaraq e-16(113)-84/2024 nömrəli qərardad qəbul edilmişdir. Həmin qərardadla iddiaçı tərəfindən edilən ödəmələrin cavabdeh tərəfindən əsasız olaraq silinməsinin qadağan edilməsi təmin edilmiş və tutulmalar dayandırılmışdır. Nəticə etibarı ilə hakim tərəfindən təmin edilməyən məbləğ 1718 manat iddiaçının əvvəlki ödənişlərindən cavabdeh tərəfindən edilən tutulmalar nəticəsində formalaşmış məbləğdir. Bu da məhkəmənin diqqətindən yayınmışdır. Cavabdehin sistemində görünən rəqəmlə iddiaçının iddia etdiyi rəqəm arasındakı fərq araşdırılmamışdır. Göründüyü kimi qarşı tərəf iddiaya qarşı hər hansı bir əsaslı etiraz verməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçı X4 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
17. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
18. Tətbiq edilən hüquq
“Su təchizatı və tullantı suları haqqında” Qanun 12-ci maddə- su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 34-cü maddəsinin 3-cü bəndi- kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 5-ci maddənin 3-cü bəndi- su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları” 6.18-ci bənd- su təchizatı və kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 6.15-ci bənd-suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Xidmətin müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq; pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Xidmətin müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu 2.3-cü maddə- dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddə- bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 13.1-ci maddə- sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2-ci maddə- sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə 1.4-cü bənd- “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bənd- sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 5.2-ci bənd- yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
19. Qətnamə iddiaçı tərəfindən qismən – iddianın təmin edilmədiyi hissədə mübahisələndirdiyindən qismən yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
20. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-771/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. İş materiallarından görünür ki, iddiaçının sahibkar kimi fəaliyyət göstərdiyi obyektin su təchizatı sisteminə baxış keçirilmiş, obyektdə quraşdırılmış sayğac düzgün işləyib-işləmədiyinin müəyyən edilməsi üçün laboratoriyaya göndərilmiş, sayğacın düzgün işləməsi əsası ilə 10978 manat əlavə borc hesablanmış, borcun 1718 manatı cavabdeh tərəfindən iddiaçının həyata keçirdiyi ödənişlərdən tutulmuşdur.
22. Birinci instansiya məhkəməsi mübahisləndirilən borcun cavabdeh tərəfindən qanunsuz və əsassız hesablandığına dair iddiaçının dəlilləri ilə razılaşaraq 8864 manat borcun silinməsi hissəsində iddianı əsaslı hesab etmiş, 1718 manat borc artıq mövcud olmadığı (cavabdeh tərəfindən ödənişdən tutulduğu üçün) üçün həmin hissədə iddianı rədd etmişdir.
23. İddiaçı bu hissədə qətnaməni mübahisələndirərək qeyd etmişdir ki, bu borc 1718 manat iddiaçı tərəfindən könüllü ödənilməmiş, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbiri görülənədək cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərdən tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən borcun 1718 manatı iddiaçının iradəsindən asılı olmayaraq cavabdeh tərəfindən tutulsa da, abunə hesabında artıq bu borc mövcud olmadığından birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddia bu hissədə təmin edilə bilməz. Məhkəmə izah edir ki, iddiaçı həmin vəsaitin cavabdehdən əsassız varlanma qaydasında geri qaytarılması üçün cavabdehə müraciət etməli, imtina olunarsa məhkəmədə yeni iddia qaldırmalıdır.
24. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 771/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-771/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.