Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-644/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X1 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2358/2021 saylı 29 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə 07 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 244.345,20 manat borcun **********00150 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər rayonu, Zirə qəsəbəsi, Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən, abonent kodu **********00150 olan istixana fəaliyyət göstərir. Həmin İstixana cavabdeh tərəfindən qazın alqı-satqısı müqaviləsi əsasında təbii qazla təmin edilmiş, tərəflər arasında 2020-ci il 9 yanvar tarixdə qazın alqı-satqısı müqaviləsi yenilənərək AMX-0326/20 saylı müqavilə bağlanmış, istixanada istifadə edilən təbii qazın dəyəri vaxtı-vaxtında ödənilmişdir. Buna baxmayaraq, cavabdeh 2018-ci ilin noyabr ayında 37.156,20 manat, dekabr ayında isə 35.355 manat, 2019-cu ilin yanvar ayında 52.015,60 manat, fevral ayında 47.065,60 manat, mart ayında 43.828,60 manat, aprel ayında 25.392,20 manat, may ayında 439 manat, iyun ayında 242,80 manat, iyul ayında 649,40 manat, avqust ayında isə 2.200,80 manat olmaqla, ümumilikdə 244.345,20 manat məbləğində əsassız borc hesablamış, sonradan 2020-ci il ərzində əsassız borcun silinəcəyini vəd versə də, əksinə həmin borcu qazın dayandırılması xəbərdarlığı ilə tələb etmişdir. Fəaliyyət sahəsindən də göründüyü kimi, təbii qaz olmadıqda istixanada mövcud olan bitkilər tamamilə məhv ola, bu isə onun müflisləşməsinə gətirib çıxara bilər. Bu səbəbdən, iddiaçı hesablanmış borcu əsassız hesab etsə də, hissə-hissə ödəmə məcburiyyətində qalmışdır. İllər ərzində əsassız hesablanmış borcun yaranma əsaslarını araşdırsa da bununla bağlı cavabdeh təşkilat ona hər hansı qanuni sənəd təqdim etməmişdir. Abonent saldosundan da göründüyü kimi, sayğac tam saz vəziyyətdə olduğu və hesabatı dəqiq apardığı halda ona sayğac göstəricisindən əlavə əsassız borclar hesablanmışdır. Hesablanmış borclarla bağlı sənədləri istədikdə cavabdeh ona əlavə hesabatın qanuni əsaslarla aparıldığını təsdiq edən heç bir sənəd təqdim edə bilməmiş, yalnız heç bir hüquqi qüvvəyə malik olmayan və qanunvericiliklə nəzərdə tutulmayan qaydada tərtib edilmiş saxta aktlar təqdim edilmişdir. Həmin aktlarda qeyd edilir ki, sayğacın elektron hissəsi işləmədiyi üçün ona yuxarıda qeyd etdiyi əlavə borc məbləğləri hesablanmışdır. Abonent saldosuna baxdıqda “cəmi” bölümünə nəzər salınsa saldonun tərtibatında uyğunsuzluqları və cavabdehin qanunsuz hərəkətlərini aydın görmək olar. Belə ki, həmin bölümdə aktlar üzrə hesablanmış məbləğ cəmi 179.136,20 manat qeyd edilsə də, aylar üzrə aktlara əsasən hesablanmış məbləğləri cəmləyəndə bu 244.345,20 manat edir. Qaz sayğacının elektron hissəsi işləməsəydi, belə olan halda hansı səbəbdən qaz sayğacı çıxarılaraq təmirə göndərilmir və ya yenisi ilə əvəz edilmirdi. Qaz sayğacı istixanadan kənarda, SOCAR-a məxsus xüsusi mühafizə edilən ərazidə yerləşir və sayğac göstəriciləri cavabdeh təşkilatın əməkdaşları tərəfindən onun iştirakı olmadan götürülür. Qaz sayğacının elektron hissəsinin işləməməsi ilə bağlı yalnız 10 aydan (11.2018 – 08.2019) sonra ona məlumat verilmiş və sayğac 2019-cu il 14 avqust tarixdə yenisi ilə əvəz edilmişdir. Abonent saldosundan da göründüyü kimi, cavabdeh təşkilat sayğac göstəricilərinə əsasən müəyyən edilmiş borcun üzərinə heç bir hüquqi əsası olmayan əlavə borclar hesablamışdır. Belə bir hesablama qaydası heç bir qanunda, normativ hüquqi aktda nəzərdə tutulmamışdır. Qanunvericilikdə istifadə edilmiş təbii qazın dəyərinin müəyyən edilməsinin iki üsulu var, birinci sayğac vasitəsi ilə, ikinci sayğac olmadığı təqdirdə ötən ayın orta günlük sərfiyyatına uyğun. Göründüyü kimi, cavabdeh təşkilat özündən yeni hesabat üsulu müəyyən etmiş və qanunsuz olaraq tətbiq etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2358/2021 saylı 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilək, X2 cavabdeh tərəfindən aktlar üzrə 2018-ci ilin noyabr ayında hesablanmış 37.156,20 manat, 2018-ci ilin dekabr ayında hesablanmış 33.448,40 manat, 2019-cu ilin yanvar ayında hesablanmış 52.015,60 manat, 2019-cu ilin fevral ayında hesablanmış 47.065,60 manat, 2019-cu ilin mart ayında hesablanmış 43.828,60 manat, 2019-cu ilin aprel ayında hesablanmış 25.392,20 manat, 2019-cu ilin may ayında hesablanmış 439 manat, 2019-cu ilin iyun ayında hesablanmış 242,80 manat, 2019-cu ilin iyul ayında hesablanmış 649,40 manat, 2019-cu ilin avqust ayında hesablanmış 2200,80 manat, cəmi 244.345,20 manat borcun hesabından silinməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən yoxlamalar aparılarkən sahibkarlıq sahəsində yoxlamaların aparılması qaydalarına riayət olunmadığından onun nəticələri qanunsuz hesab edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may tarixli 2011-ci il qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – Qaydalar) 4.2, 4.9-cu bəndlərinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra – Qanun) 3.2, 31.2, 31.2.3-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1.4, 1.5, 5.2-ci bəndinə istinad etməklə əsaslandırmışdır. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2358/2021 saylı 29 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X2 məxsus istixanaya verilən təbii qazın dəyəri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sayğac göstəricilərinə əsasən müəyyən edilmişdir. Abonent saldosundan da göründüyü kimi, silinməsi qət edilmiş 244345,20 manat məbləğində təbii qazın dəyəri istehlakçının istismarında olan Elster G-1000 tipli, 83048717 nömrəli qaz sayğacının elektron tablosunun gəstəricilərinə əsasən müəyyən edilmişdir. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Birliyə ünvanlanmış məktubda (əlavə olunur) qeyd edilir ki, sənaye qaz sayğacları vasitəsi ilə qazın həcminin hesabatı dövlət reyestrinə düşmüş bütün tip elektron korrektorlu qaz sayğaclarında elektron tablonun göstəricilərinə əsasən aparılır. Göründüyü kimi, Dövlət Komitəsi tərəfindən də təsdiq edilmişdir ki, sənaye sayğacları vasitəsi ilə sərf edilən qazın dəyəri elektron tablonun göstəricilərinə əsasən müəyyən edilir. Hazırki vəziyyətdə elektron hissə işləmədiyi üçün istifadə edilmiş qazın dəyəri mexaniki tabloya əsasən müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qaydanın 4.2. bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qətnamədə qeyd edilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Belə ki, cavabdeh təşkilat tərəfindən sahibkarlıq subyektində aparılan yoxlamalar Reyestrdə qeydiyyata alınmamışdır. Bu hala əsaslanaraq birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Bununla bağlı qeyd etmək istəyirik “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, SMPDK tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Göründüyü kimi, qaz sayğacı balans mənsubiyyəti sərhəddində quraşdırılmış qurğudur və sahibkarlıq subyekti ərazisinə daxil deyil. Məhkəmə qətnaməsindən də göründüyü kimi, məhkəmə heç bir qanuna, normativ akta əsaslanmadan qaz sayğacının göstəricilərinə əsasən istifadə edilmiş təbii qazın dəyərinin silinməsini qət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdeh təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər(rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Nizamnamənin 2.4-cü bəndində “yanacaq-enerji resurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itki, sərf normalarının, eləcə də sahə üzrə tətbiqi məcburi xarakter daşıyan digər daxili normativ sənədlərin hazırlanması, təsdiq və tətbiq edilməsi” SOCARın qanuna zidd olmadan müstəqil qərar qəbul etmək səlahiyyəti kimi təsbit olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli 345 nömrəli “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Fərmanının 4-cü bəndi ilə dövlət başçısı tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına tapşırmışdır ki, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi ilə Şirkətin səlahiyyətlərinə aid edilmiş məsələlərə münasibətdə müvafiq normativ-hüquqi aktlar tətbiq edilərkən Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 aprel tarixli, 258 nömrəli Fərmanı ilə müəyyən edilmiş müddəalar əsas götürülsün”. Göründüyü kimi, SOCAR-ın sahə üzrə məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan rəsmi sənədin qəbul edilməsi səlahiyyəti “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.9-cu maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən normativ hüquqi aktla (258 nömrəli Fərman) müəyyən edilmişdir. Məlum olduğu kimi, bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyri-qanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici meyar-faydalanan və zərərçəkən tərəflərin olmasıdır ki, bu da aşkar surətdə bəllidir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin: “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır; “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlərin görülməsi tapşırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-1123/2021 saylı 29 oktyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə müvəqqəti təminat tədbiri görülərək Xəzər rayonu, Zirə qəsəbəsi, Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən **********00150 saylı abonent kodu olan istixananın 244.345,20 manat borcla bağlı qaz təchizatının dayandırılması cavabdehə qadağan edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-1123/2021 saylı 8 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməklə iddia tələbinin 184.810,8 manat borcun iddiaçının abunə hesabından silinməsi hissəsində təmin edilməsi, qətnamənin qalan hissədə (59.534,4 manat borcun iddiaçının abunə hesabından silinməsi) dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının silinməsini tələb etdiyi borcun 184.810,8 manat məbləğində hissəsi aktlar əsasında hesablanmış borc deyil, 2020-ci ilin iyul ayından sonra qazdan istifadəyə görə sayğac göstəricisi əsasında yaranmış borc olduğundan həmin borcun silinməsi qanuni olmamış, lakin birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya məxsus obyektdə həyata keçirilmiş yoxlamanın vahid məlumat reyestrində qeydə alınması təmin edilmədiyindən yoxlama aktlarının hüquqi nəticələrinin etibarsız olduğu üçün aktlar əsasında hesablanmış 59.534,4 manat qalıq borcun silinməsi barədə iddia tələbinin əsaslı olmasına dair gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası gəldiyi nəticəni Qanunun 3.2-ci maddəsinə, Əsasnamənin 1.4, 1.5, 5.2-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır. Həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)-200/2022 saylı 19 aprel 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-1123/2021 saylı 8 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Hazırki işə apellyasiya qaydasında yenidən baxılması son olaraq xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, sayğac həqiqətən də iddiaçının istifadəsində olmayan sahədə yerləşir, mübahisəli aktlar iddiaçının iştirakı olmadan tərtib olunmuş, bu barədə ona sonradan məlumat verilmiş, lakin aktların surəti iddiaçıya təqdim olunmamışdır. aktlar əsasında 244345,20 manat borc hesablansa da, abonentin saldosunda “aktlar” bölməsində aktlar əsasında yaranmış borcun məbləği texniki səhv nəticəsində 179136,20 manat göstərilmişdir. Abonentin saldosu sənədində “sayğac oxunması” qrafasında borc məbləği 2130472,60 manat olmuş, “ödəmələr” qrafasında 2135706,20 manat qeyd olunmuş, yəni iddiaçı sayğac göstəricilərinə əsasən hesablanmış borcu həmişə artıqlaması ilə ödəmiş, buna görə də onun sərf olunan qazla bağlı sayğac göstəricisi əsasında borcu qalmamışdır. İddiaçının silinməsini tələb etdiyi 244345,20 manat məbləğ isə iddiaçının istifadə etdiyi qaz sərfiyyatı ilə bağlı deyil, onun barəsində sayğacın elektron korrektorunun işləməməsi səbəbindən tərtib olunmuş aktlarla bağlıdır. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı sayğacın elektron korrektor hissəsinin işləməməsindən və mübahisəli aktlardan 10 ay sonra məlumatlı olmuş, həmin aktların surəti isə ona verilməmişdir. Mübahisəli aktlar əsasında iddiaçıya 244345,20 manat borc hesablansa da, abonentin saldosunda “aktlar” bölməsində aktlar əsasında yaranmış borcun məbləği texniki səhv nəticəsində 179136,20 manat göstərilmişdir. Abonentin saldosu sənədində “sayğac oxunması” qrafasında borc məbləği 2130472,60 manat göstərildiyi halda, “ödəmələr” qrafasında 2135706,20 manat qeyd olunmuşdur. Yəni, sayğacın göstəricisinə uyğun olaraq yaranan borc məbləğləri iddiaçı tərəfindən dərhal artıqlaması ilə ödənilmişdi, buna görə də onun borc qalığı qalmırdı. Ona görə də silinməsi tələb olunan 244345,20 manat məbləğ iddiaçının istifadə etdiyi qaz sərfiyyatı ilə bağlı deyil, onun barəsində sayğacın korrektorunun işləməməsi səbəbindən tərtib olunmuş aktlarla bağlıdır. Bununla bağlı iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 2018-ci il 30 noyabr tarixli aktdan görünür ki, “Pirallahı-Qala” magistral qaz kəmərindən təbii qazla qidalanan “Könül Fərhadzadə” qaz xətti üzərində quraşdırılmış Elster tipli,G-1000 markalı, 83048717 saylı sayğaca baxış keçirilən zaman sayğacın elektron korrektor hissəsinin işləməməsi müəyyən edilmiş, bu səbəblə 2018-ci ilin noyabr ayı ərzində təhvil verilmiş qaz həcminin hesabatı aparılmış və noyabr ayı ərzində təhvil verilmiş qazın həcmi 321.736 kub.metr kimi qəbul edilmişdir. 2018-ci il 28 dekabr tarixli akta görə, “Pirallahı-Qala” magistral qaz kəmərindən təbii qazla qidalanan “Könül Fərhadzadə”qaz xətti üzərində quraşdırılmış Elster tipli,G- 1000 markalı, 83048717 saylı sayğaca baxış keçirilən zaman sayğacın elektron korrektor hissəsinin işləməməsi müəyyən edilmiş, bu səbəblə 2018-ci ilin dekabr ayı ərzində təhvil verilmiş qaz həcminin hesabatı aparılmış və dekabr ayı ərzində təhvil verilmiş qazın həcmi 344.017 kub.metr kimi qəbul edilmişdir. 2019-cu il 31 yanvar tarixli aktdan görünür ki, “Pirallahı Qala” magistral qaz kəmərindən təbii qazla qidalanan “Könül Fərhadzadə” qaz xətti üzərində quraşdırılmış Elster tipli,G-1000 markalı, 83048717 saylı sayğaca baxış keçirilən zaman sayğacın elektron korrektor hissəsinin işləməməsi müəyyən edilmiş, bu səbəblə 2019-cu ilin yanvar ayı ərzində təhvil verilmiş qaz həcminin hesabatı aparılmış və yanvar ayı ərzində təhvil verilmiş qazın həcmi 496.943 kub.metr kimi qəbul edilmişdir. 2019-cu il 28 fevral tarixli aktdan görünür ki, “Pirallahı Qala” magistral qaz kəmərindən təbii qazla qidalanan “Könül Fərhadzadə” qaz xətti üzərində quraşdırılmış Elster tipli,G-1000 markalı, 83048717 saylı sayğaca baxış keçirilən zaman sayğacın elektron korrektor hissəsinin işləməməsi müəyyən edilmiş, bu səbəblə 2019-cu ilin fevral ayı ərzində təhvil verilmiş qaz həcminin hesabatı aparılmış və fevral ayı ərzində təhvil verilmiş qazın həcmi 446.007 kub.metr kimi qəbul edilmişdir. 2019-cu il 1 aprel tarixli akta görə, “Pirallahı Qala” magistral qaz kəmərindən təbii qazla qidalanan “Könül Fərhadzadə” qaz xətti üzərində quraşdırılmış Elster tipli,G-1000 markalı, 83048717 saylı saygaca baxış keçirilən zaman sayğacın elektron korrektor hissəsinin işləməməsi müəyyən edilmiş, bu səbəblə 2019-cu ilin mart ayı ərzində təhvil verilmiş qaz həcminin hesabatı aparılmış və mart ayı ərzində təhvil verilmiş qazın həcmi 418.727 kub.metr kimi qəbul edilmişdir. 2019-cu il 30 aprel tarixli aktdan görünür ki, “PirallahıQala” magistral qaz kəmərindən təbii qazla qidalanan “Könül Fərhadzadə” qaz xətti üzərində quraşdırılmış Elster tipli,G-1000 markalı, 83048717 saylı saygaca baxış keçirilən zaman sayğacın elektron korrektor hissəsinin işləməməsi müəyyən edilmiş, bu səbəblə 2019-cu ilin aprel ayı ərzində təhvil verilmiş qaz həcminin hesabatı aparılmış və aprel ayı ərzində təhvil verilmiş qazın həcmi 245.284 kub.metr kimi qəbul edilmişdir. 2019-cu il 31 may tarixli aktdan görünür ki, “Pirallahı Qala” magistral qaz kəmərindən təbii qazla qidalanan “Könül Fərhadzadə” qaz xətti üzərində quraşdırılmış Elster tipli,G-1000 markalı, 83048717 saylı saygaca baxış keçirilən zaman sayğacın elektron korrektor hissəsinin işləməməsi müəyyən edilmiş, bu səbəblə 2019-cu ilin may ayı ərzində təhvil verilmiş qaz həcminin hesabatı aparılmış və may ayı ərzində təhvil verilmiş qazın həcmi 4.332 kub.metr kimi qəbul edilmişdir. 2019-cu il 1 iyul tarixli aktdan görünür ki, “Pirallahı Qala” magistral qaz kəmərindən təbii qazla qidalanan “Könül Fərhadzadə” qaz xətti üzərində quraşdırılmış Elster tipli,G-1000 markalı, 83048717 saylı sayğaca baxış keçirilən zaman sayğacın elektron korrektor hissəsinin işləməməsi müəyyən edilmiş, bu səbəblə 2019-cu ilin iyun ayı ərzində təhvil verilmiş qaz həcminin hesabatı aparılmış və iyun ayı ərzində təhvil verilmiş qazın həcmi 2.450 kub.metr kimi qəbul edilmişdir. 2019-cu il 1 avqust tarixli aktdan görünür ki, “Pirallahı Qala” magistral qaz kəmərindən təbii qazla qidalanan “Könül Fərhadzadə” qaz xətti üzərində quraşdırılmış Elster tipli,G-1000 markalı, 83048717 saylı sayğaca baxış keçirilən zaman sayğacın elektron korrektor hissəsinin işləməməsi müəyyən edilmiş, bu səbəblə 2019-cu ilin iyul ayı ərzində təhvil verilmiş qaz həcminin hesabatı aparılmış və iyul ayı ərzində təhvil verilmiş qazın həcmi 6.619 kubmetr kimi qəbul edilmişdir. 2019-cu il 30 avqust tarixli aktdan görünür ki, “Pirallahı Qala” magistral qaz kəmərindən təbii qazla qidalanan “Könül Fərhadzadə” qaz xətti üzərində quraşdırılmış Elster tipli,G-1000 markalı, 83048717 saylı saygaca baxış keçirilən zaman sayğacın elektron korrektor hissəsinin işləməməsi müəyyən edilmiş, bu səbəblə 2019-cu ilin avqust ayı ərzində təhvil verilmiş qaz həcminin hesabatı aparılmış və avqust ayı ərzində təhvil verilmiş qazın həcmi 23.581 kub.metr kimi qəbul edilmişdir. **********00150 saylı abonent saldosundan görünür ki, aktlar üzrə 2018-ci ilin noyabr ayında 37.156,20 manat, 2018-ci ilin dekabr ayında 35.355 manat, 2019-cu ilin yanvar ayında 52.015,60 manat, 2019-cu ilin fevral ayında 47.065,60 manat, 2019-cu ilin mart ayında 43.828,60 manat, 2019-cu ilin aprel ayında 25.392,20 manat, 2019-cu ilin may ayında 439 manat, 2019-cu ilin iyun ayında 242,80 manat, 2019-cu ilin iyul ayında 649,40 manat, 2019-cu ilin avqust ayında 2200,80 manat qazdan istifadəyə görə X2 borc hesablanmışdır. İddiaçıya məxsus obyektə 2019-cu il 14 avqust tarixdə yeni sayğac quraşdırılmışdır. Hazırda iddiaçı məhz aktlar əsasında yaranmış borcu bağlamaq üçün ödənişlər etdiyinə və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdehlik daşıdığına istinad edərək ona cavabdeh tərəfindən hesablanmış 244345,20 manat borcun silinməsini tələb edir. Cavabdeh tərəf isə mübahisəli aktların yoxlama aktları olmadığına görə məhkəmə tərəfindən həmin aktlara münasibətdə qanunvericiliyin sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı müddəalarının tətbiq edilməsinin işin hallarına uyğun olmadığını bildirir və hesab edir ki, iddiaçıya hesablanan 244345,20 manat borc əsaslı olduğu üçün ödənilməlidir. Beləliklə, iş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya 10 ədəd akt əsasında 244345,20 manat əlavə borc hesablanmışdır. Birinci instansiya məhkəməsi aktlar əsasında iddiaçıya 244345,20 manat borcun hesablandığını qeyd etməklə həmin borcun cavabdeh tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə riayət edilməməklə aparılmış yoxlama nəticəsində hesablanması əsası ilə silinməli olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən istinad etdiyi əsasın mövcudluğunu kassasiya instansiyası məhkəməsinin qərarında qoyduğu göstərişlərlə bağlı yoxlayarkən müəyyən etdi ki, iddiaçıya borcun hesablanması üçün əsas olan mübahisəli aktlar hər ay sayğaca baxışla əlaqədar tərtib olunmuş, yəni bu aktların qanunvericiliyin sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı tərtib olunmasını zəruri edən aktlara aidiyyatı yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.1-ci bəndinə görə, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamaq üçün hər ay qaz sayğacına baxış keçirməli və bu barədə hər ay istehlakçıya hesab təqdim etməli və ya göndərməlidir. Bu, yuxarıda adı çəkilən Qaydaların tələbidir və cavabdehin hüququ olaraq müəyyən edilmişdir. Yəni, hazırki işdə cavabdehin bu qaydaya uyğun olaraq sayğaca baxış keçirməklə borc hesablamasının qanunvericiliyin sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı müddəalarına aidiyyatı yoxdur. Digər tərəfdən, cavabdeh tərəfin tərtib etdiyi mübahisəli aktlar məzmunundan da göründüyü kimi, sayğaca baxış zamanı onun elektron korrektor hissəsinin işləməməsi səbəbindən sayğacın əvvəlki və sonrakı göstəricisinin müqayisəli təhlilinə uyğun borc hesablanmış, bu barədə həm əvvəlki, həm də sonrakı aylarda aktlar tərtib olunarkən iddiaçının nümayəndəsinin iştirakı təmin olunmamışdır. İddiaçının sözlərinə görə, sayğacın elektron korrektor hissəsinin işləməməsindən və mübahisəli aktlardan 10 ay sonra məlumatı olmuş, həmin aktların surəti isə ona verilməmişdir. Bu faktlar işin təkrar apellyasiya baxışı zamanı tərəflərin nümayəndələrinin verdiyi izahatlarla da təsdiq olundu. Bundan başqa, iddiaçı qaz sayğacının istixanadan kənarda cavabdehə məxsus xüsusi mühafizə edilən ərazidə yerləşdiyini bildirir. İşin təkrar apellyasiya baxışı zamanı müəyyən olundu ki, əvvəlki məhkəmə icraatlarında olduğu kimi, hazırda da sayğacın həqiqətən də iddiaçının istifadəsində olmayan sahədə yerləşdiyi işin mübahisəsiz halıdır. Bununla yanaşı, mübahisəli aktlar əsasında hesablanmış borc məbləği 244345,20 manat olduğu halda, abonentin saldosuna əsasən (i.v. 35-36) “aktlar” bölməsində borcun 179136,20 manat təşkil etdiyi göstərilmişdir. Bu barədə məhkəmə kollegiyası tərəfindən araşdırma aparılarkən məlum oldu ki, iddiaçıya məhz adı çəkilən aktlar əsasında 244345,20 manat borc hesablanmış, lakin abonentin saldosunda “aktlar” bölməsində aktlar əsasında yaranmış borcun məbləği texniki səhv nəticəsində 179136,20 manat göstərilmişdir. Bu faktı məhkəmə prosesində iştirak edən hər iki tərəfin nümayəndəsi təsdiqləmişdir. Belə olan halda iddiaçıya aktlar əsasında hesablanmış 244345,20 manat borcun iddiaçının istifadə etdiyi qaz sərfiyyatına görə yaranmış borc məbləğinə aidiyyatının olub-olmaması məsələsi də kassasiya instansiyası məhkəməsinin qərarında qoyduğu göstərişlərlə bağlı bir daha araşdırılmışdır. Məlum olmuşdur ki, abonentin saldosu sənədində “sayğac oxunması” qrafasında borc məbləği 2130472,60 manat göstərildiyi halda, “ödəmələr” qrafasında 2135706,20 manat qeyd olunmuşdur. Bu barədə məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi bildirmişdi ki, qaz sərfiyyatı ilə bağlı iddiaçının heç vaxt borcu qalmamış, belə ki, sayğacın göstəricisinə uyğun olaraq yaranan borc məbləğləri iddiaçı tərəfindən dərhal artıqlaması ilə ödənilmişdi, buna görə də borc qalığı qalmırdı. Bu fakta münasibətdə cavabdehin nümayəndəsi izahatında bildirmişdi ki, həqiqətən də iddiaçının sayğac göstəricilərinə əsasən borcu abonentin saldosunda “sayğac oxunması” qrafasında göstərilmiş və həmin məbləğ “ödəmələr” qrafasında qeyd olunan məlumata əsasən artıqlaması ilə ödənilmiş, buna görə də iddiaçının sərf olunan qazla bağlı sayğac göstəricisi əsasında borcu qalmamışdır. İddiaçının silinməsini tələb etdiyi 244345,20 manat məbləğ isə iddiaçının istifadə etdiyi qaz sərfiyyatı ilə bağlı deyil, onun barəsində sayğacın elektron korrektorunun işləməməsi səbəbindən tərtib olunmuş aktlarla bağlıdır. Beləliklə, işin təkrar apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçının silinməsini tələb etdiyi 244345,20 manat onun adi işlək vəziyyətdə sayğac göstəricilərinə əsasən yaranmış borcları ilə bağlı deyil, məhz cavabdeh tərəfindən onun iştirakı olmadan balans mənsubiyyətinə aid olmayan sahədə yerləşən sayğacının elektron korrektor hissəsinin işləməməsi səbəbindən tərtib olunmuş aktlarla bağlı hesablanan borc məbləğidir. İddiaçının istifadə etdiyi qaz sərfiyyatı ilə bağlı sayğac göstəricisinə əsasən abonentin saldosunda qeyd olunan borc məbləği iddiaçı tərəfindən artıqlaması ilə ödənilmişdir. O ki qaldı aktlar əsasında iddiaçıya hesablanmış 244345,20 manat borc məbləğinin tələb olunmasına, bu barədə məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, həmin məbləğ iddiaçının iştirakı olmadan onun balans mənsubiyyətinə aid olmayan sayğaca baxış zamanı elektron korrektorunun işləməməsi səbəbindən tərtib olunmuş aktlarla hesablansa da, bu hesablama barədə iddiaçı sonradan da olsa qısa zaman ərzində məlumatlandırılmamış, aktların surəti tanış olmaq üçün ona təqdim olunmamış, iddiaçı bu barədə yalnız 10 aydan sonra xəbərdar olmuşdur ki, bu faktın əksini də cavabdeh tərəf sübuta yetirə bilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçıya hesablanmış 244345,20 manat borc məbləği yalnız bir akta əsasən deyil, 2018-ci ilin sonuncu aylarından etibarən sayğacda elektron korrektorun işləməməsi səbəbindən (hansı ki həmin korrektorun işlək vəziyyətdə olması balans mənsubiyyətçisi olan cavabdehin vəzifəsinə aid olmuşdur) 9 ay ardıcıl olaraq həmin qüsur cavabdeh tərəfindən aradan qaldırılmadan tərtib olunmuş aktlara əsasən hesablanmış, bu hesablamanın aparılması üçün əsas olan qüsur aradan qaldırılmamaqla yanaşı, cavabdeh bu barədə iddiaçıya məlumat belə verməmiş, hətta hər ay cavabdehin təqdim etdiyi hesab-fakturalarda bu borcun mövcudluğunu əks etdirən məlumat da qeyd olunmamışdır. Belə ki, məsələn: iddiaçı barəsində cavabdeh 2018-ci ilin noyabr və dekabr aylarında müvafiq olaraq tərtib olunmuş aktlara əsasən borc hesabladığı halda, xx.xx.2019-xx.xx.2019-cu il tarixlər üzrə təqdim olunmuş 194 nömrəli hesab faktura sənədində bu borc barədə hər hansı qeyd mövcud deyildir. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasında hesab faktura sənədində qeyd olunan borcun yalnız sayğac göstəricisinə əsasən hesablanıb yazılan borc olduğunu təsdiqləmiş, yəni iddiaçı barəsində tərtib olunmuş aktlara əsasən hesablanmış borcun hesab faktura sənədində qeyd olunmasının qeyri-mümkün olduğunu bildirmişdir. Bundan əlavə, mübahisəli aktlar əsasında yaranmış borc 244345,20 manat təşkil etsə də, iş materiallarında olan abonentin saldosu sənədində (i.v. 35-36) həmin borcun məbləği 179136,20 manat kimi göstərilmiş, bunun texniki səhv olduğunu cavabdehin nümayəndəsi də etiraf etmişdir, bununla yanaşı nəzərə alınmalıdır ki, abonentin saldosu sənədi məhz cavabdeh tərəfindən tərtib olunur və ona iddiaçının müdaxiləsi imkansızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Beləliklə, qaz sayğacının balans mənsubiyyətinin cavabdehə aid olduğu işin mübahisəsiz halı olduğu üçün qanunvericiliyin tələbinə görə həmin sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi də məhz qaz paylayıcısı olan cavabdeh daşıyır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 244345,20 manat məbləğində borc cavabdeh tərəfindən əsassız olaraq hesablandığı üçün həmin borcun silinməsini tələb etməkdə iddiaçı haqlı olmuş, buna görə də iddiaçının həmin tələbi əsaslı olduğu üçün birinci instansiya məhkəməsi onun tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2358/2021 saylı 29 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyantın özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-2(103)-644/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-644/2022
07.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver