Məhkəmə qərarları › İş №2-2(103)-646/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-646/2024

02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-646/2024 02.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1345/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Cavabdeh ilə İddiaçı İB arasında xx.xx.2019-cu il tarixli, AMX-8013/19 nömrəli təbii qazın alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.

2. 22 yanvar 2021-ci il tarixdə iddiaçı Cavabdeh məxsus istixanaya baxış keçirilmiş və sayğacdan kənar boru vasitəsilə qazdan qeyri-qanuni xətt aşkar olunması barədə ******* nömrəli akt tərtib edilmişdir.

3. Həmin akt əsasında 22 yanvar 2021-ci il tarixdə dəymiş ziyanın bərpa edilməsi barədə tələbnamə tərtib edilərək 142560 kub metr itirilmiş qaz sərfi hesablanmış və 2021-ci ilin 1-ci ayı üçün abonent saldosunun “qalıq və aktlar” sütununa 28512 manat məbləğində borc daxil edilmişdir.

4. İddiaçının adına olan abonent saldosuna əsasən 2021-ci ilin yanvar ayına ümumilikdə borc 73503,80 manat (sayğac oxunması: 149206,80 manat + aktlar: 28512 manat – ödəmələr: 104215 manat = son borc: 73503,80 manat) təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən istixanada təbii qazdan istifadə etdiyinə görə yaranmış 73503,80 manat əsas borc məbləği və dövlət rüsumu üçün ödənilmiş 310,51 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı bildirir ki, müqaviləyə əsasən İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, cavabdeh həmin müqavilənin şərtlərini pozaraq istixanada istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və xx.xx.2021-ci il tarixə İddiaçınə 73503,80 manat məbləğində borcu yaranmışdır.

7. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, tələb üzrə iddia müddəti iddiaçı tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin 7.2-ci bəndində tərəflərin qarşılıqlı razılığı əsasında müqavilənin müddəti 45 gün müəyyən edilmişdir. Həmin müqavilənin müddəti xx.xx.2020-ci il tarixdə başa çatmışdır. Cavabdeh məxsus istixanada 2020-ci ilin mart ayınadək qazdan istifadə olunaraq ödənişlər edilmişdir. Sonuncu dəfə 2020-ci ilin iyun ayında ödəniş olunmuş, 44991,80 manat borc qalmışdır. Həmin müddətdən sonra Cavabdeh tərəfindən istixanada qazdan istifadə olunmamış, İddiaçı İB ilə heç bir müqavilə bağlanmamışdır. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş "abonent saldosu" adlı sənəddə 2021-ci ilin yanvar ayı üçün "qalıq və aktlar" bölməsində 28512 manat borc yazılmış, yekun borc qrafasında isə 73503,8 manat borc qeyd olunmuşdur. Ümumiyyətlə 28512 manat borcla bağlı heç bir məlumat olmamışdır. İddiaçı tərəfindən qeyd olunan borcla bağlı cavabdehə heç bir bildiriş, hesab-faktura göndərilməmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi üçün 3 illik iddia müddətində məhkəməyə müraciət etməmiş, müqavilə müddəti başa çatdıqdan 4 il sonra məhkəməyə müraciət etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1345/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində Salyan RQİİ-nin nümayəndələri tərəfindən Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisində yerləşən, təbii qaz istifadəçisi Cavabdeh adına abonent qeydiyyatında olan istixananın qaz təsərrüfatına baxış keçirilən zaman sayğacdan kənar xətt vasitəsi ilə qazdan qanunsuz istifadə olunduğu aşkar olunmuş, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilərək itirilmiş qazın bərpası məqsədilə 28512 manat məbləğində (142560 m) hesabat aparılmış, qanunamüvafiq tədbir görülməsi üçün Salyan rayon Prokurorluğuna müraciət edilmişdir. Salyan rayon Prokurorluğu tərəfindən 2021-ci ilin aprel ayınadək araşdırma aparılmış və müvafiq qərar qəbul edilərək inzibati xəta haqqında icraat başlanılmış və baxılması üçün Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji məsələlərini tənzimləmə agentliyinin Şirvan filialına göndərilmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji məsələlərini tənzimləmə agentliyinin Şirvan filialı tərəfindən 2021-ci ilin may ayında qərar qəbul edilmiş və qərar qanuni qüvvəsini almışdır. Məhkəmə isə əsassız olaraq ümumi qaz xəttinə baxış keçirilməsini yoxlama kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji məsələlərini tənzimləmə agentliyinin Şirvan filialı tərəfindən 2021-ci ilin may ayında qərar qəbul edildiyi üçün iddia müddəti 2021-ci ilin may ayından hesablanmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi.

13. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 2.11-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

15. Həmin Qaydaların 2.11-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

16. Həmin Qaydaların 5.2-ci bəndinə (xx.xx.2023-cü il tarixə qədər olan redaksiyada) əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

17. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır.

18. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

19. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.

20. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

21. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.

22. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır.

23. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir.

24. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

25. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

26. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.

27. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

28. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

29. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

30. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

34. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir).

35. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin 3.3-cü bəndində də müəyyən edilmişdir ki, paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).

36. Hazırki işdə isə iddiaçıya məxsus abonent kodunda qeyd edilmiş 28512 manat borc məbləği düzgün hesablanmamışdır.

37. Belə ki, həmin məbləğdə borcun hesablanmasına əsas olmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Belə olan halda isə həmin akt əsasında hesablanan itirilmiş qazın dəyəri iddiaçıdan tələb oluna bilməzdi. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

38. İddiaçı tərəfindən ödənilməsi tələb edilən 44991,80 manat məbləğində borca dair qeyd edilir ki, həmin borc qazdan istifadəyə görə sayğac məlumatlarına əsasən hesablanmış borcdur.

39. Bu baxımdan kollegiya hesab edir ki, “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən iddiaçı həmin məbləğdə borcun ödənilməsini tələb edə bilər.

40. Bununla yanaşı iş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.

41. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür.

42. Belə ki, abonent saldosundan müəyyən olunur ki, cavabdeh tərəfindən qazın sonuncu sərfiyyatı 2020-ci ilin mart ayında olmuş, sərfin məbləği 1349,60 manat, həmin məbləğ daxil olmaqla, ümumilikdə borcun məbləği isə 51991,80 manat təşkil etmiş, həmin borcdan 2020-ci ilin iyun ayında 6000 manat, iyul ayında isə 1000 manat ödənilmiş, 2020-ci ilin avqust ayından etibarən qalıq borc 44991,80 manat təşkil edir və həmin tarixdən sonra cavabdeh tərəfindən ödəniş edilməmişdir.

43. Beləliklə, müəyyən edilir ki, həmin borca dair iddia müddətinin axını 2020-ci ilin sentyabr ayından başlamışdır.

44. Hazırki iddia ərizəsi isə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur.

45. Göründüyü kimi, iddiaçı tərəfindən müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ötürülmüşdür.

46. Beləliklə, iddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, cavabdeh tərəfindən 2020-ci ilin iyul ayından sonra ödənişlərin aparıldığını və ya digər borcun etirafı ilə bağlı hərəkətlərin edilməsini təsdiq edən sübutların təqdim edilmədiyini, yəni hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, 44991,80 manat məbləğində borcun tutulması ilə bağlı iddia tələbləri iddia müddətinin keçməsi səbəbinə görə rədd edilməlidir.

47. Bu baxımdan məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianın rədd edilməsi nəticəsinə gəlmişdir.

48. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, cavabdeh barəsində inzibati xəta haqqında icraat başlanılması və qərarın qəbul edilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə riayət edilməməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 2.11-2-ci bəndində də müəyyən edilmişdir ki, qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

49. İnzibati xəta haqqında qərarın qəbul edilib-edilməməsi isə iddia müddətinin axımının başlanmasına təsir etmir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icrası müddəti müəyyələşdirilmişdir. Mülki Məcəllənin 377.2-ci maddəsində isə təsbit edilmişdir ki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

50. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1345/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar