Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-650/2020 08.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-688/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı “Ə.Ansuxski adına X1” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “Ə.Ansuxski adına X1” ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin “xxxx” MMC-də olan 0,5% payın dəyəri 50 manatın iddiaçı “Ə.Ansuxski adına X1” ASC-dən alınaraq cavabdehə ödənilməsi, həmin payın iddiaçının mülkiyyətinə verilməklə cavabdehin “xxxx” MMC-də olan 0,5 % payına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-688/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı “Ə.Ansuxski adına X1” ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, “xxxx” MMC-nin nizamnamə kapitalı 100 manat həcmində və hər biri 1 manat olmaqla 100 paydan ibarət olmuşdur. Cavabdeh MMC-nin həmin nizamnamə kapitalında payı 50 manat, 50 pay, nizamnamə kapitalının 50 faizi, “Ə.Ansuxski adına X1” ASC-nin nizamnamə kapitalında payı 50 manat, 50 pay, nizamnamə kapitalının 50 faizi olmuşdur. Daha sonra cəmiyyətin nizamnamə kapitalı artırılaraq 10000 manat məbləğində olmuş, “Ə.Ansuxski adına X1” ASC-nin payı 9950 manat, 9950 pay, nizamnamə kapitalının 99,5 faizi, Cavabdeh MMC-nin payı 50 manat, 50 pay, nizamnamə kapitalının 0,5 faizi müəyyən edilmişdir. İddiaçı bildirir ki, cavabdehin “xxxx” MMC-də payı olsa da, həmin MMC-nin fəaliyyətinin genişləndirilməsində və inkişaf etdirilməsində ümumiyyətlə iştirak etmir, payı formal olaraq qalır. Cavabdehə müəssisədə olan 0,5% payının iddiaçıya satılması barədə təklif olunsa da, təklifə cavab verməmişdir. Bu səbəbdən tərəflərin paylarının naturada bölünməsi barədə məhkəməyə müraciət olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-719/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən payın naturada bölünməsi barədə verdiyi iddia tələbi təmin edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə pretenziya qaydasında məktub göndərərək cavabdehə məxsus payın ona satılmasını təklif etmişdir. Lakin cavabdeh pretenziyaya cavab verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır. Belə ki, Mülki Məcəllənin 6.1, 6.1.2 və 6.1.5-ci maddələrinə görə mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərinə aiddir. Həmin Məcəllənin 390.1 və 390.3-cü maddələrində isə təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Mülki Məcəllənin qeyd olunan müddəalarından imperativ qaydada müəyyən olunur ki, mülki hüquq subyektləri müqavilə bağlamaqda azaddırlar və müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Lakin qanunverici bu qaydada iki istisnanı müəyyən etmişdir. Birinci istisnanı müqavilə bağlamağa məcbur etmə vəzifəsinin Mülki Məcəllədə, ikinci istisnanı isə tərəflərin könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulması təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisədə qeyd olunan istisna halları mövcud deyildir və ona görə də, cavabdehin nizamnamə kapitalındakı payının əvəzinin ödənilməsi ilə onun razılığı olmadan həmin pay üzərində hüquqlarına xitam verilməsi tələbinin qanuni əsası yoxdur. İddiaçının dəlilləri isə əsassızdır. Belə ki, Mülki Məcəllənin 93.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı cəmiyyətin nizamnamə kapitalındakı payını və ya onun bir hissəsini həmin cəmiyyətin bir və ya bir neçə iştirakçısına sata bilər və ya başqa qaydada güzəşt edə bilər. Həmin Məcəllənin 93.2-ci maddəsində isə təsbit olunmuşdur ki, cəmiyyət iştirakçısının öz payını (onun bir hissəsini) üçüncü şəxslərə özgəninkiləşdirilməsinə yol verilir. Qeyd olunan maddi hüquq normalarının məzmunundan da göründüyü kimi qanunverici yalnız məhdud məsuliyyətli cəmiyyətin iştirakçısının cəmiyyətin nizamnamə kapitalındakı payını və ya onun bir hissəsini həmin cəmiyyətin bir və ya bir neçə iştirakçısına satmaq və ya başqa qaydada güzəşt etmək hüququnu, eləcə də cəmiyyətin iştirakçısının öz payını (onun bir hissəsini) özgəninkiləşdirmək istədikdə həmin payın (onun bir hissəsinin) satın alınmasını ilkin olaraq cəmiyyətin digər iştirakçılarına təklif etmək vəzifəsini nəzərdə tutur. Eyni zamanda nə Mülki Məcəllədə, nə də hər hansı bir normativ hüquqi aktda məhdud məsuliyyətli cəmiyyətin fəaliyyətində aktiv iştirak etməməsi əsası ilə iştirakçılarından birinin nizamnamə kapitalındakı payının əvəzinin ödənilməsi ilə onun razılığı olmadan həmin pay üzərində hüquqlarına xitam verilməsini tənzimləyən normalar mövcud deyildir. İddiaçının Mülki Məcəllənin 213 və 220-ci maddələrinə istinad etməsi isə tam əsassızdır. Belə ki, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı pay anlayışı əşya hüququna aid Mülki Məcəllənin 213 və 220-ci maddələrində nəzərdə tutulmuş paylı mülkiyyət anlayışı ilə eyniyyət təşkil etmir və qanunvericilikdə məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarından birinin nizamnamə kapitalındakı cüzi payının əvəzinin ödənilməsi ilə onun razılığı olmadan həmin pay üzərində hüquqlarına xitam verilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda kollegiya izah edir ki, iddiaçı özü Mülki Məcəllənin 95-96-cı maddələrində göstərilən qaydada “xxxx” MMC-nin təsisçiliyindən çıxmaq hüququndan istifadə edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı “Ə.Ansuxski adına X1” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-688/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2-2(103)-650/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-650/2020
08.12.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver