Məhkəmə qərarları › İş №2-2(103)-66/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-66/2022

06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-66/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3249/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 26.08.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə olunmuş təbii qaza görə iddiaçıya yaranmış 103171,17 manat debitor borcun, 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh MMC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia qaldıraraq, cavabdeh tərəfindən iddiaçıya 2017, 2018, 2019cu illər və 2020-ci ilin 6 ayı ərzində hesablanmış 805240 manat borcun əsassız hesab edilməsi, həmin borcun 103171,17 manat hissəsinin silinməsi və iddiaçı tərəfindən artıq ödənilmiş 702068,83 manat pulun iddiaçının **********00000 saylı abonent hesabına bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26.08.2021-ci il tarixli e-2-2(113)-3249/2021 saylı qətnaməsi ilə ilk iddia təmin, qarşılıqlı iddia isə rədd edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi X2 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında təbii qazın alqı-satqısı müqaviləsi bağlanmışdır. İddiaçı bildirir ki, cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq, müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmiş, nəticədə 103171,17 manat borcu yaranmışdır. Cavabdeh iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək bildirir ki, iddiaçı tərəfindən mübahisələndirilən borc məbləği real sərfiyyatdan dəfələrlə artıq hesablanıb və əsassız olaraq cavabdehdən tələb edilir. Belə ki, Cavabdeh MMC-yə məxsus Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən qeyri-yaşayış sahəsində ROK 407 tipli, 530171W sərfölçən (qaz sayğacı deyil) cihazı quraşdırılmışdır. Həmin cihaz vasitəsi ilə ilk illərdə İddiaçı İB tərəfindən ağlabatan məbləğdə aylıq qaz sərfi müəyyən edilirdi. Lakin 2017-ci ildən İddiaçı İB ağlabatan olmayan şişirdilmiş və tam olaraq əsassız borclar hesablamağa başlamışdır. Abonent saldosuna baxdıqda aydın görmək olar ki, 2017-ci ilədək il ərzində sərf edilən qaz həcmi 100000 - 150000 civarında olmuşdur. Lakin 2017-ci ildən bu məbləğ dörd dəfəyə qədər artırılmışdır. Bu ağlabatan deyildir. 2017-ci ildən Tarif Şurasının qərarına əsasən sənaye sektoru üzrə 1 m3 qazın dəyəri 0,20 manat təşkil edir. Cavabdeh MMC il ərzində təbii qaz sərfiyyatı təqribən 200000 - 300000 arası olmalı idi. Lakin saldodan da göründüyü kimi müəssisəyə 2017-ci il ərzində 541880,40 manat, 2018ci il ərzində 557060,20 manat, 2019-cu il ərzində 497733,80 manat, 2020-ci ilin 6 ayı ərzində 258565,60 manat borc hesablanmışdır. Beləliklə il ərzində qaz sərfini maksimal 300000 manat məbləğində olmalı olduğu nəzərə alınsa, 2017-ci il ərzində (541880,40- 300000) 241 880,40 manat, 2018-ci il ərzində (557 060,20-300000) 257 060,20 manat, 2019-cu il ərzində (497 733,80-300 000) 197 733,80 manat, 2020-ci ilin 6 ayı ərzində (258 565,60-150 000) 108 565,60 manat ümumilikdə isə üç il 6 ay ərzində 805240 manat məbləğində artıq borc hesablanmışdır. Məlum olduğu kimi İddiaçı İB ölkə ərazisində təbii qazın satışı sahəsində inhisarçı orqandır. İddiaçı İB öz inhisarçı vəziyyətindən istifadə edərək Cavabdeh MMC-yə məxsus qeyri-yaşayış sahəsinə təbii qazın verilməsinin dayandırılacağını bildirdikdə hesablanmış borcu əsassız hesab etməsinə baxmayaraq və gələcəkdə daha çox maddi ziyana uğramamaq üçün məcbur olub ödənişlər etmişdir. Dəfələrlə “Azəriqaz İB-yə borcun artıq hesablandığını bildirməsinə baxmayaraq borcun təkrar araşdırılacağı barədə yalançı vədlər verilmiş və bu azmış kimi hazırda borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilmişdir. Bundan başqa, ROK 407 tipli qurğunun qaz sayğacı kimi üzərindən göstərici oxunmur. Abonent saldosundan da göründüyü kimi ay ərzində guya istifadə edilmiş qazın dəyəri göstəriciyə əsasən deyil, məhz İddiaçı İB tərəfindən birtərəfli qaydada, məlum olmayan düstur əsasında müəyyən edilərək saldonun “qalıq və aktlar” bölümündə əks olunur. Abonent saldosunun “Mexaniki göstərici” və “Elektron göstərici” bölümlərində isə göründüyü kimi hər hansı sayğac göstəricisi nəzərə alınmadan borc hesablanır. İstehsalat Birliyindən borcun hansı qaydada müəyyən olunduğuna dair sənəd istədikdə özlərinin proqram bazasından çıxarış vermişlər. Təqdim edilmiş çıxarışdan göründüyü kimi ay ərzində iki dəfə müəssisəyə borc hesablanmış, hesablanmış borcların mənbəyi qeyd edilməmiş və hansı göstəricilərə əsasən müəyyən olunduğu görünmür. İddiaçı qarşılıqlı iddiaya etiraz edir və bildirir ki, abonent üçün ROK-407 tipli 530171W №-li sərfölçən quraşdırılmışdır. Bu sərfölçən aparat elektronikanın ən yeni elmi nailiyyətlərinə əsaslanan ölçü cihazı olmaqla keçən qazın miqdarını hava temperaturu, nisbi rütubət və s. faktorlar nəzərə alınmaqla tam dəqiqliklə müəyyən edərək birbaşa internet vasitəsi ilə ROK-V Proqramına ötürür. Abonentin istifadə etdiyi qazın dəyəri ROK- V Proqramından götürülmüş ROK-407 sərfölçən cihazın göstəricilərinə əsasən hesablanaraq hər ay hər iki tərəfin iştirakı ilə akt tərtib olunur və abonentə bildiriş təqdim olunur. Klassik qaz sayğacları bir ay ərzində bir və ya iki dəfə oxunduğu halda, sərfölçən cihaz hər saat ərzində keçən qazın miqdarı, həmin vaxt havanın temperaturu, atmosfer təzyiqi, nisbi rütubət və s. parametr göstəricilərini qeyd etməklə məlumatları ROK-V Proqramına verir. Buna görə də Cavabdeh MMC-nin abonent saldosunda mexaniki və elektron göstəricilər qrafası boşdur. Ayın sonunda ROK-V Proqramından çıxarılan gündəlik sərfiyyat göstəriciləri qeyd olunmaqla hər ay üçün qarşılıqlı akt tərtib olunur. Buna görə də sərfiyyat göstəriciləri “Qalıq və aktlar” qrafasında qeyd olunur. Cavabdeh MMC-nin bildirdiyi borcun məbləği 31 mart 2021-ci il tarixli “Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı”nda hər iki tərəfin imzaları və möhürü ilə təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia əsaslı, qarşılıqlı iddia isə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İş materiallarından olan abonentin saldosundan da görünür ki, cavabdeh tərəfindən mütəmadi ödənişlər edilmiş, lakin 2020-ci ilin noyabr ayına onun ödənilməmiş borcu 103171,17 manat təşkil etmişdir. 01 aprel 2021-ci il tarixli “Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə” aktından da görünür ki, Cavabdeh qazın alqı-satqısı üzrə İddiaçınə 31 mart 2021-ci il tarixə 103171,17 manat debitor borcunun yaranmasını etiraf etmişdir. Göründüyü kimi cavabdehin iddiaçıya 103171,17 manat debitor borcunun olması işdə olan sübutlarla tam təsdiq olunur. Cavabdeh isə həmin borcun real sərfiyyatdan dəfələrlə artıq hesablanmasını və əsassız olduğunu bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Eyni zamanda hazırki apellyasiya baxışı zamanı Cavabdeh MMC-nin Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən kərpic zavodunda quraşdırılmış (hazırda çıxarılmış və Azərbaycan Dövlət Neft Şirkətinin İTRİ-də saxlanılan) ROK-407 markalı qaz sayğacının elektron yaddaşında saxlanılan məlumatlara əsasən 2017, 2018, 2019-cu illər və 2020-cı ilin 6 ayı ərzində qaz sərfiyyatının nə qədər təşkil etməsinin müəyyən edilməsi ilə bağlı iş üzrə məhkəmə-texniki ekspertizası təyin edilmişdir. Lakin Məhkəmə Ekspertizası Mərkəzinin 31.03.2022-ci il tarixli məlumatına əsasən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. İmtinanın səbəbi kimi göstərilmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzində ROK-407 markalı qaz sayğacılarının elektron (korektorların) yaddaşında saxlanılan məlumatların oxunmasına dair müvafiq avadanlığın, komyuter proqramı təminatın və bu sahə üzrə xüsusi biliyə malik olan mütəxəssis olmadığına görə, ekspert qarşısında qoyulmuş sual üzrə tədqiqatın aparılması mümkün deyildir. Göründüyü kimi cavabdehin dəlilləri yalnız ehtimal və mülahizələrdən ibarətdir və hər hansı sübuta əsaslanmır. Əksinə iddiaçı tərəfindən təqdim edilən abonent saldosu və 01 aprel 2021-ci il tarixli “Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə” aktı ilə cavabdehin iddiaçıya 103171,17 manat məbləğində borcunun olması tam təsdiq edilir. Bu baxımdan kollegiya hesab edir ki, ilk iddia tam təmin edilməli və 103171,17 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda yuxarıda qeyd olunan əsaslara görə borcun silinməsi hissəsində qarşılıqlı iddia rədd edilməlidir. Həmçinin 702068,83 manat məbləğində pul vəsaitinin geri qaytarılması barədə qarşılıqlı iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 439.4 və 1092.1-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər (439.4). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1). Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Hazırki işdə isə bu əsaslar müəyyən olunmur. Belə ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraf etdi ki, geri qaytarılması tələb edilən 702068,83 manat məbləğində pul vəsaiti hər ay tərəflər arasında imzalanmış qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktlarına əsasən ödənilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, həmin hissədə də qarşılıqlı iddia rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3249/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 26.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar