Məhkəmə qərarları › İş №2-2(103)-668/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-668/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-668/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı “İsmayıl-N” istehsalat kommersiya firmasının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-745/2021 nömrəli iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, сavabdeh tərəfindən əsassız olaraq iddiaçıya hesablanmış 19.662,52 manat məbləğdə elektrik enerjisinə görə borcun silinməsi və 09.06.2020-ci il tarixli 007398 nömrəli akt ilə təsdiq edilmiş hər ay hesab fakturada məişət abonentlərinin qeyd etdiyi cəm sərfiyyatın 3%-nin baş sayğacdan çıxılmasının yenidən təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması, iddiaçıya məxsus 1831 saylı transformator məntəqəsinin cavabdehin balansına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 05.03.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıya 2020-ci ilin iyun ayında hesablanmış 19.622,52 manat məbləğdə borc silinmiş, iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan 10 manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmiş, qalan hissədə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, borcun silinməsi hissədə qismən ləğv edilməsi və iddianın həmin hissədə də rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, işin faktiki hallarına əsasən, 09.06.2020-ci il tarixdə iddiaçıya məxsus MTK-da elektrik enerjisinin uçotu yoxlanılarkən hər ay hesab fakturada məişət abonentlərinin qeyd etdiyi cəm sərfiyyatın 3%-nin düzgün olmayaraq baş sayğacdan çıxıldığı müəyyən edilmiş və Akt komissiyasının 12.06.2020-ci il tarixli icra vərəqi ilə istehlakçı ilə yenidən hesablaşma aparılaraq, 17.08.2017-ci il tarixdən 13.05.2020-ci il tarixədək olan dövr üçün cəmi 218.028 kvt/s əlavə sərfiyyat (19.622,52 manat borc) hesablanmışdır. Mübahisələndirilən akta əsasən cavabdeh tərəfindən iddiaçı ilə yenidən hesablaşmanın aparılması “Elektrik enejisindən istifadə Qaydaları”nın 8.15-ci bəndinin tələbi ilə əsaslandırılmışdır. Həmin bəndə əsasən, elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Lakin işə baxan məhkəmə mübahisəyə EEİQ-nin 8.15-ci bəndini tətbiq edib, iddianı rədd etməli olduğu halda tətbiq etməmiş və əsassız olaraq EEİQ-nin 8.2-ci bəndini tətbiq edərək, qeyd edilən borc məbləğini silmişdir. Bununla da məhkəmə maddi hüquq normalarının pozuntusuna yol vermişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini qəbul etməyib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, cavabdehin apellyasiya şikayəti ilə qətnamənin iddia təmin olunan hissədə ləğv edilməsinin xahiş edildiyi və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə də prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamə yalnız iddia təmin olunan hissədə yoxlanılmalıdır. Bu kontekstdə hüquqi qiymətləndirmə aparıldıqda, işdə olan 09.06.2020-ci il tarixli NDQ 007398 nömrəli aktdan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonunda yerləşən iddiaçıya məxsus obyektdə elektrik enerjisi uçotu və “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət edilməsinın yoxlanılması məqsədilə baxış keçirilən zaman məlum olmuşdur ki, hər ay hesab-fakturada məişət abonentlərinin qeyd etdiyi cəm sərfiyyatının 3%-i baş sayğacdan çıxılır. 12.06.2020-ci il tarixli icra vərəqinə əsasən, hesab-fakturada məişət abonentlərinin qeyd etdiyi cəm sərfiyyatın 3%-inin baş sayğacdan çıxılması nəzərə alınaraq iddiaçıya 218.028 kvt/s miqdarda əlavə sərfiyyat hesablanmışdır. Abunə haqqında məlumatdan görünür ki, iddiaçıya 12 iyun 2020-ci il tarixdə “Elektrik enerjisindən istifadə Qaydaları”nın pozulmasına görə NDQ 007398 saylı akta əsasən 19.622,52 manat məbləğdə borc hesablanmışdır. 12.06.2020-ci il tarixli ********* nömrəli hesab-fakturadan görünür ki, iddiaçıdan 19.622,52 manat məbləğdə borcun ödənilməsi tələb edilmişdir. AR Energetika Nazirliyi Enerji X1 iddiaçıya ünvanladığı 19.06.2020-ci il tarixli AERA-8-1121/20 nömrəli məktubunda göstərilmişdir ki, əlavə elektrik enerjisi sərfiyyatının hesablanması barədə iddiaçının müraciəti Agentlikdə araşdırılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, “xxxx” ASC-nin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən “hər ay hesab fakturada məişət abonentlərinin qeyd etdiyi cəm sərfiyyatın 3%-i baş sayğacdan çıxılması” əsas göstərilərək 09.06.2020-ci tarixli 007398 nömrəli akt tərtib edilmişdir. Hər ay istehlakçıya təqdim edilmiş hesab fakturada elektrik enerjisinin dəyərinin düzgün hesablanmamasına enerji təchizatı müəssisəsi tərəfindən yol verildiyi nəzərə alınmadan tərtib edilmiş akta əsasən 17.08.2017-ci il tarixindən 13.05.2020-ci il tarixinədək olan dövr üçün “xxxx” ASC-nin Akt komissiyası tərəfindən 12.06.2020-ci il tarixdə 218.028 kVts elektrik enerjisi miqdarında (dəyəri 19.622,52 manat) əlavə sərfiyyat hesablanmışdır. Qeyd olunanlar nəzərə alınaraq 29.02.2020-ci il tarixli 018179 nömrəli akta əsasən hesablanmış məbləğin hesabatına “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə uyğun yenidən baxılması və Enerji X1 Bakı filialına rəsmi məlumat verilməsi üçün “xxxx" ASC-yə 19.06.2020-ci il tarixli AERA-18-1120/20 nömrəli məktub göndərilmişdir. X2 birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, “xxxx” ASCnin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsində aparıcı mühəndis vəzifəsində işləyir. Məlumat bazasında “İsmayıl-N” İKF-nin sərfiyyatına baxdıqda azalma müşahidə olunduğundan, firmaya məxsus sayğaca və xətlərə yerində baxış keçirmişlər. Baxış zamanı “xxxx” ASC tərəfindən sistemin səhvi nəticəsində əhali abonentləri üçün əlavə itkilərin hesablanması nəzərdə tutulmadığı halda əhali abonentləri üçün hər ay 3% itki hesablandığı və həmin itkilərin əsassız olaraq “İsmayıl-N” İKF-nin sərfiyyatından çıxıldığı müəyyən edilmişdir. Bununla bağlı akt tərtib edilmişdir. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, iddiaçının silinməsini tələb etdiyi əlavə sərfiyyat məbləği elektrik enerjisi təchizatı müəssisəsinin səhvi nəticəsində iddiaçıya təqdim edilən hesab-fakturalarda məişət abonentlərinin cəm sərfiyyatının 3%-nin (transformator itkilərinin) baş sayğacın göstəricilərindən çıxılması, yəni elektrik enerjisi təchizatı müəssisəsi tərəfindən elektrik enerjisinin dəyərinin hesablanması zamanı səhvə yol verilməsi ilə əlaqədar hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi, mübahisə obyekti olan 19.622,52 manat məbləğdə borcun abonentdən tələb edilməsi “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinin tələblərinə ziddir. Məhz bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin yeganə dəlili ilə razılaşmır. Belə ki, hazırkı iddia tələbinin maddi-hüquqi əsasını “Elektrik enejisindən istifadə Qaydaları”nın 8.15-ci bəndi yox, 8.2-ci bəndi təşkil edir ki, bu da şikayətin sözügedən dəlilinin qanunvericilik normasının səhv təfsirindən irəli gəldiyinə dəlalət edir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə yoxlanılan hissədə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-745/2021 nömrəli iş üzrə 05 mart 2021ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar