Məhkəmə qərarları › İş №2-2(103)-669/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-669/2024

25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-669/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi Açar söz: qazdan istifadəyə görə borc, iddia müddəti Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “qazdan istifadəyə görə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-1354/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli AKX-364/17 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Müqavilənin 3.4-cü bəndində hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir.

2. İş materiallarına əlavə olunmuş abonent saldosundan görünür ki, cavabdehin Salyan rayonu, Qaraçala kəndində yerləşən istixanasında qazdan istifadəyə görə iddiaçıya xx.xx.2024-cü il tarixə 61928,22 manat borcu yaranmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən istixanada təbii qazdan istifadə etdiyinə görə yaranmış 61.928,22 manat əsas borc məbləğinin və dövlət rüsumu üçün ödənilmiş 275,79 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” xx.xx.2017-ci il tarixli AKX-364/17 nömrəli müqaviləyə əsasən İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh həmin müqavilənin şərtlərini pozaraq istixanada istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və xx.xx.2024-cü il tarixə İddiaçınə 61.928,22 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına, hesab-faktura təqdim olunmasına və pretenziya göndərilməsinə baxmayaraq o, borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1354/2024 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia təmin edilmişdir.

6. Məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə tam əməl etmədiyindən yəni istifadə etmiş olduğu qaza görə yaranmış borcu ödəmədiyindən, iddia 61.928,22 manat borcun tələb edilməsi hissəsində tam əsaslıdır və həmin məbləğ Cavabdehndən İddiaçı xeyrinə tutulmalıdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətlərinin dəlilləri

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1354/2024 nömrəli qətnaməsi ləğv edərək iddianın rədd edilməsini xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi tərəflərin iştirakını təmin etmədən və bundan başqa idiiaçının iştirakı olmadan işə baxılması barədə ərizə belə olmadan qeyri obyektiv şəkildə işə baxaraq qanunsuz qətnamə qəbul etmişdir. İddiaçı təşkilat tərəfindən tələb edilən borc məbləği 2020-ci ilin may ayında yaranmış borcun qalıq hissəsidir. Belə ki, abonent saldosuna baxdıqda görmək olar ki, 2020-ci ilin fevral ayında İddiaçı İB tərəfindən qanunsuz akt əsasında bizə 43170,40 manat qanunsuz borc hesablanmışdır. Ümumilikdə isə 2020-ci ilin may ayına 87335,60 manat (43170,40 akta əsasən + 44165,20 sayğaca əsasən) borc hesablanmışdır. Abonent saldosundan da göründüyü kimi tərəfimizdən yalnız növbəti illər ərzində hesablanmış borclar ödənilmiş, lakin 2020-ci ilin may ayınadək hesablanmış borc məbləğinin yalnız bir hissəsi ödənilmiş digər hissəsi isə ödənilməmiş qalmışdır. 2022 və 2023-cü illər ərzində 90372,70 manat məbləğində təbii qazdan istifadə edilib və 92910 manat ödəniş edilib. Göründüyü kimi 2020-ci ildən sonra biz yalnız cari illərdə istifadə etdiyimiz və 2020-ci ildə hesablanmış ümumi borc məbləğinin əsaslı saydığımız hissəsi olan 25407,38 manat hissəsini ödəmişik. Borcun 61928,22 manat hissəsi isə 2020-ci ilin may ayından ödənilməmiş qalmışdır. İşin hallarından da göründüyü kimi əsassız hesab etdiyimiz 61928,22 manat borc məbləğini üç ildən artıqdır ki ödəmirik və iddiaçı təşkilat da həmin borcu bizdən tələb etməmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373,2 və 373,3-cü maddələrinə əsasən iddia müddəti ötürülmüşdür. Əfsuslar olsun ki birinci instansiya məhkəməsindəki icraatdan məlumatımız olmamış və bu səbəbdən iddia müddətinin tədbiqi barədə ərizənin verilməsi və digər sübutların təqdim edilməsi mümkün olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

10. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etmişdie.

11. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 373.2-ci maddə-müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddə- hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddə-məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddə-icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 5.5-ci bənd- qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

12. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

13. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1354/2024 nömrəli qətnaməsini ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir.

14. İş materiallarına əlavə edilmiş abonent saldosundan görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixə qalıq borcu 61928,22 manat təşkil etmiş və iddiaçı bu borcun tutulması üçün xx.xx.2024-cü il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh apellyasiya instansiyası mərhələsində məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verərək iddianın müddətin keçməsi əsası ilə iddianın rədd edilməsini xahiş edir.

15. İddia müddətinin keçib-keçməməsini yoxlamamışdan əvvəl məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Abonent saldosundan görünür ki, 2015-ci ildən cavabdeh qazdan istifadəyə görə borcları tam ödəməmiş, bununla da hər il qalıq borcun məbləği artmışdır. Belə olan halda iddiaçının cavabdeh tərəfindən istehlak edilmiş qazın dəyərini tələb etməyə subyektiv hüququ var.

15. Məhkəmə apellyasiya mərhələsində cavabdehin iddia müddətinin tətbiqi barədə ərizə təqdim etməsinin mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmilşdir ki, “iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyətcə məhkəməyə ünvanlanmış, lakin işin həllinə yönəlmiş maddi-hüquq tələbdir. Maddi-hüquq tələbləri isə (məsələn, ilkin və ya qarşılıqlı iddia tələbləri) mövcud mülki prossesual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər. Birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.”

16. Hazırkı halda birinci instansiya məhkəməsi tərəfindən cavabdehin hüquqi ünvanına göndərilmiş məhkəmə bildirişi çatmamış, hüquqi şəxsin elektron kabineti isə xx.xx.2024-cü il tarixdə açıldığı üçün birinci instansiya mərhələsində məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehi elektron kabinetə bildiriş yerləşdirilməklə məlumatlandırmaq mümkün olmamışdır. Məhkəmə tərəfindən xx.xx.2017-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilədə cavabdehin direktorunun mobil nömrəsi kimi qeyd edilmiş nömrəyə “AZEMİS” sistemi üzərindən SMS xəbərdarlıq göndərilsə də, apellyasiya şikayətinin üzərində qeyd edilmiş nömrədən görünür ki, Cavabdeh MMC-nin direktorunun istifadə etdiyi nömrə ilə SMS xəbərdarlıq göndərilmiş nömrə fərqli olduğu üçün cavabdehin məhkəmə prosesləri barədə məlumatı olmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehin məhkəmə iclaslarının vaxtı barədə məlumatlandırılmamasında məhkəmənin təqsiri olmasa da faktiki olaraq cavabdehin iddiaya qarşı öz hüquqi müdafiəsini təşkil etmək və bununla bağlı prosesual hüquqlarından istifadə etmək (o cümlədən, iddia müddətinin tətbiqi barədə ərizə vermək) imkanı olmadığından apellyasiya instansiyası mərhələsində bu hüququ təmin edilərək iddia müddətinin tətbiqi barədə ərizə məhkəmə tərəfindən baxılması üçün qəbul edilməlidir.

17. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə münasibəti olduğundan mübahisəyə MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş üç illik iddia müddəti tətbiq edilməlidir. Qazdan istifadəyə görə ödənişlər “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndi və tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində ödənilməli olduğundan müəyyən olunur ki, iddia müddətinin axımı hər aya görə saldoda öz əksini tapmış ödəniş üçün MM-nin 377.2-ci maddəsinə əsasən bir ay sonra başlamışdır. İddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etdiyi nəzərə alınaraq müəyyən olunur ki, 2015-ci ildən xx.xx.2021-ci il tarixədək yaranmış 87335,60 manat borc üzrə üç illik iddia müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. Cavabdeh 2021 və 2022-ci ildə bu borcun müəyyən hissəsini ödəsə də, bu ödənişlər iddia müddəti bitdikdən sonra həyata keçirildiyindən məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixədək yaranmış 61928,22 manat qalıq borcun tələb edilməsi üçün üç illik iddia müddəti keçdiyi üçün mübahisələndirilən qətnamə ləğv edilməklə iddia rədd edilməlidir.

18. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 1354/2024 nömrəli qətnaməsini ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir.

19. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1354/2024 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar