Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-676/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Şabran Rayon Mərkəzi Xəstəxanası” X23inin Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: qaz sərfiyyatına görə yaranmış borcun silinməsi) Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X12 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçının nümayəndələri X5 və X3, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı “Şabran Rayon Mərkəzi Xəstəxanası” X23inin Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2591/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. “Şabran Rayon Mərkəzi Xəstəxanası” X23inə məxsus 2004-2010-cu illəri əhatə edən abonent saldosuna əsasən qaz sərfiyyatına görə yekun borc 105824,73 manat qeyd olunmuşdur.
2. Cavabdeh İB-nin iddiaçıya ünvanladığı 2023-cü il 21 iyul tarixli 14-2-2-8/2- 448/2023 saylı müraciətə baxılması haqqında məktubunda Şabran Rayon Mərkəzi Xəstəxanası Publik X1 İstismar İdarəsinə 2023-cü il 1 iyul tarixinə təbii qazdan istifadəyə görə ümumilikdə 105567,68 manat borcu olduğu və yaranmış borcun 2010-cu ilə qədər olan dövrləri əhatə etdiyi qeyd olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a. Birinci instansiya məhkəməsində icraat
3. “Şabran Rayon Mərkəzi Xəstəxanası” X23i (bundan sonra – “iddiaçı”) 2024-cü il 19 mart tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh İB (bundan sonra – “cavabdeh”) tərəfindən hesablanmış mənbəyi məlum olmayan 105567,68 manat borcun silinməsini cavabdehin üzərinə vəzifə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı istifadə etdiyi qaz sərfiyyatına görə bu günə kimi vaxtı-vaxtında ödənişlərini etsə də, bir müddət sonra X21 İstismarı İdarəsinin əməkdaşları tərəfindən təqdim olunmuş sənədlərə əsasən, iddiaçının guya 2010-cu ilə qalıq 105567,68 mənbəyi məlum olmayan borcunun olması göstərilmiş və buna əsasən qazın verilməsi dayandırılmış, nəticədə rayon əhalisinə keyfiyyətli tibbi yardım göstərilməsində və xəstəxananın fəaliyyətində çətinliklər yaranmışdır. Bu da insan həyat və sağlamlığının qorunmasını həyata keçirən xəstəxananın işinin iflic edilməsi deməkdir. Dəfələrlə həmin borcun nəyə əsaslandığı barədə məlumat istənilsə də, açıqlaması verilməmişdir. Həmçinin keçən 13 il ərzində həmin borc tələb edilməmişdir. Belə ki, əgər cavabdehin qənaətinə görə borc mövcuddursa, o zaman o bu tələb üzrə iddia müddətini ötürmüşdür.
5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, abonentə istehlak etdiyi təbii qazın hesabı qaz paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində ödənilməsə, həmin abonentin təbii qaz təchizatı dayandırılmalıdır. Lakin cavabdehin Şabran xidmət sahəsinin işçiləri xəstəxanadakı şəxslərin, yəni xəstələrin xüsusi ilə həssas qrupa aid olduğunu nəzərə alaraq iddiaçının qaz təminatını dayandırmamışlar. Beləliklə, abonentin təbii qazdan istifadəyə görə borcu ilbəil artmışdır. İddiaçının Avtomatlaşdırılmış Qaz X2 2010-cu ilin sonuna borcu 105567,68 göstərilmişdir. Hal-hazırda 2023-cü ilin noyabr ayına olan borc da həmin miqdardadır. Lakin iddiaçının bu borcun cavabdeh tərəfindən tələb edilməsi üçün iddia müddətinin keçməsi fikri səhvdir. İddiaçı əsas müəssisə ilə bir yerdə ümumilikdə 9 müəssisə olaraq təbii qazdan istifadə edir. Əsas “Mərkəzi xəstəxana”nın 2010-cu ilin sonuna 88834,71 manat olan borcu hazırda, yəni 2023-cü ilin oktyabr ayına 79367,45 manatdır. Deməli, debitor borcdan bu uzun illər ərzində iddiaçı tərəfindən 9467,26 manat məbləğ ödənilmişdir. Məsələn, 2023-cü ilin mart ayında “Mərkəzi xəstəxana”nın təbii qazdan 1695 m3 və ya 423,75 manat məbləğində istifadə etmişdir. Lakin həmin ay 558 manat qaza görə ödəniş edilmişdir. Deməli, iddiaçı 2023-cü ilin mart ayında mübahisələndirilən debitor borcundan 134,25 manat ödəmişdir ki, bu ödəniş də borcu etiraf edən hərəkətdir. Yəni, iddiaçının mübahisələndirdiyi 105567,68 manat borc təmiz debitor borcdur və iddiaçı həmin mübahisələndirdiyi borcu ödəməkdən illər ərzində boyun qaçırmışdır.
6. Cavabdehin məhkəməyə təqdim etdiyi 2024-cü il 7 avqust tarixli 14-2-2-8/2- 753/2024 saylı arayışına əsasən “Şabran rayon mərkəzi xəstəxanası” X23inin 2024-cü il 1 avqust tarixinə 105567,68 manat məbləğində təbii qazdan istifadəyə görə yaranmış və ödənilməmiş debitor borcdur.
7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 8 avqust tarixli e-2-2(113)-2591/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək iddiaçıya hesablanmış 105567,68 manat məbləğində borcun silinməsi qət edilmişdir (hakim – G.Namazova).
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh sözügedən borc məbləği ilə bağlı 2004-2010-cu illər üçün “abonent saldosu” kimi iddia etdiyi sənədləri məhkəməyə təqdim etmişdir. Lakin “abonent saldosu” özü-özlüyündə borcun mövcud olduğunu təsdiqləyən mötəbər sənəd hesab oluna bilməz. Belə ki, yalnız müvafiq borcun əsasında duran hesab-fakturalar, aktlar, qaimələr, sayğac barədə məlumatlar və s. təqdim edildikdə borcun əsaslılığı məhkəmə tərəfindən yoxlanıla və əsaslı olub-olmaması barədə qənaət formalaşa bilər. Hazırkı işdə isə iddiaçının abonent saldosundan borcun əsaslılığının yoxlanılması mümkün deyildir. Göründüyü kimi, 105567,68 manat borcun əsaslılığı ilə bağlı cavabdeh sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Buna görə də həmin borc əsassız olduğundan silinməlidir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442 və 567-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2, 5.5-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, iddianın təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 dekabr tarixli 2-2(103)-997/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Mahmudova, hakimlər – L.Əliyeva və Z.Şirinov).
12. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı və nəticə hissəsi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, abonent saldosunda göstərilən borc barədə sənəd və sübutları, borcun əsaslı olmasına dair mötəbər dəlilləri MPM-nin 77-ci maddəsinin tələblərinə əsasən cavabdeh məhkəməyə təqdim etməli idi. Həmin normanın mahiyyətinə əsasən sübutetmə yükü tərəflər arasında bölüşdürülür və borcun əsaslı olmasını iddia edən cavabdeh olduğu üçün bu hissədə sübutetmə yükü onun üzərinə düşür.
13. Digər tərəfdən, saldo birtərəfli qaydada cavabdehin özu tərəfindən tərtib edilmiş sənəddir, həmin sənədin tərtib edilməsinə səbəb olmuş borcun əsaslılığına dair sübutlar təqdim edilmədiyi və cavabdehin maraqlarına xidmət etdiyi üçün mötəbər sübut hesab oluna bilməz. Belə ki, iş materiallarında olan abonent saldosu hüquqi müəyyənlik prinsipinə cavab vermədiyi üçün apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz.
14. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini MM-in 14.1, 16.1-ci, “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2 və 5.5-ci bəndlərinə, o cümlədən MPM-in 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
c. Kassasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 23 aprel 2025-ci il tarixli, 2- 2(102)-197/2025 nömrəli qərarı (hakimlər X7 (məruzəçi), X13 və X10) ilə kassasiya şikayəti qismən təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024cü il 18 dekabr tarixli 2-2(103)-997/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
16. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası kassasiya şikayətinin mövcud borcun əks olunduğu və iddiaçı tərəfin də imzaladığı və möhürlədiyi qarşılıqlı üzləşdirmə aktlarına dair dəlillərini nəzərə alaraq hesab edir ki, mübahisələndirilən qətnamənin dəyişdirilmədən saxlanılması mümkün deyildir. Belə ki, sözügedən qarşılıqlı üzləşdirmə aktlarının iş materiallarına əlavə edilməsinə baxmayaraq (i/v 11-24) birinci instansiya məhkəməsinin qətnaməsində həmin aktlara nəinki hüquqi qiymət verilməmiş, o cümlədən iddiaçının borcu qəbul etmədiyi halda hansı səbəblərdən onları imzalaması və möhürləməsinə aydınlıq gətirilməmiş, hətta qətnamədə həmin aktlara istinad belə olunmamışdır. Bununla belə, apellyasiya instansiyası məhkəməsi də bu məsələyə heç bir reaksiya verməyərək, hər hansı əsaslandırma aparmayaraq, əslində birinci instansiya məhkəməsinin yol verdiyi prosessual hüquq pozuntularını özü də təkrarlamış, nəticədə MPM-in 217.1-ci maddəsinə zidd olaraq əsassız qətnamə qəbul etmişdir. Belə olan vəziyyətdə isə iş üzrə birmənalı nəticəyə gəlmək mümkün deyildir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, mübahisələndirilən borc məbləği abonentin debitor borcu kimi saldoda əksini tapmışdır. Qaydaların 6.1.4-cü bəndinə görə qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyən edilən hesabı istehlakçıya qazpaylayıcı tərəfindən təqdim edildikdən bir ay müddətində tam ödənilmədikdə abonentin təbii qaz təchizatı dayandırılır. Lakin Cavabdeh İB-nin xidmət sahəsinin işçiləri xəstəxanadakı şəxslərin, yəni xəstələrin xüsusi həssas qrupa aid olduğunu, Şabran rayonunun respublikanın şimalında soyuq ərazidə yerləşməklə hava şəraitinin sərt soyuq iqlimə malik olduğunu nəzərə alaraq iddiaçının qaz təminatını dayandırmamışlar. Bununla da abonentin qazdan istifadəyə görə debitor borcu ilbə-il artmışdir. Hesab istehlakçıya Paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. İddiaçı istehlak etdiyi təbii qazın dəyərini vaxtında ödəmədiyindən debitor borcu yığılıb qalmışdır. Şabran rayon mərkəzi xəstəxanası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə verilmiş və X23 statusu almışdır. Təbii qazdan istifadəyə görə yaranmış 72462,71 manat borc Şabran rayon Mərkəzi Xəstəxanasının borcu kimi iddiaçıya keçmişdir. Faktiki olaraq bu borc hazırda iddiaçıya məxsus olan qaz işlədici cihazlarda istehlak edilmişdir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi halın hüquqi tənzimlənməsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli 148 nömrəli Qərarının 2-ci bəndinin 12-ci abzasında xx.xx.2010-ci il tarixə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üzrə 10,9 milyon manat "xxxx" ASC-yə olan borcu silinmişdir. Əgər Azərbaycan hökuməti lüzum bilsəydi Səhiyyə Nazirliyinin Cavabdeh İB-nə olan borcunun da silinməsi üçün Qərar verərdi. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinin surətindən görünür ki, cavabdeh heç bir hüquqi əsaslandırma olmadan, hər hansı yeni bir hal, yeni sübut olmadan birinci instansiya məhkəməsində gətirdiyi həqiqətə uyğun olmayan faktları formal olaraq eyni qaydada apellyasiya şikayətində göstərməklə süründürməçiliyə və vaxt qazanmağa yönəlmişdir. “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndində qeyd edilir ki, bu Qaydaların 5.4cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. İş materillarında cavabdeh tərəfindən təqdim edilmiş abonent saldolarında iddiaçının debitor borcunun yaranma əsasları aydın şəkildə göstərsə də, abonent saldosunun əsasında duran aktlar məhkəməyə təqdim edilməmişdir. Yəni cavabdeh tərəfindən istənilən program vasitəsilə borc məbləğinin yazılmasını sübut edir. Qeyd olunanlara əsasən şikayətin təmin olunmaması xahiş olunmuşdur.
c) Proses iştirakçılarının izahatı
19. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, iddia tələbi tamamailə əsassızdır. Çünki, vaxtilə iddiaçı tərəflə borc məbləği barədə qarşılıqlı razılıq əldə edilib, bununla bağlı müvafiq qarşılıqlı üzləşmə aktları tərtib olunub, aktlar iddiaçı tərəfindən imzalanaraq, möhürlənmiş, lakin sonradan aktlara borcun olmaması barədə qeydlər əlavə edilmişdir. Əlavə olaraq məhkəməyə müvafiq abonent saldosu təqdim edilmişdir. Əgər iddiaçı tərəf həmin aktda göstərilən məbləğlə razı deyildisə, vaxtında məkəməyə müaricət edə bilərdilər. Lakin, iddiaçı tərəf uzun müddət borcu mübahisələndirməmiş, müəssisədə isə çox həssas qrup aid şəxslər olduğundan təbii qazın verilişi davam etdirilmişdir. Həmin borca görə hazırda da təbii qazın verilməsi dayandırılmır. Sonrada, iddiaçı tərəfin rəhbərliyinin fikrini dəyişməsi və bu cür iddia verməsinin heç bir qanuni əsası ola bilməz. Həmçinin, müddətin keçməsinə münasibətdə qeyd edir ki, iddia onlar tərəfindən qaldırılmamış, bu səbəbdən mübahisə üzrə iddia müddəti tətbiq oluna bilməz. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndələri hər biri ayrıayrılıqda apellyasiya şikayətinə etiraz edərək, apellyasiya baxışı zamanı apellyasiya şikayətinə qarşı etirazda göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişlər ki, borcla bağlı üzləşmə aktlarının mötəbərliyi mübahisələndirilməsə də, xəstəxananın əvvəlki rəhbərliyi həmin borca etiraz edərək müvafiq qeyd əlavə etmişdir. Lakin, sonradan borcun silinməsi ilə bağlı məhkəməyə müraciət olunmamışdır. Həmçinin, onlarda olan məlumata görə həmin aktlar digər tərəfin təklifi ilə formal tərtib olunmuş, əslində borc olmamışdır. Borclar 2010-cu ildən əvvəlki dövrü əhatə etmiş, həmin borca görə hazırda qazın verilişi dayandırılmır. Lakin hüquqi müəyyənlik baxımından borcun silinməsi barədə iddia qaldırmışlar. Artıq 15 il müddət keçmişdir və MM-nin 551-ci maddəsi baxımından müddətin keçməsinə görə də borc silinə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş edirlər.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. “Qaz təchizatı haqqında” Qanun Maddə 1. İstehlakçı – alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs; Maddə 11, bənd 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
24. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər.
25. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və tərəfləri dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir.
27. İşin yuxarıda qeyd edilən faktiki hallarından göründüyü kimi, “Şabran Rayon Mərkəzi Xəstəxanası” X23inə məxsus 2004-2010-cu illəri əhatə edən abonent saldosuna əsasən qaz sərfiyyatına görə yekun borc 105824,73 manat qeyd olunmuşdur.
28. Cavabdeh İB-nin iddiaçıya ünvanladığı 2023-cü il 21 iyul tarixli 14-2-2-8/2- 448/2023 saylı müraciətə baxılması haqqında məktubunda Şabran Rayon Mərkəzi Xəstəxanası Publik X1 İstismar İdarəsinə 2023-cü il 1 iyul tarixinə təbii qazdan istifadəyə görə ümumilikdə 105567,68 manat borcu olduğu və yaranmış borcun 2010-cu ilə qədər olan dövrləri əhatə etdiyi qeyd olunmuşdur.
29. İşə baxan birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, 2004-2010-cu illər üçün “abonent saldosu” məhkəməyə təqdim edilsə də, “abonent saldosu” özü-özlüyündə borcun mövcud olduğunu təsdiq edən mötəbər sənəd hesab oluna bilməz. Belə ki, yalnız müvafiq borcun əsasında duran hesabfakturalar, aktlar, qaimələr, sayğac barədə məlumatlar və s. təqdim edildikdə borcun əsaslılığı məhkəmə tərəfindən yoxlanıla və əsaslı olub-olmaması barədə qənaət formalaşa bilər.
30. Əvvəlki apellyasiya baxışı zamanı, məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
31. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsi qərarındakı göstərişləri nəzərə alaraq, həmçinin işdə olan sübutları qiymətləndirərək, aşağıdakıları qeyd edir.
32. İş materiallarında olan qarşılıqlı üzləşmə aktlarından (i.v. 11-24) görünür ki, tərəflər qeyd edilən illər üzrə mövcud borc məbləğini təsdiq etmiş, həmin borcun əks olunduğu aktları imzalanmış və möhürlənmişdir.
33. Bununla yanaşı, tərəflər həmin üzləşmə aktlarının həqiqiliyini mübahisələndirilməmiş, lakin iddiaçının nümayəndələri qeyd edilən aktlara borcla bağlı etiraz qeydlərinin daxil edilməsini, bununla da həmin borcların qəbul edilməməsini bildirmişdir.
34. Məhkəmə kollegiyası iddiaçının həmin dəlilləri ilə razılaşmayaraq, ilkin olaraq qeyd edir ki, iddiaçının üzləşmə aktlarında göstərilən müvafiq borc məbləğini qəbul etmədiyi halda onu imzalayaraq təsdiq etməsi ağlabatan məntiqə sığmamaqla, anlaşılan deyildir.
35. İddiaçının nümayəndələri bunun həmin dövrdə formal olaraq həyata keçirilməsini (digər tərəfin təklifi ilə formal üzləşmə aktların tərtib olunması və s.) bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.
36. Göründüyü kimi, iddiaçının müvafiq borc məbləğinin mövcudluğunu təsdiq edən üzləşmə aktlarını imzaladığı halda, sonradan (təqribən 10 ildən çox müddət keçdikdən sonra) bununla razılaşmamasının əsaslarını sübut etmək yükünü daşıyır.
37. Birinci instansiya məhkəməsi isə sözügedən qarşılıqlı üzləşdirmə aktlarının iş materiallarına əlavə edilməsinə baxmayaraq (i/v 11-24) qətnaməsində həmin aktlara nəinki hüquqi qiymət verilməmiş, o cümlədən iddiaçının borcu qəbul etmədiyi halda hansı səbəblərdən onları imzalaması və möhürləməsinə aydınlıq gətirilməmiş, hətta qətnamədə həmin aktlara istinad belə olunmamışdır.
38. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən müvafiq borcun mövcudluğunu sübut etmə yükünün məhz cavabdehin üzərinə qoyulması barədə mövqeyi anlaşılmaz olmaqla, əsaslandırılmamışdır.
39. İddiaçının növbəti dəlili Mülki Məcəllənin 551-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsi əsası ilə borcun silinməli olması ilə bağlı olmuşdur.
40. Məhkəmə kollegiyası həmin dəlillə də razılaşmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair» 15 fevral 2023-cü il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir.
41. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri).
42. Göründüyü kimi, qanunvericinin müəyyən etdiyi bu müddətlərin, ötürülməsi ilə öhdəliyin və ya onu tələb etmək hüququnun xitamına səbəb olan müddətlər (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir.
43. İddia müddəti isə məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Belə olan halda isə iddiaçının iddiası üzrə iddia müddətinin tətbiq olunması maddi və prosessual hüquq normalarının tələbləri ilə uzlaşmır.
44. Bununla yanaşı, apellyasiya baxışı zamanı tərəflərin nümayəndələri qeyd edilən borcun hazırki dövrdə faktiki tələb olunmamasını və həmin borca görə qaz təminatının dayandırılmamasını da bildirmişlər.
45. Həmçinin qeyd edilməlidir ki, Mülki Məcəllənin 554.1-ci maddəsinə əsasən, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Beləliklə, müddətin keçməsinin hüquqi nəticəsi olaraq mükəlləfiyyətli, yəni öhdəlik yükü daşıyan borclu öhdəliyin icrasından imtina etmək hüququ əldə edir ki, bu hüququ realizə edib-etməmək də onun öz ixtiyarına buraxılır.
46. Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı alınmış mütəxəssis rəyinə (X4 X6 xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi) münasibətdə aşağıdakıları qeyd edir.
47. Mütəxəssis rəyinə görə - Cavabdeh İB tərəfindən iddiaçının hesabına yazılmış 105567,68 manat məbləğində olan borc 2010-cu ilədək yaranmışdır. Lakin, göstərilən borca görə müəssisənin qaz verilişi qazpaylayıcı tərəfindən dayandırılmamışdır. Araşdırma zamanı borcun yaranma səbəblərini müəyyən etmək mümkün olmamışdır. MMnin 551.2.1-ci maddəsinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər üzrə müddət keçdiyindən borcun iddiaçının hesabından silinməsi məqsədə uyğun hesab olunur.
48. Mütəxəssis rəyindən göründüyü kimi, mübahisələndirilən 105567,68 manat məbləğində olan borcun 2010-cu ilədək yaranması və həmin borca görə müəssisənin qaz verilişinin dayandırılmaması müəyyən olunmuşdur.
49. Lakin, işdə üzləşmə aktlarının olması və borcun saldoda öz əksini tapması vəziyyətində mütəxəssis tərəfindən borcun yaranma səbəblərinin müəyyən olunmaması barədə mövqeyi anlaşılmaz olmaqla əsaslandırılmamışdır.
50. Bununla yanaşı, mütəxəssisin onun qarşısında qoyulmuş suallara deyil, hüquqi məsələlərə qiymət verməsi, yəni borcun Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən silinməli olması barədə mövqeyi də prosessual qanunvericiliyin tələbləri ilə uzlaşmır.
51. Halbuki, MPM-nin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.
52. MPM-in 207.1-ci maddəsinə əsasən, zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər.
53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, əvvəlki illər üzrə hesablanmış və iddiaçının özü tərəfindən müvafiq üzləşmə aktlarının imzalanması ilə qəbul edilmiş, habelə uzun müddət mübahisələndirilməmiş qaz sərfi borcunun nəyə görə silinməli olmasını əsaslandıra bilməmişdir.
54. İşə baxan birinci instansiya məhkəməsi isə qeyd edilənləri nəzərə almamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, işdə olan sübutları nəzərə almamış, onları düzgün qiymətləndirməmişdir. Bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz.
55. Qeyd edilənlər MPM-in 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır.
56. Həmçinin qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.
57. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iddia təmin olunmamalıdır.
58. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
59. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddianın təmin olunması nəticəsinə gəldiyindən mediasiya xərcinin əvəzi olaraq iddiaçı tərəfindən ödənilmiş 396 manat pul vəsaitini cavabdehə aid etməklə, ondan iddiaçının xeyrinə tutmuşdur.
60. Lakin, məhkəmə kollegiyası iddianın əsassız olması nəticəsinə gəldiyindən, hesab edir ki, həmin xərc iddiaçının özünə aid edilməlidir.
61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı “Şabran Rayon Mərkəzi Xəstəxanası” X23inin Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2591/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2591/2024 nömrəli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin olunmasın. Mediasiya xərcinin əvəzi olaraq ödənilmiş 396 manat pul vəsaiti iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər.