Məhkəmə qərarları › İş №2-2(103)-678/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-678/2020

23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-678/2020 23.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2738/2020 saylı xx.xx.2020-ci il tarixli «iddianın təmini tədbiri barədə» qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı MMC Cavabdehnə («İB») qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 91.218,83 manat məbləğində borcun ləğv edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun və 1000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı, həmçinin, iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2095-ci məhəllədə yerləşən iddiaçıya məxsus müəssisəyə (abonent kodu **********00000) ünvanında yerləşən verilən qaz təchizatının dayandırılmasının cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2738/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək ləğv edilməsini və ərizənin rədd olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, burada iddiaçının niyyəti aydın görünür. Belə ki, qərardadda istehlakçı hazırda mübahisələndirilən məbləği və həmin məbləğdən artıq yaranacaq borcu ödəmədən, təbii qazdan istifadə etmək niyyətindədir. Bunun nəticəsində istehlakçının təbii qazdan istifadəyə görə debitor borcu artacaq. Belə olan halda bu növ qərardad gələcəkdə qəbul ediləcək məhkəmə qərarının icrasını çətinləşdirə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə istehlakçıya qazın verilməsi dayandırıla bilər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər (sələahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, MPM-in 135.8, 376.2-ci və 397.2-ci maddələrinin tələblərini nəzərə alan kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinin tələbindən də görünür ki, işə baxan məhkəmə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Məcəllənin qeyd olunan normalarının mənası baxımından, iddianı təmin etmə tədbirinin görülməsi gələcəkdə iddianın təmin edilməsinə yönəlməsi ilə yanaşı, həm də mübahisənin predmetindən sui-istifadənin qarşısını almaq məqsədi daşıyır. Konkret halda, qaz paylayıcısı olan cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirən iddiaçıya təbii qazın verilməsini dayandırmaq və sonuncunun davamlı sahibkarlıq fəaliyyətini pozmaqdan əlavə, həm də onun təbii inhisarçı kimi qaz təchizatı sahəsində dövlət tapşırığı ilə öz üzərinə düşən öhdəliklərinin icrasını da faktiki olaraq dayandırmış olur. Digər tərəfdən, hər bir halda, iddiaçı məhkəmə mübahisəsini istər udsun, istər də uduzmuş olsun, hər iki halda, sahibkarlıq fəaliyyətini davam etdirməsi və gəlir əldə etməsi – son nəticədə onun istehlak etdiyi təbii qazın dəyərinin ödənilməsinə və dövlət qarşısındakı tədiyyə öhdəliklərinin yerinə yetirilməsinə gətirib çıxaran bir gözləntini ehtiva edir. Bu mənada, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılıb-qurtaranadək iddiaçıya qazın verilməsinin dayandırılmasının cavabdehə qadağan olunması prosessual qanunvericiliyə uyğundur. Həm də qeyd edilməlidir ki, MPM-in 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Beləliklə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə gəlinmiş nəticəni işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun sayır. Bu mənada cavabdehin şikayətinin həmin qərardadın əsassız olduğunu vurğulayan və “Qazdan istifadə Qaydaları”nın 6.1.4-cü bəndinə istinad olunan dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2738/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsindən isə göründüyü kimi, iddianı təmini tədbiri barədə məhkəmə qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü maddələrinin qüvvədə olan müddəalarını rəhbər tutaraq, kollegiya qərara a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2738/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar