Məhkəmə qərarları › İş №2-2(103)-679/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-679/2023

25.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-679/2023 25.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı borcun silinməsinə Açar söz: borcun silinməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2- 2(113)-893/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı ilə cavabdeh arasında bağlanmış 01 yanvar 2012-ci il tarixli 082280 nömrəli su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün müqaviləyə əsasən abonenti tələbatına uyğun məişət içməli və istehsalat məqsədli su ilə təmin edir və tullantı sularının fasiləsiz həyata keçirir.

2. Cavabdehin Laboratoriya Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 14374/17 nömrəli su nümunəsinin analiz nəticələrindən görünür ki, suyun elektrik keçiriciliyi 2720 S/sm (keyfiyyət tələbləri >2500 S/sm (20 ⁰C)), ümumi codluğu 680 mq/L CaCo3 (keyfiyyət tələbləri >350 mq/L CaCo2), xlorid ionu 263 mq/L (keyfiyyət tələbləri: >350), ammonium 0,02 mq/L müəyyən edilmişdir.

3. Cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2022-ci il tarixli hesabfakturadan görünür ki, 2022-ci ilin aprel ayında qrunt sularına görə hesablanmış borc 79 manat təşkil edir, xx.xx.2022-ci il tarixə qalıq borc isə 5847,84 manat təşkil edir.

4. . 082280 nömrəli abonent haqqında məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixə iddiaçının su borcu 840 manat, çirkab borcu 840 manat və qrunt suyuna olan borcu 5389,84 manat, ümumilikdə 7069,84 manat təşkil edir

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" ASC Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya əsassız besablanmış 6952,84 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" Ticarət Mərkəzi ASC hal-hazırda fəaliyyət göstərmir. "xxxx" Ticarət Mərkəzi ASC fəaliyyət göstərən zaman bina tikintisi ilə məşğul olmuşdur. Sonuncu tikinti apardığı ünvan Bakı şəh., Xətai ray., Məhəmməd Hadi, ev-58/A olmuşdur. Onlardan asılı olmayan hallara görə ünvan 2 ünvanda yerləşən binanın zirzəmisinə su yığılmışdır. Cavabdeh ASC-nin əməkdaşları binaya yaxınlaşaraq zirzəmiyə baxış keçirmiş və orada yığılmış su təmiz ola-ola onlar bildirmişlər ki, guya ki, su çirkabdır və ona bildirdilər ki, burada olan çirkab suların axıdılması üçün ödəniş etməlidirlər və mütləq su sayğacı quraşdırılmalıdır. Bir neçə gün keçdikdən sonra Cavabdeh ASC-nin əməkdaşları binaya yaxınlaşaraq zirzəmidə su sayğacı quraşdırmışlar. Orada yığılan su çirkab olmadığından və oradakı su azalmadığından icraçı direktoru olaraq X1 ikinci dəfə şifahi olaraq Cavabdeh ASC-yə müraciət etmişdir. Orada ona bildirmişlər ki, suyun çirkab olub olmamasını bilmək üçün Cavabdeh ASC-nin laboratoriyasına müraciət edə bilərsiniz. Bu səbəbdən də, həqiqəti ortaya çıxartmaq üçün Cavabdeh ASC-nin laboratoriyasına müraciət etmiş və binanın zirzəmisindən xx.xx.2017-ci il tarixdə su nümünələri götürülmüşdür. Nümunənin cavabı çıxmış və orada həqiqətən suyun çirkab olmadığı aşkarlanmış və sübuta yetirilmişdir. Cavabdeh ASC-nin laboratoriyasının cavabını Cavabdeh ASC-nin Xətai rayon şöbəsinə təqdim etmiş, orada bildirilmişdir ki, laboratoriyanın cavabı çirkab su kimi çıxmayıbsa onda binanın yaxınlığından keçən ana xətlərdən hansındasa su sızması var. Bundan sonra Cavabdeh ASC-nin Xətai rayon şöbəsinin əməkdaşları xüsusi yer dinləmə qurğuları ilə axtarış apararaq suyun sızmasını tapmış və sızmanın qarşısını almışlar. Bundan sonra Cavabdeh ASC-nin Xətai rayon şöbəsinin əməkdaşları Cavabdeh ASC-nin laboratoriyasının cavabı ilə birlikdə su sayğacını söküb aparmışlar. 3 il keçdikdən sonra Cavabdeh ASC-nin əməkdaşları binanın zirzəmisinə baxış keçirtdilər və orada həqiqətən su yığıntısının olmadığına şahid oldular. Bu günə qədər də binanın zirzəmisində su yığıntısı yoxdur. Lakin bütün bunlara baxmayaraq cavabdeh hər ay icraçı direktoru olduğu və hüquqi ünvanı Bakı şəh., Xətai ray., Məhəmməd Hadi, ev58/A da olan "xxxx" Ticarət Mərkəzi ASC-yə hər ay üçün pul hesablayır və ümumilikdə 5.847 manat borc hesablamışdır. X1 borcun hansı əsasa görə yazıldığını araşdırmaq üçün Cavabdeh ASC-yə müraciət etmiş və ona bildirmişlər ki, icraçı direktoru olduğu və hüquqi ünvanı Bakı şəh., Xətai ray., Məhəmməd Hadi, ev-58/A da olan "xxxx" Ticarət Mərkəzi ASC-ə hər ay üçün pul hesablanır. Bu səbəbdən də, 5.847 manat məbləğində borcu ödəməyi tələb etdilər. Hansı ki, Bakı şəh., Xətai ray., Məhəmməd Hadi, ev-58/A ünvanında yerləşən binanın zirzəmisində su yığıntısı yoxdur. Bu səbəbdən də hesab edir ki, ona əsassız olaraq yazılan 5.847 manat məbləğində borcun silinməsi üçün şifahi olaraq Cavabdeh ASC-yə müraciət etmiş, lakin nəticəsi olmayıb. Cavabdehin işçiləri tərəfindən tərtib edilən cərimə borcları əsassızdır.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-893/2023 saylı qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia tələbi qismən təmin edilərək Cavabdeh ASC tərəfindən 082280 nömrəli abonent koduna ("xxxx" ASC) hesablanmış 5389,84 manat məbləğində borcun silinməsi qət edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, məhkəmə tərəfindən cavabdehə borcla bağlı təqdim edilmiş hesab-fakturaların, borcun hesablanmasını özündə əks etdirən sənədlərin, həmin borcun əhatə etdiyi dövr və borcun hansı qaydada hesablanması barədə məlumatların təqdim edilməsi dəfələrlə cavabdehə təklif etsə də, cavabdeh həmin borcla bağlı Məhkəməyə yalnız abonent haqqında məlumat təqdim edə bilmişdir, bundan əlavə, cavabdeh həmin borcun sərfiyyat borcu olduğunu, hər ay iddiaçıya borcla bağlı hesabfaktura təqdim edildiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

9. Cavabdeh bununla bağlı Məhkəməyə EAAA 525580 nömrəli xx.xx.2017-ci il tarixli, EBBA 513620 nömrəli, EBBC 363433 nömrəli, EBBD 591591 nömrəli, EBBE 653166 nömrəli, EBBL 183845 nömrəli, EBBM 911051 nömrəli, EBBO 937786 nömrəli, EBBQ 320769 nömrəli, EBBS 113960 nömrəli, EBBT 795406 nömrəli, EBBU 949229 nömrəli, EBBW 243893 nömrəli, EBBY 774369 nömrəli, EBCA 162186 nömrəli, EBCB 986276 nömrəli, EBCE 44625 nömrəli, EBCH 574305 nömrəli, EBCJ 681497 nömrəli, EBCM 042578 nömrəli, EBCN 665750 nömrəli, EBCO 615942 nömrəli, EBDB 604628 nömrəli elektron qaimələr təqdim etsə də, həmin elektron qaimələrin ümumiyyətlə təsdiqlənmədiyi müəyyən edilmişdir.

10. Bundan əlavə, cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında sayğaca iddiaçı tərəfindən baxış keçirilməsinə lazımi qaydada şərait yaradılmadığını, bu səbəbdən iddiaçıya sayğacın göstəriciləri əsasında deyil, orta aylıq sərfiyyata uyğun borc hesablandığını bildirmiş, bununla bağlı şahid ifadəsi təqdim etmişdir.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 2018-ci ilin iyun ayından Xətai rayon Sukanal İdarəsi Abonentlərlə iş şöbəsinin fakturalama qrupunda işləyir. 2021-ci iilin avqust ayından iddiaçının sahibliyində olan qeyri-yaşayış sahəsinə nəzərət edir. Ayda bir dəfə sayğaca baxış keçirməyə getmiş, "xxxx" ASC-nin nümayəndələri ona həmin əraziyə daxil olmağa şərait yaratmamışlar. Cari ay əraziyə gedəndə isə orada ümumiyyətlə sayğac olmadığını aşkar etmişdir. Ona aid olan marşrutda "xxxx" ASC-nin bir sayğacı olmuşdur. Yaranan borca görə iddiaçıya hər ay hesab-faktura təqdim edirdi. Hesab-fakturaları mühafizəçiyə təqdim edirdi. Borclar sayğaca baxış keçirilməsinə şərait yaradılmadığı üçün əvvəlki ayların orta aylıq göstəricilərinə əsasən yazılmışdır.

12. Cavabdeh bununla bağlı başqa sübut təqdim edə bilməmiş, bundan əlavə, 2017- ci ilin noyabr ayında laborator şəraitdə qrunt suyu olması ehtimal edilən suyun içməli su olması müəyyən edildikdən sonra da iddiaçıya borcun hesablanmasının davam etdirilməsinin səbəbi barədə suala cavab verə bilmədiyini bildirmişdir.

13. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçının silinməsini xahiş etdiyi borcun əsaslı olmasına dair məhkəməyə ümumiyyətlə hər hansı sənəd, göstərilən borcun mövcudluğu ilə bağlı məhkəməyə əsaslı və şübhədənkənar sübut təqdim edə bilmədiyindən, iddia tələbi 5389,94 manat borcun silinməsi hissəsində əsaslıdır və təmin edilməlidir.

14. Mübahisələndirilən qrunt suyuna görə iddiaçıya hesablanmış borc 5389,84 manat olduğundan iddia tələbi qalan 1563 manat hissədə təmin edilməməlidir. Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-893/2023 saylı qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilərək iddia tələbinin tam rədd edilməsi, apelyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2017-ci ilin əvvələrində iddiaçı, ünvan 5 ünvanı üzrə binanın zirzəmisində su yığıntısı olmasını bildirmiş və bu suyu kənarlaşdırmaq üçün Cavabdeh ASC-nin kanalizasiya şəbəkəsindən istifadə etdiyini bildirmiş, təhcizatçı müəssisə tərəfindən qrunt sularının axldılması üçün iddiaçının obyektinin zirzəmisinə 2017-ci ilin noyabr ayında sayğac quraşdırılmış və müvafiq olaraq birdəfəlik hesabat verilmiş, lakin iddiaçı cavabdehin nümayəndəsinin sayğaca baxış keçirilməsinə lazımı qaydada şərait yaratmadığından, bu səbəbdən də hesabat sayğacın göstəriciləri ilə deyil, orta aylıq sərfiyyata uyğun verilməyə başlanılmışdır. Lakin iddiaçı bununla razılşmamış, binanın zirzəmisində su yığıntısında onların günahı olmadığını bildirmiş, bununla bağlı labarator yoxlamalar keçirilməsinə təkid etmiş və nəticə olaraq yekun rəyin alınmasına nail olmuş və bundan sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üzrə düzgün qətnamə qəbul etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Qaydaların 9.1-ci bəndinə əsasən tullantı suları yalnız kanalizasiya şəbəkəsi vasitəsilə axıdılmalıdır. İstehsalat tullantı sularının axıdılmasına aid məsələlərin həlli hər bir halda STKM tərəfindən təmin olunmalıdır. Qaydaların 9.2-ci bəndinə əsasən şərti təmiz sular təsərrüfat-məişət kanalizasiya sisteminə STKM ilə bağlanılmış müqaviləyə əsasən və kanalizasiya şəbəkələrinin və təmizləyici qurğularının gücü, həmçinin axıdılan suyun həcmi nəzərə alınmaqla axıdıla bilər. İddiaçı ilə Cavabdeh ASC arasında“su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” bağlanan müqavilənin 2.1.5-ci bəndinə əsasən axıdılmış tullantı sularının miqdarı təyin edilərkən istifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014- cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 4 nömrəli əlavəsinə əsasən qrunt sularının kanalizasiya şəbəkəsinə axıdılma müddəti 4 saat qəbul edilir. Digər tərəfdən tərəflər arasında münasibətlər müqavilə və qaydaların tələblərinə uyğun müəyyən edilmişdir. Lakin bu kimi tənzimləyici normativlərin olmasına baxmayaraq məhkəmə qətnamə qəbul edərkən qeyd edilən hallara əsaslanmamış, nəticədə əsassız qətnamə qəbul etmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

18. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

19. Tətbiq edilən hüquq

“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu 30.1-ci maddə- su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 58-ci maddə- ödənişlər bu Qanuna müvafiq olaraq verilmiş icazəyə əsasən suyun götürülməsinə və tullantı sularının və tullantıların atılmasına görə müəyyənləşdirilir. Ödənişlərin miqdarı, onların hesablanması və ödənilməsi qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilir. 59.3-cü maddə- su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği aşağıdakılara əsasən hesablanır: a) suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna; b) müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları” 4.1.3-cü bənd- bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifələrinə daxildir. 3.5-ci bənd- axıdılmış tullantı sularının miqdarı təyin edilərkən istifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da nəzərə alınır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə- hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri 20.Qətnamə cavabdeh tərəfindən qismən-iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirildiyindən qismən yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

21. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-893/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

23. İşin mübahisəsiz halıdır ki, iddiaçıya hesablanmış 5389,94 manat borc qrunt sulararının kanalizasiya şəbəkəsinə axıdılmasına görə hesablanmışdır. Məhkəmə araşdırması zamanı cavabdeh iddiaçı tərəfindən kanalizasiya şəbəkəsinə qrunt suyu axıdıldığın sübuta yetirə bilməmişdir.

24. Apellyasiya şikayətində cavabdeh kanalizasiya şəbəkəsinə axıdılan qrunt sularına görə cavabdehin ödəniş almaq hüququ ilə bağlı normaları sadalasa da, iddiaçıya hesablanmış 5389,94 manat borcun qanuni və əsaslı olduğunu, iddiaçı tərəfindən kanalizasiya şəbəkəsinə qrunt suyu axıdıldığını təsdiq edən sübutları təqdim etməmişdir.

25. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)- 893/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 893/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir, qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar