Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-687/2021 06.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Hüseynov Azər Soltanəhməd oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, iddiaçı "Azərişıq" açıq səhmdar cəmiyyətinin cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı elektrik enerjisindən istifadəyə görə yaranmış borcun tutulması barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2212/2020 saylı, 25.11.2021-ci il tarixli qətnaməsindən (hakim Z.Pirverdiyev) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "Azərişıq" açıq səhmdar cəmiyyətinin cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, sonradan (02.11.2020-ci il tarixdə) iddia tələbinin həcminin artırılması barədə ərizə verərək cavabdehin istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 23.084.84 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2212/2020 saylı, 25.11.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə 06.08.2021-ci il tarixə təyin edilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq sonuncu məhkəmə iştirak etməmişdir. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı "Azərişıq" açıq səhmdar cəmiyyətinin nümayəndəsi Z.Səmədova əvvəlki məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, cavabdeh mütəmadi ödənişlər etdiyindən iddia müddətinin axımı kəsilmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2212/2020 saylı, 25.11.2021-ci il tarixli qətnaməsi qismən cavabdehdən iddiaçının xeyrinə 19994,48 manat pul tutulması hissəsində ləğv edilərək həmin hissədə iddia rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, 2017-ci ilin oktyabr ayında iddiaçı ilə cavabdeh arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi baglanmışdır. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışlarından görünür ki, cavabdeh "xxxx" MTK-dan tələb edilən borcun 19994,48 manatı 24.08.2017-ci il tarixədək yaranmışdır. Cavabdeh işə apelyasiya qaydasında baxılarkən məhkəməyə ərizə təqdim edərək iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, işə birinci instansiya qaydasında baxılarkən cavabdehin hüquqi ünvanı üzrə göndərilmiş məhkəmə bildirişləri çatmadığı üçün cavabdehin məhkəmə iclaslarında iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə 2020-ci ilin avqust ayında hazırkı iddia tələbi ilə müraciət etdiyindən aşağıdakı normalara əsasən 2017-ci ilin avqust ayınadək yaranmış 19994,48 manat borc tələbi ilə bağlı iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən olunmuşdur. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə cavabdeh tərəfindən borc üzrə ödənişlər edilməsi ilə iddia müddətinin axımının kəsildiyinə dair iddiaçının nümayəndəsinin mülahizəsini əsassız hesab edir. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. İddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışlarından və abunə haqqında sənəddən görünür ki, cavabdeh 2017-ci ilin avqust ayından sonra yalnız cari borcları ödəmiş, əvvəlki illərin borcları üzrə ödəniş həyata keçirməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2212/2020 saylı, 25.11.2021-ci il tarixli qətnaməsi qismən cavabdehdən iddiaçının xeyrinə 19994,48 manat pul tutulması hissəsində ləğv edilərək həmin hissədə iddia rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cımaddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2212/2020 saylı, 25.11.2021-ci il tarixli qətnaməsi qismən cavabdehdən iddiaçının xeyrinə 19994,48 manat pul tutulması hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-687/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-687/2021
06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver