Məhkəmə qərarları › İş №2-2(103)-689/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-689/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-689/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-399/2021 saylı, 07.04.2021-ci il tarixli qətnaməsindən (hakim Leyla Əliyeva) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, akt əsasında hesablanmış 2.196 manat borcun 072595 saylı abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında ********** VÖEN əsasında fəaliyyət göstərən kafe yerləşir və fəaliyyət göstərir. Həmin kafeyə 072595 saylı müqavilə əsasında Cavabdeh ASC tərəfindən 13962330 kodlu su sayğacı quraşdırılmışdır. Cavabdeh ASC tərəfindən 04.09.2020-ci il tarixdə barəsində 007160 saylı akt tərtib edilərək 1098 kub metr miqdarında 2196 manat dəyərində içməli su və tullantı sularının axıdılması xidmətindən qeyri-qanuni istifadə etməklə Cavabdeh ASC-yə ziyan vurduğu qeyd edilmişdir. İddiaçı tərəfindən həmin sayğaca hər hansı bir müdaxilə olmamış və əlavə xətt çəkilməmişdir. Bundan başqa abonent olaraq iddiaçının da qanuni əsaslarla təchizatından istifadə etmək hüququ vardır. Cərimə borcu hesablanandan sonra dəfələrlə “Cavabdeh" ASC-nin əməkdaşları tərəfindən və həmin cərimə borcu tezliklə ödənilmədiyi halda suyun verilişinin əlavə xəbərdarlıq edilmədən dayandırılacağı bildirilmiş, hətta bir neçə dəfə suyu kəsməyə cəhd göstərmişlər. Qeyd olunan borcun silinməsi ilə bağlı cavabdeh təşkilata tərəflərindən müraciət edilsə də, həmin borcun silinməsinin mümkün olub-olmaması barədə hər hansı bir cavab verilməmişdir. Tərtib edilmiş aktda göstərilənlər və 2.196 manat cərimə kimi əlavə sərfiyyatın hesablanması tamamilə əsassızdır. Həmçinin həmin akt tərtib edilərkən hal şahidlərinin iştirakı təmin edilməmiş, su sayğacına baxışın keçirilməsi haqqında qərarın surəti və yoxlamanın vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və digər məlumatlar onlara təqdim edilməmişdir. Aktla razı olmadığını bildirməklə imza etməkdən imtina etmişlər. Akt ləğv edilməli və onun əsasında hesablanmış əlavə cərimə kimi 2.196 manat borc məbləği İddiaçı adına olan 072595 saylı abunə hesabından silinməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-399/2021 saylı, 07.04.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-399/2021 saylı, 07.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır, məhkəmə tətbiq edilməli olmayan normanı tətbiq etmiş və buna görə də məhkəmənin qətnaməsi apelyasiya qaydasında ləğv edilməlidir. Birinci instansiyası məhkəməsinin Cavabdeh ASC-nin əməkdaşlarının iddiaçı tərəfindən sudan sayğacdankənar qaydada qoşulmaqla haqqı ödənilmədən qanunsuz istifadəsini aşkarlaması faktını sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamalarla eyniləşdirməsi, bunun Ədliyyə Nazirliyi tərəfindən aparılan reyestrə daxil edilmədən həyata keçirildiyinə görə qeyri-qanuni hesab edilməsi barədə gəldiyi nəticə də tamamilə qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh ASC-nin əməkdaşlarının iddiaçı tərəfin səlahiyyətli şəxslərinin razılığı ilə həyata keçirdikləri su təchizatı sisteminə cari baxış sahibkarlıq fəaliyyətinin yoxlanılması kimi qiymətləndirilə bilməz. Bu baxış “Su təchizatı və Tullantı Suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə həyata keçirilmişdir. Həmin Qanunun 50-ci maddəsinin 2-ci bəndində göstərilir ki, aşağıdakı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada su təchizatı və kanalizasiya müəssisələrinin səlahiyyətli nümayəndələri bu maddədə nəzərdə tutulmuş məqsədlər üçün obyektlərə əvvəlcədən bildirmədən daxil ola bilərlər: a) fövqəladə hadisə zamanı; b) obyekt sahibi işlərin aparılmasına etiraz etmədikdə; c) suyun çirklənməsini, ondan qeyri məqsədlər üçün və səmərəsiz istifadəni aradan qaldırmaq və həmçinin bu Qanunun müddəalarının pozulmasının qarşısını almaq üçün. Hazırki iş üzrə də iddiaçı tərəf əməkdaşlar tərəfindən obyektin su təchizatı sisteminə baxış keçirməsinə etiraz etməmişdir. Bundan əlavə də obyektdə sudan səmərəsiz istifadə halı, qanunun müddəalarının pozulması halı öz təsdiqini tapmış və bunun qarşısı qanunvericiliyin tələblərinə uyğun alınmışdır. Əməkdaşlar tərəfindən iddiaçının su təchizatı sisteminə baxış keçirilməsi onun sahibkarlıq fəaliyyətinin və ya təsərrüfat fəaliyyətinin yoxlanması olmadığından bu baxış sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsi barədə tələbin heç bir hüquqi əsası yoxdur. Göründüyü kimi, qanunvericinin niyyəti “qanun əsasında sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş dövlət orqanı”nın fəaliyyətini nizama salmaqdır və sadə məntiqə belə zidd olardı ki, qanunvericilikdə müxtəlif normativ hüquqi aktlar eyni məsələ ilə bağlı tam fərqli mövqelər müəyyən etsin. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən obyektə baxış keçirərkən sudan qeyri-qanuni istifadə halı aşkarlanmışdır. Baxış keçirilən zaman obyektdə quraşdırılan smart tipli su sayğacından keçməyən D=15mm plastik boru vasitəsi ilə kənar xətt aşkarlanmşdır ki, buna müvafiq olaraq 04 sentyabr 2020-ci il tarixli, MXD- 007160 saylı inventar aktı tərtib edilmişdir. Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatına müvafiq olaraq dəymiş ziyanın məbləği 2196 (iki min yüz doxsan altı) manat müəyyən edilmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti su təchizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsi ilə istehlakçılara verilən içməli suyun dəyərindən formalaşır. Müvafiq olaraq, cəmiyyətin balansında olan şəbəkə və qurğulardan suyun sayğacdankənar istifadəsi cəmiyyətə ziyan vurur və belə istifadə halları cəmiyyətlə sayğacdankənar gizli istifadəyə yol verən istehlakçı arasında ziyan vurmaqla bağlı mülki-hüquqi münasibətlər yaratmış olur. İşə apelyasiya qaydasında baxılması 23.06.2021-ci il tarixə təyin edilmiş, cavabdeh məhkəmə iclasının vaxtı barədə məlumatlı olsa da, nümayəndəsi iclasda iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apelyasiya şikayəti ilə razı olmadıqlarını bildirərək təmin edilməməsini xahiş etmişlər. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-399/2021 saylı, 07.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 007160 saylı 04.09.2020-ci il tarixli inventar aktında qeyd edilir ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq İddiaçı məxsus obyektin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və baxış nəticəsində obyektdə sudan istifadə edilməsi məqsədi ilə kənar xətt aşkarlanmışdır. Həmin akt əsasında tərtib edilmiş 007160 saylı 04.09.2020-ci il tarixli qeyri-qanuni istifadə nəticəsində su hesabından isə görünür ki, qeyri-qanuni istifadə edilən su borusunun diametri 15 mm, sudan sutkada istifadə vaxtı 5 saat, hesabat dövrü 12 ay götürülməklə hesabat aparılmış və sudan qeyri-qanuni istifadə nəticəsində Cavabdeh ASCyə dəymiş zərərin əvəzi olaraq İddiaçı 2.196 manat məbləğində borc hesablanmışdır. Cavabdeh ASC mübahisəli borcun hesablanmasını İddiaçı tərəfindən sayğacdan kənar su xəttindən istifadə edilməsi və bunun nəticəsində Cavabdeh ASC-yə ziyan vurulması ilə əsaslandırsa da, iddiaçıya məxsus obyektdə kənar su xəttindən istifadə edilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamənin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Göründüyü kimi, Cavabdeh” ASC içməli su təchizatı və çirkab sularının axıdılması xidmətləri sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Məhkəmə düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminə baxış keçirilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmədyindən yoxlama qanuni hesab edilə və yuxarıda qeyd edilən normaların tələbləri baxımından hüquqi nəticə yarada bilməz. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-399/2021 saylı, 07.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-399/2021 saylı, 07.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar