Məhkəmə qərarları › İş №2-2(103)-726/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-726/2021

21.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-726/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı firmasının cavabdeh "Cavabdeh" ASC-yə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 653/2021 nömrəli iş üzrə 18 may 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC) məhkəməyə müraciət edərək, özəl mühafizə şirkətləri haqqında nizamnamə və lisenziya haqqında əsasnamələri pozmaqla qeyri-yaşayış binasının zorakı zəbt ilə mülkü dövriyyə iştirakçılarını sahiblik və istifadə hüququndan məhrum etmə, iddiaçının işgüzar fəaliyyətinə maneələrlə məqsədli iflasina nail olma, qanunsuz sahibkarlıqla məşqul olma, zəbt olunmuş obyektdə işçilərə sərəncam və tapşırıqlar vermə, icrasını tələb etmə, direktor və təsisçilərin vəzifə səlahiyyətlərini mənimsəmə, məhkəmə və icra orqanlarının səlahiyyətlərini əvəzləmə nəticəsində iddiaçıya küllü miqdarda dəymiş zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16.09.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı ondan apellyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin 21.01.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti iddiaçıya qaytarılmışdır. Bundan sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizənin əsaslarına görə, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, apellyasiya şikayətini iddiaçının hazırda həbsdə olan təsisçisi Bəşirov Mərhəmət vermişdir. İddiaçının isə məhkəməyə müraciətləri qanunla şikayət vermək hüquqlarının bərpası haqqında yeni direktor Qanuni nümayəndə məhkəmə qarşısında tanıtması məzmununda olmuşdur. "İddiaçı" firmasının qanuni təmsilçisinin Qanuni nümayəndə olması barədə dövlət reyestrində dəyişiklik 05.11.2020-ci il tarixdə həyata keçirildiyindən Nümayəndə həmin tarixədək hüquqi şəxsin qanuni təmsilçisi olmuşdur. Bakı Kommersiya Məhkəməsinin 18.05.2021-ci il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Qərardadın əsaslarına görə, “İş materiallarından müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli e-2-2(113)-653/2020 saylı qətnaməsi 18 sentyabr 2020-ci il tarixdə "İddiaçı" firmasının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ində yerləşdirilmişdir. Bu halda məhkəmə hesab edir ki, məhkəmənin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci və 135.8-ci maddələrinin tələblərinə əsasən 18 sentyabr 2020-ci il tarixdə "İddiaçı" firmasına rəsmi qaydada verilmiş hesab olunur. Məhkəmə hesab edir ki, ərizədə qeyd olunanlar qanunla müəyyən olunmuş müddətin buraxılması üçün üzürlü səbəb hesab edilə bilməz. Belə ki, Qətnamənin çıxarılmasından yeddi aydan artıq müddət keçmişdir.” Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verib, ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, apellyasiya şikayətinin verilməsi müddətinin bərpası və hakimin imtina barədə qərardadı müddətin bərpa olunması zərurəti və onun əsaslarına yenidən baxılmas tələbi birmənalı olaraq “qərəzli şəkildə” məhkəmə müdafiəsi institutundan məhrumetməyə sübutdur. Faktiki olaraq qərardad iddiaçının müraciəti ilə tələbinin təmin olunmasi üçün əsasdir. Qətnamədən şikayət vermək hüququndan məhrum olması rəsmi sənədlər, məhkəmələrə müraciətləri, polis, prokurorluqda qeydiyyatdan keçib baxılmasa idi hakim qərardadda haqlı olardı. Prosessual müddətin bərpası haqqında ərizə vermək əvəzinə digər mənasız qərardadlardan şikayət ilə vaxt itirilmişsə də 16.09.2020-ci il tarixli qətnamədən şikayət vermək imkanları rəsmi orqanlardan asılı olmuş, iddiaçıdan asılı olmamışdır. Elektron portal vasitəsi ilə məhkəməyə müraciət hüquqları yalnız 05.11.2020-ci il tarixdə, yəni iddiaçıdan asılı olmayan səbəblərlə çətinliklə əldə etmiş və pandemiya olduğundan reyestrdən çıxarışı qeydiyyat haqda sonradan iki ay sonra mart ayında almışlar. Keçmiş direktor Nümayəndə inzibati məhkəmə qaydasında işdən 16.02.2020-ci il tarixdən çıxmış hesab olunursa da belə, yeni direktorun təyin olunması proseduru qeyri-mümkün sayılırdı. Çünki Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05.11.2018-ci il tarixli qərardadı ilə İddiaçı firmasındakı təsisçilərin tərkibi və onlarin paylarına dair məlumatlarin dəyişdirilməsi və sair qeydiyyatin aparılmasi qadağan olunmuşdur. Yəni, keçmiş direktor işdən çıxmışsa, faktiki olaraq təhdid altında işə gəlməsi də mümkünsüz olmuşdur. Belə hal 21.02.2019-cu il tarixdən 25.11.2020-ci il tarixə qədər davam etmişdir. Bakı Kommersiya Məhkəməsinin 01.06.2021-ci il tarixli qərardadına əsasən şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. MPM-in: 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.2-ci maddəsinə görə, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; 135.8-ci maddəsinə görə, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Göründüyü kimi, kommersiya mübahisələri üzrə məhkəmə sənədləri, o cümlədən, məhkəmə aktları işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməklə təqdim edilir və bu halda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İşdən müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin 16.09.2020-ci il tarixli qətnaməsi 18.09.2020-ci il tarixdə İddiaçı firmasının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin qətnaməsi MPM-in 135.5-ci və 135.8-ci maddələrinə əsasən 18.09.2020-ci il tarixdə İddiaçı firmasına rəsmi qaydada verilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08.05.2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” Bu kontekstdə iddiaçının ərizəsinə hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçının istinad etdiyi hallar qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü səbəbi kimi qəbul edilə bilməz. Belə ki, həmin hallar bilavasitə iddiaçıdan asılı olmuş, onun tərəfindən dəf edilmə imkanlarından kənara çıxmamışdır. Bunu qətnamənin çıxarılmasından yeddi aydan artıq böyük bir müddətin keçməsi də təsdiq edir. Odur ki, iddiaçının göstərdiyi səbəblər üzrlü sayılmamaqla, qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsindən imtina edilməsinə dair birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Bu mənada məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmır. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qərardad dəyişdirilmədən saxlanılmalı, qərardadın ləğvinə əsas verməyən şikayət təmin olunmamalıdır (MPM-in 398.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-653/2021 nömrəli iş üzrə 18 may 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı firmasının şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar