Məhkəmə qərarları › İş №2-2(103)-76/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-76/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-76/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-801/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 32948,60 manat borc və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-801/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh X2 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun işdə iştirakını təmin etməmişdir. Həmçinin 2020-ci ilin yanvar-avqust ayları ərzində qətnamə qəbul olunana qədər 103460 manat məbləğində ödəniş edilmiş və iddia ərizəsində göstərdiyi 32948,60 manatdan əlavə olaraq 70517,4 manat ödənilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında təbii qazın alqı-satqısı müqaviləsi bağlanmışdır. İddiaçı bildirir ki, cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq, müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmiş, nəticədə xx.xx.2020-ci il tarixə 32948,60 manat borcu yaranmışdır. Cavabdeh iddiaya etiraz edir və onun mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, Mənzil Məcəlləsinin 135.1-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndinə əsasən cavabdeh istehlak etdiyi qazın dəyərinin ödənilməsi öhdəliyini daşıyır. İş materiallarından olan abonentin saldosundan da görünür ki, cavabdeh tərəfindən mütəmadi ödənişlər edilmiş (2020-ci ilin yanvar-avqust ayları ərzində 103460 manat məbləğində ödəniş edilib), lakin xx.xx.2020-ci il tarixə onun ödənilməmiş borcu 43508,2 manat təşkil etmişdir. İddiaçı isə cavabdehdən 32948,60 manat məbləğində borcun tutulmasını xahiş etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddia təmin edilməli və 32948,60 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, cavabdeh məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmışdır. Cavabdeh tərəfindən edilmiş bütün ödənişlər isə abonent saldosunda öz əksini tapmış və həmin məbləğlər də hesablandıqdan sonra cavabdehin 32948,60 manat məbləğində borcu qalmışdır. Eyni zamanda cavabdeh abonent saldosunda öz əksini tapmayan hər hansı ödəniş qəbzini təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-801/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar