Məhkəmə qərarları › İş №2-2(103)-765/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-765/2021

06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-765/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı borcun silinməsi və sərfiyyatın yenidən hesablanması tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-2426/2020 nömrəli iş üzrə 27 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Cavabdeh İB Bakı Regional Qazın Satışı Departamenti Binəqədi XS tərəfindən təqdim olunmuş 08.07.2020-ci il tarixli 230 nömrəli hesab-faktura üzrə 30.06.2020-ci il tarixə olan müddətə hesablanmış 10.981,43 manatlıq borc məbləğinin silinməsi və 2020-ci ilin mart-iyun ayları üzrə aylıq sərfiyyat göstəricilərinə uyğun olaraq yenidən hesablanmasının cavabdehin üzərinə öhdəlik olaraq qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 27.11.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş 30 manat məbləğdə dövlət rüsumu iddiaçıya aid edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, Cəmiyyət əsasən istehsal fəaliyyəti ilə məşğul olmaqla trikotaj və tekstil sexlərinin fəaliyyətinin təmin olunması və istehsalın həyata keçirilməsi sahəsində ixtisaslaşmışdır. Müəssisənin istehsal obyekti Bakı şəhəri Binəqədi rayonu Şamaxı şosesi 1C ünvanda yerləşir. İstehsal prosesində qaz təchizatının vacibliyi nəzərə alınaraq müvafiq qaydada sənədləşdirilməklə kifayət qədər uzaq məsafədən ayrıca qaz xətti çəkilmiş və müəssisə qanuni əsaslarla təchiz edilmişdir. Son günlər istehsal müəssisəsinin fəaliyyətində əsassız müdaxilələr səbəbindən müəyyən problemlər yaranmışdır. Belə ki, qazdan istifadəyə görə müəssisəyə əsassız pul hesablanmış və ödənilməsi tələb edilmişdir. Halbuki əvvəlki dövrlərdə də onların aylıq sərfiyyatı 1.500-2.000 manatı heç vaxt ötməyib və xüsusilə də mart ayından başlayaraq bütün ölkədə məlum pandemiya ilə mübarizə aparılması istiqamətində tədbirlər görüldüyü, təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə bir sıra məhdudiyyətlər tətbiq edildiyindən faktiki işləri dayanmış və çox məhdud sayda işçi qüvvəsi ilə az əhəmiyyətli işlərin görülməsinə başlanılmışdır. Heç bir halda bu qədər sərfiyyat ola bilməzdi. Müəyyənləşdirilmişdir ki, müəssisəyə gələn qaz xətti neft qaz kəmərləri idarəsi tərəfindən ərazidə qazıntı işləri aparılan zaman dağıdılmış və gələn qaz havaya buraxıldığından (pandemiya ilə əlaqədar olaraq müəssisə işləmədiyi halda) müəssisəyə məxsus və qəza nöqtəsindən əvvəldə yerləşən sayğac sərfiyyatı qeydə alaraq pul hesablamışdır. Bu barədə dəfələrlə aidiyyatı təşkilatlara və cavabdehə elektron məktub vasitəsilə müraciətlər olunmuş, qəzanın aradan qaldırılması və əsassız sərfiyyat qeydinin və vəsait hesablanmasının dayandırılması bildirilmişdir. Lakin cavabdeh ona 30.06.2020-ci il tarixə olan müddət ərzində 10.981.43 manat məbləğdə borc hesablanması barədə 08.07.2020-ci il tarixli 230 saylı hesab-faktura təqdim edilmişdir. Məhkəmə işə baxarkən maddi hüquq normalarının tətbiqində yanlışlığa yol vermiş və prosessual hüquq normalarını pozmuşdur. İlk növbədə, qaz təchizatı ilə bağlı tərəflər arasında yeni texniki şərt təqsiqlənməmiş və müddəti bitmiş müqaviləyə istinad olunmuşdur. Magistral qaz təchizatı üzrə yolda baş vermiş qəza üzündən havaya buraxılan qaz sərfiyyatı hüquqi şəxsin hesabına yazılaraq hesablanmışdır. Halbuki, müəssisənin həmin dövrdə pandemiya üzündən fəaliyyəti olmamış, aylıq sərfiyyatı az göstəricidə olan istehsal sahəsinin birdən birə bir ayın ərzində illik normaya yaxın qaz istehjlak etməsi inanılmaz olsa da, işə baxan məhkəmə bu təhlilləri aparmadan cavabdeh təşkilatın əsassız arqumentlərini mötəbər əsaslar qismində qəbul etmişdir. MMC-yə məxsus sexə gedən qaz xətti (həmin xəttin qaz sayğacından sonrakı hissəsi) SOCAR-ın Neft Kəmərləri İdarəsi tərəfindən qazıntı işlərinin aparılması zamanı zədələnmiş, xəttin zədələnmiş hissəsində qaz havaya axıdılmış və nəticədə 2020-ci ilin mart-may aylarında MMC ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq bağlı olduğu və qazdan istifadə etmədiyi halda ona qazdan istifadəyə görə əsassız borc hesablanmışdır. İşə baxan hakim isə Qaz paylayıcısı (cavabdeh) ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı (iddiaçı) arasında bağlanmış 26.11.2020-ci il tarixli AMX- 4921/2020 saylı “Qazın alqı-satqısı barədə” müqaviləyə istinad etmişdir. Halbuki, həmin müqavilə və texniki şərt iddiaçı müəssisənin adına bağlanmamış və İddiaçı MMC öhdəlik üzrə subyekt olmamışdır. Adları çəkilən hər iki təşkilat və qurumlar SOCAR-n strukturuna daxil olan idarələrdır və ərazi üzrə hər hansı bir tikinti, quraşdırma, təmir işləri görülməmişdən əvvəl xəbərdarlıq xarakterli məlumatın yayılmasının təmin olunmasını həyata keçirməli və baş verəcək qəza hallarının fəsadlarının qarşısının alınması məqsədilə qaz paylayıcı və satış müəssisələrinə bildirişlər göndərməlidirlər. Hadisənin baş verməsi halı fiksasiya olunduğu təqdirdə dərhal qaz ötürülüşü dayandırılmalı idi. Mövcud mübahisəli vəziyyətdə cavabdeh təşkilat müəssisənin yerləşdiyi ərazidən kilometrlərlə aralıda yerləşən və iddiaçının nəzarətindən kənar olan qazpaylayıcı qurğuların yerləşdiyi müəssisədən sayğaca qədərki məsafənin qəzalı olması üzündən buraxılışı dayandırmalı, müəssisəyə məlumat verməli idi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakılar qeyd edir. İşdən müəyyən edilir ki, iddiaçı müəssisəyə gələn qaz xəttinin sayğacdan sonrakı hissəsi SOCAR Neft qaz kəmərləri idarəsi tərəfindən 2020-ci ilin mart ayında qazıntı işləri aparılan vaxt zədələnmiş, zədələnmə nəticəsində sayğacdan keçən qazın bir hissəsi havaya uçmuş, sayğacla müəssisə arasındakı məsafə uzaq olduğundan iddiaçı bu hadisədən xəbərsiz olmuş, abonentin saldosuna əsasən cavabdeh tərəfindən 2020-ci ilin mart ayına iddiaçıya 9.357,20 manat məbləğdə qaz istehlakı hesablanmışdır. Cavabdeh iddiaya etiraz edərək bildirir ki, sayğacdan sonra baş verənlərə görə istehlakçı məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 3.1. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı; 3.1.7. qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almalı və nəticələrini aradan qaldırmalıdır; 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi, Qazdan istifadə Qaydaları qazpaylayıcı şəbəkənin texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını, şəbəkədə qəza hallarının qarşısını alınmasını və nəticələrinin aradan qaldırılmasını cavabdehin məsuliyyət dairəsinə aid etmişdir. Bu mənada, iddiaçı müəssisəyə gələn qaz xəttinin zədələnməsində cavabdeh birbaşa məsul olmasa da, qazpaylayıcı şəbəkədə qəza hallarının nəticələrinin aradan qaldırmaq cavabdehin vəzifəsi idi. Üstəlik, iddiaçı da 2020-ci ilin mart ayına görə ona hesablanmış 9.357,20 manat məbləğdə qazın hamısını istehlak etməmiş, qazın havaya uçması onun təqsiri üzündən baş verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.4-cü maddəsinə görə, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə kollegiyası hesab edir ki, 9.357,20 manat məbləğdə qazı istehlak etməyən iddiaçının məsuliyyəti istifadə etdiyi qazın həcmi ilə məhdudlaşdığından, onun əvvəlki aylarda istehlak etdiyi qazın orta aylıq sərfiyyatı çıxarılmaqla, məsuliyyət daşımadığı məbləğ müəyyən edilə bilər. Bu baxımdan, iddiaçının 2019 və 2020-ci ilin yanvar-fevral aylarında istehlak etdiyi qazın cəmi dəyəri 29.164 manatın on iki ay üzrə orta aylıq sərfiyyatı 2.430,33 manat, 9.357,20 manatla 2.430,33 manatın fərqi isə 6.926,87 manat edər. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq bildirir ki, iddia da məhz həmin 6.926,87 manat həddə əsaslı olduğundan təmin edilməli, qalan hissədə rədd olunmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgün olmamışdır, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas verir (MPM-in 385.1.4 və 390-cı maddələri). Bununla bağlı olaraq, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin olunmalı, apellyasiya şikayəti qismən təmin edilməli (MPM-in 384.0.2-ci maddəsi), iş üzrə ödənilmiş dövlət rüsumları onu ödəyən tərəflərə aid edilməlidir (MPM-in 119.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2426/2020 nömrəli iş üzrə 27 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə hesablanmış borcun 6.926,87 manat (altı min doqquz yüz iyirmi altı manat səksən yeddi qəpik) hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları onu ödəyən tərəflərə aid edilsin. İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar