Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-77/2020 14.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X2 ibarət tərkibdə Şərifova Aysel Şərafəddin qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, X1nun Cavabdeh ASC-yə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair işə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, e-2-2(81)-1169/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X1 Cavabdeh ASC-nə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə hesablanmış 2.196,00 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbinionunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətidədir və ərzaq mağazası kimi fəaliyyət göstərir. Həmin qeyriyaşayış sahəsi binanın zirzəmisində yerləşir. 2018-ci il tarixdə binanın sakinləri tərəfindən öz vəsaitləri hesabına “xxxx” ASC-nə məxsus aşağı paylayıcı istilik istemi xəttləri dəyişdirilmişdir. Dəyişmə zamanı heç bir əlavə xətt və ya əlavə boşalma vintili qoyulmamışdır. xx xxxx 2018-ci il tarixdə cavabdeh orqanın əməkdaşları tərəfindən qeyriyaşayış sahəsinə baxış keçirilərkən həmin istilik sistemi xətlərindəki boşalma vintellərindən istifadə etdikləri bildirilmiş və xx xxxx 2018-ci il tarixli MXD-10972 saylı akt tərtib edilmişdir. Bildirirlər ki, həmin vintellərdən gələn su istifdəyə yararsızdır və içməli su deyildir. Buna görə də müəssisəyə hesablanmış borc əsassız hesab olunmalı və silinməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-2(81)- 1169/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı həqiqi münasibətlərə, faktlara əsaslanmamış, eyni zamanda, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Məhkəmənin Cavabdeh ASC-nin əməkdaşlarının iddiaçı tərəfindən sudan sayğacdankənar qaydada qoşulmaqla haqqı ödənilmədən qanunsuz istifadəsini aşkarlaması faktını sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamalarla eyniləşdirməsi, bunun Ədliyyə Nazirliyi tərəfindən aparılan reyestrə daxil edilmədən həyata keçirildiyinə görə qeyri-qanuni hesab edilməsi barədə gəldiyi nəticə də tamamilə qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh ASC-nin əməkdaşlarının iddiaçı tərəfin səlahiyyətli şəxslərinin razılığı ilə həyata keçirdikləri su təchizatı sisteminə cari baxış sahibkarlıq fəaliyyətinin yoxlanılması kimi qiymətləndirilə bilməz. Bu baxış “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə həyata keçirilmişdir. Həmin Qanunun 50-ci maddəsinin 2-ci bəndində göstərilir ki, aşağıdakı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada su təchizatı və kanalizasiya müəssisələrinin səlahiyyətli nümayəndələri bu maddədə nəzərdə tutulmuş məqsədlər üçün obyektlərə əvvəlcədən bildirmədən daxil ola bilərlər: a)fövqəladə hadisə zamanı; b) obyekt sahibi işlərin aparılmasına etiraz etmədikdə; c) suyun çirklənməsini, ondan qeyri məqsədlər üçün və səmərəsiz istifadəni aradan qaldırmaq və həmçinin bu Qanunun müddəalarının pozulmasının qarşısını almaq üçün. Hazırkı iş üzrə də iddiaçı tərəf cavabdehin əməkdaşları tərəfindən obyektin su təchizatı sisteminə baxış keçirməsinə etiraz etməmişdir. Bundan əlavə də obyektdə sudan səmərəsiz istifadə halı, qanunun müddəalarının pozulması halı öz təsdiqini tapmış və bunun qarşısı qanunvericiliyin tələblərinə uyğun alınmışdır. Əməkdaşlar tərəfindən iddiaçının su təchizatı sisteminə baxış keçirilməsi onun sahibkarlıq fəaliyyətinin və ya təsərrüfat fəaliyyətinin yoxlanması olmadığından bu baxış sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsi barədə tələbin heç bir hüquqi əsası yoxdur. Göründüyü kimi, qanunvericinin niyyəti “qanun əsasında sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş dövlət orqanı”nın fəaliyyətini nizama salmaqdır və sadə məntiqə belə zidd olardı ki, qanunvericilikdə müxtəlif normativ hüquqi aktlar eyni məsələ ilə bağlı tam fərqli mövqelər müəyyən etsin. Cavabdeh ASC-nin əməkdaşları obyektə baxış keçirərkən sudan qeyri-qanuni istifadə halı aşkarlanmış və bu zaman video çəkiliş aparılmış və buna müvafiq olaraq xx xxxx 2019-cu il tarixli, MXD-10972 saylı inventar akt tərtib edilmişdir. Buna görə də akt və akta görə hesablanmış dəymiş ziyanın məbləği tam əsaslıdır. Cavabdeh apellyasiya şikayətində “Sudan istifadə qaydaları”nın 8.7-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1, 1099.1, 1115-ci maddələrinə, “Su təchizatı və tullantı suları haqqında” Qanunun 67-ci maddəsinin 1-ci bəndinə istinad etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Ə.Bağırov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materiallarını ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşin materialları ilə müəyyən edilir ki, X6 ********** saylı VÖEN ilə vergi orqanında qeydiyyatdadır; Cavabdeh ASC-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanda yerləşən X5 məxsus qeyri-yaşayış sahəsinin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və xx xxxx 2019-cu il tarixli, 10972 saylı inventar aktıtərtib edilmişdir. Aktda qeyd olunmuşdur ki, su sayğacından kənar diametri d=15 mm boru aşkar edilmişdir. Akt yalnız "Cavabdeh" ASCnin nümayəndələri tərəfindən imzalanmış, obyektin nümayəndəsi kimi adı göstərilən Mustafayeva Kifayət adlı şəxsin akta imza etməkdən imtina etdiyi qeyd olunmuşdur; “Qeyri qanuni istifadə nəticəsində itirilmiş su hesabatına” əsasən 12 ay ərzində saf sudan istifadəyə (0,61 m3 x 5 saat x 30 gün (ayda x 12 ay)) və tullantı suların axıdılması xidmətinə görə, 1098 m3 həcmində olmaqla, ümumilikdə 2.196,00 manat dəyərində sudan qeyri-qanuni istifadə nəticəsində Cavabdeh ASC-yə dəymiş ziyan hesablanmışdır. İddiaçı hazırki iddiasında cavabdehin iddiaçıya hesabladığı 2.196,00 manat borcu mübahisələndirmiş və silinməsini xahiş etmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, cavabdeh tərəfindən mübahisələndirilən borcun hesablanmasına əsas olmuş, işin materiallarında olan xx xxxx 2018-ci il tarixli, MXD-10972 saylı inventar aktı ilə müəyyən olunmuş halları təsdiq edən hər hansı sübut (o cümlədən video çəkiliş aparılmasına dair elektron daşıyıcı) işin materiallarına əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan əlavə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edilməsini zəruri hesab edir ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun 2.1 -ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1 -ci maddələri şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati (yuxarı dövlət orqanına və ya müvafiq icra hakimiyyəti orqanına) və məhkəmə qaydasında şikayət verə bilər. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətləfin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Lakin Cavabdeh ASC qanunvericiliyin qeyd olunan tələblərinə riayət etməmiş, iddiaçıya məxsus obyektdə yoxlamanı (baxışı) əvvəlcədən Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə aldırmamışdır. Belə olan halda, Qanunun yuxarıda qeyd olunan 3.2-ci maddəsinin müəyyən etdiyi qaydalardan göründüyü kimi, bu Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə düzgün nəticəyə gəldiyindən, qətnamə dəyişdirilmədən saxlanmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382-384, 392, 393, 404-1-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, e-2-2(81)- 1169/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən : imza Hakimlər : imzalar Əsli ilə düzdür Sədrlik edən: Kəmalə Abiyeva
Məhkəmə qərarları › İş №2-2(103)-77/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-77/2020
14.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver