Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-776/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik X8 Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X6 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2725/2023 saylı qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı ilə cavabdeh arasında su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışdır.
2. xx.xx.2020-ci il tarixdə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ərazidə su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və baxış zamanı d=1200 mm-li magistral su xəttindən hesabatı aparılmayan d=150 mmlik birləşmənin aşkar olunması, aşkar olunan d=150 mm-lik birləşmə d=100 mm-lik metal boru vasitəsi ilə əkinçilik institutunun ərazisinə əkinçiliyin suvarılması məqsədi ilə qeyriqanuni istifadə olunması barədə 007553 saylı akt tərtib olunmuşdur.
3. Həmin akta əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə edilən su borusunun diametri 100 mm, sudan sutkada istifadə vaxtı 5 saat, hesabat dövrü 06 ay götürülməklə hesabat aparılmış və sudan qeyri-qanuni istifadə nəticəsində Cavabdeh ASC-yə dəymiş zərərin əvəzi olaraq X1 27540 (27540 m3) manat məbləğində borc hesablanmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik ElmiTədqiqat İnstitutu Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin Bağlar Sukanal İdarəsi tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu barəsində tərtib olunmuş 11 avqust 2020-ci il tarixli 007553 №-li inventar aktın əsasında İnstituta hesablanmış 27540 manat borcun silinməsi və mediasiya sessiyasında iştiraka görə ödənilmiş 200 manatın cavabdehdən tutularaq İnstitutun bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı bildirir ki, akt İnstitutun işçilərinin iştirakı olmadan tərtib edilmiş və imzalanmışdır. Həmçinin aktda qeyd olunan d=150 mm-lik birləşmə vasitəsilə ayrılan xətt İnstitutun ərazisindən keçməklə İnstitutun ətraf ərazilərində yerləşən yaşayış evlərində yaşayan sakinləri içməli su ilə təmin edir. Hər il İnstitutda istifadə olunan suvarma suyunun haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sudan istifadə qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq bağlanmış müqavilə əsasında hesablanır və ödənilir. İnstitut içməli su təchizatını texniki şərtlərə uyğun magistral su xəttinə və paylayıcı şəbəkəyə qoşulmuş diametri d=50 mm olan boru (birləşmə) vasitəsilə həyata keçirir və istifadə olunan suyun haqqı normativ hesablamalara əsasən sudan istifadəyə görə ayrılmış təyinatı vəsait hesabına ödənilir. Qeyd olunan cərimə ilə bağlı Cavabdeh ASC 14 dekabr 2020-ci il tarixli, 344 saylı məktubla müraciət olunsa da, rəsmi müraciətə cavab verilməmişdir. Eyni məsələ ilə əlaqədar 29 dekabr 2021-ci il tarixində 405 saylı məktubla yenidən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə müraciət olunmuşdur. Cavabdeh ASC-nin 22 fevral 2022-ci il tarixli 01/4/01/-7/6/2534 saylı cavab məktubunda İnstitutun su təchizatından qeyri-qanuni istifadəyə görə borcunun olduğu qeyd olunmuş və borcun ödənilməsi tələb olunmuşdur.
6. Cavabdeh iddiaya etiraz edir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2725/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
8. Cavabdeh ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inventar akt əkinçilik İnstitutunun nümayəndəsi qarşısında tərtib edilmiş, lakin o, aktı imzalamaqdan imtina etmişdir. Məhkəməyə təqdim etdiyi abonent haqqında məlumat vərəqələrindən də göründüyü kimi, akt tərtib edilən vaxtadək iddiaçıya təqdim edilmiş satış və iddiaçı tərəfindən edilmiş ödəniş məbləğləri ilə inventar akt tərtib edildikdən sonrakı satış və ödəniş məbləğləri arasında fərq kifayət qədər artmışdır. Bu hal da, iddiaçı tərəfindən sudan qeyri-qanuni istifadə faktını bir daha sübut edir. Göründüyü kimi iddiaçı sudan qeyriqanuni istifadə etmiş, bunun nəticəsində Cavabdeh ASC-yə 27540 manat məbləğində ziyan vurmuşdur. Ziyanın məbləği Qaydaların 8.7-ci bəndinə əsasən hesablanmış və qanunsuz qoşulma faktını təsdiq edən akt tərtib edilmişdir. Həmçinin məhkəmənin Cavabdeh ASC-nin əməkdaşlarının iddiaçı tərəfindən sudan qanunsuz istifadənin aşkarlaması faktını sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamalarla eyniləşdirməsi, bunun Ədliyyə Nazirliyi tərəfindən aparılan reyestrə daxil edilmədən həyata keçirildiyinə görə qeyri-qanuni hesab etməsi barədə gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu Azərbaycan Respublikası Vergilər Nazirliyində deyil, Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Belə ki, sözügedən İnstitut adından da göründüyü kimi, sahibkarlıq fəaliyyəti ilə məşğul deyildir. Bu səbəbdən sözügedən normanı müvafiq işlə əsaslandırmaq tamamilə əsassızdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi X5 isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 3.1.1-ci bəndinə görə STTSASa qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-in hüquqlarına aiddir.
14. Həmin Qaydaların 4.1 və 4.1.3-cü bəndlərinə əsasən bu qaydalara uyğun verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifələrinə aiddir.
15. “Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu”nun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (vəya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
16. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.2-ci maddəsinə əsasən sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslər.
17. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
20. Belə ki, iddiaçı Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş inventar akt əsasında iddiaçıya hesablanmış 27540 manat borcun silinməsi tələbini irəli sürmüşdür.
21. Cavabdeh isə bildirir ki, iddiaçı sudan qeyri-qanuni istifadə etmiş, bunun nəticəsində Cavabdeh ASC-yə 27540 manat məbləğində ziyan dəymişdir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1 və 4.1.3-cü bəndlərindən müəyyən edilir ki, istehlakçı yalnız ona verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ödənişin həyata keçirilməsi vəzifəsini daşıyır.
23. Lakin iddiaçı tərəfindən 27540 manat məbləğində suyun istehlak edilməsi öz təsdiqini tapmır.
24. Belə ki, cavabdeh mübahisələndirilən borcun hesablanmasını iddiaçı tərəfindən sayğacdan kənar su xəttindən istifadə edilməsi və bunun nəticəsində cavabdehə zərər vurulması ilə əsaslandırsa da, iddiaçıya məxsus obyektdə kənar su xəttindən istifadə edilməsini təsdiq edən mötəbər sübutları təqdim etməmişdir.
25. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.
26. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli akt isə iddiaçının nümayəndəsinin iştirakı olmadan və yalnız cavabdehin əməkdaşları tərəfindən tərtib edildiyinə görə kənar xətdən istifadə edilməsi faktını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.
27. Bundan əlavə, həmin akta onda istinad olunan halları təsdiq edən sübutlar (fotoşəkil, videogörüntü və s.) əlavə olunmamışdır.
28. Eyni zamanda, abonent haqqında məlumatdan görünür ki, xx.xx.2020-ci il tarixli akt tərtib edilən vaxtdan sonra iddiaçıya təqdim edilmiş satış məbləğlərinin artması müşahidə olunmur. Əksinə 2020-ci ilin sentyabr ayında verilən suyun və çirkab suyun dəyəri müvafiq olaraq 4536 və 3039 manat təşkil etsə də, 2020-ci ilin noyabr ayında bu məbləğlər müvafiq olaraq 1400 və 938 manat, 2023-cü ilin yanvar-aprel aylarında isə müvafiq olaraq 1250 və 838 manat təşkil etmişdir. Göründüyü kimi, iddiaçıya təqdim edilmiş satış məbləğləri azalmışdır. Halbuki, sudan qanunsuz istifadənin qarşısı alındıqdan sonra suyun istehlakı artmalı idi.
29. Göründüyü kimi cavabdehin istinad etdiyi hallar hər hansı mötəbər sübutla öz təsdiqini tapmır.
30. Ona görə də, kollegiya hesab edir ki, iddiaçı həmin akt əsasında ona hesablanmış 27540 manat borcun silinməsini tələb etməkdə haqlıdır.
31. Apellyasiya şikayətinin dəlillərinə dair isə kollegiyanın mövqeyi ondan ibarətdir ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.2-ci maddəsi baxımından Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X10 İnstitutu kommersiya hüquqi şəxs hesab edilmir. Çünki onun əsas məqsədi mənfəət götürülməsindən ibarət deyil və o, kommersiya hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmamışdır. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən hazırki mübahisə üzrə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsinin səhv olması ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Bununla yanaşı, məhkəmənin istinad etdiyi digər əsaslar (qanunsuz qoşulmanın sübut olunmaması) və gəldiyi nəticə mahiyyəti üzrə düzgün olduğundan həmin dəlillər qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. İddiaçının kommersiya hüquqi şəxs olmaması ilə yanaşı hazırki işin məhkəmə aidiyyatı ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik X8 Nizamnaməsinin 4-cü bəndinə qeyd olunmuşdur ki, fəaliyyət istiqamətlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərlə müqavilələr əsasında haqqı ödənilən xidmətlər göstərmək İnstitutun hüquqlarına aiddir. Göründüyü kimi iddiaçı qeyri-kommersiya hüquqi şəxs olsa da, həmçinin kommersiya fəaliyyətini də həyata keçirmək hüququna malikdir və ona görə də, hazırki işə kommersiya mübahisəsi kimi baxılması “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 22-ci bəndinə uyğundur.
32. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2725/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn