Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-78/2020 28.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və X9 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, X1, xxxx ASC-nin vəkili və nümayəndəsi X11 iştirakları ilə, X2 xxxx ASC-yə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1171/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən xxxx tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iqtisadi işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 xxxx ASC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə hesablanmış 2052 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, ünvan 2 A ünvanda yerləşən qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir və bərbərxana kimi fəaliyyət göstərir. 2007-ci ildə həmin qeyri-yaşayış sahəsinə mexaniki su sayğacı quraşdırılmışdır. xxxx orqanının əməkdaşları tərəfindən həmin mexaniki sayğacın dəyişdirilməsi, smart kart tipli su sayğacın quraşdırılması bildirilmişdir. İddiaçı tərəfindən yeni sayğac alınmış və cavabehin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə sayğac dəyişdirilmişdir. Dəyişdirilən zaman xxxxin əməkdaşları tərəfindən akt tərtib olunmuşdur. Həmin aktda mexaniki sayğacın laboratoriyaya göndərilməsi tövsiyyə olunmuş və həmin sayğac laboratoriyaya aparılmışdır. Lakin xx.xx.2019-cu il tarixdə ona məlum olmuşdur ki, 2052 manat borcu yaranmışdır. Həmin borcun hansı əsasla yarandığını müəyyən edərkən məlum olmuşdur ki, laboratoriyada həmin mexaniki sayğaca müdaxilə olunduğu müəyyən olunmuşdur. Lakin qeyd edir ki, mexaniki sayğaca heç bir müdaxilə olunmamışdır. Həmin sayğaca müdaxilə olunmuş olsaydı xxxxin əməkdaşları tərəfindən sayğac dəyişdirilərkən aşkar olunmuş olardı. Buna görə də, həmin əsaslarla müəssisəyə hesablanmış borc əsassız hesab olunmasını və silinməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1171/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 3 a ünvanında yerləşən qeyri-yaşayış sahəsinə hesablanmış 2052 manat borcun ləğv edilərək X8 şəxsi hesab vərəqindən silinməsi xxxx ASC-yə həvalə edilmiş, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun xxxx ASC-dən tutularaq X10 ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan xxxx ondan apellyasiya şikayəti verərək qətnamənin maddi hüquq normalarına uyğun olmamaqla, işin həqiqi hallarına və tərəflər arasında mövcud olan qarşılıqlı münasibətlərə əsaslanmadığını qeyd edib qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən xxxxin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə yönəldiyi üçün apellyasiya instansiya məhkəməsi qətnaməni bütövlükdə yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, "xxxx” ASC-nin əməkdaşları tərəfindən X10 məxsus Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, 25 ünvanda yerləşən qeyri-yaşayış sahəsində su təchizatına və su sayğacı qovşağına baxış keçirilən zaman obyektdə Abşeron SSS-20 markalı, 70918 nömrəli mexaniki su sayğacının Abşeron ÇSS-20 K markalı, 00188730 nömrəli Smart kart tipli su sayğacı ilə dəyişdirilərək istismara təhvil verilmişdir. Həmin vaxt su sayğacının elektron mexaniki sərfiyyat göstəricisi 00740 m3, su sayğacının üzərində qalan balans 0 m3 olduğu müəyyən edilmişdir. Bundan sonra köhnə sayğac yoxlanılmaq üçün laboratoriyaya aparılmış və xxxx ASC Nəzarət Ölçü Cihazları İdarəsi “Suölçən X5”-nın 00918/0043687 saylı xx xxxxx 2019cu il tarixli rəyi ilə Abşeron SSS20 markalı, 70918 nömrəli mexaniki su sayğacının hesablama mexanizmində müdaxilə aşkar olunduğu, təmirə və istismara yararsız olduğu müəyyən edilmişdir. İş materiallarından görünür ki, ********* nömrəli xx xxxxxx 2019-cu il tarixli hesab-fakturaya əsasən iddiaçıya 01-19 avqust 2019-cu il tarixi müddətində istifadə olunmuş 2052 m3 su sərfiyyatına görə 2.052,02 manat məbləğində borc hesablanmışdır. 2019-cu ilin oktyabr ayına olan məlumatları əks etdirən “Abonent haqqında” məlumata əsasən isə xxxx iddiaçıya 2019-cu ilin avqust ayına suyun verilməsinə görə 2.052 manat borc hesablamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə su ölçən cihaza iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən iddianı əsaslı hesab etməmiş və iddianı rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına riayət edərək iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, "Su təchizatı və tullantı suları haqqında" qanunun 68.4-cü maddəsinin d) bəndinə əsasən suölçən cihazların normal fəaliyyətinə təsir göstərən və onların çıxarılmasını tələb edən işlərin və fəaliyyətin həyata keçirilməsi qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə qaydaları"nın 6.15-ci bəndinə görə suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının AİBNDA-nın müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: 6.15.1. istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq; 6.15.2. pozuntu (suölçən cihazın göstəricilərinin xətasının AİBNDA-nın müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən. Həmin Qaydaların 6.16-cı bəndinə əsasən su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda, habelə STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına istehlakçı tərəfindən lazımi şərait yaradılmadıqda, müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi istehlakçıya təqdim edilir. Həmin Qaydaların 6.17-cı bəndinə tərtib edilmiş akta əsasən istehlakçının təqsiri üzündən STKM-ə maddi zərər vurulması müəyyən edildikdə, dəymiş ziyan hesablanaraq istehlakçıya ödəniş sənədi təqdim edilir. Məhkəmə kollegiyası qeyd edir ki, xxxxin nümayəndəsi istehlakçıya hesablanmış borcun su ölçən cihazın hesablama mexanizmində və plombunda müdaxilə ilə əlaqədar olaraq hesablandığını qeyd etsə də, suölçən cihaza müdaxilənin məhz istehlakçı tərəfindən edildiyinə dair məhkəmə kollegiyasına hər hansı sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, xxxx tərəf sayğacin plombunun qırılmadığı təqdirdə ona hər hansı müdaxilənin edilməsi imkanının olub-olmadığını izah edə bilməmiş, sadəcə olaraq rəydə göstərilənlərə istinad etməklə sözügedən sayğaca müdaxilə olunduğunu qeyd etmişdir. Həmçinin, sübut etmə yükü daşıyan xxxx 2019-cu ilin avqust ayında iddiaçıya hesablanmış 2.052,00 manat cərimə məbləğinin sayğaca müdaxilə olması barədə xx xxxxx 2019-cu il tarixli 00918/0043687 nömrəli xxxx ASCnin Nəzarət Ölçü Cihazları İdarəsi “Suölçən X3” rəyini əsas götürdüklərini, 2019-cu ilin avqust ayı üçün hər hansı bir aktın mövcud olmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, xxxx tərəfindən borc tələbi barədə iddia irəli sürülsə də, iddianın əsasını təşkil edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi əsaslı olaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, xxxx birinci instansiya məhkəməsinin qətnaməsinin maddi hüquq normalarına uyğun olmamaqla, işin həqiqi hallarına və tərəflər arasında mövcud olan qarşılıqlı münasibətlərə əsaslanmadığını qeyd etsə də,maddi hüquq normalarının tətbiqi zamanı pozuntunun nədən ibarət olduğunu, işin hansı həqiqi halına qiymət verilmədiyini və tərəflər arasındakı hansı qarşılıqlı münasibətlərə əsaslanmadığını apellyasiya şikayətində göstərməmiş və buna dair də hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. "Su təchizatı və tullantı suları haqqında" Qanunun 30-cu maddəsinə görə su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Sudan istifadə Qaydaları”nın 4.1.3-cü bəndində qeyd edilir ki, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 76.1.-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Göstərilən normadan bir daha görünür ki, mülki məhkəmə icraatında sübutların işdə iştirak edən şəxslər tərəfindən təqdim edilməsinə dair birbaşa göstərişin olması o deməkdir ki, məhkəmə kollegiyasının öz təşəbbüsü ilə sübut toplamaq hüququ və vəzifəsi yoxdur. Yəni, məhkəmə maraqlı şəxslərdən aldığı sübutu təhlil etmək, ilkin qiymətləndirmək və yalnız əlavə sübutlar təqdim edilməsini tərəflərə təklif etmək hüququna malikdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385, 388, 384.0.2, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: xxxxin nümayəndəsinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1171/2019 saylı, xx xxxxxxx 2019-cu il il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilmir. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov
Məhkəmə qərarları › İş №2-2(103)-78/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-78/2020
28.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver