Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-789/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar Villeroy & Boch A.G və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı əmtəə nişanından qanunsuz istifadənin qadağan edilməsi, ziyanın ödənilməsinə dair iddiası üzrə Açar söz: əmtəə nişanına hüquq Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, iddiaçılar Villeroy & Boch A.G və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, iddiaçılar Villeroy & Boch A.G və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə “Vileroy & Boch” ticarət nişanı altında istehsal edilən məhsulların və aksesuarların idxal edilməsinə və Azərbaycan Respublikası ərazisində satışına qadağa qoyulması, dəymiş ziyanın tutulması barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1692/2022 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları 1.İddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilir ki, “Vileroy & Boch” əmtəə nişanı iddiaçı Almaniya Federativ Respublikasında qeydə alınmış hüquqi şəxs olan “Villeroy & Boch A.G” şirkətinə məxsus, beynəlxalq qeydiyyat yolu ilə mühafizə olunan əmtəə nişanıdır və bu nişanın “Nişanların beynəlxalq qeydiyyatı haqqında” X2 şərtlərinə əsasən (xx.xx.2006-cı il tarixli qanuna əsasən Azərbaycan Respublikası qoşulmuşdur) Azərbaycan Respublikası ərazisində mühafizəsi təmin olunur. 2.İşin mübahisəsiz halıdır ki, “Villeroy & Boch A.G” şirkəti ilə həm "xxxx" MMC, həm də Cavabdeh MMC arasında ayrı ayrılıqda Distribüterlik Razılaşması imzalanmışdır. 3.4407008 saylı xx.xx.2018-ci il tarixli “Azərbaycanda Pərakəndə Satışı Üzrə Qeyri - X1”na əsasən, Villeroy & Boch AG şirkəti Azərbaycan Respublikasında müqavilənin 5-ci bəndində nəzərdə tutulmuş masaüstü qab-qacaq məhsullarının (Qab-qacaq bölməsinin pərakəndə satış kataloqunun və pərakəndə satış qiymət siyahılarının tərkib hissəsi olan qab-qacaqların, şüşə məhsulların, mənzil məhsulların və aksesuarların) satışı hüququnu (qeyri-müstəsna) "xxxx" MMC-yə vermişdir. 4.İşdəki kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı2 QSC "xxxx" MMC-nin hüquqi varisidir. 5.“Villeroy & Boch A.G” şirkəti, "xxxx" MMC və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış üçtərəfli sazişdən görünür ki, “Villeroy & Boch A.G” şirkəti tərəfindən ******* saylı xx.xx.2018-ci il tarixli müqavilə üzrə "xxxx" MMC-yə verilmiş bütün öhdəlik və vəzifələr "xxxx" MMC xx.xx.2021-ci il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin tərtkibinə daxil olduğu üçün ona ötürülmüşdür. 6.4748 saylı xx.xx.2019-cu il tarixli “Azərbaycan ərazisində hamam və sağlamlıq məhsullarının distrbutorluq müqaviləsi”ndən görünür ki, Villeroy & Boch AG şirkəti Azərbaycan Respublikasında hamam və sağlamlıq məhsullarının satış hüququnu (qeyrimüstəsna) Cavabdeh MMC-yə vermişdir. 7.xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində 13 yerləşən mağazasından nağd ödəniş etməklə 20 % endirimlə, cəmi 320 manat məbləğinə İddiaçı1 şirkətinə məxsus (Vileroy VB ********) qab alınmışdır. Bununla bağlı Cavabdeh MMC tərəfindən 320 manat nağd ödənilməsinə dair 014030 nömrəli, xx.xx.2022-ci il tarixli mədaxil qəbzi təqdim edilmiş, qəbz və alınan məhsulun fotoşəkli elektron iş materiallarına əlavə edilmişdir. 8.Cavabdeh ******* saylı xx.xx.2018-ci il tarixli müqavilə əsasında “Villeroy & Boch A.G” şirkəti "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qeyri-müstəsna satış hüququ verilmiş qab-qacaq məhsullarının satışını həyata keçirdiyi işin mübahisəsiz halıdır. 9.İddiaçı1 şirkətinin təsdiq məktubundan görünür ki, hazırda Azərbaycanda pərakəndə satış bazarı üçün qab-qacaq məhsulları üzrə Villeroy & Boch üçün yeganə səlahiyyətli distribyutor "xxxx" QSC-dir.
10. İddiaçı tərəfindən təqdim edilmiş “Forum”müstəqil audit rəyinə əsasən, 2020- 2021-ci illər üzrə ümumilikdə iddiaçı "xxxx"QSC-nin satış dövriyyəsi 2019-cu illə müqayisədə 154.314 manat aşağı düşmüşdür.
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçı Vileroy & Boch A.G.- yə məxsus “Vileroy & Boch” ticarət nişan altında istehsal edilən qabqacaq bölməsinin pərakəndə satış kataloqunun və pərakəndə satış qiymət siyahılarının tərkib hissəsi olan qab-qacaqların, şüşə məhsulların, mənzil məhsulların və aksesuarların Azərbaycan Respublikasına Cavabdeh MMC tərəfindən idxal edilməsinə və eləcə də həmin malların Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası ərazisində satışına qadağa qoyulması, “Vileroy & Boch” əmtəə nişanından qanunsuz istifadə nəticəsində İddiaçı2 QSC-yə dəymiş zərər olaraq 150.000 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 440 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq İddiaçı2 QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Villeroy & BochA.G. tərəfindən özünə məxsus “Villeroy & Boch” əmtəə nişanı altında istehsal edilən ticarət nişanlı mallarının idxalını və Azərbaycan Respublikası daxilində satışını həyata keçirmək hüququnu ******* nömrəli, 01 iyul 2018-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-yə həvalə etmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" MMC-nın hüquqi varisidir. Bununla bağlı Villeroy & BochA.G. xx.xx.2021-ci il tarixli məktubunda Sonata LTD MMCnin hüquqi varisi "xxxx" QSC-yə ünvanladığını qeyd edərək, bildirmişdir ki, hazırda Azərbaycanın pərakəndə satış bazarı üçün Villeroy & Boch üçün qab-qacaq məhsulları üzrə yeganə səlahiyyətli distribyutoru iddiaçı "xxxx" QSC-dir. Həmçinin bildirmişdir ki, artıq bir neçə ildir ki, İtaldizayn və Sonata Azərbaycanda qab-qacaq məhsullarının yeganə distribyutoru olmuşdur. Bununla da, "xxxx" QSC uzun illərdir ki, müqavilədə qeyd olunan fəaliyyətlə məşğuldur. Villeroy & Boch A.G ona məxsus əmtəə nişanı altında istehsal edilən malların Azərbaycan Respublikası ərazisində satılmasına heç bir digər şəxsə razılıq verməmişdir. Buna baxmayaraq, bu yaxınlarda məlum olmuşdur ki, Cavabdeh ilə İddiaçı1 arasında heç bir razılıq olmadan, onun əmtəə nişanı altında istehsal edilən mallarının digər ölkələrdə əldə edib, Azərbaycan Respublikası ərazisinə qanunsuz olaraq idxal edir və satışını təşkil edir. Bununla da, İddiaçı1-nin müvafiq qaydada dövlət qeydiyyatına alınmış əmtəə nişanına dair müstəsna hüququnu aşkar surətdə pozur. Eyni zamanda, cavabdehin yuxarıdakı qanuna zidd hərəkətləri həm də "xxxx" QSC-nin əmtəə nişanından müstəsna qaydada istifadə etmək hüquqlarını da kobudcasına pozur. Beləliklə, Cavabdeh MMC “Villeroy & Boch” əmtəə nişanı altında istehsal olunan malları əmtəə nişanın sahibinin razılığı olmadan Azərbaycan Respublikasına idxal edir, həmin ərazidə satışını təşkil edir və bu hərəkətləri ilə "xxxx"QSC-nin müstəsna distribyutor hüquqlarını pozaraq, onun satışında əhəmiyyətli dərəcədə azalma yaradır və hər iki iddiaçıya küllü miqdarda ziyan vurur. Qeyd olunan mübahisənin həll edilməsi ilə bağlı, iddiaçılar nümayəndəsi vasitəsi ilə Cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir və mübahisə üzrə nəzərdə tutduqları mediatorun təyin olunmasını təklif etmişdir. Cavabdeh MMC xx.xx.2022-ci il tarixdə təklifi alsa da, 10 iş günü müddətində təklifə heç bir münasibət bildirməmişdir. Bundan sonra iddiaçılar “Mediasiya” haqqında Qanunun 21.8-ci maddəsinin tələblərinə müvafiq olaraq mediasiya prosesinin tətbiqi ilə bağlı 6 saylı Bakı Mediasiya Təşkilatına müraciət etmişdirlər. Bundan sonra, mediator qismində 6 saylı Bakı Mediasiya Təşkilatı tərəfindən X3 təyin olmuş və mediator tərəfindən xx.xx.2022-ci il tarixində, saat 12:00-12:45-ə təyin olunmuş ilkin mediasiya sessiyasında iştirak etmək üçün məlumat iddiaçıya və cavabdehə göndərilmişdir. Lakin buna baxmayaraq cavabdeh bu səfər də, mediator tərəfindən təyin olunmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bununla bağlı mediator tərəfindən keçirilmiş“ İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə MŞB/6-132 nömrəli, 26 yanvar 2022-ci il tarixli Arayış verilmişdir. Göründüyü kimi, Cavabdeh MMC tərəfindən iddiaçı Villeroy & BochA.G.-yə məxsus olan əmtəə nişanından qeyri-qanuni istifadə edib malları Azərbaycan Respublikasına idxal edərək, satışını həyata keçirilməsinə son qoymur. Əmtəə nişanından qanunsuz istifadə nəticəsində iddiaçı "xxxx" QSC-ə 150000 manat zərər dəymişdir. 13.Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1692/2022 saylı qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia rədd edilmişdir. 14.Məhkəmə iddianın rədd edilməsi barədə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, əmtəə nişanı üzərində müstəsna hüquq mütləq hüquq deyil və qanunla müəyyən edilən şərtlərlə məhdudlaşdırılır. 15.Məhkəmə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanuna əsasən əmtəə nişanı üzərində hüquqa malik şəxsin özü tərəfindən və ya onun razılığı əsasında ona məxsus əmtəə nişanı ilə Azərbaycan Respublikasında ticarət dövriyyəsinə buraxılan əmtəələrlə bağlı başqa şəxslərin həmin əmtəə nişanından istifadə etməsinə qadağa qoymaq hüququ yoxdur. 16.Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında izahatında “Villeroy & Boch” əmtəə nişanı olan malları bazardan üçüncü şəxslərdən alaraq satışını həyata keçirdiylərini bildirmiş, iddiaçı isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
17. Məhkəmə iddiaçıların cavabdeh tərəfindən maddi zərərin vurulmasına, cavabdeh tərəfindən malların idxal edilməsinə və həmin malların Azərbaycan Respublikasında satışına qadağa qoyulmasına dair iddia tələbinin dəlilləri ilə razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçılar, cavabdeh tərəfindən “Villeroy & Boch” əmtəə nişanından istifadə etməsinin və həmin əmtəə nişanı altında istehsal edilən malların satışının həyata keçirilməsinin məhz qanunsuz olmasını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişlər. Göründüyü kimi cavabdeh tərəfindən “Villeroy & Boch” əmtəə nişanından istifadə edilməsi və həmin əmtəə nişanı altında istehsal edilən malların satışının həyata keçirilməsi qanunsuz olmamışdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
18.İddiaçılar qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. 19.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” AzərbaycanRespublikası Qanununun 28-ci maddəsi birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və bununla da qeyd olunan maddi hüquq norması pozulmuşdur. Belə ki, məhkəmə qəbul etdiyi qətnamə ilə belə nəticəyə gəlmişdir ki, əmtəə nişanına dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına baxmayaraq, ondan istənilən şəxs hüquq sahibinin razılığı olmadan istifadə edə bilər. Göründüyü kimi, əmtəə nişanı üzərində hüquqları rəsmi qeydə alınmış şəxsin razılığı olmadan həmin əmtəə nişanı altında istehsal edilən malların satışı Qanunla qadağan edilir. Cavabdeh isə bu cür razılıq əldə etmədən Villeroy&Boch nişanı altında istehsal edilən masaüstü qab-qacaq malların Azərbaycan Respublikasına idxal edilməsi və həmin ərazidə satışı ilə məşğuldur. Bu hal cavabdehin nümayəndəsi tərəfindən məhkəmə baxışında və qarşılıqlı iddia ərizəsində də etiraf edilmişdir. Nəticədə, cavabdeh öz qanunsuz hərəkətləri ilə "xxxx"QSC-ninmüstəsna distribyutor hüquqlarını pozaraq, onun satışında əhəmiyyətli dərəcədə azalma yaradır və hər iki iddiaçıya küllü miqdarda maddi ziyan vurur. Bununla bağlı, mülki iş materiallarında Cavabdeh MMC-dən İddiaçı1 şirkətinə məxsus (Vileroy VB********) qabın alınması ilə bağlı xx.xx.2022-ci il tarixli Akt və həmin tarixli mədaxil qəbzi vardır. Həmçinin mülki iş materiallarında olan 02 iyun 2022-ci il tarixli “Forum”müstəqil audit rəyinə əsasən, 2020-2021-ci illər üzrə ümumilikdə iddiaçı "xxxx"QSC-nin satış dövriyyəsi 2019-cu il illə müqayisədə 154,314.00 manat aşağı düşmüşdür. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya məxsus əmtəə nişanı altında istehsal olunan malların Azərbaycan Respublikasına idxal edilməsi və satışının təşkil edilməsi, həmçinin onun tərəfindən küllü miqdarda ziyan vurulması sübuta yetirilir. Beləliklə birinci instansiya məhkəməsi qeyd olunan maddi hüquq normasının da tələbləri pozulmuşdur Məhkəmə öz Qətnaməsində “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə istinad etməli olduğu halda (çünki əmtəə nişanı sahibinin razılığı həmin maddə ilə nəzərdətutulur), mübahisəyə aidiyyəti belə olmayan həmin Qanunun kontrafakt malların satışına aid olan hissədə 34-cü maddəsinə istinad etmişdir. Lakin məhkəmə nəzərə almır ki, kommersiya fəaliyyəti ilə məşğul olan cavabdehin qarşılıqlı iddia ərizəsində və məhkəmə baxışında nümayəndəsinin etirafedici ifadəsində də qeyd edir ki, o, Villeroy & BochA.G.-yə məxsus “Villeroy & Boch” əmtəə nişanı altında istehsal olunan malları ölkəyə idxal edib və satışını təşkil etmişdir. Qətnamədən göründüyü kimi, məhkəmənin mövqeyi ondan ibarətdir ki, cavabdeh əmtəə nişanları, coğrafi göstəricilər və ya onlarla qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallardan istifadə etmirsə, bu halda hüquqları qeydiyyata alınmış əmtəə nişanlarının sahibinin razılığı olmadan həmin malları idxal və satışını təşkil etmək qanunla qadağan olunmur. Lakin cavabdeh konkret olaraq İddiaçı1-yə məxsus və onun tərəfindən (orijinal) “Villeroy & Boch” əmtəə nişanı altında istehsal olunan malları mülkiyyətçinin razılığı olmadan ölkəyə idxaledib və satışını təşkil edir. Bu səbəbdən, maddi hüquq normasının tətbiqi səhvdir, belə ki, işin halları normanın dispozisiyasına uyğun deyil. Məhkəmə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 25, 26, 28 və 32 maddələrinə tam zidd bir nəticəyə gələrək, hesab etmişdir ki, iddiaçının nişanından istifadə etməsinə qadağa qoymaq hüququ yoxdur. Bununla da, məhkəmə “Əmtəə nişanları vəcoğrafi göstəricilər haqqında”Qanunun müddəalarında istifadəsi barədə anlayışları nəzərə almamışdır və sadəcə əmlakın təyinatına uyğun istifadəni nəzərdə tutaraq belə bir nəticəyə gəlmişdir. Lakin iddiaçı cavabdeh tərəfindən “Villeroy & Boch”əmtəə nişanı altında istehsal olunan malların təyinatı üzrə istifadə edilməsini mübahisələndirmir, mübahisə cavabdeh tərəfindən həmin malların qeyri-qanuni idxalı, satışı və bunun nəticəsində zərərin vurulması ilə bağlıdır. Beləliklə birinci instansiya məhkəməsi qeyd olunan maddi hüquq normaların da tələblərini pozulmuşdur. Məhkəmə iş materiallarında və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edilmiş digər sübutlar: Cavabdeh MMC-də qabın alınması ilə bağlı mədaxil qəbzi və 3 fotoşəkil, iddiaçının qeydiyyat şəhadətnaməsi, "xxxx" QSC-ti "xxxx" MMC-nin hüquq varisi olmasına dair çıxarış, xx.xx.2008-ci il tarixli Madrid sazişi və protokol, beynəlxalq ticarət nişanı sistemində xx.xx.2015-ci il tarixli qeydiyyat şəhadətnaməsi,xx.xx.2019-cu il tarixli və xx.xx.2022-ci il tarixli yeniləmə sertifikatları, həmçinin iddiaçıya dəymiş ziyanı təsdiq edən xx.xx.2022-ci il tarixli “Forum” şirkətinin verdiyi Müstəqil Auditor rəyini qətnamədə sübut kimi qeyd etməmişdir. Məhkəmə bununla kifayətlənməyib, qətnamənin 6-cı səhifəsinin, 1- ci abzasında qeyd edir ki, irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır,çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bununla da, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəlləsinin 76 və 14-cü maddəsinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi məhkəmə baxışı zamanı iş materiallarında sübut olan sənədlərə hərtərəfli və tam olaraq araşdırmadığından onlara düzgün qiymət verməmişdir. Həmçinin cavabdeh tərəfindən “Elektron məhkəmə”informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edilmiş qarşılıqlı iddia icraata qəbul edilməsə də, iş materiallarında sübut olaraq ərizədə İddiaçı1 məxsus “Villeroy & Boch” əmtəə nişanı altındaistehsal olunan malları ölkəyə idxal edib və satışınıtəşkiletdiyi özəksin tapır. Lakin məhkəmə MPM-nin 88 və 14.2-ci maddələrinin tələblərini pozaraq iddiaçı və cavabdeh tərəfindən verilmiş sübutları qəbul etməmiş və qiymətləndirməmişdir Nəticə olaraq, məhkəmənin işin mahiyyətini araşdırmadan və iddiaçı tərəfindən təqdimedilmiş sübutlara hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Məhkəmə hesab edir ki, əmtəə nişanları üzərində hüquq mütləq hüquq deyil və əmtəə nişanı üzərində hüquqa malik şəxsin özü tərəfindən və ya onun razılığı əsasında ona məxsus əmtəə nişanı ilə Azərbaycan Respublikasında ticarət dövriyyəsinə buraxılan əmtəələrlə bağlı başqa şəxslərin həmin əmtəə nişanından istifadəetməsinə qadağa qoymaq hüququ yoxdur. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki,əmtəə nişanı üzərində hüquqa malik şəxsin razılığı olmadan istifadə etmək mümkündür. Lakin məhkəmə iş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş Cavabdeh MMC ilə İddiaçı1 arasında xx.xx.2019-cu il tarixli müqaviləni nəzərə almır. Həmin müqaviləyə əsasən, iddiaçı Villeroy & BochA.G. Cavabdeh MMC-yə Azərbaycan ərazisində hamamvə sağlamlıq üçün malların satışına razılıq vermişdir. Belə olan halda əgər cavabdeh əmtəə nişanları üzərində hüququ olan İddiaçı1-dan bir kateqoriya aid olan malların qanunvericilikdə nəzərdə tutulmuş istifadəsinə razılıq alırsa, hansı əsaslarla digər kateqoriyaya aid olan mallar üçün razılıq alınmamalıdır. Faktiki olaraq, cavabdeh təqdim etdiyi müqavilə ilə etiraf edir ki, əmtəə nişanları üzərində hüququ olan iddiaçıdan razılıq alınmalıdır, lakin məhkəmə bu halları araşdırmamış və qanunvericiliyi düzgün tətbiq etməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları 20.İddiaçılar Villeroy & Boch A.G və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. 21.Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
Əsaslandırıcı hissə
22. Tətbiq edilən hüquq
“Nişanların beynəlxalq qeydiyyatı haqqında” 27 iyun 1989-cu il tarixli X4 2-ci maddə-(1) Əgər nişanın qeydiyyatı üçün onun barəsində iddia sənədi Razılığa gələn Tərəfin İdarəsinə verilibsə və ya əgər nişan Razılığa gələn Tərəfin İdarəsinin reyestrində qeydiyyata alınıbsa, bu iddia sənədinin iddiaçısı olan şəxs (bundan sonra “baza qeydiyyatı” adlandırılacaq), bu Protokolun müddəalarını nəzərə almaqla, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosunun reyestrində həmin nişanın qeydiyyatını aparmaq yolu ilə nişanın mühafizəsini normada qeyd edilmiş şərtlərlə Razılığa gələn Tərəflərin ərazisində təmin edə bilər. 4-cü maddə- (1)(a) Qeydiyyat tarixindən və ya 3 və 3ter maddələrinin müddəalarına müvafiq qeydlərin daxil edildiyi tarixdən, Razılığa gələn hər maraqlı Tərəfdə nişanın mühafizəsi, həmin nişanın Razılığa gələn bu Tərəfin bilavasitə İdarəsində saxlanıldığı kimi olacaqdır. Əgər Beynəlxalq büroya 5 (1) və (2) maddələrinə müvafiq hər hansı imtina ilə bağlı bildiriş verilməyibsə və ya əgər bu maddəyə uyğun imtina barədə bildiriş verilib və sonradan geri götürülübsə, onda göstərilən tarixdən Razılığa gələn maraqlı Tərəfdə nişanın mühafizəsi Razılığa gələn bu Tərəfin İdarəsində həmin nişanın qeydiyyatı ilə yaranan mühafizə ilə eyni olacaqdır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun: 3-cü maddə-Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. 32-ci maddə- bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. 25-ci maddə-əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. 26-cı maddə-əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir. Əmtəə nişanından istifadənin onun sahibi və ya bu Qanunun 28-ci maddəsinə uyğun olaraq lisenziya müqaviləsi əsasında istifadə hüququ olan şəxs tərəfindən həyata keçirilməsi əmtəə nişanından istifadə sayılır. 28-ci maddə- Əmtəə nişanının sahibi əmtəə nişanından istifadə hüququnu lisenziya müqaviləsi, əmtəə nişanına dair hüququ isə müqavilə əsasında həmin nişanın aid edildiyi əmtəələrin və xidmətlərin hamısı və ya bir hissəsi barədə başqa şəxsə verə bilər. Əmtəə nişanından istifadə hüququnun verilməsi barədə lisenziya müqaviləsi haqq, əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilə isə dövlət rüsumu ödənilmək şərti ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumda qeydə alınır və onların barəsində məlumatlar rəsmi bülletendə dərc olunduqdan sonra başqa şəxslərin hüquqa zidd hərəkətlərinə tətbiq olunur. Mülki Məcəllə: 1096.1-ci maddə- mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2—ci maddə-delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 21.2-ci maddə-zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddə-məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddə-qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Apellyasiya baxışının hədləri 23.Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi 24.Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçıların apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1692/2022 saylı qətnaməsi qismən ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək iddiaçı Vileroy & Boch A.G.- yə məxsus “Vileroy & Boch” ticarət nişanı altında istehsal edilən qab-qacaq bölməsinin pərakəndə satış kataloqunun və pərakəndə satış qiymət siyahılarının tərkib hissəsi olan qab-qacaqların, şüşə məhsulların, mənzil məhsulların və aksesuarların Azərbaycan Respublikasına idxalı və satışı Cavabdeh MMC-yə qadağan edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 25.İddiaçılar tərəfindən irəli sürülmüş tələblər iki hissədən ibarətdir:
1. Əmtəə nişanından qanunsuz istifadənin qadağan edilməsi
2. Əmtəə nişanından qanunsuz istifadə nəticəsində 150.000 manat məbləğində dəymiş ziyanın ödənilməsi. 26.Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilləri ilə razılaşır ki, birinci instansiya məhkəməsi iddiaçıların birinci tələbinə hüquqi qiymət verərkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, təqdim edilən sübutları, işin hallarını düzgün qiymətləndirməmiş, nəticədə həmin tələbin əsassız olduğuna dair düzgün olmayan nəticəyə gəlmişdir. 27.“Nişanların beynəlxalq qeydiyyatı haqqında” 27 iyun 1989-cu il tarixli X2 2,4-cü maddələrinə və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 25-ci, 32-ci maddələrinə əsasən Vileroy & Boch A.G şirkəti “Vileroy & Boch” əmtəə nişanının beynəlxalq qeydiyyatının Azərbaycan Respublikasının ərazisində qüvvədə olduğu müddətdə həmin əmtəə nişanı barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüquqa malikdir. 28.Əmtəə nişanı sahibinin bu hüququ qanunla və beynəlxalq müqavilələrlə qorunur və heç bir halda mübahisələndirilə bilməz. 29.“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 28-ci maddəsinə əsasən yalnız əmtəə nişanının sahibi ilə bağlanmış müqavilə əsasında həmin nişanın aid edildiyi əmtəələrin və xidmətlərin hamısı və ya bir hissəsi barədə hüquq başqa şəxsə verə bilər. İşin mübahisəsiz halıdır ki, “Vileroy & Boch” əmtəə nişanının sahibi olan Vileroy & Boch A.G şirkəti tərəfindən həmin ticarət nişanı ilə istehsal olunan masa üstü qab-qacaq məhsullarının və aksessuarların Azərbaycan Respublikası ərazisində satış hüququ müqavilə əsasında yalnız "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verildiyi halda Cavabdeh MMC həmin məhsulların satışını həyata keçirir. 30.Cavabdeh MMC-nin məhkəməyə təqdim etdiyi 4748 saylı xx.xx.2019-cu il tarixli “Azərbaycan ərazisində hamam və sağlamlıq məhsullarının distrbutorluq müqaviləsi”ndən görünür ki, cavabdehə Villeroy & Boch AG şirkəti tərəfindən Azərbaycan Respublikasında yalnız hamam və sağlamlıq məhsullarının satış hüququ verilmişdir. Həmin müqavilədə qeyd edilmişdir ki, qeyd edilən müqavilə ilə verilən hüquq heç bir halda Villeroy & Boch AG şirkətinin digər məhsullarına aid edilmir
31. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh MMC-nin Villeroy & Boch” əmtəə nişanı altında istehsal edilən məhsulların satışının həyata keçirilməsinin qanunsuz olduğunu sübut etmək vəzifəsi iddiaçıların üzərinə düşür. 32.Kollegiya hesab edir ki, məhkəmə tərəflərin sübutetmə yükünü düzgün müəyyən etməmiş, nəzərə almamışdır ki, əmtəə nişanından qanunsuz istifadə edildiyinə dair nişan sahibi və ya buna hüququ olan şəxs tərəfindən iddia irəli sürüldüyü halda istifadənin qanunsuz olmadığına dair sübutları təqdim etmək öhdəliyi cavabdehin üzərinə düşür. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçılar tərəfindən Cavabdeh MMC-nin əmtəə nişanı sahibi ilə bağladığı müqavilə əsasında hamam və sağlamlıq məhsullarını satmaq hüququna malik olduğu mübahisələndirilmir. İddiaçıların mübahisələndirdiyi hal yalnız satış hüququ "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verilmiş məhsulların qanunsuz satışı ilə bağlıdır. 33.Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh MMC Azərbaycan Respublikası ərazisində satış hüququ "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan məhsulların (“Vileroy & Boch” ticarət nişanı altında istehsal edilən qab-qacaq bölməsinin pərakəndə satış kataloqunun və pərakəndə satış qiymət siyahılarının tərkib hissəsi olan qabqacaqların, şüşə məhsulların, mənzil məhsulların və aksesuarların) satışını əmtəə nişanı sahibi ilə müqavilə bağlamadan həyata keçirdiyindən iddiaçıların həm milli, həm də beynəlxalq normaların tələblərinə əsasən həmin məhsulların idxalını və satışını cavabdehə qadağan etmək hüququ müdafiə olunmalıdır. 34.Birinci instansiya məhkəməsinin qətnamədə istinad etdiyi “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 25-ci maddəsinin 3-cü hissəsində qeyd edilir ki, əmtəə nişanı üzərində hüquqa malik şəxsin özü tərəfindən və onun razılığı əsasında ona məxsus əmtəə nişanı ilə Azərbaycan Respublikasında ticarət dövriyyəsinə buraxılan əmtəələrlə bağlı başqa şəxslərin həmin əmtəə nişanından istifadə etməsinə qadağa qoymaq hüququ yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən normanı hazırkı mübahisə üzrə tətbiq etməklə məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, bu norma o halda tətbiq edilə bilərdi ki, cavabdeh satış hüququ "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan məhsulları Azərbaycan Respublikası ərazsində Villeroy & Boch AG şirkətindən və ya "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən əldə etmiş olsun. 35.Cavabdehin məhkəmə tərəfindən icraata qəbul edilməmiş qarşılıqlı iddia ərizəsində qeyd edilir ki, satış hüququ "xxxx" QSC-yə məxsus yerli və üçüncü bazardan həmin məhsuların satışı fəaliyyəti ilə məşğul olan şirkətlərdən ikinci əldən alaraq satışını həyata keçirirlər. İşə apellyasiya qaydasında baxılarkən təqdim edilmiş ərizədə cavabdeh qeyd etmişdir ki, son 4 ildə Cavabdeh MMC tərəfindən .“Vileroy & Boch” brendi altında istehsal edilən qab-qacaq məsullarını birbaşa istehsalçıdan deyil, üçüncü ölkələrdən Azərbaycana idxal edir. Hazırda həmin məhsulların anbar qalığı 2.500.000 Avrodan yuxarıdır. 36.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən qətnamə qismən ləğv edilərək iddiaçıların tələbi iddiaçı Vileroy & Boch A.G.- yə məxsus “Vileroy & Boch” ticarət nişanı altında istehsal edilən qab-qacaq bölməsinin pərakəndə satış kataloqunun və pərakəndə satış qiymət siyahılarının tərkib hissəsi olan qab-qacaqların, şüşə məhsulların, mənzil məhsulların və aksesuarların Azərbaycan Respublikasına idxalı və satışının cavabdehı qadağan edilməsi hissəsində təmin edilməlidir. 37.“Vileroy & Boch” əmtəə nişanından qanunsuz istifadə nəticəsində İddiaçı2 QSCyə dəymiş zərər olaraq 150.000 manat pulun tutulmasına dair iddia tələbi ilə bağlı məhkəmə hesab edir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə Cavabdeh MMC-nin Azərbaycan Respublikası ərazisində satış hüququ "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan məhsulların hansı tarixdən satıldığı, satılmış məhsuldan əldə etdiyi gəlirlər barədə sübutlar təqdim edilmədiyindən əmtəə nişanından qanunsuz istifadə nəticəsində dəymiş ziyanın həcmini müəyyən etmək mümkün deyil.
38. Qeyd olunan halın iddiaçı "xxxx"QSC-nin satış dövriyyəsinin aşağı düşməsinə təsir edə biləcəyi ehtimal olunsa da dövriyyənin azalmasını yalnız bu halla əlaqələndirmək olmaz.
39. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
40. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, dəymiş ziyanla bağlı iş materiallarında mötəbər sübutlar mövcud olmadığından, “Forum”müstəqil audit rəyi cavabdehin hərəkətləri nəticəsində "xxxx"QSC-nə dəymiş ziyanın həcmini müəyyən etmək üçün əsaslı şübhədən kənar sübut standartına cavab vermədiyindən qətnamə dəymiş ziyanın cavabdehdən tutulmasına dair iddia tələbinin rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. 41 Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçıların apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 1692/2022 saylı qətnaməsi qismən ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək iddiaçı Vileroy & Boch A.G.- yə məxsus “Vileroy & Boch” ticarət nişanı altında istehsal edilən qab-qacaq bölməsinin pərakəndə satış kataloqunun və pərakəndə satış qiymət siyahılarının tərkib hissəsi olan qab-qacaqların, şüşə məhsulların, mənzil məhsulların və aksesuarların Azərbaycan Respublikasına idxalı və satışı Cavabdeh MMC-yə qadağan edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 42 Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçıların apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1692/2022 saylı qətnaməsi qismən ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilərək iddiaçı Vileroy & Boch A.G.- yə məxsus “Vileroy & Boch” ticarət nişanı altında istehsal edilən qab-qacaq bölməsinin pərakəndə satış kataloqunun və pərakəndə satış qiymət siyahılarının tərkib hissəsi olan qab-qacaqların, şüşə məhsulların, mənzil məhsulların və aksesuarların Azərbaycan Respublikasına idxalı və satışı Cavabdeh MMC-yə qadağan edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.