Məhkəmə qərarları › İş №2-2(103)-79/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-79/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-79/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu, Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx” MMC-yə qarşı «borcun tutulması tələbinə dair» iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1773/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh «xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersia Məhkəməsinə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 543699,90 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı xx.xx.2015-ci il tarixli, 1691-10-15 saylı müqavilə əsasında Cavabdeh MMC-ni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə xx.xx.2020-ci il tarixə 543699,90 manat borcu yaranmışdır. xx.xx.2020-ci il tarixli məktubla pretenziya məktubuna cavabdeh tərəfindən heç bir cavab alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Tərəflər arsındakı imzalanmış xx.xx.2015-ci il tarixli, 1691-10-15 saylı təbii qazın müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində İstehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1773/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh MMC-yə verilən təbii qazın dəyəri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sayğac göstəricilərinə əsasən müəyyən edilmişdir. Abonent saldosundan da göründüyü kimi təbii qazın dəyəri istehlakçının istismarında olan qaz sayğacının gəstəricilərinə əsasən müəyyən edilmişdir. Cavabdeh tərəfindən sərf edilən qazın dəyəri vaxtında ödənilmədiyi üçün debitor borcu yaranmışdır. Məhkəmə qətnaməsində mübahisələndirilən borcun ödənilməsinə dair hər hansı mötəbər hal və ya sübut haqqında qeydlər yoxdur. Qətnamədə yalnız cavabdehin apardığı cari istehlak müqabilində apardığı ödənişləri nəzərə alaraq iddia tələbini rədd etmişdir. Abonent saldosundan da göründüyü kimi cavabdeh mübahisələndirilən dövrdən sonra mütəmadi olaraq təbii qazdan istifadə edir və bunun müqabilində ödənişlər aparmışdır. Eyni zamanda qeyd etmək istəyirik ki, cavabdeh tərəfindən aparılmış ödənişləri məhkəmə mübahisələndirilən məbləğə aid etsə də həmin ödənişlərin təyinatı məhkəmə tərəfindən müəyyən edilməmişdir. yərini təşkil edir. Məhkəmə tərəfindən qeyd olunan mötəbər hallara qiymət verməməsi və qeyd etdiyimiz qanunun tələblərini tətbiq etməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 135.5, 135.8, 376.2-ci maddələrinin tələblərini nəzərə alan kollegiya işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Əliyev iddiaçının apellyasiya şikayətini əsassız olduğunu və iddia ərizəsində qeyd olunan xx.xx.2020-ci il tarixinə olan borcunun öldənildiyini bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, məhkəmə qətnaməsində mübahisələndirilən borcun ödənilməsinə dair hər hansı mötəbər hal və ya sübut haqqında qeydlər yoxdur. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlillərini aşağıdakılara görə əsassız sayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə iddiaçının özü tərəfindən məhkəməyə təqdim olunmuş Abonent saldosuna istinadən müəyyən etmişdir ki, **********60000 saylı abonent kodu üzrə Cavabdeh MMC-nin təbii qazdan istifadəyə görə 2020-ci ilin iyun ayının sonuna ödənilməyən borcu 530.967,7 manat təşkil etmiş, cavabdeh həmin borcundan 2020-ci ilin iyul ayında 178.620 manat, avqust ayında isə 368.923 manat ödəniş etmişdir. Daha sonra qeyd olunanları nəzərə alaraq məhəmə hesab etmişdir ki, hazırki iddia ərizəsində ödənilməsi tələb edilən xx.xx.2020-ci il tarixə olan borc məbləği cavabdeh tərəfindən ödənildiyindən, öhdəliyinə Mülki Məcəllənin 528-ci maddəsinə əsasən kreditorun xeyrinə lazımınca icra nəticəsində xitam verildiyindən iddia rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə əsaslıdır. Belə ki, iddia ərizəsindən görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixə olan 543699,90 manat məbləğində borcu ödənilmədiyi mübahisələndirmişdir. İddiaçının özü tərəfindən iddia ərizəsinə əlavə olunmuş Abonent saldasunda isə təsdit olunur ki, mübahisələndirilən həmin borcun müqabilində cavabdeh 2020-ci ilin iyul ayında 178.620 manat, avqust ayında 368.923 manat, cəmi, 547543 manat məbləğində, ödəniş həyata keçirmişdir. Yəni, mübahisələndirilən borcu artıqlaması ilə ödəmişdir. Mülki Məcəllənin 440.1-ci maddəsinin tələbindən görünür əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir. İş materiallarına və cavabdehin nümayəndəsinin məhkəməyə verdiyi izahatına əsasən MMC-nin qeyd olunan ödənişlərinin müddəti çatan (yəni qalıq) və ya cari öhədliyinə aid edilməsi ilə bağlı çeçim etməmiş və bu hal onun tərəfində mübahisələndirilməmişdir. Belə olan halda, iddiaçının cavabdehin ödənişlərini, Mülki Məcəllənin qeyd olunan 440.1-ci maddəsinin tələbi baxımından, müddəti birinci çatan borcuna yönəldə bilər. Cavabdeh istehlakçının Abonent saldosundan da görünür ki, onun 2020-ci ilin iyun ayının əvvəlinə qalıq borcu 776242.78 manat, cari borcu 246420,60 manat qeydə alınmış və o, həmin ayda 491044 manat məbəlğində ödəniş etmiş və bu ödənişdən sonra ayın sonuna olan qalıq borcu 530967,70 manat təşkil etmişdir. Buradan görünür ki, iddiaçı cavabdeh istehlakçının yuxarıda qeyd olunan ödənişini 246 420,60 manat cari borcuna deyil, əvvəlki qalıq borcuna (776 242.78 manat) yönəltmişdir (Cari borcu ilə qalıq borcun cəmi 530967,70 (246420,60+ 284547,1) manat təşkil edir) . Abonent saldosundan görünür ki, bütün ödənişlər (o cümlədən, 2020-ci ilin iyulavqust ayları üzrə yuxarıda qeyd olunan 178.620 manat və 368.923 manat, cəmi, 547 543 manat məbləğində ödəniş qeyd olunan qaydada, yəni, istehlakıçının seçimi üzrə deyil, ) iddiaçı tərəfindən özü tərəfindən müddəti çatan birinci çatan ödənilməmiş qalıq (əvvəlki) borcların ödənilməsinə yönəldilmişdir. Beləliklə də göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunması işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olan bir nəticədir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qətnamənin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekuna belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1773/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1773/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar