Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-792/2020 15.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3145/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 23 oktyabr 2020-ci il tarixli qərardadından Cavabdeh İB tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən obyektə əsassız hesablanmış 8158 manat borc məbləğinin abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə müraciət edərək, cavabdeh və 3-cü şəxslərə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə verilən qaz təchizatının dayandırılmasının qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli e-2-2(113)- 3145/2020 nömrəli qərardadı ilə ərizə qismən təmin edilərək, İsmayılov Cəlil Arif oğluna məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 12 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə qaz təchizatının dayandırılması Cavabdeh İstehsalat Birliyinə qadağan edilmişdir. Cavabdeh İB həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1-ci maddəsinə görə iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək (158.1.2); mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək (158.1.3). Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Hazırkı mübahisənin predmetini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq işə mahiyyəti üzrə baxılana kimi iddiaçıya təbii qazın verilməsinin dayandırılmasının cavabdehə qadağan edilməsi barədə iddianın təmini tədbirini seçmişdir. Belə ki, hazırkı məhkəmə icraatı iddiaçının əsassız hesablandığını iddia etdiyi borcun silinməsi tələbi əsasında başlanmış və iddiaya mahiyyəti üzrə baxılana qədər həmin borca görə onun bu sahədə inhisarçı olan Cavabdeh İB-nın əlavə məhkəmə mübahisələrin yaranmasına səbəb ola bilər. Belə bir nəticə isə ədalət mühakiməsinin məqsədləri baxımından arzuolunan deyildir və gələcəkdə qəbul ediləcək qətnamənin icrası zamanı yeni əngəllərin yaranma ehtimalını artırır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh İB tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3145/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 23 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-2(103)-792/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-792/2020
15.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver